Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    SÜLHƏDDİN ƏKBƏRDƏN MARAQLI PROQNOZLAR:“Hakimiyyət daxilində böyük müxalifət formalaşır” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR QULU MƏHƏRRƏMLİ JURNALİSTİKAMIZ HAQDA:“Ev iti olub, yağlanıb-piyləniblər…” - (MÜSAHİBƏ)
  • vahid_ehmedov_yeni.jpg" width="300" height="266" />
    Vahid Əhmədov:“Azərbaycanda 2018-ci ildə bu iki nəfərdən biri prezident seçiləcək” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    İLYAS İSMAYILOV NƏRİMANOVUN MÜDAFİƏSİNƏ QALXDI:"Generallarımızı məhz o, ermənilərin əlindən xilas etdi..." - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    MEHMAN ƏLİYEV HÖKUMƏTİN MEDİA SİYASƏTİNİ SƏRT TƏNQİD ETDİ:"Hakimiyyət cəmiyyətlə informasiya mübadiləsini tamam itirib"- Müsahibə
  • " width="300" height="266" />
    Tomas de Vaal:“Qafqaz Moskvanın gündəliyində daha aşağı prioritetə keçib” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    POLİS RƏİSİ NARDARAN ƏMƏLİYYATININ DETALLARINI AÇDI:"Onların başı üzərində Azərbaycan yox, "Hizbullah"ın bayrağı dalğalanırdı" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Deputat Vahid Əhmədov:"Azərbaycan üçün bu qədər nazirlik, komitə çoxdur..."
  • " width="300" height="266" />
    Keçmiş deputatdan sensasion müsahibə:"Ətrafımda olanlar mənə şər atdı, ən böyük zərbəni isə rəfiqəm vurdu..."
  • " width="300" height="266" />
    Sabiq türk kəşfiyyatçısı:"Türkiyənin artıq səhv addımlar atmağa dözümü qalmayıb..."

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

11 Dekabr 2017
10 Dekabr 2017
09 Dekabr 2017

24 Aprel 2017 - 22:18

Vəkil Adəm Məmmədov:"Məhkəmə sədrləri, hakimlər ölkə başçısına çıxıb, sözlərini deyə bilmirlər" - MÜSAHİBƏ

Qalmaqallı məhkəmə prosesləri, cəsarətli çıxışları ilə tanınan vəkil Adəm Məmmədov son vaxtlar həm də hüquqlarını müdafiə etdiyi xeyli sayda şəxsə bəraət qazandırmaqla diqqətləri özünə cəlb edə bilib. Sabiq nəqliyyat naziri Ziya Məmmədovun müşaviri işləmiş Çingiz Baxşıyevin şikayəti əsasında həbs edilmiş Rövşən Əhmədov da bir neçə gün öncə bəraət alaraq, azadlığa çıxmasını Adəm Məmmədovun fəaliyyətilə əlaqələndirib. Həm çoxsaylı bəraət qərarlarına necə nail olmasını, həm də Azərbaycanda vəkillik fəaliyyətində olan problemlərlə bağlı fikirlərini öyrənmək üçün vəkil Adəm Məmədovla görüşüb, söhbət etdik. Onun “AzPolitika.info”ya geniş müsahibəsini təqdim edirik:

 

– Adəm müəllim, sabiq nazir Ziya Məmmədovun müşaviri işləmiş Çingiz Baxşıyevin şikayəti əsasında 1 ildən çox həbsdə olan müvəkkiliniz Rövşən Əhmədov bəraət alaraq azadlığa çıxdı. Halbuki, çoxları ona uzunmüddətli həbs cəzasının veriləcəyini gözləyirdi. Belə bir qərarın çıxarılmasını gözləyirdinizmi? Buna necə nail oldunuz? Müvəkkiliniz günahsız olduğu halda niyə 1 il idi həbsdə saxlanılırdı?

– İlk növbədə qeyd edim ki, müvəkkilimə verilən ittihamlar tam qanunsuz və əsassız idi. Bunu mən hələ ibtidai istintaq zamanı verdiyim vəsatətlərdə, həm yazılı, həm də şifahi formada bildirmişdim. Eyni zamanda müvəkkilim barədə məhkəmədə həbs-qətimkan tədbiri şeçilərkən də, çıxış edərək bunun qanunsuz olduğunu bildirmişdim. Çünki verilən ittiham yalnız ehtimallara söykənirdi. Yəni, cinayət işinin materiallarındakı sübutlar hüquqlarını müdafiə etdiyim şəxsin məsuliyyətə cəlb edilməsinə kifayət etmirdi. Bunu mən ibtidai istintaqın da nəzərinə çatdırmış, verilən ittihamların absurd olduğunu konkret faktlarla sübut etmişdim. Ancaq təəsüff ki, ibtidai istintaq zamanı bunlar nəzərə alınmadı. Və müvəkkilim heç bir günahı olmadığı halda, əsassız yerə təxminən bir il həbsdə qaldı. Bununla belə mən, məhkəmədə işə ədalətli baxılacağı təqdirdə müvəkkilimə bəraət veriləcəyinə inanırdım, bunu gözləyirdim. Gözləntilərim özünü doğrultdu. Bakı Ağır Cinayətlər Məhkəməsi də göstərdiyim həmin faktlara istinad edərək, bəraət hökmü çıxardı. İşə obyektiv yanaşdığı, ədalətli qərar qəbul etdiyi üçün saytınız vasitəsilə hakim Əfqan Hacıyevə təşəkkür edirəm. Bu cür qərarlar məhkəmələrimizə, hakimlərimizə olan inamı artırmaqla yanaşı, istintaqın da üzərinə obyektiv və əsaslı araşdırmalar aparmaq məsuliyyəti qoyur. İttiham irəli sürülərkən ehtimallar, şəxsi görüşlər deyil, sübutlar, faktlar əsas götürülməlidi. Çunki söhbt insanların, ailələrin taleyindən gedir. Burda səhv etmək, hansısa səbəbdən yanlış qərarlar vermək bəzən ağır nəticələrə səbəb olur. Çox şükür ki, məhkəmə ədalətli qərar çıxarmaqla, bu yanlışın qarşısını aldı.

– Müvəkkiliniz Rövşən Əhmədova verilən ittihamların absurd olduğunu, bunu konkret faktlarla sübut etdiyinizi bildirirsiniz. Söhbət hansı ittihamlardan gedir?

– İşdə belə hallar kifayət qədərdi. Zərərçəkmiş şəxs kimi özünü tanıdan Çingiz Baxşıyev və onun övladları çox ziddiyyətli ifadələr verirdilər. Bildiyiniz kimi, işdə söhbət Çingiz Baxşıyevə məxsus 800 min manat dəyərində olan qızıl-ziynət əşyalarından ibarət 3 bağlamadan gedirdi. Çingiz Baxşıyev müvəkkilimə etibar etdiyi həmin bağlamaların açılaraq, işindəki qızılların götürüldüyünü iddia edirdi. Halbuki, bu iddianı təsdiqləyəcək nə sübutlar, nə də şahidlər vardı. Əvvala, həmin bağlamaların 2-si müvəkkilim R.Əhmədovun iştirakı olmadan açılmışdı. Bu baxımdan həmin bağlamalarda nə olduğu, ümumiyyətlə məlum deyildi. İbtidai istintaq da məyyənləşdirməmişdi ki, həmin bağlamalarda həqiqətən qızıl olub. Nə bunu təsdiq edən şəkillər vardı, nə də iddia olunan qızılın çəkisi, ölçüsü, dəyəri haqda məlumat. Yəni, həmin bağlamalarda qızıl olması belə sübut edilməmişdi.

Hüquqlarını müdafiə etdiyim şəxs də içinə baxmadan, saymadan ona verilən bağlamaları alıb, elə o şəkildə də qaytarmışdı. Özü də birbaşa Çingiz Baxşıyevin özünə vermək istəyib. Qızına toy etdiyi üçün evinə gələn-gedən çox olduğundan, Çingiz Baxşıyevə zəng edərək bağlamaları ona qaytarmaq üçün evinə gedib. Blokdan daxil olanda Çingiz Baxşıyev ona zəng edərək, həmin bağlamaları aparıb qızı Fatiməyə verməyi tapşırıb. Müvəkkilim də elə edib, ancaq qızı evdə olmayıb, bağlamaları kürəkəni Ayaza təhvil verib. Bundan sonra, guya, qızı Fatimə evə gəlib qızıllara baxdıqdan sonra az olduğunu bilib və atasına zəng edib. Hər halda istintaqa ifadəsində belə deyib. Ancaq onlar bağlamaları təhvil aldıqdan 2 ay sonra hüquq-mühafizə orqanlarına müraciət ediblər. Çingiz Baxşıyev deyir ki, həmin vaxt Avstriyada müalicə aldığı üçün 2 ay ərzində şikayət etməyib. Amma məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Çingiz Baxşıyev Avstriyaya getsə də, həmin vaxt ərzində Dubaya, İstanbula da səyahətlər edib. Əgər xəstə idisə, bu qədər uçuşları necə həyata keçirirdi? Məhkəmə qərar çıxararkən, onun bu ifadəsinin yalan olduğunu öz hökmündə göstərdi.

Bizim fikrimizcə də müvəkkilimə qarşı ittihamlar tam olaraq yalandan ibarət idi. 2 ay sonra şikayət etmələrinə də səbəb, bu müddət ərzində eyni məzmunlu yalan ifadə vermək üçün hazırlaşmaları ola bilərdi. Müvəkkilim ona verilən bağlamalarda nə olduğunu görməyib, açıb baxmayıb. Bunu Çingiz Baxşıyev də təsdiqləyib. Çingiz Baxşıyevin qızılı yoxa çıxıbsa da belə, bu, ailədaxili problemlərlə bağlı olub. Müvəkkilimin deiyinə görə, Çingiz Baxşıyevin oğlu Nərimanla, kürəkəni Ayazın Avstriyada şərikli biznes fəaliyyəti olub. Və bu zaman aralarında maliyyə məsələsində ciddi narazılıq yaranıb. Ehtimal etmək olar ki, Ayaz fürsətdən istifadə edərək həmin bağlamalardan müəyyən miqdar qızılı götürüb. Əlbəttə, əgər həqiqətən qızılın yoxa çıxması barədə iddialar doğrudursa. Ancaq qeyd etdiyim kimi bu da sübut olunmurdu. Müvəkkilimə 179-cu maddə ilə ittiham irəli sürülmüşdü ki, guya etibar olunmuş əmlakı ələ keçirib. Ancaq belə bir əmlakın mövcudluğu belə istintaq tərəfindən sübuta yetirilməmişdi. Tərəflər arasında bunu təsdiqləyən nə rəsmi, nə də hansısa başqa formada razılaşma olub. Ona verilən bağlamaları da olduğu kimi, açmadan, necə alıbsa elə də təqdim edib. Bunun əksini təsdiqləyən heç bir sübut da yoxdur. Məhkəmə də bütün bunları nəzərə alaraq bəraət hökmü çıxardı.

– Rövşən Əhmədov məhkəmə zamanı və azadlığa çıxdıqdan sonra verdiyi açıqlamalarda Çingiz Baxşıyevə qarşı çox ciddi ittihamlar irəli sürüb. Onu Asiyadan Azərbaycana killerlər gətirtməkdə, hətta general Rail Rzayevin qətlində iştirak etməkdə ittiham edib. Bu ittihamları nə qədər əsaslıdır?

– Hüquqlarını müdafiə etdiyim şəxs, Çingiz Baxşıyevin, bir növ tabeliyində çalışıb, Nəqliyyat Departamentində vəzifədə işləyib. Eyni zamanda müəyyən müddət Çingiz Baxşıyevin, necə deyərlər, “sağ əli” olub. Onun bütün işlərini həll edən bir insan kimi tanınıb. Rövşən Əhmədovun dediklərindən, ona tapşırdığı işlərdən də mən belə başa düşürəm ki, müvəkkilim, Çingiz Baxşıyevə çox yaxın, onun tam etibar etdiyi biri olub. Bu baxımdan da Rövşən Əhmədovun söylədiklərinin həqiqət olma ehtimalı çox yüksəkdir. Əlbəttə, bunlar çox ciddi ittihamlardır. Mən bir hüquqşünas kimi konkret sübut olmadan bunları fakt kimi təqdim edə bilmərəm. Ancaq nəzərə almaq lazımdır ki, hər hansı bir şəxsə ittiham irəli sürüləndə onun yanında olan, onunla birlikdə fəaliyyət göstərən insanların ifadələrinə istinad olunur. Bu baxımdan Rövşən Əhmədovun dediklərinə ciddi reaksiya verilməlidir. Bu, artıq bir şahidin mövcud olması deməkdir. Onun dedikləri ilkin mötəbər məlumat kimi qəbul edilə bilər. Onu da nəzərə almaq lazımdır ki, Rövşən Əhmədov məhz Çingiz Baxşıyevin “çirkli” işlərində iştirakdan imtina etdiyi üçün onu həbs etdirməyə çalışdığını, hətta zəhərləyərək öldürmək istədiyini bildirib. Fikrimcə, bu iddialar, Rövşən Əhmədovun səsləndirdiyi məlumatlar ciddi yoxlanılmalıdır və həqiqət ortaya çıxarılmalıdır. Şəxsən mən bir hüqüqşünas kimi bu iddiaların əsassız olduğunu düşünmürəm. İndi söz hüquq-mühafizə orqanlarındadır.

– Adəm müəllim, gənc olsanız da, ölkədə ən çox bəraət alan vəkillərdən biri kim tanınırsınız. Səhv etmirəmsə, 27 işdə müvəkkillərinizə bəraət hökmü çıxarılmasına nail olmusunuz. Əlbəttə, bu, bir vəkil kimi sizin uğurunuzdu. Ancaq Azərbaycanda çoxları bəraət hökmlərinin çıxarılmasının vəkilin daha güclü, daha savadlı müdafiə qurması ilə bağlı deyil, başqa amillərlə əlaqəli olduğuna inanır. Yəni, qanuni yolla deyil, başqa vasitələrlə. Siz bu bəraətləri hansı yollarla əldə etmisinz?

– Mən əksər hallarda bəraətlə yekunlaşan məhkəmələrdəki müdafiə nitqimin mətnini sosial şəbəkələrdə paylaşmışam. Hər kəs tanış ola bilib. Bunu mən həm də ona görə edirəm ki, həmin işdə bəraətdən başqa qərar verməyin mümkün olmadığını hamı görsün. Yəni, bəraətlə yekunlaşan işlərimdə hakimlər fakt qarşısında qalaraq, belə hökmlər çıxarıblar. Tutaq ki, müdafiə etdiyim şəxsə ittiham irəli sürülür ki, aprelin 22-də gecə 10:00-da Nərimanov rayon metrosunun qarşısında saxlanılarkən üzərindən narkotik çıxıb. Ancaq mən məhkəmədə sübut edirəm ki, bu şəxs həmin vaxt Nərimanov rayon metrosunun qarşısında deyil, Ucar rayonunda, hətta bir toyda olub. Şərti olaraq deyirəm. Sübutları, şahidləri ortaya qoyuram. Məhkəmə bu zaman hansı qərarı çıxarmalıdır? Bəraətdən başqa nə hökm çıxara bilər? Bax mənim bəraət aldığım işlərin əksəriyyətində istintaq zamanı bu cür kobud pozuntulara yol verilib. Hətta, insan ölkədən kənarda olduğu halda, ittiham verirlər ki, Azərbaycanda hansısa hadisəni törədib. Mən Dövlət Sərhəd Xidmətindən arayış gətirərəm ki, həmin tarixdə bu adam ölkədən kənarda olub. Bu halda hakim necə bəraət verməsin? Yəni, elə sübutlar qoyulmalıdır ki, hakim başqa qərar çıxara bilməsin. Mən istəmirəm müdafiə taktikamı açam. Çünki bu, gələcək işlərimdə mənə problem yarada bilər. Ancaq sizin dediyiniz başqa vasitələrlə məhkəmələrdə bəraət hökmünün çıxarılmasına nail olmaq çox çətindir, hardasa mümkünsüzdü. Bəraət elə bir qərardır ki, müstəntiqlərin, prokurorların, onların rəhbərlərinin fəaliyyətinə kölgə salır. Ona görə də, onlar maksimum çalışırlar ki, ittihamı müdafiə etsinlər, bəraətə imkan verməsinlər. Bir də ki, siz deyən başqa vasitələrlə – tanışlıqla, qohumluqla və ya hansısa başqa yolla bəraət almağa imkanı olan insanlar, o işin heç məhkəməyə çıxmasına imkan verməzlər. Məhkəmələrdə bəraət verilən işlərin demək olar ki, hamısı obyektiv çıxarılan qərarlardı.

Digər tərəfdən, sizi əmin edirəm ki, mənim bəraət aldığım müvəkkilərimin demək olar ki, hamısı maddi baxımdan kasıb, imkansız insanlardı. Nə siz deyən vəzifəli qohumları, nə də maddi imkanlar olub. Bir çoxunun heç evi belə olmayıb.

Bilirsiz, bəzən insanlara heç bir günahları olmadıqlar halda, nəyəsə görə ittiham verilir. Son vaxtlar belə hallar artıb. Əlbəttə, ideal cəmiyyət yoxdur. Ancaq elə prinsiplər var ki, onu pozmaq, “qırmızı xətti” keçmək olmaz. Bu, bütövlükdə cəmiyyətdə ağır nəticələrə səbəb ola bilər. Təəssüf ki, cəmiyyətimizdə mənfi meyllərin çoxalması müşahidə edilir. Bunlardan biri kimi yalançı şahidlik edənlərin sayının artmasını qeyd edə bilərəm. 5-10 manata görə yalançı şahidlik edənlər insanların taleyilə oynadıqlarının, ağır cinayət və böyük günah etdiklərinin bəzən fərqinə varmırlar. Halbuki Quranda da bunun ağır günah olduğuna dair Allahın hökmü var. Sonra başlarına bir iş gələndə yalan ifadəsini xatırlamır. Bu rəzillikdir. İnanın, heç bir ölkədə belə hal yoxdur. Mən Avropanı demirəm, heç qonşu ölkələrdə, Rusiyada belə yalançı şahidlərə, onlardan istifadə edilməsinə rast gəlmək mümkün deyil. Hakimləri qınamıram. Məsələn, narkotika ilə ibtidai istintaqın quraması olan iş gəlir. Şahid kimi çağırılanlar da gəlib yalandan üzə durur ki, gördüm, cibindən çıxdı. Hakim neynəsin? Gərək cəmiyyətimiz belə adamları ifşa edərək, ictimai qınaq obyektinə çevirsin. Bu işdə vəkillərin də üzərinə böyük iş düşür ki, cəsarətlə belə hallara qarşı mübarizə aparsınlar.

– Cəsarətdən söz düşmüşkən, Sizin bəzən yüksək rütbəli şəxslərə qarşı ittiham dolu çıxışlarınız, bəzən vəzifəli şəxslərin marağında olan işlərdən qalib çıxmağınız, ictimaiyyədə “Adəm Məmmədovun arxasında böyük adam var” fikrinin yaranmasına səbəb olub. Həqiqətən, Sizə himayədarlıq edən biri varmı?

– Bilirsiz, bu söhbətlər mənə də gəlib çatır. Hətta adlar da çəkirlər. Ancaq doğru deyil. Mənim fikrimcə, insan cıxdığı yolda, başladığı işdə ilk növbədə Allahına, sonra da özünə inanmalı və cəsarətli olmalıdır. Özünəinam üçün isə insan daim savadını artırmalı, öz üzərində işləməli, mütəxəssislərlə məsləhətləşməlidir. Vəkil də hər bir işə qazanacağını ilk növbədə özü inanaraq çıxmalidir. İnanaraq bir işə başladıqda insana gözləmədiyi halda elə dəstək, elə kömək gəlir ki, kimsənin himayəsinə ehtiyac qalmır. Tarix, inanan insanların nələrə qadir olduğunu göstərən faktlarla zəngindir. Elə götürək Peyğəmbərimizin həyatını. Nə ordusu vardı, nə var-dövləti, nə də güclü himayədarları. Ancaq Allaha olan inamı onun bütün əzab-əziyyətlərə, çətinliklərə tab gətirərək, yaşadığı ölkədə İslam dininin hamı tərəfindən qəbul edilməsinə və sonradan bütün dünyaya yayılmasına səbəb oldu. Və yaxud götürək Mahatma Qandinin həyatını. Bilirsiz, Mahatma Qandi 21 il vəkillik edib, hüquqşünas olub. Hətta yaşamağa evi belə olmayıb. Ancaq başladığı mübarizəyə olan inamı Hindistanın müstəqillik əldə etməsi, İngiltərənin müstəmləkəsindən xilas olması ilə nəticələnib. Yəni, inamla insanlar belə böyük işlər görüblər. Ona görə də, düşünərəm ki, insan inamla, ağılla və cəsarətlə bir yolda gedəndə ona istər-istəməz Allahdan kömək gəlir. Bu, hər işdə belədir, o cümlədən vəkillikdə. Təbii ki, əmək də vermək lazimdir. Mən də bu prinsipləri əsas götürürəm. Müdafiə etdiyim şəxsin günahsız olduğuna əminəmsə, onun azadlığa çıxması üçün hətta rəhbər şəxslərin, nazirlərin qəbulunda olur, həqiqəti çatdırıram. Bu da təbii ki, həm istintaqın, həm də məhkəmələrin işə daha obyektiv baxmasına səbəb olur.

– Dünya ölkələri ilə müqayisə etsək, Azərbaycanda vəkillik institutunun nüfuzunun xeyli aşağı olduğunu görərik. Bunun nə ilə bağlı olduğunu düşünürsünüz?

– Dövlət təyinatı ilə çıxılan işlərdə vəkillik fəaliyyətinin saatına bilirsinizmi nə qədər pul ayrılır – 1 manat 94 qəpik! Bunun özü ölkəmizdə vəkillik fəaliyyətinə olan münasibəti göstərir. Ancaq vəkillik institutunun nüfuzuna təsir edən amilləri yalnız maddi təminatla bağlamaq da doğru olmaz. Bu, ilk növbədə hakimlərin fəaliyyətindən, onların müstəqilliyindən, işlərə obyektiv baxmasından asılıdır. Ona görə də, mən arzu edirəm ki, Azərbaycanda hakimlərin maddi təminatı elə yüksək qurulsun ki, onlar sosial baxımdan heç bir problemlə qarşılaşmasınlar, kimdənsə asılı olmasınlar. Məsələn, qonşu İranda hakimliyi, bilirsiz, qazılar həyata keçirir. Onlar əmək haqqı almırlar. İstədikləri məbləği lazım olduğu vaxt qəbz yazaraq dövlət bankından götürə bilirlər. İngiltərə də belədir. Əlbəttə, hakimlik mədəniyyəti olduğundan, yalnız ailələrinin yaşayışı, övladlarının təhsili üçün lazım olan qədər vəsait götürürlər. Ancaq heç bir məhdudiyyət qoyulmur. Hətta İngiltərədə hakimlərdən biri bir neçə milyon pul götürmək istəyir, verirlər. Sonra o, bu pulu dövləti yoxlamaq üçün götürdüyünü bildirərək, qaytarmaq istədikdə isə İngiltərə dövlətinə inanmadığı üçün işinə son verirlər.

Hakimə belə yüksək təminat onların müstəqilliyini qorumaq üçün verilir. Ümumiyyətlə, bütün hüquq-mühafizə orqanlarının, vəkillərin nüfuzi hakimlərin müstəqil olmasından asılıdır. Elə vəkilllərin müvəkillərini daha yaxşı müdafiə edə bilməsi də, daha yaxşı qazanması da hakimlərin müstəqilliyindən asılıdır. Hakim müstəqil olduğu zaman istintaq orqanı ilə vəkil eyni gücə malik olur. Hansı tərəf daha çox işləyir, sübutlar əldə edirsə, məhkəmədən də o qalib çıxır. Bu halda vəkil də rahat fəaliyyət göstərə bilir. Ancaq vəkil böyük zəhmət edib sübutlar ortaya qoyur, hakim isə sifarişlə qərar çıxarırsa, burda artıq nüfuzdan danışmaq yersizdir. Əlbəttə, Azərbaycanda müstəqil və obyektiv qərar çıxaran hakimlər də var. Ancaq qənaətbəxş səviyyədə deyil. Kimin imkanı var, tanışı-qohumu var hakimlərə nüfuz etməyə çalışır və bir çox hallarda nəticə də əldə edə bilir. Bu yolverilməzdir. Bəzən deyilir ki, bütün dünyada məhkəmələrə nüfuz edilir. Razıyam, ola bilər 20-30 işə hansısa səviyyədə müdaxilə olunsun. Ancaq daha məişət işlərinə, loru dildə desək “çəpər davalarına” yüksək səviyyədə müdaxilə olunması doğru deyil. Mən xahiş edirəm, buna son verilsin.

– Sizcə, hakimlərin müstəqil və obyektiv qərar çıxara bilməməsi yalnız maddi təminatlarının lazımı səviyyədə olmamasıl ilə bağlıdır?

– Yox, əlbəttə, başqa amillər də var. Fikrimcə, əvvəllər məhkəmələr Ədliyyə Nazirliyinə tabe olanda hakimlər daha müstəqil qərar çıxara bilirdilər, nəinki indi. Bilirsiniz ki, 2000-ci ilə – Konstitusiya dəyişikliyinə qədər məhkəmələr Ədliyyə Nazirliyinə tabe edi. O zaman hakimlər hansısa problemlə qarşılaşdıqda ədliyyyə nazirinin vasitəsilə qısa müddətdə bunu ölkə başçısına çatdıra bilirdilər. Ancaq bu gün məhkəmə sədrləri, hakimlər digər icra orqanlarının rəhbərləri kimi, istədikləri vaxt ölkə başçısına çıxıb, sözlərini deyə bilmirlər. Bu da onları digər hüquq-mühafizə orqanlarının tələblərini yerinə yetirmək məcburiyyətində qoyur. Məsələn, götürək ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi qanunsuz həbsləri. Bu həbsləri bir çox hallarda hakimlərin vasitəsilə həyata keçiriblər. İnanın, hakim bundan imtina etsə idi, ölkə rəhbərliyinə onun qanunsuz işlərlə məşğul olduğu haqda məlumat veriləcəkdi. Ancaq hakimlərin imkanı yoxdur ki, belə hallarda dərhal ölkə rəhbərliyinə həqiqəti çatdırsınlar. Bu, çox incə məsələdir. Fikrimcə, hakimlərin həqiqətən tam müstəqil olması, hüquq-mühafizə orqanlarının rəhbərlərinin təzyiqlərinə müqavimət göstərə bilməsi üçün məhkəmə sədrlərinin müəyyən vaxtlarda birbaşa ölkə rəhbərliyinə çıxış imkanı olmalıdır. Ən azı Apellyasiya Məhkəmələrinin sədrlərinə belə şərait yaradılmalıdır. Bu halda heç kim hakimlərə təzyiq də göstərə bilməz. Məhkəmə müstəqil olanda isə vətəndaşın həm canına, həm də malına tam təminat verir. Cəmiyyətdə ədalətə inam yaranır, ölkənin nüfuzu, inkişaf səviyyəsi artır.

– Adəm müəllim, Azərbaycanda maksimum müstəqil mövqə ortaya qoya bilən, obyektiv hakim kimi kimlərin adını çəkə bilərsiz?

– Belə hakimlər var. İşləyənlərdən kiminsə adını çəkməyəcəm. İstəmirəm onların adını çəkib, kimlərinsə hədəfinə çıxarım. Ancaq artıq yaşı ilə əlaqədar hakimlik fəaliyyətinə son verilən İlham Həsənovun adını qeyd etmək istərdim. İlham Həsənov Azərbaycanda ən ədalətli və cəsarətli hakimlərdən biri, bəlkə də birincisi idi. Vaxtilə MTN-nin apardığı işlərdə belə, bəraət çıxarmışdı. Bunu açıq şəkildə bəyan etmişdi. O, Azərbaycan məhkəmələrinə nüfuz gətirirdi. Təəssüf ki, 65 yaşı olduğu üçün hakimlik fəaliyyətinə son verdilər. 70 yaşa qədər artıra bilərdilər, ancaq artırmadılar. Halbuki, notarius kimi işləyən hakimin fəaliyyətini 70 yaşa qədər uzadıblar. Hansı ki, sifariş alsa, marağı olsa, atasına da hökm çıxarar. Lazım gəlsə adlar da çəkmək olar, ancaq ehtiyac görmürəm. Hüquq sistemimiz belələrindən təmizlənməli, ədalətli və cəsarətli hakimlərə yer verilməlidir. Sivil cəmiyyətə və inkişaf etmiş bir dövlət çevrilə bilməyimiz üçün bu əsas şərtlərdən biridir.

İ. İsmayılbəyli
Azpolitika.info