XƏBƏR LENTİ

18 Noyabr 2018
17 Noyabr 2018
16 Noyabr 2018

Digər Xəbərlər

04 Sentyabr 2018 - 16:09

Xalq rəssamı Ömər Eldarov:"Əzim Əzimzadənin abidəsini yığışdırıb yerinə fəvvarə quraşdırdılar" (Müsahibə)

Azərbaycanın xalq rəssamı, Bakı Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov “Report”a müsahibə verib.

Strateq.az həmin müsahibəni oxuculara təqdim edir:

– Hazırda məzuniyyətdə olmağınıza baxmayaraq, yenə də iş başındasınız..

– Bilirsiniz, indi yeni qəbul olunan tələbələr çox gəlirlər. Ona görə də bəzi problemləri həll etmək lazım gəldiyindən burada oluram. Abituriyentlər imtahan veriblər, kimisi pulluya düşüb, kimisi də qəbul ola bilməyib, cürbəcür problemlər var. İstedadlı uşaqlara həmişə kömək edirik. Maliyyə baxımından çətinlik çəkənlərə hissə-hissə ödəniş etmələri üçün köməkli göstəririk. Maaş çox azdır və biz də onlardan asılıyıq. Gərək onlar pul versinlər ki, biz də maaş verək.

– Lütfi Zadənin qəbirüstü abidəsinin gecikməsi ilə bağlı söz-söhbət çox oldu.

– Bu işi görən mənəm. Mənə nə vaxta deyiblərsə, həmin vaxtda da heykəl hazır olub. Mənim işi gecikdirməyim mümkün olan şey deyil.

– İndi də qəbirüstü abidəni bəyənməyənlər var.

– Sadəcə, onlar mənim nəyi demək istədiyimi başa düşmədilər. Əslində, mən göstərmək istəyirdim ki, bu, böyük bir hadisədir. Lütfi Zadə elmdə yeni bir qapı açıb. O, çox ağır qapı açaraq elm dünyasını daha da genişləndirdi. Duruş tərzinə gəldikdə isə onun yaxın qohumu Cənnət Səlimova abidəyə baxıb çox oxşadığını dedi. Şəkillərə baxdıqda da bunu görmək olur. Əlbəttə, “hamı bəyənməlidir” fikri düzgün olmazdı. Mən həmişə standart kompozisiyalardan qaçıram, nə isə yaratmaq, yenilik etmək istəyirəm.

– Bu gün paytaxtımızda qadın heykəli olduqca azdır, olanları da qapalı geyimdə təsvir olunub. Ümümiyyətlə, heykəllərin hamısı sanki yazıçılar, şairlər üçün qoyulub.

– Desəm ki, biz müsəlman ölkəsiyik deyə belədir, düz çıxmaz (gülür). Çadrasını atan qadın heykəli var. Natavan da mənim əl işimdir..

– Tələbələr sizi qane edirmi?

– Digər sahələri dəqiq bilməsəm də, xalqımızın incəsənət sahəsində qabiliyyəti var. Bəzən kənddən gəlirlər, bəlkə də 5-ci dəfədir əlinə karandaş alırlar, ancaq 4-5 ildən sonra yüksək səviyyədə işlər ortaya qoyurlar. Bu o deməkdir ki, bu, genetikamızda var. Bizim bir zəif yerimiz odur ki, tələbələr məzun olduqdan sonra onlara ya az tələbat olur, ya da ki olmur. Mən inanıram ki, biz məzunlara dəstək versək, onlar çox yuxarı səviyyələrə qalxa bilərlər. Prezident Administrasiyasına bununla bağlı müraciət etmişəm. Təklif edirəm ki, müəyyən yerlərə namizədləri komissiya yox, mən seçim. Çünki komissiya tərəfindən seçildikdə eyni, tanış soyadlar meydana çıxır. Son illər yaradılan heykəllər, xüsusilə də Fikrət Əmirov, Qara Qarayevin abidələri heç də ürəkaçan deyil.

– Bəs Azərbaycanda heykəltəraşın maddi vəziyyəti necədir?

– Rəssam üçün pul o qədər də vacib deyil, yaxşı iş olsa qiymətdə razılaşır, aktyor zalı doludursa, bundan həzz alır. Bunlar elə peşələrdir ki, publikadan rezonans tələb edir. Xatırlayıram, Düşənbədə işləyəndə bir heykəlin açılışında 100 min insan iştirak edirdi. Bizdə isə belə deyil, açılışa insanları yalnız dəvətnamə ilə buraxırlar. Bu da heykəltəraşlar üçün pisdir.

Bizim savadlı müəllimlərimiz çoxdur. Bəziləri dərs demək üçün Türkiyəyə gedirlər. Orada incəsənət fakültələrində çoxlu azərbaycanlı müəllimlər var, amma yerli müəllimlərə nisbətən əmək haqları azdır. Halbuki alman, fransız gəlib eyni səviyyədə dərs keçsə, on dəfə çox maaş alacaq. Çünki Türkiyədə bizim yaşayış səviyyəmizi bilirlər. Onlar bilirlər ki, Azərbaycanda işləsə, 500 manat əməkhaqqı alacaq, ona görə də 500 dollar verirlər. Hətta etiraz etmək də mümkün deyil. “Əgər istəmirsinizsə, iş üçün növbə var, başqasını çağırarıq” deyirlər. SSRİ dövründə təhsil sistemi çox yaxşı qurulmuşdu. Məsələn, ABŞ-da təhsil səviyyəsi o qədər də yüksək deyil. Onlar daha çox müəyyən sahə üzrə ixtisaslaşırlar. Amerikalıdan Ukraynanın yerini soruşsan, xəritədə sənə Afrikanı göstərə bilər. Ancaq biz bütün ölkələrin yazarlarını oxuyurduq, bütün operaları əzbər bilirdik. Bir dəfə müsahibədə Çaykovskidən söhbət düşəndə rus olduğunu qeyd etdiyim zaman təəccüblə mənə sual verdilər ki, bəs o, amerikalı deyildi?.. Puşkini tanımırlar, bəlkə Tolstoyu tanıyarlar. Mən alman, inigilis, fransız, italyan yazarlardan oxuduqlarımı yazsam, uzun bir siyahı yaranar.

– Sərgilərin keçirilməsi, yaxud da internet üzərindən satış mümkün deyil?

– Belə bir şey olsa, yaxşı olardı. Çünki bir ildən, beş ildən bir sponsor tapıb bir, ya da iki əsəri sata bilirik. Bizdə hər il məzunların sərgisi olur. Mətbuatı da hər il dəvət edirik, ancaq xəbərlər çox yayımlanmır. Bakı Rəssamlıq Akademiyasında gördüyünüz bütün işlər tələbələrə aiddir, hətta onları yerləşdirməyə yerimiz çatmır. Nəticədə işlərini akt tərtib edib hədiyyə olaraq veririk. Çünki satışını təşkil edə bilmirik.

İndi bazar Çin, İran, Türkiyə məhsulları ilə doludur. Biz onların keyfiyyət və qiymət nisbəti ilə ayaqlaşa bilmərik. Çünki biz işi ucuz, eyni zamanda da keyfiyyətli edə bilmirik. Bizim işimiz fərdi və eksklüziv işlərdir. Çinlilər isə lazerlə istənilən dizaynı edirlər. Təbii mərmərdən lazerin köməyi ilə basma-qəlib məhsullar istehsal edə bilirlər. Hətta fəvvarələr də. Ancaq neqativ durum eksküliziv olmamasıdır. Məsələn, meydançalar üçün fəvvarə lazım olanda Çin istehsalı alıb kənarlarını qızılı bəzəklərlə bəzəyirlər. Gedin başqa kasıb ölkələrə, yaxud elə bizim rayonlara orada da bu fəvvarələrdən var. Onlar nə qədər bahalı olsa da, sənət baxımından dəyərsizdirlər. Gərək dövlət bu məsələlərə diqqət yetirsin.

– Akademiya material baxımından lazımi səviyyədə təmin olunurmu?

– Bizdə hər şey var. Tbilisi kimi incəsənəti inkişaf etmiş şəhər Şota Rustavelinin heykəlinin düzəlməsi üçün mum və s. kimi hissələri bizdən istəmişdilər. Biz əl işlərində çox yaxşıyıq. Sadəcə, gips problemi var. İranda və Türkiyədə də hər cür gips var, amma bizimkilər almırlar. Ən ucuz və yaxşısını almağa çalışırlar. Ancaq bunlar da yaxşı olmur. Özümüz həmişə gips hazırlamağa çalışsaq da, alınmayıb. Bakıdakı gips zavoduna nə qədər nəzarət etsək də, yaxşı gips istehsal olunmurdu. Xammal yaxşı deyildi, ya düzgün deyildi, dəqiq bilmirəm. İndi də həmin zavod yoxdur. Bizdə gips yalnız tikinti üçün zəruri sayılır.

– Fəvvarələr meydanının indiki görünüşü barədə nə deyə bilərsiniz?

– Orada eksklüziv fəvvarələr var idi. Fəvvarələr meydanının əvvəlki variantında milyon manat dəyərə sahib çətin və orjinal quruluşa sahib bir skluptur var idi. Hansı ağılla onu oradan götürdülər? Hansı ki, Heydər Əliyevin göstərişi ilə bu abidə qoyulub və təsdiqlənmişdi. Hətta Hacıbala Abutalıbovu şəxsən çağırıb abidəni bəyəndiyini bildirmişdi. Əzim Əzimzadənin abidəsini yığışdırıb yerinə fəvvarə quraşdırdılar.

Ümumiyyətlə, mən bütün bunlar barəsində bir məqalə yazmaq itəyirəm ki, qoy oxuyub utansınlar. Bunu edənlərə demək istəyirəm ki, abidələri söküb yerinə bərbəzəkli fəvvarəlar quraşdırıb güllər əkmək düzgün deyil. Çünki heykəllərin funksiyası tamam fərqlidir. O, nəinki şəhərə yaraşıq verir, eyni zamanda tərbiyə verir, vətənpərvərlik, sənətsevərlik hissləri aşılayır. Siz də bütün bunları götürüb zibilə atdınız. Əzim Əzimzadənin abidəsini hissə-hissə yığıb İçərişəhərdə qoydum, ancaq bəzi parçaları çatışmır. Bir məqamda var ki, indiki yerində o abidəyə baxılmır. Çünki abidə həmin yer üçün çox böyükdür.

– Heykəllərin götürülməsinə münasibətiniz necədir?

– Məsələn, İtaliyada heç vaxt bu cür hərəkət etmirlər, ancaq istisna hallarda bir-iki fakt ola bilər. Yəni qırmırlar, onları tarix olaraq saxlayırlar. Bizdə qəfil olaraq ideologiya sosializmdən kapitalizmə doğru dəyişdi. Bu əsnada, mənim də hazırladığım bir neçə heykəli götürdülər. Bəzi heykəllərin götürülməsini başa düşə bilərəm, ancaq Əzim Əzimzadəni niyə?…

– Dahilərin simasını yaradırsınız. Bəs sizin heykəlinizi kimin yaratmasını istərdiniz?

– Bu barədə həqiqətən heç vaxt fikirləşməmişəm. Bunu deyə bilmərəm. Məncə, hələ lazım da deyil.





Yuxarı Əvvələ Ana Səhifə