Gündəm

Müsahibə

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyul 2018
BE ÇA Ç CA C Ş B
« İyn    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  



XƏBƏR LENTİ

23 İyul 2018
22 İyul 2018

Digər Xəbərlər

06 Aprel 2018 - 14:00

Fransa Geosiyasət İnstitutunun analitiki:“Qərbin Ərdoğan üçün etmədiyini Rusiya etdi” - MÜSAHİBƏ  

 

 

Fransanın “Atlantico” nəşri Tomas Mor institutu və Fransa Geosiyasət İnstitutunun elmi əməkdaşı Jan-Silvestr Monqrenyedən (Jean-Sylvestre Mongrenier) müsahibə alıb.

Strateq.az müsahibəni oxucularına təqdim edir:

 

-Aprelin 4-ü Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani Suriya məsələsini və münaqişənin mümkün həll yollarını müzakirə etmək üçün görüşüb. Donald Trampın (Donald Trump) Amerika qoşunlarını Suriyadan çıxarmaqla bağlı bu yaxınlarda verdiyi bəyanatın fonunda Rusiya, İran və Türkiyə Yaxın Şərqi nəzarət altına almağı bacarıbmı? Qərb bölgəni uzunmüddətlik tərk edib?

-Bu görüş Türkiyənin dəstəklədiyi üsyançılar geri çəkildikdən sonra Şərqi Hələbin ələ keçirilməsinin ardınca 2017-ci ilin yanvarında start götürən “Astana prosesi”nin bir hissəsidir. Bu prosesin əvvəlindən heç bir görüş münaqişənin sülh yolu ilə həll edilməsi üçün bir dənə də olsun qərar verə bilməyib. Görünüş üçün olsa belə. 2015-ci ilin sentyabrındakı Rusiya müdaxiləsi zamanı səsləndirilən “optimal” ssenaridən çox uzaqlaşmışıq: Rusiya-İran sürətli müharibəsi, regionda qüvvələr balansının dəyişməsi, Suriyanın müxtəlif qruplarının danışıqlar aparması və siyasi nizamlanma (Putinin Əsədə bağlı olmadığını bəyan edən rus diplomatiyasının sözlərini təkrarlayanların hamısını yada salaq).

Suriyada isə müharibə heç cürə bitmək bilmir və tədricən regional qarşıdurmaya çevrilir. Bu ilin fevralında baş verən birinci İran-İsrail hadisəsi (İran dronunun İsrail dövlətinin hava məkanına soxulması, Suriya ərazisində cavab tədbirləri və İsrail təyyarəsinin vurulması) regionda mümkün geosiyasi risklərin bütün ciddiyyətini nümayiş etdirib. Başqa sözlə, vəziyyət sabit deyil. Taktiki uğurlar qəti qələbə və ərazi üzərində nəzarəti təmin etmir. Özü də nəzərə almaq lazımdır ki, burada müxtəlif qüvvələr çoxluq təşkil edir. Hazırda Dəməşq və onun havadarları ölkənin yarıdan çoxuna nəzarət edir. Şimal-şərq Suriya Demokratik Qüvvələrinin, ABŞ, Böyük  Britaniya və Fransanın xüsusi bölmələrinin nəzarəti altındadır.

Qeyd etmək lazımdır ki, Yaxın Şərqə təkcə Suriya və İraq daxil deyil. Periferik də olsa, şimaldan Türkiyə də bu regiona aiddir. İsraili Qərbin avanpostu kimi xarakterizə etmək olar. Qərb istiqamətində yerləşən Misir Şimali Afrika ilə həmsərhəddir. Misir öz məntiqini rəhbər tutur, Afrikada, Qırmızı dənizdə və Nil regionunda öz siyasətini aparır. Nəhayət, Ərəbistan yarımadası, Fars körfəzi və İran da Yaxın Şərqə aid edilir. Suriyadakı müharibə və onun birbaşa təsir göstərdiyi münaqişələr (məsələn, İradakı münaqişə) regionun yalnız bir hissəsində öz əksini tapır. Suriya-İran hərbi əməliyyatlar teatrı Aralıq dənizinin şərq hissəsi və Fars körfəzi arasındakı “Suriya bərzəxinə” aid edilir. Beləliklə, bütün Yaxın Şərqin Astana üçlüyünün nəzarəti altına düşdüyünü söyləmək doğru deyil. Qərb dövlətləri öz növbəsində regionda aktiv iştirak edir. Donald Trampın amerikalıların Suriyadan getməsi ilə bağlı qərarı həqiqətən birmənalı görünmür. Bu zaman İran rejiminə müqavimət göstərmək, həmçinin Ərəbistan yarımadası və şərqi Aralıq dənizi arasında “şiə yolunu” bloklamaq istəyindən necə danışmaq olar? Tramp Rusiya və İranı ayırmağa ümid edir və istəyir ki, Moskva regionda əsas müttəfiqinin qarşısını alsın? O, Tehrana qarşı Suriya ərazisində 2000 amerikalının iştirakını tələb etməyən güc ssenarisi fikirləşib?

– Moskva, Ankara və Tehran koalisiyasının zəif cəhəti nədir? Hər şeyi öz əlinə almaq üçün ABŞ və Qərb hansı həssas cəhətlərdən istifadə edə bilər?

– Taktiki təmas nöqtələri ilə yanaşı, Astana prosesinin iştirakçıları arasında ciddi geosiyasi fikirayrılığı mövcuddur. Neoosman ritorikasını nəzərə almasaq, Türkiyə hökumətinin əsas istəyi cənub-qərb sərhədlərində özünü təhlükəsiz zona ilə təmin etməkdir. Bu, Anadolunun cənub-şərq hissəsini kürd separatçılarından qorumaq üçün lazımdır. Rusiya ilə əldə etdiyi alyans sayəsində Ərdoğan Qərb müttəfiqlərinin imtina etdiyi məsələni həll edib: sərhəddə bufer zona yaradılıb. Ankara burada Suriya qaçqınlarının bir hissəsini yerləşdirə bilər, bununla da etnik və demoqrafik bərabərliyə kömək etmiş olar.

Yeri gəlmişkən, Rusiyaya meylli publisistlər iddia edir ki, Türkiyənin Afrinə müdaxiləsinə görə Qərb məsuliyyət daşıyır. Bu, nədir? Cəhalət, vəziyyəti başa düşməmək, yoxsa vicdansızlıq? Türkiyəni Vladimir Putinin ağuşuna itələmək üçün Ərdoğanla münasibətləri daha da korlamaq cəhdləri? Əgər belədirsə, onda onlar zəhmət çəkib, bizə real siyasətin nə olduğunu da başa salsınlar. Rusiya ilə vəziyyəti nəzərdən keçirək. Moskvanın hərbi müdaxiləsi Əsəd rejimini xilas etməyə və geostrateji aktivləri Suriyada saxlamağa imkan yaradıb. Lakin zəfərli qayıdış İranla sıx alyansa əsaslanır. Hazırda təkcə regional dominantlıq strategiyasını dəstəkləyən İranı müvəqqəti qalib elan etmək olar.

Burda çoxlu sual meydana çıxır. Suriyada  İran inqilab keşikçiləri və şiə bölmələrinin möhkəm mövqeyi, həmçinin Aralıq dənizinə yönəlmiş strategiyaların reallaşdırılması regionda cavab reaksiyalarına və geosiyasi nəticələrə səbəb olmalıdır. Artıq İsraillə vəziyyəti qeyd etmişik. Rusiya Qüds və Tehran qarşıdurmasının məngənəsinə düşə bilər. Ərəb paytaxtları sırasında (Bağdad, Dəməşq, Beyrut, Sana) şiə-iran  və  Yaxın Şərqdə “şiə hilalının” dominantlığını qəbul etməyəcək sünni ərəb rejimlərinin reaksiyasını da hesaba qatmaq lazımdır. Məlumdur ki, artıq Səudiyyə Ərəbistanı və BƏƏ Tehranın ekspansionizminə qarşı gizli müharibə aparır. Açıq müharibəyə keçid istisna edilmir. Bu da Astana üçlüyü üçün ciddi nəticələrə gətirib çıxara bilər. Türkiyə və Rusiya münasibətləri ortamüddətli və uzaqmüddətli perspektivdə sual doğurur: söhbət sadə taktiki oyundan gedir, yoxsa ciddi strateji dəyişikliklərdən? Tarix ikinci variantın xeyrinə deyil. Ancaq gözlənilməz hadisələri istisna etmək də düzgün deyil. Nəhayət, Ankara və Tehran münasibətləri də qeyri-müəyyən xarakter daşıyır (onların planları bəzən eyni məkanı əhatə edir). Bütün bu amillər Qərb dövlətləri qarşısında imkanlar açır.

– Qərbin regionda indiki təsiri necədir? Məhəmməd ibn Salmanın Səudiyyə Ərəbistanı və İsrail arasında əlaqələri möhkəmləndirəcək İsrail dövlətinin hüququ haqqında Amerika mətbuatına verdiyi açıqlamanı necə şərh etmək olar?

– Amerika, Britaniya və Fransa Fars körfəzi və Ərəbistan yarımadasında güclü mövqeyə malikdir. İordaniya haqqında danışmağa dəyməz. Ölkə mühüm hərbi-siyasi tərəfdaş hesab edilir. Misirlə münasibətlər birmənalı olmasa da, əlaqələr saxlanılır. Türkiyə də istənilən halda müttəfiq olaraq qalır, NATO-dan çıxmağa cəsarət etmir və AB ilə tərəfdaşlığı sual altına qoymur. Məhz NATO tərəfdən hərbi təminatlar onun Rusiya ilə dumanlı oyunlara girməyinə icazə verir.

Terrorizmlə mübarizə davam edir, İncirlikdəki baza isə Amerika hərbi hava qüvvələri tərəfindən istifadə edilir. Bu da Qərb ölkələrinin Tükriyə ilə münasibətləri kəsməkdə niyə tələsmədiyinə aydınlıq gətirir. Eyni zamanda Bolqarıstan, Rumıniya və Qara dəniz hövzəsində hərbi mövqelərin möhkəmlənməsi ilə sığorta variantları haqqında düşünməyin vaxtıdır. Başqa sözlə desək, Türkiyənin yardımı ilə İran və Rusiyanın Yaxın Şərqdə dominantlıq etməyinə hələ çox var. Başa düşmək lazımdır ki, bütün regionda dağılma və yenidənqurma prosesi başlayıb. Bu da strateji dəyişikliklərə səbəb ola bilər. Əvvəldən heç nə həll edilməyib və zona özünəməxsus geosiyasi “qara dəliyə” çevrilə bilər. Bəziləri yeni otuzillik müharibədən danışır. Belə bir tarixi analogiya ideal olmasa da, prosesin uzunluğunu doğru vurğulayır.

Yenidənqurma prosesində Səudiyyə Ərəbistanı və ABŞ-ın münasibəltəri sabit olaraq qalır. Obama (Barack Obama) diplomatiyası və İran rejiminə edilən ciddi güzəştlər (ilk növbədə 2015-ci il 14 iyul sazişinə aiddir) uzunmüddətli alyansı bir müddətlik sarsıda bilib. Səudiyyə Ərəbistanı Çinə üz tutub (kral Salman ötən ilin martında Pekinə səfər edib). Bu da Trampın 2017-ci ilin mayında Ər-Riyada səfər etməsinə səbəb olub. Başqa sözlə, Vaşinqton daha bulanıq suda balıq ovlamaq istəmir, yəni nəzəriyyədə dünyəvi cəmiyyət və liberallaşma yoluna girə biləcək İran rejimi ilə hipotetik tərəfdaşlıq naminə Səudiyyə Ərəbistanını itirmək istəmir. Görünən odur ki, “Vision 2030” islahat proqramı irəli sürən gənc vəliəhd Məhəmməd ibn Salmanın dəstəklənməsi ilə bağlı ABŞ-da konsensus əldə edilib. Sosial-iqtisadi modernləşdirmə monarxiyanın üləma şurası (vəhhabizmin təşkilati idarəçiliyi) ilə əlaqələrini zəiflətməlidir. Əslində söhbət əlaqələrin kəsilməsindən deyil, “saray” və “məscid” arasındakı bərabərliyin dəyişməsindən gedir. Əlbəttə, burda böyük qeyri-sabitlik və qeyri-müəyyənlik hökm sürür. İstənilən halda, Səudiyyə Ərəbistanı və İsrailin yaxınlaşması və əməkdaşlığı İran şiə təhlükəsinin fonunda reallığa çevrilib. ABŞ bu yaxınlaşmanı dəstəkləyir. Yaxın Şərqdə ümumi geosiyasi vəziyyət çox dəyişkən və qeyri-sabitdir. 2015-ci il nüvə proqramı üzrə əldə edilən saziş ləğv olunsa, bir neçə aydan sonra nə gözləmək olar? Heç bir dövlət, nə regional, nə xarici, mövcud prosesləri idarə etdiyini iddia edə bilməz. (Xpressa.net)