Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Rövşən Ağayev:"Neftin qiyməti 40 dollara düşsə, 2015-ci ilin taleyini yaşamalı olacağıq”  - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Azərbaycan XİN-dən Paşinyanın Qarabağa səfərinə kəskin reaksiya:"Bu, müharibəyə çağırışdır..."
  • " width="300" height="266" />
    DEPUTAT QÜDRƏT HƏSƏNQULİYEV:"Dəmirçiyan Azərbaycanla gizli danışıqlara görə öldürülüb" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Ermənistan partiya lideri:“Bakı və Ankara Naxçıvan ərazisini gələcək hərbi əməliyyatlar üçün poliqona çevirir” – Müsahibə
  • " width="300" height="266" />
    Məhərrəm İncə Azərbaycan mətbuatına danışdı:"SƏSLƏRİMİZİN OĞURLANMASINA İMKAN VERMƏYƏCƏYİK"
  • " width="300" height="266" />
    DEPUTAT VAHİD ƏHMƏDOV:“Təzə təyin olunmuş nazirlər hələlik ünsiyyətdən qaçırlar” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “ÖLKƏNİN DAXİLİNDƏ KİFAYƏT QƏDƏR NARAZILIQ VAR” –Bəxtiyar Hacıyev gənclərimizin xaricə getməsinin səbəblərindən danışır (MÜSAHİBƏ)
  • " width="300" height="266" />
    SƏMƏD SEYİDOVDAN TƏSDIQ:“Azərbaycandakı prezident seçkiləri AŞPA-nın gündəliyinə salınıb” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Məhəmməd Əmin Rəsulzadənin qız nəvəsi:“Birinci dəfə babamın adına Səməd Vurğunun şeirində rast gəlmişəm” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Eldar Namazov:“ABŞ və Rusiyanın geopolitik savaşı Azərbaycanın sərhədlərinə yaxınlaşır” - MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyun 2018
BE ÇA Ç CA C Ş B
« May    
 123
45678910
11121314151617
18192021222324
252627282930  



XƏBƏR LENTİ

22 İyun 2018
21 İyun 2018

Digər Xəbərlər

09 İyun 2018 - 00:55

“ÖLKƏNİN DAXİLİNDƏ KİFAYƏT QƏDƏR NARAZILIQ VAR” –Bəxtiyar Hacıyev gənclərimizin xaricə getməsinin səbəblərindən danışır (MÜSAHİBƏ)

 İctimai fəal, tanınmış bloqçu Bəxtiyar Hacıyev Strateq.az saytına müsahibəsində ölkədəki ictimai-siyasi durum, problemlər, onlardan çıxış yolları, gənclərin xaricdə təhsil məsələləri, bu sahədə çatışmazlıqlar barədə fikirlərini açıqlayıb. Müsahibəni oxucularımıza təqdim edirik:

 

– Sizi oxuculara necə təqdim edək?

– İctimai fəal Bəxtiyar Hacıyev.

– Nə işlə məşğul olursuz?

– İndi əvvəlki işlərimlə məşğul oluram. Xarcidə təhsil üzrə konsaltinq xidməti göstəririk. Amma yavaş-yavaş bu fəaliyyəti də sonlandırırıq. Əvvəl qısamüddətli, sonra uzunmüddətli səfərə hazırlaşıram.

– Ölkədən gedirsiz?

– Belə bir planım var.

– Niyə gedirsiz?

– Niyə də qalmalıyam ki?!

– Sizə bu ölkədə yer olmadığını düşünürsüz?

– Əslində çox yer ola bilərdi. Mən 2010-cu ildə ölkəyə qayıdanda potensialımı burada reallaşdırmaq, öz ölkəmə töhfə vermək istəyirdim. 2010-cu ildə keçirilən parlament seçkilərinə qatıldım. Baxmayaraq ki, vaxt qısa idi, amma çox uğurlu kampaniya aparıb bir çox gəncləri, əhalinin müxtəlif təbəqələrini ona cəlb elədik. Amma siyasi baxımdan heç bir uğuru olmayan, son üç parlament seçkilərində müxtəlif seçki dairələrindən namizəd olmuş karateçi Ülvi Quliyevi deputat təyin elədilər. Ötən il Avropa Məhkəməsi şikayətimizlə bağlı qərarını açıqladı ki, bizim seçki hüquqlarımız pozulub. Seçkidən sonra həbs olundum, həbsdən çıxdıqdan sonra isə uzun müddət gözlədim ki, dəyişikliklərə öz töhfəmi verə bilərəm. Artıq bu ümidlərim də tükənmək üzrədir. Hesab edirəm ki, ölkə xaricində qalıb fəaliyyətimi davam etdirmək daha faydalı olar.

– Azərbaycanda özünüzü hansı sahədə görürdünüz?

– Bir çox sahələrdə. Dostlarımızla bu barədə tez-tez danışırıq. Onların arasında dövlət qurumlarında işləyənlər də var. Bəzən, yarızarafat, yarıciddi deyirlər ki, hökumətin fəaliyyətini çox tənqid edirsən. Mən də deyirəm ki, sizi yaxşı başa düşürəm. Hansısa sahədə iş görməyə imkanlarınız var. Başqa sahələrdə olan problemləri görməməzliyə vura bilərsiniz. Sistemi dəyişməyin iki yolu var – daxildən və xaricdən. Ya daxildə olub kiçik bir sahədən başlayıb dəyişikliklər edirsiniz, yaxud sistemin kənarında dayanıb bütövlükdə onu dəyişdirmək istəyirsiniz…

– Sistemi dəyişdirmək iddasındasız?

– Bu iki seçimdən biri ilə mütləq məşğul olmaq lazımdır. Ola bilməz ki, həm kənarda olasan, heç bir şeyə müdaxilə etməyəsən, heç bir problemi qabartmayıb, evdə oturub qapı-pəncərələri bağlayıb, interneti söndürüb durasan. İnsan, xüsusən fəal vətəndaş ətrafında baş verənlərə reaksiya verməlidir. Problem kimi görüdüyü məsələlərin həllinə öz töhfəsini verib onun aradan qalxmasına çalışmalıdır. O ki qaldı hansı formada, bunun müxtəlif formaları var.

– Məsələn?

–  Bu sualın cavabı elə bayaq xatırlatdığım dostlarım tərəfindən də soruşulub. Parlamentin tərkibinə baxsaq, mən özümü indiki deputatların 50-60 faizindən daha layiqli millət vəkili kimi görürəm. Eləcə də hökumətin tərkibinə baxanda. Burada bir haşiyə çıxım: 2010-cu ildə yaşlı deputatlardan biri məndən soruşdu ki, özünü parlament üzvü olmağa layiq görürsənmi? Bunun üçün müəyyən qədər təcrübə lazımdır. Mən dedim ki, normal ölkələrdəki ideal parlamentdə yox, çünki kifayət qədər gəncəm. Amma bizim parlamentə baxanda özümü layiq görürəm. Parlamentə, hökumət kabinetinə baxanda, əminliklə demək olar ki, bir çoxlarından pis idarəçi olmaq olmaz.

Bu günlərdə aktual olan bir hadisəni misal çəkim: Dövlət Bayrağı Meydanında bayrağımız ucaldılandan cəmi bir gün sonra cırıldı. Bu, onu göstərirdi ki, küləyin təsirini hesablamayıblar. Bu qədər xərc ona görə çəkilmişdi ki, bu, bir imic layihəsi olacaq, dünyanın ən hündür bayraq dirəyi bizdə olacaq. Amma cəmi bir neçə ay sonra Türkmənistanda daha hündür bayraq dirəyi tikdilər. Əvvəl bayrağı çıxardılar, sonra bayraq dirəyini. İndi də Bayraq Meydanını sökürlər.

Bunun kimi misallar çoxdur. Məsələn, Bakıda Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzi quraşdırıldı. Bu sistemin hazırda yarıtmaz fəaliyyəti göz qabağındadır. Yüzmilyonlarla xərc çəkildi, amma təcrübəsiz və bacarıqsız insanların həmin sahələrə təyin olunması nəticəsində bugünki mənzərə ilə qarşılaşırıq. Mən nə qədər pis idarəçi olsam belə, onlardan yaxşı olacağıma əminəm.

– Hakimiyyət nümayəndələri Azərbaycanı dünyaya modern dövlət kimi təqdim edirlər. Yəni infrastruktur, xidmət sahələri, idarəçilik ən müasir standartlara cavab verir. Amma dediyiniz problemlərlə bu təqdimat arasında paradoks var.

– Uyğunsuzluq başqa sahələrdə də var. Məsələn, dünyada ən bahalı brendlər texnologiya şirkətlərinə məxsusdur – süni intellekt, sosial şəbəkələr, Apple, Amazon və s. Bu şirkətlərin elələri var ki, bazar dəyəri Rusiya kimi ölkənin birja dəyərindən yüksəkdir. Biz bunları bilə-bilə 2018-ci ildə ölkədə pambıqçılığı prioritet elan ediriksə, bu, o deməkdir ki, uyğunsuzluq yox, tamamilə əks istiqamət seçilib. Dünya insan əməyini minimuma endirən sahələrə investisiya qoyur, amma bizdə küçələri yaşlı qadınlara süpürtdürürlər. Bunu da onunla izah edirlər ki, biz yeni iş yerləri açırıq, əhalinin məşğulluğunun səviyyəsini artırırıq. Ağıllı arqumentdir, amma doğru yerdə istifadə olunmayıb. 2004-cü ildə mən İndoneziyada olanda gil qablar zavoduna getmişdik, orada da əl əməyindən geniş istifadə olunurdu. Bunun səbəbini belə izah elədilər ki, əhalinin müəyyən təbəqəsini məşğul saxlamaq üçün texnologiyadan yox, əl əməyindən istifadə edirik.

– Əməktutumlu sahə hesab olunur…

– Bəli, amma insan həyatı üçün riskli sahə deyil. Bu, bizdə belə deyil. Saatda 120 kilometr sürət həddi olan aeroport yolunu gecə-gündüz yaşlı qadınlara süpürtdürürük.  İzah edirlər ki, yaşlı qadınlara iş yeri yaradılıb. Onlardan birini avtomobil vurur, amma qadınları qorumaq üçün əyinlərinə fosforlu jiletlər geyindirirlər. Sanki sürücü onları görəndə vurmaq ehtimalı azalacaq. Bəzən o qədər belə absurd qərarlar olur ki, təqdimatda olan müasirliklə kəskin ziddiyət təşkil edir. 2018-ci ildə pambıq əkib dünya ilə rəqabət aparmaq cəhdi modern dövlət anlayışına ziddir.

– Sosial şəbəkələrdə hökuməti tənqid edirsiz. Hazırki şərtlərə baxsaq, tənqid edə-edə hakimiyyətdə təmsil olunmaq mümkündürmü?

– Sahədən-sahəyə dəyişir. Tənqidlərə ictimai dəstək də çox şeyi dəyişir. Dəfələrlə elə problemlər olub ki, biz onu qaldırmışıq, ictimai dəstək olub, kütləvi narazılıq yarandıqdan sonra məsələ ölkə başçısnın diqqətinə çatdırılıb və problem həllini tapıb. Məsələn, Bakıda evakuatorların qanunsuz fəliyyəti dayandırıldı. Bilirsiz ki, 2015-2016-cı illərdə paytaxtın mərkəzində avtomobili cəmi bir neçə dəqiqə saxlamaq kifayət idi ki, onu evakusiya eləsinlər. Bu, vətəndaşı əlavə xərcə salırdı, vaxt itirirdi, əsəb sarsıntısı keçirirdi. Qanunsuzluq vətəndaşlar arasında həddindən artıq böyük narazılıq yaratmışdı. Cərimə duracaqlarının qarşısında insanlar hakimiyyətə öz nifrətlərini ifadə edirdilər. Biz də buna etiraz etdikdən sonra məsələ ölkə rəhbərliyi səviyyəsinə qalxdı və həll olundu.

Bir də dövlət qurumlarında tənqidə fərqli münasibət var. Bəziləri normal, konstruktiv təklif kimi qəbul edir, bəziləri isə elə qəbul edirlər ki, tənqidlər kimlərsə tərəfindən sifariş olunur, ictimai fəallar onlara qarşı qaldırılır, qərəz var və s.

– Söhbətin əvvəlində qeyd etdiniz ki, ölkədən getmək haqqında qərar qəbul etmisiniz…

– Qəti deyil, amma başqa yol yoxdur. Ya gərək, ölkədə genişmiqyaslı siyasi fəaliyyətə başlayım. Bunun da riskləri ilə yanaşı, nə qədər faydalı olacağı barədə suallar var. Ona görə də yaxşısı budur, ölkə xaricinə gedib fəaliyyətə davam etmək lazımdır.

– Siyasi fəaliyyət məsələsinə daha sonra gələrik. Nüfuzlu Qərb universitetinin məzunusuz. Azərbaycanda sizin kimi gənclərin sayı kifayət qədərdir. Ölkənin siyasi inkişafına qatqı verməkdə sizə nə mane olur?

– İmkan verilmir. Mən xaricdə təhsil alan tələbələr içində həm ictimai-siyasi, həm də şəbəkəsinin genişliyinə görə öndə olan şəxslərdən biriyəm. Əgər bu gün ölkədə mənim öz potensialmı reallaşdırmağa imkan verilmirsə, ölkədən getmək haqqında düşünürəmsə, təsəvvür edin, xaricdə təhsil almış minlərlər gənc hansı durumdadır. Onlar öz ailələrinin yanına qayıdıb ölkənin inkişafına töhfə verə bilərdilər. Onlara şərait yaradılmır.

– Şərait deyərkən, konkret nəyi nəzərdə tutursunuz?

– Birincisi, dövlət sektorunda maaşlar kifayət qədər aşağıdır. Gənclər xaricdə təhsil alıb qayıtdıqdan sonra həmin maaşa işləmək istəmirlər. Gənclər rasional olaraq fikirləşirlər ki, Avropa ölkələrində ortabab bir işdə çalışsa, bundan dəfələrlə çox qazana bilərlər. Gərək, həddindən artıq altruist bir insan olsun, desin ki, mən gedirəm Azərbaycana, az maaşla dövlət qurumlarında işləməyə. Özəl sektora gəldikdə, bir çox gənclər var ki, bu sahədə yeni təşəbbüslər ortaya qoyurlar. Startaplarla başlayırlar, onların biznesləri müəyyən səviyyəyə gələndə ya kənardan müdaxilə olunur, ya da süni bürokratik əngəllər onları bezdirir. Onlar fikirləşirlər ki, bu layihələri qonşu Gürcüstanda, yaxud Ukraynada, Dubayda, dünyanın müxtəlif ölkələrində reallaşdıra bilərlər.

Başqa qurup gənclər insan hüquqları, demokratiya sahələri üzrə təhsil alıblar, gəlib Azərbaycanda vətəndaş cəmiyyətində fəal olmaq istəyirlər. 2013-cü ildən məlumdur ki, bu sahədə hansı vəziyyət hökm sürür. Kiçik bir layihə belə reallaşdırmaq olmur, şəxsi büdcələr hesabına maliyyələşdirilən layihələrə görə cinayət işləri açılır, həbslər həyata keçirilir. Belə hallar da gəncləri ölkə xaricinə getməyə məcbur edir.

Hazırda xaricdə elə ölkələr, elə şəhərlər var ki, orada daha çox gənc var, nəinki Azərbaycanın müxtəlif rayonlarında. Məsələn, Praqda həm xaricdə təhsil alanlardan, həm ictimai fəallardan çoxlu sayda gənc var. Eləcə də bir çox gənclər ölkədən köçüb fəaliyyətlərini Tiflisdə, İstanbulda davam etdirirlər.

– Hiss olunur ki, gənclərdə ümumiyyətlə, siyasətə maraq yoxdur, bu, nə ilə bağlıdır?

– Əvvəla, ona görə ki, siyasətlə məşğul olmağa mühit yoxdur. Daha sonra, siyasi proseslərə qoşulmaqla nəyinsə dəyişəcəyinə ümid azdır.

– Siyasi mübarizə də yoxdur?

– Bəli, yoxdur. Gənclər siyasətə o vaxt maraq göstərə bilərdilər ki, müxtəlif ideoloji bağlılıqları olan partiyalar çox rahatlıqla fəaliyyətlərini davam etdirsinlər. Azad və ədalətli seçkilər keçirilsin. Amma gənclər görəndə ki, hansısa siyasi partiya öz ofisindən qovulur, üzvləri həbsə göndərilir, seçkidə kimin hansı formada səs verməsindən asılı olmayaraq, MSK ehtimal nəzəriyyəsini alt-üst edir. Məlum olur ki, kimsə kalkulyatoru qarşısına qoyub hesablayaraq protokollara nəticə yazır. Belə bir mühitdə siyasətlə məşğul olmaq o qədər də cazibədar deyil.

– Bəs siyasi mübarizə aparmaq olmaz?

– Bəli, ancaq siyasi mübarizə aparıb insanları maarifləndirmək, təşkilatlandırmaq olar. Hökumət düşünür ki, siyasi azadlıqları boğmaqla siyasi riskləri azaldır. Amma təcrübə göstərir ki, bu yol tamamilə əks effekt verir. Ərəb baharından əvvəl bu ölkələrin liderləri ABŞ dövlət katibinə, prezidentinə hər görüşdə deyirdilər ki, bizim ölkələrdə sabitlikdir, insan hüquqularını bir az sıxmaqla, riskləri minimuma endirmişik. Bunula bağlı nüfuzlu dərgilərdə akademik yazılar, təhlillər yazıldı. Qərb liderləri başa düşdülər ki, insan haqlarının boğulması hesabına əldə olunmuş sabitlik ortadan qaldırılmış təhlükələr deyil. Onlar xalçanın altına süpürülmüş risklərdir. Ən təhlükəlisi də elə bunlardır, çünki görünmür. Onların nə vaxt, haradan partlayacağı məlum deyil. Çünki dalğalanmalar olan cəmiyyətlərdə çox rahatlıqla müəyyən etmək olur ki, cəmiyyətdə hansı qrupların hansı problemləri var. Hər şeyi boğmağa çalışanda, hər şey döşəmənin altında baş verir. Nəticədə günlərin birində tamamilə gözlənilməyən qrup bir hadisəyə görə üsyan qaldırır, cəmiyyət də onların arxasınca gedir.

– Siyasi fəaliyyətlə məşğul olmağı istisna elədiniz. Bu, perspektivə ümidsizlikdən irəli gəlir, yoxsa ümumiyyətlə siyasətə maraq yoxdur?

– Eskobarın belə bir fikri var: “Siyasətdə və müharibədə uğurun əsas göstəricisi doğru zamanlamadır”. Hər şeyin bir zamanı var. Əgər, siyasi mübarizənin zamanı olsa, onu aparmaq olar. Mühit yetişməyibsə, daxili və beynəlxaq şərtlər ona uyğun deyilsə, bu mübarizəni başlayıb yerindəcə neytrallaşdırılmaq doğru olmaz.

– Bəs siyasi mübarizə aparanlar var axı. Milli Şura, Müsavat, ReAL…

– Onlar olmalıdırlar da. Hər bir ölkədə belə təşkilatlar var.

– Onların apardığı mübarizəni necə qiymətləndirirsiniz?

– Bu barədə özləri danışsalar, yaxşı olar.

– Kənardan necə görünür?

– Müşahidəm odur ki, hər bir siyasi qüvvə apara biləcəyi maksimum mübarizəni aparır. Amma mənə görə, bəziləri doğru, bəziləri yanlış yanaşma seçib. Bir şeyi nəzərə almaq lazımdır ki, 93-cü ildə güclü vərəndaş cəmiyyəti, siyasi institutlar vardısa, zəif bir partiya hakimiyyətə gələ bilirdisə və bu gün həm daxili resurslar, həm beynəlxaq dəstək baxımından dəfələrlə daha güclüdürsə, həmin siyasi qüvvələrin də səhvlərin bir hissəsini özlərində axtarması lazımdır. Hər şeyi hakimiyyətin, beynəlxalq qüvvələrin üzərinə yıxmaq düzgün deyil. 93-cü ildən bəri müyyən səhvlər olub ki, onlar müxalif düşərgənin zəifləməsinə, hakimiyyətin güclənməsinə gətirib çıxarıb.

– Hansı səhvlər daha qabarıq görünür?

– Hansı partiyada?

– Milli Şurada, ReAl-da…

– Milli Şura üzvləri tənqidə dözüm baxımından hakimiyyətdən çox da fərqlənmirlər. Bu yaxınlarda “Meydan” TV-nin rəhbəri Emin Milli ABŞ Konqressində Azərbaycanla bağlı dinləmlər zamanı bilərəkdən və ya bilməyərəkdən Milli Şuradan müəyyən şəxslərin adını çəkməmişdi. Bu, o qədər böyük bir qalmaqala səbəb oldu ki… Amma əslində onun üzərindən keçmək olardı. Əgər hansısa siyasi qüvvənin hədəfi hakimiyyətlə mübarizədirsə, bu məsələni ümumiyyətlə, görməmək olardı. Baxmayaraq ki, “Meydan” TV Milli Şuranın fəaliyyətinə kifayət qədər dəstək verir. Hətta bəzən o qədər yaxın dəstək verib ki, kənardan bir çoxları onu Milli Şuranın informasiya ruporu  hesab ediblər. Tək bu yox, ictimai -siyasi kəsimin rəy öndərlərinə qarşı elə münasibət göstərirlər ki, sanki hamı onlara qarşıdır.

– Milli Şura üzvləri açıq şəkildə qərəzli münasibətlə üzləşdiklərini deyirdilər.

– Bu, kökündən yanlış yanaşmadır. Təbii ki, hər xırda məsələyə görə münasibətlər hamı ilə korlanırsa, hamı sizə qarşı görünəcək. Amma əslində hamı sizə qarşı deyil. Siyasətçinin də sadə vətəndaşdan əsas fərqlərindən biri soyuqqanlı olmağı bacarmasıdır, müəyyən məsələlərdə rasional olmasıdır. Hətta onların maraqlarına zərbə vurmuş adamlarla əməkdaşlıq etməyə hazır olmalıdırlar. Hər şeydən küsüb-incimək siyasətçi davranışı deyil.

– Bayaq qeyd etdiniz ki, doğru zamanı gözləyirsiniz. Cəmiyyət də doğru zamanı gözləyir? Çünki siyasi süstlük var, aktivlik yoxdur və s.

– Mənim bu barədə yanaşmam fərqlidir. Ondan ibarətdir ki, böyük dəyişikliklər sadəcə sıravi insanların kimlərinsə çağırışı ilə küçələrə çıxması ilə baş verməyəcək. Burada daha böyük faktorlar rol oynamalıdır. Çünki Azərbaycan yerləşdiyi coğrafiyaya və burada həyata keçirilən irimiqyaslı layihələrə görə böyük güclərin maraq dairəsindədir. Burada siyasi sabitlik onlar üçün vacibdir.

İkincisi, ölkədə böyük biznesi və maraqları olan insanlar var. Onlar hakimiyyət dəyişikliyindən sonra qeyri-müəyyənliyin minimuma endirilməsi, müəyyənliyin maksimuma çatdrılmasında maraqlı olurlar. Yəni, hakimiyyətə kim gələcək, onun yanaşması nədən ibarət olacaq. Yalnız o halda – həm xaricin, həm daxildəki böyük resurs sahibi olan insanların dəstəyi olduqdan sonra sadə insanların kütləvi etirazları dəyişikliklə nəticələnir. Əks halda, onların qarşısı alınacaq. Necə ki, 2003-cü ildə kifayət qədər çox sayda insanlar meydanlara çıxdı, amma nəticə olmadı. Çünki müəyyən xarici qüvvələr dəyişikliyi istəmirdilər. Doğru zaman gözlənilməldir ki, həm hakimiyyətin daxilində narazılıq pik səviyyəyə çıxsın, daxildən kimlərsə bu prosesə qoşulsun. Yaxud hakimiyyətin beynəlxalq maraq qrupları ilə münasibətləri o qədər korlansın ki, onlar bu hakimiyyəti dəyişmək barədə düşünsünlər.

– İndi Azərbaycanda həm daxildə, həm xaricdə bu proses gedirmi?

– Mən daxildə kifayət qədər narazılıq hiss edirəm. Məlumatlar daxil olur ki, klanlar, qruplar arası münasibətlərdə gərginlik kifayət qədər yüksəkdir. Həmin qrupların iqtisadi maraqlarının təmin olunmaması, gəlirlərin bir mərkəzdə toplanması onları narazı salır. Dünən iqtisadi davranışla bağlı bir məqalə oxumuşdum. Orada deyilirdi ki, bir insanın itkisi ona daha böyük mənəvi zərbə vurur, nəinki maddi gəlir. Azərbaycanda iki devalvasiya olub, dövlət büdcəsindən maliyyələşdirilən bir çox layihələr dayandırılıb, bir çox oliqarxların biznesləri əl dəyişdirib və s. Bütün bunlar- maliyyə, iqtisadi güc itkiləri klanları və maraq qruplarını narazı salır. Hətta əvvəlkindən bir neçə dəfə çox qazansalar belə, bu, narazılığı kompensasiya eləmir.

– Amma narazıların içində siyasi fiqurlar yoxdur.

– Kifayət qədər böyük resursları olan insanlardır. Uzun müddət vəzifədə olmuş, sonradan çıxarılmış şəxslərin kifayət qədər sərvəti, siyasətdə, mediada, vətəndaş cəmiyyətində, beynəlxaq dairələrdə əlaqələri var.

– Onlar yenidən pay istəyirlər?

– Həmin narazı salınmış insanlar siyasi qüvvələrin apardığı mübarizəyə hər hansı formada dəstək verməyə başlaması hansısa dəyişikliyə gətirib çıxara bilər. Gürcüstanda, Ukraynda, Moldovada, bu yaxınlarda Ermənistanda hakimiyyətlər kütləvi etirazlar nəticəsində dəyişdirildi. Mübarizənin hansısa mərhələsində beynəlxaq maraq quruplarından, sistemin içindən bu mübarizələrə dəstək olub. Ki, məsələn, biz Saakaşvili ilə, Paşinyanla işləmək istəyirik. Sadəlövlük olardı hansısa siyasətçi desin ki, mən onminlərlə insanı küçələrə çıxaracağam, hakimiyyət də bununla dəyişəcək. Hakimiyyətin içindəki narazı qruplarla işləmək lazımdır.

– Bütün hallarda gücə və mübarizəyə istinad olunur və “stavka” qoyulur. Azərbaycanda da protest elktoratı müxalifət liderlərinin ətrafında toplanıb. Dediyiniz daxili və xarici qüvvələrin istinad mövqeyi müxalif siyasi qüvvələr olacaq?

– Şərt o deyil ki, yalnız onların ətrafında torparlana bilər. Azərbaycandaki müxalif qüvvələr hazırda resurs baxımından o qədər zəifdirlər ki, onlar qədər gücü olan siyasi partiyanı yaratmaq cəmi bir ay vaxt tələb edər. Kifayət qədər maliyyə dəstəyi olsa, heç kimin tanımadığı simanı Azərbaycanın müxalifət liderinə çevirmək olar.

– Hakimiyyət buna imkan verərmi?

– Hakimiyyət imkan vermək istəməsə də, maraq qrupları istəsələr, çox rahatlıqla bunu edə bilərlər. Və istinad da ona ola bilər.

– Bəs qeyd elədiyiniz xarici amil necə, hakimiyyətin əleyhinə çevrilmir ki?

– Bu istiqamətdə hazırda ciddi dəyişiklik hiss etmirəm. Hazırda dünyada elə hadisələr baş verir ki, Azərbaycan onların siyahısında ilk yerlərdə deyil. Əgər Azərbaycanda hərəkətlənmələr, sistemin içində çat olsa, dərhal həmin qüvvələr burada prosesi idarə edənlərə baxacaqlar. Onlara verilən mesajlar da kifayət qədər aydın olmalıdır ki, indiyə qədərki maraqlar təmin olunacaq, status- kvo saxlanacaq və gələcəkdə daha yaxşı ola bilər. Belə təminatlar olarsa, beynəlxaq qüvvələr istəyərlər ki, həm onların maraqları təmin olunsun, həm də Azərbaycanda demokratik bir cəmiyyət qurulsun.

– Əvvəllər Qərb ölkələri Azərbaycanda adi hadisələrə belə,reaksiya verirdilər, səfirliklərin bəyanatı olurdu və s. Amma son illərdə heç bir reaksiya yoxdur. Bu, nə ilə bağlıdır?

– Hər ökənin öz yanaşması var. Bəziləri düşünür ki, öz resurslarını dəyişklik daha real olan ölkələrə yönəltsələr, daha yaxşı ola bilər. Bəzilərinin iqtisadi maraqları təmin olunur. Onlar hökumət tərəfindən şantaj olunurlar ki, bizimlə yaxşı münasibətləriniz olmasa, maraqlarınız təmin olunmayacaq. Bəzilərinin də təhlükəsizlik maraqları təmin olunub. Əgər, ölkə daxilində hərəkətlənmələr olsa, onlar hazırki maraqlarını qorumaq şərti ilə proseslərə dəstək verə bilərlər. Burada vətəndaş cəmiyyətinin özünün də zəiflikləri var. Onlar da diplomatik nümayəndəlikləri, beynəlxaq təşkilatları sıxmalıdırlar ki, siz də baş verən hadisələrə operativ, adekvat reaksiya verin.

– Deyirsiz, xaricdə təhsil alan gənclər ölkəyə şəraitsizliyə görə gəlmir, sahibkarlıq, siyasət, iqtisadiyyat monopoliydadır. Bəs hökumət kiminlə işləyir, onun dəstək verdiyi və aldığı elktorat hansı təbəqədir?

– Yalnız yüz faiz loyal olan insanlar.

– Onların maraqları təmin olunurmu?

– Müəyyən qədər təmin olunur. Amma bu, kifayət qədər yanlışdır. Onların dəstək verdiyi quruplar heç də cəmiyyətin aparıcı üzvləri deyillər. Hökumətin və parlamentin tərkibinə baxanda görürük ki, rəhbər şəxslərin auditoriyaları tamamilə zəifdir. Hökumət Hüseyn Əzizoğlunun bir neçə yüz minlik izələyicisinə baxıb, bəzən, ondan təbliğat vasitəsi kimi istifadə edir. Bu yaxınlarda bir dönər mağazasının açılışında onun dəstəyindən istifadə olunmuşdu ki, reklam eləsin. Həmin mərasimə bir neçə nəfər gəlmişdi ki, onların əksəriyyəti 13-14 yaşlı uşaqlar idi. Hökumət bəzən, saya aldanıb keyfiyyətə fikir vermir. Onlar üçün yüz min dünyadan xəbəri olmayan insan daha əhəmiyyətli olur, nəinki cəmiyyətdə öz sözünü demiş, müxtəlif sahələr üzrə ekspert olan bir neçə min söz sahibi olan insanlar. Burada bəzən, ağıllı seçim görünmür.

– Xaricdə təhsil üzrə dövlət proqramının icrası dayandırılıb. Hazırda gənclərin xaricdə təhsil almasına dövlət necə dəstək verir?

– Kimlər təhsillərini bitirməyibsə, dövlətdən təqaüd alırsa, yalnız onlara dəstək verilir. Başqa heç bir dəstək yoxdur.

– Proqramda 5 min tələbənin xaricdə təhsili nəzərdə tutulurdu. Bu say doldumu?

– Yox, beş min rəqəmi də başa çatmadı. Göndərdikləri tələbələrin qarşısına şərt qoymuşdular ki, ölkəyə qayıtsınlar. Amma onların bir çoxunu heç işlə təmin edə bilmədilər. Həmin proqramdan bəhrələnənlərin 50 faizdən çoxu xaricdə qalıblar. Proqram imzalananda ölkə başçısı gənclərlə görüşmüşdü, orada mən də var idim. Prezident demişdi ki, həmin gənclər xaricdə qalsalar belə, bizim üçün güclü diaspor ola bilərlər. Amma bu gün problem orasındadır ki, Təhsil Nazirliyi əminliklə deyə bilməz, hansı ölkədə nə qədər tələbəmiz var, onlar hansı işlərlə məşğul olurlar və problemləri nədən ibarətdir.

– Statistika aparılmır, əlaqə yoxdur?

– İldə bir dəfə proqram vasitəsi ilə təhsil alan tələbələrə bir sorğu göndərilir ki, hazırda harada işləyirsiz, hansı ölkədə yaşayırsız. Tələbələr çox zaman o formanı doldurmurlar, halbuki bir çox dəyişikliklər ola bilər. Təhsil Nazirliyinin əlində elektron formada məlumat bazası yoxdur. Nəzərə alsaq ki, dövlət proqramından başqa öz hesablarına on minlərlə gənc xaricdə təhsil alır, işləyir, onların taleyi ilə heç bir qurum maraqlanmır. Nə Diaspora Komitəsi, nə Təhsil Nazirliyi, nə də Gənclər və İdman Nazirliyi. Bizdə belə bir layihə hazırlanıb. Rahat istifadə və filtirləmək mümkün olan bir proqram hazırlamışdıq. “ASAN xidmət”ə təklif etmişdik ki, ortaq şəkildə bu layihəni reallaşdıra bilərik. Bu proqram həm də çox yaxşı kadr bazası ola bilərdi. Dövlət qurumlarına, özəl sektora kadr lazım olanda, orada axtarıb tapa bilərdilər.

– “ASAN xidmət” niyə qəbul etmədi?

– Onlar dedilər, bu, bizim deyil, Təhsil Nazirliyinin sahəsidir. Nazirlik də düşünür ki, bunu özləri edirlər. Amma çox primitiv yollarla edirlər. Prezident bəzi dövlət qurumlarına bu barədə tapşırıq vermişdi ki, xaricdə oxuyan gənclərlə bağlı hərtərəfli məlumatlar olan elektron baza yaradılsın. Onlar da bunu yarada bilməmişdilər.

– Yəqin kifayət qədər məlumatınız var, xaricdəki Azərbaycan gənclərinin işləri, fəaliyətləri barədə. Necə qruplaşdırmaq olar onları?

– Bu tələbələri bir neçə qrupa bölmək lazımdır. Bir qrup öz təhsil aldıqları ölkələrdə iş tapıb fəaliyyətlərini davam etdirirlər. Başqa qrup insanlar təhsillərinə uyğun, amma başqa sahələrdə işləyirlər. Üçüncü qrup insanlar isə təhsil alsalar belə, öz peşələrinə yad olan xidmət sahələrində çalışırlar. Restoranlarda, telefon mağazalarında və s. yerlərdə işləyirlər. Bütün bunlar onu göstərir, insan nə qədər çarəsiz olmalıdır ki, öz ölkəsində işləmək imkanı olduğu halda gedib başqa ölkələrdə pizza daşısın, yaxud ofisant işləsin.  Gənclər ona görə belə işlərə üstünlük verirlər ki, ölkədə yaxşı gəlirləri yoxdur, azadlıqları məhdudlaşdırılır.

– Hökumət onların təhsilinə bu qədər də vəsait xərcəlyib, bəs ölkəyə qayıdıb işləmələrində niyə maraqlı deyil?

– Hökumət xaricdə bir müddət yaşamış insanları özünə qarşı risk olaraq görür. Hesab edirlər ki, orada gördükləri azadlıqları burada da tələb edə bilərlər. Hətta keçmiş təhsil naziri Misir Mərdanov çox açıq şəkildə demişdi ki, bizim tələbələrin Amerikada başlarını dəyişirlər. Ona görə də bakalavr səviyyəsində gənclərin xarcidə təhsil almalarını maliyyələşdirmək istəmirik. Bir çox qərarverci şəxs elə düşünür ki, xaricdə təhsil alıb qayıtmış şəxslər ölkədə inqilab etmək istəyirlər.

– Bəs elə onların uşaqları da xaricdə təhsil alırlar axı?

– Öz övladları da narazdır. Onlar ya valideynlərinə görə, ya da onların təzyiqi ilə susurlar. Görmüşəm ki, bir çox məmurların övladları bizim qaldırdığımız problemləri daha yaxşı görürlər. Onlar da bilirlər ki, bu, doğru idarəetmə deyil…

 

Söhbətləşdi: Elçin RÜSTƏMLİ

Strateq.az