XƏBƏR LENTİ

21 Avqust 2019
20 Avqust 2019

Digər Xəbərlər

08 Fevral 2019 - 13:31

Ramiz Həsənoğlu:"Dəyərli insanlar AzTV ilə əməkdaşlıq etmirdilər"

1993-cü ildən 2019-cu ilə qədər “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin “Sabah” eksperimental yaradıcılıq emalatxanasına rəhbərlik edən, bu il Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin direktoru vəzifəsinə təyin olunmuş Ramiz Həsənoğlu “Report”a müsahibə verib. Strateq.az həmin müsahuibəni oxucularına təqdim edir.

– Təyinatı necə qarşıladınız?

– Gözləmirdim, hətta sözün açığı bu perspektivə pessimist baxırdım. Çünki son 10-12 ildə, ancaq epizodik yaradıcılıq ilə məşğul ola bilmişəm. Ümumiyyətlə, son 8 ildə heç nə çəkməmişəm. Bu müddət ərzində kinoda çalışmışam və teatr quruluşları vermişəm. Yəni sənətimdən geri qalmamışam. Nə yaxşı ki, bu fürsət düşdü.

– AZTV-yə yeni rəhbərliyin gəlməsi ilə dövlət televiziyasında nə kimi dəyişikliklər baş verdi?

– Azərbaycan teleməkanında tendensiyalar artıq yeni keyfiyyyətdə gedir, daha müasir düşüncəli insanlar rəhbərliyə gəlir. Bu, bizi sevindirməyə bilməz. Yeni rəhbərlik gələndə ilk sual belə oldu ki, niyə “Sabah” Yaradıcılıq Birliyi boş dayanıb? İzah etdim ki, bu mənim günahım deyil, biz təkliflərimizi təqdim edirdik. Onlara nə “yox”, nə də “hə” cavabı demirdilər. Çünki maliyyə yox idi. Əgər maliyyələşmə getmirsə, deməli, “yox” deyirdilər. Mən bu qısa müddət ərzində qənaətə gəldim ki, yeni ideyaları həyata keçirmək üçün yeni kadrlar cəlb olunmalıdır. Biz yalnız gəncləri nəzərdə tutmuruq. Müəyyən səbəblərə görə dəyərli insanlar bura ilə əməkdaşlıq etmirdilər. Onları geri qaytarmaq lazımdır.

– Hansı səbəblərdən?

– Ancaq insani səbəblərdən. Kiminsə kimdənsə xoşu gəlmirdi. İstərdim ki, buraya professionallar toplaşsın. Azərbaycanda bu sahədə kifayət qədər istedadlı insanlar var. Bu istiqamətdə artıq bizim yeni sədr tərəfindən təsdiq olunmuş 2019-2020-ci ilin iş planında bu işləri görmək üçün xeyli imkanlar var. Bu sahədə atdığımız ilk addım o oldu ki, Ssenari Redaksiya Kollegiyasını yaratdıq.

– İş planınız barədə danışardınız…

– Tarixi mövzular, elm və incəsənət xadimləri, nüfuzlu şəxslər, təbiət, etnoqorafiya haqqında portret filmlər çəkiləcək. Bundan əlavə, biz “Sabah” Yaradıcılıq Birliyinin xətti ilə etmək istədiyimizi “Azərbaycantelefilm” Yaradıcılıq Birliyi çərçivəsində, ancaq “Sabah”ın dəstəyi ilə həyata keçirəcəyik. Bunlar bədii quruluş tələb edən işlərdir.

Bu il “Nəsimi ili”dir. Vaxtilə, 1974-cü ildə Rəsul Rza Hələbə gedib və Nəsimin qəbrini ziyarət edib. Bu səfər nəticəsində o, “Son gecə” dramatik poemasını yazmışdı. Bu poema ekrana gəlməli olan bir poemadır. İlk dəfə 1974-cü ildə o poemanı mən hazırlamışdım və ilk dəfə Nəsimi obrazını Azərbaycan televiziyası ekrana çıxarmışdı. Biz bu poemanı bu günün baxışı və imkanları ilə film kimi yenidən ekranlaşdıracağıq. Hələb atmosferini yaratmaq üçün İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu və Bakı Şirvanşahlar Sarayının güşələrindən istifadə olunacaq. Çəkilişlər may ayında başlayacaq. Bu il həm də Mirzə Cəlil ilidir. Bununla bağlı Həmidə xanım Cavanşirin Cəlil Məmmədquluzadə ilə bağlı xatirələrini bədii-sənədli şəkildə ekrana gətirmək istəyirik.

– Bəs serial çəkmək barədə fikriniz varmı?

– Cəfər Cabbarlının həyatını əks etdirən sənədli-bədii serial çəkməyi düşünürük. Biz bu işə xalq yazıçısı Anarı cəlb etmək istəyirik. Ümid edirəm, hazırlıqlar normal keçsə, payız aylarında çəkilişlərə başlayacağıq. Təkliflərimiz çoxdur. Əvvəllər Azərbaycan Televiziyası hər Yeni il, yaxud Novruz bayramı vaxtı bir tamaşa təqdim edərdi. Müəyyən səbəblərə görə bu ənənələr pozuldu. Yeni rəhbərlik arzuladı ki, bu ənənəyə qayıdaq. Üzümüzə gələn Yeni il üçün Elçinin “Gül dedi bülbülə” hekayəsini səhnələşdirmək istəyirik. Müəllifə müraciət edəcəyik, ancaq hələ bu istəyimizdən xəbəri yoxdur. Eyni zamanda Anarın ”Ağ liman”, “Macal” və “Gürcü familyası” əsərlərini bir yerə toplayıb, serial etmək istəyirik. Ancaq buna çox yüksək tələblərlə yanaşmaq, tamaşaçının zövqünə xidmət etmək lazımdır.

– Sizcə, seriallarımızda çatışmayan cəhət nədir?

– Seriallarımızın ən naqis cəhəti tezbazar çəkilməsidir. Mən aktyorları qınamıram. Seial gərək bütün parametrləri ilə əsl tamaşaçı dəyəri qazanmağa uyğun gəlsin. Serialın baş xətti əvvəldən axıra qədər müəyyənləşməsə, onu həyata keçirmək düzgün deyil. Təsadüfi rejissorlar serial adı ilə kim bilir nələr çəkir. Rövşən İsak kimi ciddi işləyən insanlar da var. Ancaq tək əldən səs çıxmaz. Seriallar illərdir çəkilir,təəssüf ki, keyfiyyət dəyişikliyi görünmür.

– Ən çox qaytarmaq istədiyiniz ənənə hansıdır?

– Vaxtilə Azərbaycan Televiziyasında “Fatehlərin Divanı” adlı bir proyekt edirdik. Biz orda Azərbaycan tamaşaçısı üçün maraqlı olan tarixi hadisələri ekrana gətirirdik. Dörd seriyanın içərisində Teymurləngin məhkəməsini ekrana gətirmişdik. O mövzunu yarımçıq qoymaq olmazdı. Ümumiyyətlə, türkçülük, dövlətçilik baxımından çox mühüm xarakter daşıyan əsər idi. İşlərimiz çoxdur, ümidimiz onadır ki, bizi idarə edəcək adamlar bizi başa düşəcəklər. Sənətə aid olmayan insanlar ora gələndə, sənət təsadüflərə məruz qalır. Necə ki, 10 ildir bizim “Sabah” Yaradıcılıq Birliyi bu təsadüflərə məruz qalmışdı. Giley-güzar etmirəm, sadəcə, deyirəm ki, qərar verib iş görmək adi bir şeydir. Bunun üçün mən gərək 10 il gözləyərdim? Axı vaxt gedir. İş görmək üçün qabağa baxmaq lazımdır.

Təsadüfən kinonu inkişaf etdirmək olmaz. Kino ilə bağlı məxsusi fikir dövlət siyasətidir. Bunun üçün dövlət proqramı olmalıdır. Sual olunmalıdır ki, necə edək böyüyən nəsil Azərbaycan mədəniyyətinin ən yaxşı ənənələrini əxz etsin. Təəssüf ki, bu baş vermir.

– Sözünüzə qüvvət, mədəniyyət naziri Əbülfəs Qarayev kino sahəsinin inkişafına dair yeni konseptual proqram hazırlandığını demişdi…

– Təki olsun. Ancaq mən onu neçə ildir eşidirəm, ortada heç nə yoxdur. Hələlik mən onu bilirəm ki, o boyda kinostudiya boş dayanıb. İcarəyə verirlər ki, heç olmasa, xadimələrin pulunu ödəsinlər. Bilmirəm kinonu yönləndirən adamlar daha nəyi bilirlər ki, bizim xəbərimiz yoxdur. Kinonun kadrları tədricən yetişir. Birdən-birə bu proses dayananda o kadrlar ya sənətini, ya da dünyasını dəyişirlər. Mən arzu edirəm ki, kino acınacaqlı vəziyyətdən çıxsın.