XƏBƏR LENTİ

14 Noyabr 2018
13 Noyabr 2018

Digər Xəbərlər

04 Noyabr 2018 - 14:57

Rauf Mirqədirov:"Azərbaycan Dağlıq Qarabağın statusu məsələsini Ermənistanla müzakirə edə bilməz"

ATƏT-in Minsk Qrupunun həmsədrləri – İgor Popov (Rusiya), Stefan  Viskonti (Fransa), Andrev Skofer (ABŞ) və qurumun fəaliyyətdəki sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik okyabrın 29-dan noyabrın 2-dək Cənubi Qafqaz regionuna növbəti səfərlərini gerçəkləşdiriblər.

Mühacirətdə yaşayan siyasi icmalçı Rauf Mirqədirov “Azadlıq” radiosuna müsahibəsində həmsədrlərin səfəri və danışıqların hazırkı durumu ilə bağlı sualları cavablandırıb.

Strateq.az müsahibəni oxuculara təqdim edir:

– Rauf bəy, həmsədrlərin regiona növbəti səfərindən hansı gözləntiləriniz var?

Heç nə. Söhbət danışıqlardan gedirsə, bu istiqamətdə dönüşün olacağı inandırıcı deyil. Ən azından Ermənistanda seçkiyə hazırlıq gedir, belə bir zamanda danışıqlarda sıçrayış olmur. Sadəcə, həmsədrlər Minsk Qrupunu və bu prosesin mövcudluğunu nümayiş etdirmək istəyirlər. Ümumiyyətlə, mən həmsədrlərin bir komanda kimi iş görmək bacarığına inanmıram. Bu cür həmsədrlik institutunun səmərəliliyi çox ciddi şübhə altındadır. Nəzərə alın ki, dövlətlər arasında qlobal qarşıdurma var, NATO və Avropa Birliyinin Rusiya, yaxud Moskva ilə Vaşinqtonun münasibətləri çox gərgindir. Belə bir şəraitdə qaynar regionda ortaq məxrəcə gəlmək imkanları sıfra bərabərdir, xüsusən də söhbət Cənubi Qafqaz kimi qarşıdurmanın dərin olduğu regiondan gedirsə. İkinci, İranla bağlı qarşıdurmalar var.

– Belə bir şəraitdə deputat Zahid Orucun həmsədrlər olmadan Bakı və Yerevanın birbaşa danışıqlara getməsi haqda açıqlamasını necə qiymətləndirirsiniz?

Minsk Qrupunun danışıqar üçün səmərəli alət olmadığını hesab edirəm. Birbaşa danışıqlara gəlincə, prinsipcə əleyhinə deyiləm. Amma birbaşa danışıqların səmərəsi məsələsi var. Sual yaranır, qarşı duran tərəflər daxili və xarici resursa malikdirlərmi, özlərinin razılıq əldə edə bilməsi üçün müstəqillik səviyyəsi yetərlidirmi? Mənim bunlara çox böyük şübhəm var. 1992-ci ilin sonunda birbaşa danışıqlar üçün cəhdlər oldu, Ermənistan prezidenti Ter-Petrosyanın ən yaxın silahdaşlarından biri Aşot Bilyan Bakıya gəlib qeyri-rəsmi danışıqlar aparırdı. O zaman dövlətlər yeni yaranmalarına baxmayaraq, hələ Bakı və İrəvan müstəqil qərar qəbul etmək imkanlarına malik idi, Rusiya indikindən zəif idi, Qərb regiona tam daxil ola bilməmişdi, ancaq bununla belə, birbaşa danışıqlar nəticə vermədi. Ümumiyyətlə, hələ müharibə yoxdursa, bütün formatlardan istifadə etmək lazımdır. Çünki savaş halında deyilsənsə, hər hansı formatdan imtina anlaşılmır. Mən indiki şəraitdə başqa variant gözləyirəm, hansısa vasitəçilər ayrı-ayrılıqda tərəfləri bir masa arxasında otuzdurmağa cəhd göstərə bilərlər, ancaq bu, müəyyən mənada separat danışıq sayılar. Sadəcə, elan olunacaq ki, danışıqlar Moskvanın, yaxud Parisin patronajlığı altında keçirilir. Buna 1990-cı illərin ortalarında amerikalı həmsədr Telbotun, yaxud bir neçə il əvvəl Rusiyanın sabiq prezidenti Medvedevin vasitəçiliyini misal göstərmək olar. Hətta ABŞ rəsmisi Con Bolton regiona son səfərində buna işarə vurdu.

– Ermənistanın baş nazir vəzifəsini icra edən Paşinyan danışıqlarda Dağlıq Qarabağ ermənilərinin iştirakını vacib sayır, Bakı isə bunun əleyhinədir. Bu yanaşmalar hansı mənzərəni yaradır?

Azərbaycanda və Ermənistanda vəziyyət elədir ki, kənardan güclü təzyiq olmasa, danışıqlar prosesinin səmərəsinə inanmaq çox çətindir. Çünki tərəflər Qarabağın dağlıq hissəsinə yanaşmada dərin fikir ayrılıqlarına malikdirlər. Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanımayacağını, Ermənistanda da bölgənin Azərbaycanın tərkibində qalacağı ilə heç zaman barışmayacağını deyir. Bu mövqelər o dərəcədə antoqanistdir ki, ümumi razılığa gəlmək mümkün deyil. Bəli, Azərbaycanda ictimai fikir idarəolunan olduğundan ona çox güzəştlər sırımaq olar, ancaq bir məsələdən başqa – Dağlıq Qarabağın Ermənistana verilməsindən, yaxud müstəqil olmasından başqa. Ermənistanda əks vəziyyətdir – sabit və güclü hakimiyyət yoxdur, belə olan halda, iqtidar ictimai fikirlə hesablaşmalı olur. İkinci, Ermənistanda vəziyyət ona görə ağırlaşır ki, maksimal əhval-ruhiyyə daha da artır. Məsələn, Dağlıq Qarabağ ətrafındakı rayonlar haqda əcaib bəyanatlar verirlər. Bu ölkədə Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasının zəruruliyini deyən siyasi lider yoxdur. Belə bir şəraitdə çoxtərəfli və birbaşa danışıqlarla nəsə əldə etmək problematikdir. 1990-cı illərdə oxşar situasiya keçmiş Yuqoslaviyada yaranmışdı, Delton sazişi ilə tərəfləri sülhə məcbur etdilər, açıq dedilər ki, razılığa gəlməsəniz vurulacaqsınız. Ona görə Paşinyanın Qarabağ ermənilərini danışıqlara cəlb etmək haqda danışması problemi həll etmək istəyini əks etdirmir. Sadəcə, müəyyən şərtlər irəli sürməklə danışıqlar prosesini uzatmaq oyunudur. Bugün Paşinyana seçkiləri keçirmək üçün vaxt udmaq lazımdır. Ümumiyyətlə, Azərbaycan Dağlıq Qarabağın statusu məsələsini Ermənistanla müzakirə edə bilməz. Çünki Ermənistanla müzakirə İrəvanın Azərbaycanın daxili işlərinə müdaxilə hüququnu təsbit edir. Əgər statusu Ermənistanla müzakirə ediriksə, ən azından həmin ərazinin mübahisəli olduğunu etiraf edirik. Təəssüf ki, münaqişənin başlanmasından 30 il ötsə də, Azərbaycan bu yöndə aydın konsepsiya işləməyib.





Yuxarı Əvvələ Ana Səhifə