XƏBƏR LENTİ

12 Dekabr 2018
11 Dekabr 2018

Digər Xəbərlər

27 Noyabr 2018 - 22:39

Eldar Namazov:“Torpaqlarımızı geri qaytarmaq üçün münbit şərait yetişir...”

Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq, mərhum prezident Heydər Əliyevin köməkçisi Eldar Namazov Teleqraf.com-a  müsahibə verib.

Strateq.az həmin müsahibəni təqdim edir:

– Eldar müəllim, Kerç boğazında Rusiya və Ukrayna arasında yaranan qarşıdurmanı saytımıza şərh edərkən bildirmişdiniz ki, Ukrayna hakimiyyəti bu vəziyyətdən istifadə edib prezident seçkisini təxirə salmağa cəhd göstərsə, Prezident Poroşenko ciddi təzyiqlərlə üzləşəcək. Artıq Ukraynada hərbi vəziyyət elan olunub. Kerç boğazında baş verənlərin Ukrayna daxili siyasətində istifadə edilməsini necə şərh edərdiniz?

– Bəli, biz Kerçdə baş verənləri dünən şərh etdik. Yaranan durumun Ukrayna daxili siyasətində istifadə olunmaması haqda Prezident Poroşenkoya xəbərdarlıq etdik və bildirdik ki, yaxın bir neçə gündə vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyi məlum olacaq. Ancaq yaxın günləri gözləməyə ehtiyac qalmadı. Dünən axşam saatlarında Ukraynanın sabiq prezidentləri cənab Kravçuk, Kuçma və Yuşşenko birgə bəyanatla çıxış etdilər.

Onlar bizim etdiyimiz xəbərdarlığı səsləndirərək, qeyd etdilər ki, fövqəladə vəziyyətin elan olması prezident seçkilərinə mane olmamalıdır. Sabiq prezidentlər bildirdilər ki, Ali Rada belə bir qanuna səs verməməlidir. Bu bəyanatdan qısa müddət sonra Prezident Poroşenko televiziyada elan etdi ki, hərbi vəziyyətlə bağlı sərəncama dəyişiklik edir, hərbi vəziyyətin vaxtını 60 gündən 30 günə endirir və prezident seçkilərinə mane olmaq niyyətində deyil. Başqa sözlə, Poroşenko hamını inandırmağa çalışdı ki, hərbi vəziyyətin insan haqları, azad seçkilərə və digər demokratik dəyərlərə heç bir maneəçiliyi olmayacaq. Bizim açıqlamamızdan qısa müddət sonra Ukrayna ictimaiyyəti, sabiq prezidentlər Poroşenkonu geri çəkilməyə məcbur etdi. Sözsüz ki, baş verənlər Poroşenkonun imicinə ciddi zərbə oldu. Geri çəkilməklə o etiraf etdi ki, səhv yol tutub. Aydındır ki, Ukrayna Təhlükəsizlik Şurasının iclasında 60 gün müddətinə hərbi vəziyyətin elan olunması haqda təklif irəli sürüləndə və Poroşenko bu təklifi dəstəkləyəndə bilirdi ki, bu 60 gün gəlib prezident seçkilərinin başlanması ilə üst-üstə düşəcək. Və bu halda prezident seçkilərini keçirmək mümkün olmayacaq. Ancaq bu cəhdin ciddi etiraz doğuracağını Ukrayna hakimiyyəti nəzərə almadı. Buna cəhd Poroşenkonun imicinə ciddi zərbə oldu.

Düzdür, beynəlxalq qurumlar Rusiyanın Kerç boğazında Ukrayna hərbi gəmilərinə hücum etməsinə ciddi reaksiyalar göstərir. Amma Poroşenkonun bu durumu daxili siyasətdə istifadə etmək cəhdi ölkənin bu məsələdə səylərinə mənfi təsir göstərir. ABŞ və Avropada görürlər ki, prezident bu vəziyyətdən daxili siyasətdə istifadə etmək cəhdində bulundu, amma etirazlardan sonra geri çəkilməyə məcbur oldu. Açığını deyim ki, mən Ukrayna rəhbərliyinə dünənki xəbərdarlığı təsadüfən etmədim.

– Prezident Poroşenkoya “təsadüfən xəbərdarlıq etmədim” fikrini xüsusilə vurğulamanıza səbəb nədir, bunu deyərkən, konkret nəyi nəzərdə tutursunuz?

– Bir müddət əvvəl mən Odessaya dəvət olunmuşdum. Odessada çox ciddi tədbir keçirildi. Azov və Qara dəniz hövzəsində təhlükəsizlik məsələləri, dünyadakı konfliktlərlə bağlı keçirilən tədbirdə Almaniyadan, Böyük Britaniyadan ekspertlər, ABŞ-ın konsaltinq təşkilatlarının rəhbərləri, Ukrayna rəsmiləri iştirak edirdi. Əsas məruzəçi ukraynalı general, Təhlükəsizlik Şurasında hərbi donanmanın əlaqələndiricisi olmuş hərbi və siyasi xadim idi.

Konfransda müzakirələr qapalı olduğu üçün detalları açıqlamaq niyyətində deyiləm, amma ümumən Qara və Azov dənizində baş verənlərin sonda konfliktə gətirib çıxaracağını ekspertlər qeyd edirdilər. Ümumən Ukrayna və Rusiya arasında böyük müharibənin başlayacağını ekspertlər Donbas deyil, Azov dənizi, Mariupol və Berdyansk ilə bağlayırlar. Çünki bu Ukrayna şəhərləri hərbi, siyasi və iqtisadi baxımından böyük əhəmiyyət kəsb edir. Bir tərəfdən Rusiyanın Rostov vilayətidir, digər tərəfdən Rusiyanın zəbt etdiyi Krımdır və onların arasında isə Mariupol və Berdyansk şəhərləri yerləşir. Əvvəlki illərdə Ukrayna ekspertləri qeyd edirdilər ki, Rusiya iki tərəfdən – həm Krım, həm də Rostov vilayətindən hücuma keçərək, Mariupol və Berdyansk şəhərlərini zəbt edə və beləcə, Krımla Rusiya arasında quru yolunu aça bilər. Eyni zamanda Mariupol və Berdyansk şəhərlərində çox vacib limanlar yerləşir. Ukraynanın xarici ticarət dövriyyəsinin böyük bir hissəsi məhz bu limanlar vasitəsilə həyata keçirilir.

Təsəvvür edin ki, həm metallurgiya, həm də taxıl dünya bazarına buradan çıxarılır. Bunlar isə Ukraynanın əsas valyuta gətirən sahələridir. Mariupol, Berdyansk və Azov dənizinin sahilləri indi strateji baxımdan Ukrayna üçün ən zəif və təhlükəli hücum gözlənilən ərazi hesab olunur. Biz Odessada konfrans zamanı bu haqda müzakirələr, söhbətlər aparıldı. Eləcə də Ukraynada prezidentliyə namizədlərin reytinqləri və gözləntilər haqda fikirlər səsləndi. Odur ki, mən baş verən hadisənin Ukrayna daxili siyasətində istifadə edilməməsinə dair xəbərdarlığı təsadüfi etmədim. Gördüyünüz kimi, Prezident Poroşenko Kerçdə baş verən hadisədən daxili siyasətdə istifadə etməyə cəhd göstərsə də, Ukrayna ictimaiyyəti bu təhlükəni aradan qaldırmaq üçün ciddi hərəkətə keçdi və prezident geri çəkilməyə məcbur oldu.

– Bundan sonra gözləntiləriniz nədən ibarətdir, sizcə, Azov dənizi və Kerç boğazı ətrafında yaranan vəziyyət hansı ssenari üzrə inkişaf edə bilər?

– İndi Azov dənizi ətrafında yaranan vəziyyətin hüquqi həlli yoxdur. Çünki 2003-cü ildə Rusiya və Ukrayna tərəfindən Azov dənizindən istifadə haqqında bağlanan müqaviləyə Rusiya tərəfi riayət etmir. Artıq Rusiya son hadisə ilə bunu sübuta yetirib. Krımı işğal və Kerçdə körpünü inşa etdikdən sonra ruslar Ukrayna gəmilərinin Azov dənizinə rahat giriş-çıxışına imkan verməyəcək. Bu halda sual yaranır: niyə Rusiya 2003-cü ildə imzalanan həmin müqavilədən imtina etmir? Çünki bu müqavilə Ukrayna tərəfinin əlində bəhanə və sübutdur. Rəsmi Kiyev hər zaman deyəcək ki, belə müqavilə var, bu müqaviləyə görə, biz Kerçdən Azova daxil olmaq üçün Rusiyadan icazə almalı deyilik. Amma Rusiya müqaviləni qüvvədən salmır.

– Niyə?

– Əgər Rusiya bu müqavilədən rəsmən imtina etsə, onda Rusiya dənizçiliklə bağlı beynəlxalq konvensiyaların prinsipi əsasında hərəkət etməlidir. Yəni dövlətlər arasında ikitərəfli müqavilə olmayanda beynəlxalq dənizçiliklə bağlı konvensiyalar əsas götürülür. Dənizçiliklə bağlı beynəlxalq konvensiyalar isə çox sərt və konkretdir.

Çünki dünya ticarət dövriyyəsinin böyük bir hissəsi okean və dəniz üzərində daşımalarla bağlıdır. Rusiya Ukrayna ilə imzaladığı müqaviləyə əməl etmək istəmir, eyni zamanda dənizçiliklə bağlı beynəlxalq konvensiyaların təsiri altına düşməkdən isə qorxur. Çünki beynəlxalq konvensiyaların tələbləri daha sərtdir. Ona əməl etməyəndə sanksiya, cəzalar haqda qərar qəbul oluna bilər. Məhz bu baxımdan Azov dənizi ilə bağlı Rusiya pat vəziyyətdədir, köhnə müqaviləyə əməl etmir, onu qüvvədən salmaqdan isə qorxur. Beynəlxalq konvensiyaların təsirinə düşmək Rusiya üçün daha ağır və təhlükəlidir. Odur ki, hələlik bu məsələnin hüquqi həlli görünmür. Siyasi həlli də çətindir. Çünki Rusiya ilə Ukrayna arasında siyasi dialoq yoxdur və tərəflər bu məsələdə bir-birinə güzəştə getməyə hazır deyil. Bu halqa qalır üçüncü yol.

Üçüncü yol kimi Qərb dövlətləri Qara dənizdə hərbi iştirakçılığını gücləndirəcək, NATO və ABŞ gəmiləri yəqin ki, dənizdə özlərinə yeni baza yaradacaq, Ukrayna ilə xüsusi sazişlər imzalanacaq və Ukraynanın hərbi donanmasını, həm də Azov dənizi tərəfində Ukrayna sahil qüvvələrinin formalaşması və Qərbin müasir texnikası ilə təchiz olunması həyata keçiriləcək. Bu yolla Ukraynanı gücləndirmək və Rusiyanı bu əməllərdən çəkindirə bilərlər. Nəzərə almaq lazımdır ki, Rusiya Mariupol və Berdyanskı zəbt etmək üçün hərəkətə keçsə, bu zaman yalnız Krım və Rostov vilayətindəki quru qoşunları deyil, üzbəüz Krosnodar vilayətindəki hərbi donanmadan da istifadə oluna bilər. Güman edirəm ki, indiki halda proses daha çox Ukraynanın hərbi potensialının gücləndirilməsi və Rusiyaya qarşı sərt sanksiyaların tətbiqi istiqamətində gedəcək.

– Son illər dünyanın tarazlığı pozulub, beynəlxalq hüququn işləmədiyi mənzərəsi müşahidə olunur. Siz, Ukrayna və Rusiya arasında müharibə gözləyirsinizmi?

– Bəli, belə bir təhlükə kifayət qədər yüksəkdir. “Soyuq müharibə” başa çatdıqdan sonra çoxları düşünürdü ki, ABŞ liderliyi ətrafında yeni dünya düzəni formalaşıb və bu, işlək sistem olacaq. Ancaq son illər bəlli olur ki, Rusiya hərbi, Çin isə iqtisadi məsələlərdə ABŞ-ın liderlik ambisiyalarını şübhə altına qoyur və faktiki onunla mübarizə aparırlar. Reallıq odur ki, II Dünya Müharibəsindən sonra yaranan geopolitik mənzərə və dünya düzəni “Soyuq müharibə”dən sonra dağıldı, amma yeni dünya düzəni hələ formalaşmayıb.

Yeni dünya düzəninin formalaşması prosesi gedir və burada ABŞ, NATO, Rusiya, Çin və digər dövlətlərin hansı mövqeləri tuta biləcəyini indidən demək mübahisəlidr. Dünyanın tanınmış ekspertləri bu mövzunu fərqli şəkillərdə yozur. Nəzərə almaq lazımdır ki, dünya və böyük müharibələr belə keçid dövrlərində baş verir. Başqa sözlə, köhnə dünya düzəni pozulanda və yeni dünya düzəni formalaşmadığı mərhələdə bir qrup ölkələr arasında böyük müharibələr baş verir. Odur ki, indi biz çox təhlükəli mərhələdə yaşayırıq. Hələ ABŞ və müttəfiqlərinin İranla bağlı planlarını nəzərə alsaq, bizim özümüzün torpaqlarımızı geri qaytarmaq üçün münbit şərait yetişir və Azərbaycan da həlledici əməliyyat keçirib torpaqlarının işğalına nöqtə qoymağa hazırlaşır. İndiki mərhələ dünya və bizim region üçün təhlükəlidir.

Eyni zamanda bu dramatik proseslərdən heç kim özünü sığortalamağa nail ola bilməz. Yeganə yol prosesləri düzgün istiqamətləndirərək, öz milli maraqlarını təmin etməkdir.

– Ukraynada martda keçiriləcək prezident seçkilərindən gözləntiləriniz nədən ibarətdir? Sizcə, bu seçkilər Ukraynanı irəli aparacaq, yoxsa geri?

– Əminəm ki, azad və demokratik seçkilər hər zaman ölkəni irəli aparır. Düzdür, istisna kimi bir neçə halı da qeyd etmək olar. Məsələn, Hitler azad seçkilər vasitəsilə hakimiyyətə gəldi və s. Amma ümumi qayda odur ki, azad seçkilər vasitəsilə yeni hakimiyyət formalaşdıranda, iqtidar üzərində ictimai nəzarət mexanizmi yaranır.

Ukrayna bu yolu seçib və bu onların təbiətinə, ənənələrinə uyğundur. Ukraynalıların heç vaxt çarı olmayıb, əksinə, onlar kazaklar kimi hər zaman sərbəst olublar. Özlərinə ataman seçmək ənənəsi yüz illərdir formalaşıb və ruslardan bu mənada ciddi fərqlənirlər. Onların tutduğu yol milli adət-ənənələrinə, demokratik prinsiplərə də uyğundur. Onlar başqa cür öz həyatlarını qurmayacaq. Öz liderlərini seçirlər, lider özünü doğrultmayanda yola salırlar. Ruslar üçün bu, təəccüblüdür. Ruslar başqa şeyə öyrəniblər. 200-300 il bir çar ailəsi hakimiyyətdə olub, daha sonra onu Romanovlar sülaləsi bir neçə yüz il əvəz edib, sonra bir partiya 70 il hakimiyyətdə olub, indi də 20 ilə yaxındır hakimiyyət formalaşıb.

Yəni Rusiyanın ənənələri ilə Ukraynanın adət-ənənəsi tam başqadır. Ukraynada seçkilər hər dəfə dəyişikliklərə səbəb olur. Mən onlara bu yolda yalnız uğurlar diləyirəm.

– Bir müddət əvvəl Odessada olmuşunuz. Orada ümumi ab-hava necədir?

– Məni tədbirə dəvət edəndə bildirdilər ki, indi Odessa Ukrayna hərbi donanmasının mərkəzidir. Krım işğal olunduqdan sonra hərbi donanmanın mərkəzi Odessada yerləşir və konfransda bizim müzakirə etdiyimiz məsələlər də Qara və Azov dənizində beynəlxalq təhlükəzilik məsələləri və konfliktlərə aid olacaq. Mən də təşkilatçılardan xahiş etdim, imkan yaratsınlar ki, şəhərlə tanış olum. Həqiqətən də mənə şəhərdə bir gün artıq qalmağa şərait yaratdılar və nəqliyyatla da təmin etdilər. Beləcə, şəhərlə yaxından tanış oldum.

Doğurdan da Odessa gözəl şəhərdir və Bakı ilə oxşarlığı da var. Təşkilatçılarla xudahafizləşəndə onlara dedim ki, gözləntilərim özünü doğrultdu, Odessa dünyada gözəlliyinə görə, ikinci şəhərdir. Onlar da təbəssümlə sual etdilər ki, birinci gözəl şəhər Bakıdır? Odessada tarixi yerlərdə oldum, şəhər, onun insanları, hərəkətliliyi çox xoşuma gəldi.