XƏBƏR LENTİ

14 Noyabr 2018
13 Noyabr 2018

Digər Xəbərlər

31 Oktyabr 2018 - 23:54

Hacı Əbdül:"Şeyx dedi ki, al bu pulu, apar xərclə, amma getmə..."

İmam Hüseyn Məscidinin axundu, sabiq deputat Hacı Əbdül Teleqraf.com-a maraqlı müsahibə verib.

Strateq.az həmin müsahibəni təqdim edir:

– Azərbaycanda dinin durumunu necə qiymətləndirirsiniz?

– Hesab edirəm ki, Azərbaycanda dinin durumu pis deyil. Hər şey öz qaydasında gedir. Bu mövzuda şikayət etmək doğru olmazdı. Dövlət dini icmalara, məscidlərə dəstək göstərir.

– Bəzi icmalara, dini cəmiyyətlərə dövlət tərəfindən avtomobillər bağışlanmasını nəzərdə tutursunuz?

– Bu onu göstərir ki, dövlət dinə yüksək qiymət verir, diqqət edir, dindarları həvəsləndirir. Mən bu addımı müsbət qarşılayıram.

– Sizə də avtomobil verilib?

– Mənə hələ ki, verilməyib. İnşallah, qismət olsa, verərlər. Özümün avtomobilim var və əslində ehtiyac da yoxdur. Həm də nəzərə alınmalıdır ki, avtomobilləri dini icmalara verirlər. Bu, dini icmaların daha yaxşı fəaliyyət göstərməsi üçün dövlətin yardımıdır. Biz dini icma olaraq qeydiyyatdan keçmişik. Allah nəsib etsə, bizə də çatacaq.

– Siz, İmam Hüseyn məscidinin axundusunuz. Bir müddət əvvəl deyilirdi ki, məscidə işləyən axundlara, onların köməkçilərinə əmək haqqı veriləcək. Artıq əmək haqları verilirmi, yoxsa gələcəkdə veriləcək?

– Axundlara, axund müavinlərinə əmək haqqı verilir. Bizim məsciddə axunda və axund müavininə verilir. Bildiyim qədər qeydiyyatdan keçən bütün məscidlərdə belədir. Mən bu halı dövlətin müsbət addımı kimi qiymətləndirirəm. Hesab edirəm ki, dövlətin dinə, dindarlara münasibəti tamam dəyişib. Dövlət özü dindarları, din xadimlərini həvəsləndirir ki, dinə meylli olsunlar, haqdan uzaqlaşmasınlar. Əlbəttə, dindar, din xadimi Allaha yaxın olmalıdır. Xalqımız Allaha nə qədər yaxın olsa, bir o qədər ədalət olar, əmin-amanlıq içində yaşayır. Məqsəd camaatı düz yola hidayət etməkdir. Dövlətimizin dəstəyi yalnız alqışlanmalıdır.

– Siz axund kimi əmək haqqı alırsınız?

– Bəli alıram.

– Məbləği deyə bilərsiniz?

– 400 manata yaxın alıram.

– Məscidin qaz, su, elektrik enerjisi, digər məsrəflərini necə qarşılayırsınız?

– Məscidimizə namaza gələnlər çoxdur. Məscidimiz 400 nəfər qəbul etmək imkanındadır. Bizim məscidimiz təzə açılıb. Sözsüz ki, işıq, qaz, su pulu ödənməlidir. Dövlət qazdan istifadəyə görə məscidə kömək edir. İstifadə edilən qazın müəyyən miqdarını dövlət ödəyir, yerdə qalanını isə məscidin özü. İşlədilən su, elektrik enerjisinin haqqını özümüz ödəyirik. Həm də böyük israfçılığa yol verilmir. Aylıq xərcimiz min manat, bəlkə də ondan çoxdur.

Başqa məscidlərdə əlavə xidmətlər, ölüxanalar, mərasim zalları var. Buradan gələn gəlirlə məsrəfləri ödəyirlər. Bizim məsciddə bu günə qədər belə xidmətlər olmadığından məscidin özünü saxlaya bilmirdik. Demək olar ki, məscid tamam dağılıb getmişdi. Şükürlər olsun ki, Azərbaycanın Birinci vitse-prezidenti, Mehriban xanım Əliyeva bu məscidi əvvəlkindən daha gözəl şəkildə özümüzə qaytardı. Eləcə də məscidin yanında mərasim zalı tikildi. Əvvəlki məscidlə təmirdən çıxan məscid arasında yerlə göy qədər fərq var. Mərasim zalımız olduğundan xərclərimiz müəyyən qədər yüngülləşəcək. Yəni bu da böyük köməklikdir. Bir var heç nə yoxdur, bir də var məscid təmir olunub, genişlənib, mərasim zalı da tikilib.

– Məscidin fərqli arxitekturası, görüntüsü var. Onun memarının kim olduğu bilinirmi?

– Tamamilə haqlısınız. Məscid görüntü, tikiliş baxımından unikal sənət əsəridir və sizə deyərdim ki, dünyada ikinci belə məscid yoxdur. Mən çoxlu ölkələrdə və məscidlərdə olmuşam. Belə bir məscid heç harada yoxdur. Bu məscidin arxitektoru Adolf adında alman olub. Bu memar həm də rus kilsəsinin arxitekturasını hazırlayıb. Ümumən Bakının bir sıra qədim və gözəl binalarının arxitektoru həmin alman olub. 1800-ci illərin ortalarından 1915-ci ilə qədər Adolf Bakıda yaşayıb. Bizim məscidimiz 1890-cı ildə tikilib.

– Haci, neçənci ildən bu məsciddə axundluq edirsiniz?

– Bu məscid açılandan mən axundam. Sizə deyim ki, məscidi biz özümüz açmışıq. Səhv etmirəmsə, 1988-1989-cu illərdə açdıq. Əvvəl bura zavod idi. Biz dağıtdıq, məscid elədik. O gündən, bu günə qədər buradayam. Meydan hadisələri dövründə açdıq.

– Ancaq sizin daha çox siyasətçi obrazınız var, sabiq deputatsınız. Sanki dindar obrazınız son illər ortaya çıxıb. İnsanların sizi daha çox axund deyil, siyasətçi kimi tanıması nə ilə bağlıdır? 

– 1985-ci ildə SSRİ məkanında və Azərbaycanda ilk cəmiyyəti biz yaratmışıq. Tövbə Cəmiyyətini. Allahsız bir ölkədə ilk dəfə biz bu addımı atmışıq. Tövbə Cəmiyyəti SSRİ respublikalarının əksəriyyətində fəaliyyət göstərib. Tövbə məscidləri tikdirmişik. Tatarıstanda, Çeçenistanda, Dağıstanda, Orta Asiya ölkələrində və hətta Moskvanın özündə belə cəmiyyətlər olub. Qarabağ hadisəsi yeni başlayanda biz SSRİ məkanında fəaliyyət göstərən Tövbə Cəmiyyətlərinin sədrlərini Bakıya toplamışdıq. O dövrdə dövlət televiziyasının bununla bağlı reportajı olub. Biz, bu məqsədlə Oşa qədər gedib çıxmışdıq. Moskvadan fəallar bura gəlib bir həftə qonağımız olublar.

Tövbə Cəmiyyəti ilə maraqlanıblar, məqsədimizi öyrəniblər. Sizə deyim ki, o vaxt elə də dini məqsədimiz yox idi. Sırf olaraq narkotik, spirtli içkilər, əxlaqsızlıq, pis yola getməyə qarşı fəaliyyət göstərir, insanlarda tövbə hisslərini gücləndirirdik. Bir sözlə, sağlam sovet gəncliyi yaratmaq haqda düşünürdük. Məsələn, sizə deyim ki, Moskvada Tövbə Cəmiyyətinin sədri Heydər Camal idi. Dövlət onlara “Dom Mariya” adlı kilsəni verdi. İndi də fəaliyyət göstərirlər. Heydər Camalın vəfatından sonra cəmiyyət üzvləri toplaşaraq özlərinə yeni sədr seçdilər.

– İndi Tövbə Cəmiyyəti fəaliyyət göstərmir?

– Fəaliyyət göstərir. Sizdən öncə bir qadın və kişi yanıma gəlmişdi. Tövbə etməyə gəlmişdilər.

– Daha şallaqdan istifadə edilmir?

– Şallaq adətən tövbə edib, sonradan onu pozanlara vurulur. İndi də şallaqdan istifadə olunur. Yəni şallaq dünən də olub, bu gün də var, sabah da olacaq. Demək istəyirəm ki, bizim işimiz sovet dövründən başlayıb, bura qədər gəlib çıxmışıq.

– Axund kimi maaş alırsınız. Yəqin ki, təqaüd də alırsınız…

– İşin tərsi ondadır ki, mən deputat təqaüdü almıram. O zaman dövlətimizin müstəqilliyinə səs verən deputatlara maaş verilmir. Ancaq o vaxt müstəqilliyə qol qoymayanlar arasında vəzifədə olanları var.

– Siz dövlət müstəqilliyinə səs vermişiniz?

– Bəli, dövlət müstəqilliyinə səs vermişəm.

– Mən ilk dəfədir ki, sizin dövlət müstəqilliyinə səs verdiyiniz haqqında eşidirəm…

– Sizə bu hadisənin necə baş verdiyi haqda danışım. Həmin vaxt xəstə idim. Parlamentə getmək niyyətim də yox idi. Bax burada yatırdım. Bakının birinci katibi Rüfət Ağayev mənə zəng etdi və dedi ki, sabah müstəqillik məsələsi səsverməyə çıxarılacaq, mümkün qədər mən bunun əleyhinə təbliğat aparım və səs verməyim. Mən də açıq dedim ki, bu, mümkün deyil. O zaman Rüfət Ağayev mənə dedi ki, parlamentin iclasına getməyim. Mən də dedim ki, gedəcəyəm və müstəqilliyə səs verəcəyəm.

– Əgər belədirsə, nədən istiqlalçı deputatların birgə keçirdikləri toplantılarda sizi görmək olmur?

-Mən heç onların toplaşdığını bilmirəm.

– İlahiyyatçi Hacı Şahinin “hər namaz qılan hər araq içəndən üstün deyil” fikrini neçə şərh edə bilərsiniz?

– Mən bu fikirlə qətiyyən razı deyiləm. Hacı Şahin və digər ilahiyyatçılarımız gözəl bilirlər ki, axirət tam başqa anlam verir. Məsələn, siz universitetdə oxuyursunuz və təbii ki, dövlət imtahanına buraxılırsınız. Universitetdə oxumayanı dövlət imtahanına buraxarlar?

Təbii ki, yox. Bunun üçün gərək universiteti oxuyasan. Pis oxudun, yaxşı oxudun, pulla və ya pulsuz oxudun fərqi yoxdur, əsas odur ki, universitetdə oxuyursan. Dövlət imtahanı zamanı bilinəcək ki, sən oxumusan, ya yox. Pis və ya yaxşı oxumağından asılı olmayaraq, dövlət imtahanı verməlisən. Universitetdə oxumayan isə heç bir halda imtahana buraxılmır. Obrazlı desək, içki içənlə namaz qılanın fərqi də budur. Birincisi, axirətdə deyiləcək ki, bu adam namaz əhlidir, aparın onu sorğu-suala, günahlarını və savablarını araşdırın.

Görün namaz qılanla, içki içənin arasında nə qədər fərq var. Ola bilsin ki, Hacı Şahinin dediyi bu dünya üçündür, bu dünyada kimsə kimdənsə üstün ola bilər. Amma o biri dünyada heç bir halda içki içən namaz qılandan üstün ola bilməz. İçki içəni ümumiyyətlə, imtahana buraxmayacaqlar. Namaz qılanı isə buraxacaqlar. Fərq budur.

– Son dövrlər Amerika İrana qarşı sərt davranışları ilə seçilir, bu ölkəyə ciddi sanksiyalar tətbiq edilir. Necə düşünürsünüz ki, Tramp İrandakı islam rejimini dəyişmək hədəfinə nail olacaqmı?

– Səmimi deyim ki, İranda dinə bağlı insanlar çoxdur. Dinsizlər, qərbpərəstlər var. ABŞ bu şəxslərə etibar edir. Ancaq dinə, vətənə, dövlətə bağlı insanlar daha çoxdur. Özü də onların biri qərbpərəstlərin onundan artıqdır.

– Söhbət həm də ciddi sanksiyalardan, aclıqdan gedir…

– Sanksiyaların təsiri ola bilməz. İnsanları adətən aclıqla sınağa çəkirlər. Məsələn, avtomobillə sıxa bilməzlər. Avtomobil olmaz, piyada gedərsən, təyyarə olmaz, avtobusla gedərsən. Ancaq ərzaqla, çörəklə sıxa bilərlər. Ərzaq problemi, aclıq isə ağır işdir. Acın imanı olmaz. İranı ancaq bu yolla sıxmaq olar. Mənim fikrimcə, İranı bu istiqamətdə sıxmağın heç bir faydası ola bilməz.

– Niyə?

– Müsəlman xalqı oruc tutan xalqdır. Bir ay oruc tutur. Dövlət fətva verər, milyonlarla insan ildə bir dəfə deyil, beş dəfə oruc tutar. Oruc tutan insan isə özünü ac hesab etmir. Bu baxımdan İranı belə yolla sıxa bilməzlər. Qərbpərəstlər hay-küy sala bilər, amma dindarlar onları yerində oturdar.

– Son dövrlər Səudiyyə Ərəbistanı dünyanın bir nömrəli müzakirə mövzusudur. Camal Xaşuqci adlı jurnalistin İstanbuldakı Səudiyyə konsulluğunda öldürüldüyünü bilirsinizmi?

– Bəli, prosesləri izləyirəm. Səudiyyənin bu hərəkətinə münasibətim çox pisdir. Açıq şəkildə beynəlxalq qanunları pozub. Bu hərəkətləri ilə göstərirlər ki, konsulluqlarda adam öldürmək mümkündür. Sanki başqalarına ibrət dərsi keçirlər. Səfirliklər, konsulluqlar sığınacaq mərkəzidir həm də. Və toxunulmazdır, onu qorumaq, insanlarda etibarını qazanmaq lazımdır. Son hadisə Səudiyyəni gözdən, hörmətdən və qiymətdən saldı.

– Sanki Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında sünni məzhəbinin liderliyi uğrunda bir mübarizə də gedir…

– Səudiyyə vəhhabi dövlətidir. Sünni başqadır. İslam dünyasında dövlətlər arasında hər zaman rəqabət olub. Sizə gördüyüm bir epizodu deyim. Uzun illər Məkkədə türk qalası olub. Türklər bu qalada yerləşirdi. Qala Məkkənin gözü idi. Səudiyyə rəhbərliyi bu tarixi qalanı dağıtdı. Bu bir neçə il əvvəlin söhbətdir. Türkiyə “bu qalanı sökməyin, tarixi əsərdir” çağırışları etsə də, eşidilmədi. Bu Türkiyəyə göz dağı idi. Verdiyiniz suala cavab olaraq deyirəm. Səudiyyə Məkkədəki türk qalasını darmadağın etdi. Əlbəttə, bu, həm də rəqabətdən qaynaqlanırdı. Ancaq Türkiyə indi başqa bir Türkiyədir. Min dəfə Maşallah!

– Neçə dəfə Həcc ziyarətində olmuşunuz?

– 29 dəfə olmuşam.

– Bir dəfə olmaq yetərli deyilmi?

– Peyğəmbərimiz sağ olduğu dövrlərdə hər dəfə Həcc ziyarətində olub. Əgər bir dəfə yetərli olsaydı Peyğəmbər getməzdi.

– Ancaq Həcdə bir dəfə olanın sonra öz yerinə imkanı olmayan mömünləri göndərərək savab qazanması daha mənalı deyilmi?

– Sizə, açığını deyim ki, mənim Həcc ziyarətinə insanları göndərdiyim də, göndərmədiyim də vaxtlar da olub. Yəni göndərmişəm. Amma özüm də getmişəm.

– Demək 29 dəfə Həcdə olmaqla həm də böyük pullar xərcləmisiniz, israfçılığa yol vermişiniz…

– Nəzərə alın ki, Həccə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin xətti ilə getdiyim, öz hesabıma getdiyim zamanlar da olub. Yəni pulun bir qismini bəzən Şeyxülislam öz üzərinə çəkərək göndərib.

– Belə çıxır ki, siz Həcc ziyarətinə getmək sayına görə, Hacı Qalib Salahzadəni ötmüsünüz…

– Hacı Qalibi tanıyıram, dostuq. Çox vaxt birlikdə getmişik.

– Heç getmədiyiniz dövrlər olubmu?

-Şeyx mənim Həccə nə qədər bağlı olduğumun şahididir. Bir dəfə xəstə idim, boğazıma bir ay şüa verilmişdi. Həkim də hava isti olduğundan Həccə getməyimi məsləhət görmürdü. Şeyxin yanına getdim, özü də boğazım yara idi. Dedim ki, Şeyx həzrətləri, Məkkəyə getmək istəyirəm. Şeyx də dedi ki, getmə, xəstəsən, ölüb qalarsan. Sonra yenə Şeyxin yanına getdim, dedim ki, getmək istəyirəm. Şeyx dedi ki, Həcı, sən elə bilirsən ki, mən pula görə belə deyirəm? Al, bu Həccin pulu, apar xərclə, amma getmə, gedib orada ölərsən. Mən, Şeyxdən pulu alıb xərclədim. Həcc vaxtı gələndə özümdən asılı olmadı, dedim Şeyx gedirəm. O da, yenə dedi ki, getmə, xəstəsən, istiyə dözə bilməzsən. Ancaq getdim. Məkkədə güzgüyə baxanda gördüm ki, meyid rəngindəyəm. Şükürlər olsun ki, ölmədim, qayıdıb gəldim və indi də sağam.

– Bir neçə il əvvəl sizə zəng edəndə deyirdiniz ki, Xızıdasınız, xəstəsiniz. İndi sağlıq durumunuz necədir?

– Yaxşıyam. Allahıma şükür edirəm.

– İdmanla məşğul olursunuz?

– 1940-cı ildə doğulmuşam. Həmişə idmanla məşğul olmuşam. İndi də məşğul oluram. Məni belə saxlayan həm də idmana olan bağlılığımdır. Özümün idman zalım var və daim idmanla məşğulam.

– Məscidin əsaslı təmir olunmasına necə nail oldunuz?

– Bu məscid əldən gedirdi. Məscidi əsasən Tövbə Cəmiyyətinin üzvləri saxlayırdı. Yığışırdıq və məscidin sökülən yerini hansısa dostumuz təmir edirdi. Ancaq bu uzun çəkə bilməzdi. Yəni bu yolla məscidi qorumaq mümkün deyildi. Mən yer qalmadı ki, müraciət etməyim. Hər yerə müraciət etdim.

Məscidin üzərinə yazılmışdı ki, XIX əsrin tarixi abidəsidir və dövlət tərəfindən qorunur. Mən də o zaman Mədəniyyət və Turizm Nazirliyinin tarixi abidələrin qorunması idarəsinə müraciət etdim, dedim, gəlin qoruyun, dağılır axı. Yəni özüm də getmişəm, məktubla da çox yerə müraciət etmişəm. Ancaq reaksiya verən olmayıb. Axırda məcbur olub Mehriban xanıma yazdıq, bildirdik ki, vəziyyətimiz belədir, məscid əldən gedir və ümidimiz sizədir. Müraciətimizin üzərindən 5 gün keçməmiş mənə zəng olundu. İstirahət günü idi. Gəldim məscidə. Dedilər ki, məscid sabahdan təmirə bağlanır. Məscidi təmir etdilər, inanın ki, daşına qədər qaşıdılar, əsaslı təmir etdilər. Yüksək səviyyədə bərpa etdilər. Açılış mərasiminə Mehriban xanımın özü gəldi, məscidi ziyarət etdi, hər bir yerinə baxdı. Allah ondan razı olsun. Bizə dünyaları bəxş etdi. Məscidi bizə qaytardığına görə Mehriban xanıma, ailəsinə, balalarına dualar oxuyuruq, can sağlığı arzu edirik.

– 2003-cü ildə yaratdığınız Vətən naminə xalq birliyi fəaliyyət göstərirmi?

– Bəli, fəaliyyət göstərir. Biz yaranan gündən indiyə qədər hər zaman Mehriban xanımı dəstəkləmişik, bu gün də dəstəkləyirik. Ancaq bu qeydiyyatdan keçməyən qurumdur, adətən, özümüz könüllü olaraq toplaşırıq.





Yuxarı Əvvələ Ana Səhifə