XƏBƏR LENTİ

16 Noyabr 2018
15 Noyabr 2018

Digər Xəbərlər

09 Noyabr 2018 - 18:22

Rəsulzadənin nəvəsinin bayraq xatirələri:"Ssenari oxuyandan sonra babam keçirən hissləri mən də yaşayırdım" (Video)

«Hərə öz sahəsində gərək iş görsün. Bu musiqi kompozisiyasına daxil olmaq mümkün deyil. Onu gərək Üzeyir bəydən daha yüksəkdə duran insan desin ki, neyləmək olar, neyləmək olmaz. Bayraq da, himn də dəyərdir. Bu dəyərlər uğrunda nə qədər şəhidlər gedib. Qürur mənbəyimizdir – «qürur» sözünü çox işlədirəm bu gün – himn çalınanda hansı hissləri keçiririk?! Onu da çox görürlər? İxtisara salmaq istəyirlər?», – Azərbaycan Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, rəssam Rais Rəsulzadə “Azadlıq” radiosuna müsahibəsində belə deyir. Onunla söhbətə elə Bayraq günündən bağlı başlayırıq. Bayraqla bağlı xatirələrini bölüşür:

– İlk dəfə üçrəngli bayrağı 1988-ci ildə Meydan Hərəkatı başlayanda gördüm. Onda Azərbaycan Sovet Sosialist Respublikasının bayrağı ilə yanaşı, üçrəngli bayraq da qaldırılırdı. Əvvəl az-az, iki-üç yerdə, sonra daimi qaldırmağa başladılar. İlk dəfə Azadlıq meydanında görmüşdüm. Onda atam da gəlmişdi Bakıya. Onu da meydana apardım, baş verənləri görsün istədim. Axşamtərəfi aparmışdım onu. Bayrağı isə çıxışlar ediləndə görmüşdüm.

– Rais bəy, atanız Meydan Hərəkatına qoşulmaq üçün gəlmişdi Bakıya?

– O tonqallar qalanırdı meydanda, xatırlayırsınız? Bax, onda gəlmişdi. Bayrağı o görməmişdi, mən görmüşdüm. Azadlıq meydanında gəzişdik. Baxdı, dedi ki, bu, xatalı işdir, sovet hökuməti bunu bağışlamayacaq, bunun axırı pis olacaq, mən bilirəm. Düzdür, qürurlanırdı. Amma deyirdi ki, bu uşaqların başına oyun gətirəcəklər, sovet hökuməti bunu bağışlamaz. Sonradan yanvar hadisələri baş verdi, 1990-cı ildə.

– Atanız özü Sizə üçrəngli bayraq haqqında nəsə danışmışdı?

– Atam – Allah ona rəhmət etsin – bu şeyləri məndən yaxşı bilirdi. O, 1991-ci ildə də burda oldu… Amma bayraq haqqında mənə danışmırdı. Özüm oxumuşdum. O, Karaqandada yaşayırdı, başqa qayğıları var idi. O bura gələndə artıq başqa haqq-hesablar gedirdi.

– Siz özünüz bu bayrağı indi görəndə nə düşünürsünüz, nə hiss edirsiniz?

– Qürur duyuram. Bundan gözəl mənzərə yoxdur. Bayraqdan gözəl heç nə yoxdur. Çoxlu filmlər çəkiblər, həmişə də çalışıblar o bayrağın önündə çəksinlər. Bayrağı başqa ölkələrdə görəndə də qürur duyuram. Hər bir azərbaycanlıya baş ucalığı gətirir. Bayraq xarici ölkələrdə tədbirlərdə asılır, Rusiyada, ABŞ-da, Almaniyada, Türkiyədə, hər yerdə.

– Bu günlərdə deputat Tahir Kərimli himnin qısaldılmasını təklif etdi. Siz necə qarşıladınız həmin təklifi?

– Düzü, bunu eşidəndə çox təəccübləndim. Ola bilməz ki, bizim hörmətli deputatlarımız indiki dövrdə bu məsələ ilə məşğul olsunlar. Heç başqa dövrdə də olmaz! Ortada mühüm məsələlər ola-ola himn məsələsinin qaldırılması təəccüb doğurur. Azərbaycanda çox vacib məsələlər var, problemləri çoxdur. Prezident özü də bunu deyir, xaricdən gələnlər də. Qarabağ məsələsidir, o biridir, bu biridir. Onları həll etmək əvəzinə, bu haqda dərindən düşünmək əvəzinə himn məsələsini qaldırırlar. Bu himnin böyük tarixi var. Onu Üzeyir bəy yazıb. O da dahi bəstəkarıydı. Bu kompozisiyaya heç nə əlavə etmək olmaz, heç ixtisar etmək də olmaz. Dahi bəstəkar bunu bəstələyəndə tam bəstələyib. Bu haqda danışmağa dəyməz, bunu heç müzakirə etmək də olmaz. Hərə öz sahəsində gərək iş görsün. Bu musiqi kompozisiyasına daxil olmaq mümkün deyil. Onu gərək Üzeyir bəydən daha yüksəkdə duran insan desin ki, neyləmək olar, neyləmək olmaz. Bayraq da, himn də dəyərdir. Bu dəyərlər uğrunda nə qədər şəhidlər gedib. Qürur mənbəyimizdir – «qürur» sözünü çox işlədirəm bu gün – himn çalınanda hansı hissləri keçiririk?! Onu da çox görürlər? İxtisara salmaq istəyirlər?.. Özü də himn uzun deyil, normaldır.

– Bu il Xalq Cümhuriyyətinin yüzilliyi tamam oldu və Rais Rəsulzadə «Son iclas» filmində babasının obrazını canlandırdı. Onun obrazına girmək, duruşunu-yerişini canlandırmaq çətin olmadı?

– Rəsulzadənin obrazı mənə çoxdan tanışdır, ona çoxdan girmişəm, atamın da hərəkətlərinə həmişə fikir verirdim. Bioloji faktordan danışıram, hələlik. O ki qaldı tarixi hadisələrə, onları izləmişəm, öyrənmişəm. Rəsulzadənin məktublarını da oxumuşam, mühacirətdə olduğu ağır günlər haqqında yazırlar, bu çətinliklər məktublarında da əks olunub… Mən hələ bilmirdim nə məsələdir, dedilər ki, Rəsulzadə haqqında film çəkirik, çox gözəl film olacaq. Cavab verdim ki, ssenarini oxumadan razılıq verə bilmərəm. Ssenarini göstərdilər oxudum, tarixçimiz Aydın Balayev redaktə etmişdi, başqa tarixçilər də orda iştirak etmişdi. Gördüm çox normal ssenaridir, razılaşdım. Daha doğrusu, filmdə çəkilmək fikrim yox idi. Mən aktyor deyiləm. Amma dedilər ki, yaşlı vaxtını çəkməkdən ötrü sizin Məmməd Əminlə oxşarlığınız filmdə lazımdır. Dəvət etdilər, sınaq çəkilişləri oldu. Dedilər ki, yarayırsınız. Çəkiliş İstanbulda oldu, dörd gün çəkdi. Orda uşaqlar sağ olsun, çox əziyyət çəkdilər.

– Nədə?

– Çəkilişlər elə yerdə aparılmalı idi ki, orda müasir elementlər olmasın, məsələn, elektrik xətləri, reklam lövhələri, avtomobillər zad. Çətin idi. Uşaqlar küçədən maşınları yığdırırdılar, keçmişə oxşasın deyə. Asan başa gəlmirdi. Səhərdən axşamadək çəkiliş gedirdi, ağır idi. Amma vəzifələrini uğurla başa vurdular.

– Dediniz ki, Rəsulzadənin obrazı Sizə çoxdan tanışdır. Bəs kamera qarşısında oynamaq çətin olmadı?

– O paltarları geyinəndən, qrimdən sonra, ssenari oxuyandan sonra babam keçirən hissləri mən də yaşayırdım. Amma rejissora dedim ki, icazə verin mən bildiyim kimi hərəkət edim. O da razılaşdı. Bir hissəsi rejissor dediyi kimi oldu. Amma sonra gördülər alınır, qəbul etdilər, dedilər: «Bildiyiniz kimi hərəkət edin». Hətta elə oldu ki, rejissor təriflədi: «Çox gözəl, çox əla, yerinə düşdü bu…». Təsəvvür edin, çəkiliş gedir Qız Qülləsində. Ora böyük axın var. Çəkiliş gedəndə camaat yığışırdı ki, nə məsələdir. Biləndə film nə haqqındadır, çox yaxşı qəbul edirdilər. Elə hər yerdə Rəsulzadəni çox yüksək dəyərləndirirlər, ümumiyyətlə, Azərbaycana münasibət çox yaxşıdır.

– Orda bir səhnə var, üzü dənizə doğru dayanmısınız…

– Hə, bax, Qız Qülləsində çəkilirdi. Düzdü, hava isti idi, mən də plaşda-zadda. Çətin də olsa, maraqlı idi. İki saat çəkdi.

– Rolunuza görə qonorar verdilər?

– Hamıya verdikləri kimi… Filmə də baxdım, pis deyil. Ümumiyyətlə, pis deyildi.

– Bu il Xalq Cümhuriyyətinin yüzilliyidir. Film çəkildi, bir neçə kitab yazıldı, daha nələrin edilməsini istərdiniz?

– Bu il zəngin keçdi, ilin əvvəlindən bu günəcən canlanma oldu. Mən öz gördüyümü deyirəm. Bu gün də yüzilliklə bağlı tədbirə dəvət ediblər. Tək Azərbaycanda yox, başqa ölkələrdə də, Rusiyada, Türkiyədə, Amerikada, Almaniyada, İsveçdə tədbirlər keçirildi, məni də dəvət etdilər. Mən universitetdə dərs deyirəm, bir də görürsən gəlirlər ki, sizi görmək istəyənlər var. Kimdir? Baxırsan nümayəndə heyəti gəlib, ağ koftada, geyinmiş-keçinmiş, əllərində gül… Müsahibələr alırlar. ASAN Xidmətdən, məktəblərdən gəliblər, universitetlərə, kitab təqdimatlarına dəvət edirdilər və s… Çox zəngin keçdi.

– Amma bibiniz qızı Rəna Əliyeva razı qalmayıb, “Azadlıq” radiosuna müsahibəsində demişdi ki, tədbirlərin səviyyəsinin fərqli olmasını istərdi.

– Yox, niyə razı qalmasın? Yəqin razı qalıb. Bəlkə başqa şeylə əlaqədardır…

– Onda yekunlaşdıraq söhbəti.

– Mənim adımdan bütün xalqımızı bayramla əlaqədar təbrik edin, hər kəsə uğurlar azrulayıram, Azərbaycanın da bütün problemləri həll olunsun.