XƏBƏR LENTİ

15 Dekabr 2018
14 Dekabr 2018

Digər Xəbərlər

12 İyun 2018 - 00:27

Məhərrəm İncə Azərbaycan mətbuatına danışdı:"SƏSLƏRİMİZİN OĞURLANMASINA İMKAN VERMƏYƏCƏYİK"

Türkiyə prezidentliyinə namizədliyi Cümhuriyyət Xalq Partiyası (CHP) tərəfindən irəli sürülən Məhərrəm İncə Azərbaycan mətbuatına – “Bizim Yol” qəzetinə və bizimyol.info saytına müsahibə verib.

Strateq.az həmin müsahibəni öz oxucularına da təqdim edir:

 

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Məhərrəm İncəyə səs verərlərsə, nəyə nail ola bilərlər deyə maraqlanırlar. Xaricdə yaşayan Türkiyə vətəndaşları hansı səbəbdən sizi prezident seçməlidir?

– Xaricdə yaşayan 6 milyon vətəndaşımıza öncə baxışımızı dəyişdirəcəyik. Onlar Türkiyədən hansı səbəblə gedirlərsə-getsinlər, yaşadıqları ölkədə bir şəkildə yaşamlarını qazanıblar. Öncə bunu qəbul etməliyik. Onlara olduqları ölkələrdə Türkiyənin iç durmuyla bağlı fərqli missiyaları yükləməyi doğru hesab etmirəm. Önəmli olan olduqları ölkələrdə xoşbəxt, qabiliyyətli yaşamalarıdır. Bizim onların yaşam çabalarına dəstək verməyimiz gərəkdi. Məsələn, uşaqların təhsilinə dəstəyimizi artırmağımız lazımdır.

Azərbaycandakı vətəndaşlarımız, Avropa və digər ölkələrə görə daha çox şanslıdırlar. Onları xaricdə yaşayanlar kimi yox, qardaş Azərbaycanda öz işlərinin sahibi, Azərbaycana dəstək verən insanlar olaraq görürəm. Onlar bir işə başlamaq istədikdə, əlbəttə, subsidiya verəcəyik, iş yerlərinin icarələrinə yardımlar edəcəyik.

– Apardığımız sorğulardan bu qənaət yarandı ki, Azərbaycan – Turkiyə əlaqələri baxımından “Millət” İttifaqına ümidlər var. Amma Türkiyənin bir çox mətbu orqanlarında yazılanlara nəzər salanda belə fikirlər də yaranır ki, seçimlər antidemokratik ola bilər. Qazanacağınız səsləri necə qoruyacaqsız?

– Bizdən gözləntiləri olanların narahatlıqlarını anlayıram. Biz də öncədən tədbirlərimizi görürük. Hər kəs bilsin ki, nə etmək lazımdırsa, edəcəyik. Səslərimizin oğurlanmasına imkan verməyəcəyik.

– Yeri gəlmişkən, peşəniz texniki elm sahəsi üzrədir. Sizcə, texnologiyanın bu qədər inkişaf etdiyi bir zamanda tam demokratik keçən bir seçki mexanizmi yaratmaq mümkündürmü?

– Türkiyədə seçkilərin demokratik, bərabər şərtlərdə keçməsini istərdik. Amma Türkiyənin seçki qanunvericiliyi, hüquq sistemi, iqtidarı demokratik bir seçkiyə icazə verəcək keyfiyyətdə deyil. Türkiyədə dövlət ilə iqtidar partiyası arasında məsafə tamamilə ortadan qalxmış vəziyyətdədir. Məsələn, meydanlarda dövlət televiziyası TRT-nin mövqeyini dilə gətirirəm, utanmadan mənə cavab verə bilirlər. Prezidentliyə namizədin nə zaman prezident, nə zaman namizəd, nə zaman partiya başçısı olduğu ayrımı edilməlidir … Özləri bunu etməyən qurumun tərəfsiz yönəldənləriymiş…

Demokratiyada seçkilər ədalətli və bərabər şərtlərdə keçirilmirsə, demokratik mədəniyyət, onun təyin etdiyi qaydalar etibarlı deyilsə, o ölkə sabitlik tapa bilməz. Nəhayət, axır-əvvəl bunun yaradacağı problemlərlə qarşılaşar. Ona görə də diləyimiz, mücadiləmiz Türkiyədə demokratiyanın qələbə çalmasıdır. Biz fərdlərin deyil, qurumların, qaydaların, dəyərlərin sabitliyinin qurulduğu bir ölkə olacağıq.

– Gənclərə “3D” ilə dil öyrətmək fikriniz maraqlıdır. Türkiyə türkcəsinin təhlükədə olmasıyla bağlı gileylənənlər az deyil. Hakimiyyətə gəlsəniz,  bu problemi necə həll etməyi düşünürsüz?

– Türkiyədə şəxsiyyət, kimlik müzakirələri yanlış bir zəmində aparılır. Məsələn, bu ölkənin bir kürd problemi var – bunun adını belə qoymalıyıq. Bu problemin həlli türk və türkçülüyün zəiflədilməsi, dəyərsizləşdirilməsi üzərindən həll edilməyə çalışılarsa, davamlı həlli olmaz. Mənim təklifim türkcənin istifadəsinin zəiflədilməsi deyil, tam tərsinə, güclənməsindədir. Türkcə güclənəcək, amma kürdcə, lazca, ölkəm insanının ailə içində danışdığı bütün dilləri də güclənəcək. Dillər insanlığın ortaq mirasıdır. Bu mirası qoruyan, inkişaf etdirən bir ölkə olacağıq. Eyni zamanda ölkəmdə ailə içində danışılan hər dil tariximizin, coğrafiyamızın mirasıdır. Bunları qorumaq, güçləndirmək bizim görəvimizdir.

Bilirik ki, dillər təhsilin bir hissəsi olmasa, iqtisadiyyatdakı, rabitə vasitələrindəki və texnologiyalardakı dəyişikliklərdən özlərini qoruya bilməzlər. Türkcə bizim həm rəsmi dilimiz, həm də fərqliliklərimizi qoruyaraq birgəliyimizin dili olmağa davam edəcək.

Dünyada ikili, üçlü dillərin təhsil içinə alındığı çox sayda nümunə tətbiqlər var. Rəsmi dili ingiliscə olan ABŞ-ın Meksikaya yaxın yerlərində ispanca rahatlıqla təhsilə daxil ola bilir. Uşaqlar sadəcə ispancanın qrammatikasını öyrənmir, o dildə yazılan ədəbiyyatı da öyrənir. Məktəbdən aldığı təhsillə ailəsində oxunan yazılı ədəbiyyata da hakim ola bilir. Mənim bu mövzuda detallı düşüncələrim var. Amma bunlara qərar verərkən əsl olan sosial bərabərliyin, ictimai uzlaşmanın təmin edilmiş olmasıdır. Bunun üçün səy göstərəcəyəm.

Bir dilin gücü o dildə çıxarılan ədəbi əsərlər və elm sahəsindəki nəşrlərin yayılmasından, iş dünyasının, peşələrin istifadə etdiyi biliklərin yayılmasından asılıdır.

Siz ədəbiyyat sahəsində əsərlər yazsanız da, uşaq məktəbi bitirib işə girdiyində iş yerində ehtiyac duyduğu məlumatı bir başqa dildən alımaq məcburiyyəti varsa, uşaqlara o dildən istifadə bacarığını da qazandırmalısınız. Bu gün Türkiyədə bunun qarşılığı ingilis dilidir. Dünya üzərindəki iqtisadi fəaliyyətini önə çıxan ölkələr həm də dillərini önə çıxarmış olur.

– 2004-cü ildə Türkiyə Avropa Birliyinə üzvlüyə namizəd status aldı. Bu mövzuda xarici mətbuatda bir sualla rastlaşdıq. Avropalılar düşünür ki, CHP-nin “sekulyar”lığı alqışlanmalı, amma “milliyyətçiliy”i ilə ehtiyatlı olmaq lazımdır. Çünki “milliyyətçi” kəsimi AB-yə üzvlükdə bir maneə kimi görürlər. Bu mövzuda avropalıların əndişələnməsinə nə deyə bilərsiniz? Və Türkiyənin AB-yə üzvlük yolunda hansı əsas çətinliklə üzləşəcəyinizi ehtimal edirsiniz?

– Üzərimə düşən vəzifədən iərli gələrək CHP adına cavab verməyim, amma təsbitlər doğru deyil. Bu mövzuda nə düşündüyüm maraqlıdırsa, keçmişdə etdiyim çıxışlara baxa bilərlər. İnsanların ölkələrinin maraqlarını müdafiə etmələri, müstəqilliklərinə düşkün olmaları, vətənpərvər olmaları ayıb sayılacaq durum ola bilməz. Türkiyədə bu düşüncələri müdafiə edənlər soya-kökə, bioloji xüsusiyyətlərə heç bir zaman önəm vermədilər. Özlərini Atatürkün düşüncələri ilə ifadə etdilər və edirlər. Mən də onlardan biriyəm.

Makron, Merkel ölkələrinin maraqlarını qorumaqda nə qədər qərarlıdırlarsa, mən də ən az onlar qədər qərarlıyam. Ölkəmə, yurduma bağlılığım nədən problem olsun? Türkiyə iç problemlərini aşaraq AB-yə üzv olacaq. Bu həm Türkiyənin, həm də Avropa Birliyinin xeyrinədir. Biz açılan fəsillərdə üzərimizə düşəni edəcəyik. Demokratiyamızı AB standartlarına gətirəcəyik.

– “France 24” (Fransanız TV kanalı və xəbər saytı) sizin bir fikrinizə diqqət çəkir: “Biz təkcə öz partiyamızı yox, 81 milyonluq Türkiyəni təmsil edəcəyik”. Sizinlə fikir ayrılığı olan, sizə səs verməyən Türkiyə vətəndaşlarının, xüsusən cənab Ərdoğan tərəfdarlarının maraqlarını necə təmin edəcəksiniz?

– Bəli, onların da maraqlarını biz təmin edəcəyik. Çünki müstəqil və tərəfsiz bir məhkəmə onların da xeyrinədir. Demokratik bir Türkiyə onlar üçün də faydalı olacaq. Dövlətin, hər kəsin dövləti halına gəlməsi onlara da azadlıq gətirəcək.

Vətəndaşlar müxtəlif zamanlarda çeşidli partiyalara səs verə bilər, zamanla bu görüşlərini dəyişdirə də bilərlər. Daha əvvəl bir partiyanın tərəfi olmaq və ya həmişə elə qalmaq demokratik siyasətin təbiətinin bir parçasıdır.

Cəmiyyətdə, dövlətdə rəhbərlik vəzifəsinə sahib olanlar vətəndaşların siyasi seçimlərini sorğulama haqqına sahib deyillər. Önəmli olan vətəndaşların öz iradələriylə azad siyasi seçim etmələridir.

İctimai güc vətəndaşların siyasi seçimləri üzərinə təzyiq vasitəsi olaraq istifadə edilə bilməz. Bu ölkədə hər kəs vergi verir. Xidmətlər də bu vergilərlə gerçəkləşdirilir.

– Hörmətli Ərdoğan deyir, “gəlməyəcəklərini bilirlər, bol kisədən atırlar”. Verdiyiniz vədləri nə qədər zamana gerşəkləşdirməyi düşünürsünüz?

– Əsas hədəfimiz tam və qüsursuz bir parlament sisteminə geri dönməkdir. Türkiyə Böyük Millət Məclisində də əksər səsi biz alsaq, iki il davam edəcək bir müddətin təmir-bərpa dövrü olacağını düşünürük. Bu müddət ərzində biz keçirdiyimiz iqtisadi böhrana müdaxilə edəcəyik. İqtisadi böhranı idarə olunan bir səviyyəyə gətirəcəyik. Nə vəəd etmişəmsə, hamısını gerçəkləşdirəcəyik. Gənclərə, qadınlara, çalışanlara verdiyim sözlərin hamısının arxasında dururam. Bunlar sanıldığı qədər iqtisadiyyata böyük yük gətirmir. Suriyada sülhü təmin edək, suriyalı qonaqlarımızı ölkələrinə yollayaq, bu vədlər üçün əhəmiyyətli bir mənbə ortaya çıxmış olacaq.

– Britaniyanın yayım korporasiyası -BBC-nin düşüncəsilə, sizinlə cənab Ərdoğan, yəni sekulyarlarla fundamentalistlər arasında gündəm savaşı gedir. İngilislərin təbirincə desək, bu savaşda hansı siyasi silahdan istifadə edirsiniz?

– Sayın Ərdoğanla mənim aramda dünyəvi-antidünyəvi, radikal, ya da dünyəviləşməçi formasında davam edən bir polemika yoxdur. Ərdoğanın maraqların arasında vətəndaşlarımızın dini duyğularını istifadə və istismar etməsi də var. Yoxsa o sekulyarlıq, dünyəvilik, modernləşmə, fundamentalizm üzərində düşünəcək və cəmiyyətlərin inkişafında bunların nə anlama gəldiyini biləcək, öyrənəcək və yorulmayacaq biri deyil. Onun siyasi rəftarlarında kobud praqmatizm var. Cəmiyyətdə öz xeyrinə nə varsa, hamısından istifadə eləyə bilir. 2011-ci il referendumunda 1980-ci il 12 sentyabr çevrilişi zamanı edam edilən Necdət Adalı üçün göz yaşı tökmüşdü. Ama bu gün onun dilində kommunist hər cür pisliyi edən biridir.

– Bildiyimizə görə, bir vaxtlar Atatürkçü Düşüncə Dərnəyinə başçılıq etmisiniz. Türkiyənin xaricində, xüsusən də keçmiş SSRİ-nin türk cümhuriyyətlərində insanlar bugünkü Türkiyənin Atatürkçü yolundan döndüyünə təəsfsülənir və Türkiyənin gələcəyi ilə bağlı narahatlıq keçirirlər. 2030-cu ilin Türkiyəsini necə görürsünüz?

– 2030-cu ildə Türkiyə, Atatürkün qoyduğu hədəflərə çatmış, köhnə yaralarını sağaltmış, qərarlı şəkildə irəliləyən bir ölkə olacaq.

– Əgər iqtidara gəlsəniz, Türkiyənin bölgədəki təsirini və beynəlxalq aləmdəki varlığını davam etdirməsini təmin edəcək proqramlarınız nələrdir? Azərbaycanla siyasət eyni şəkildə davam edəcəkmi, yoxsa fərqli bir şeylər düşünürsünüz?

– Bölgədə sülhü, barışı qoruyan, qonşu ölkələrin hüququna hörmət edən, güclü bir Türkiyə olacağıq. Azərbaycanla var olan əlaqələrimiz daha da irəliləyəcək. Təməl siyasətlərdə bir dəyişmə olmayacaq.