XƏBƏR LENTİ

12 Dekabr 2018
11 Dekabr 2018

Digər Xəbərlər

30 Noyabr 2018 - 21:48

TOFİQ ZÜLFÜQAROV:“Paşinyan Qərbdən siyasi dəstək alacaq” - MÜSAHİBƏ

Sabiq xarici İşlər naziri Tofiq Zülfüqarov teleqraf.com-a müsahibə verib. Diplomat Rusiya – Ukrayna böhranı, Gürcüstandakı seçkilər, G20 sammiti və digər məsələlər barədə danışıb.

Strateq.az müsahibəni oxucularına təqdim edir:

– Tofiq bəy, noyabrın 25-də Azov dənizində baş verən Ukrayna-Rusiya hərbi qarşıdurmasından sonra müşahidə olunan gərginliyi necə qiymətləndirirsiniz?

– Artıq iki qardaş ölkə faktiki olaraq bir-birilə müharibə aparır. Bilavasitə aktiv hərbi əməliyyatlar fazası olmasa da, müxtəlif addımlar atılır ki, problem daha da dərinləşsin. Formal olaraq, indi Rusiyanın vəziyyəti çox ağırdır. Rusiya hansısa addımlar atanda, bu, Moskvaya qarşı daha sərt siyasi mövqe göstərilməsinə səbəb olur. Bu, ciddi böhrandır. Hesab edirəm ki, Rusiya artıq beynəlxalq izolyasiyaya çox yaxındır. Ukraynanın atdığı addımlar daha çox daxili siyasi məsələlərlə bağlıdır. Eyni zamanda bu cür addımlarla rəsmi Kiyev problemi beynəlxalq gündəmdə saxlayır. Beləcə, siyasi yollarla Rusiya ilə mübarizə aparır, ərazi bütövlüyünü təmin etmək məqsədilə siyasətini davam etdirir.

– Faktiki olaraq, Azov dənizi Ukraynanın üzünə bağlanır, Rusiya tərəfi sərhəddə xeyli hərbi texnika cəmləşdirib. Bu baxımdan gözləntiniz nədir, hərbi qarşıdurma ehtimalı varmı?

– Əslində bu, həm Ukrayna, həm rus xalqı üçün böyük bədbəxtlikdir. Təəssüflər olsun ki, siyasətçilər bu vəziyyəti aradan qaldırmaq üçün heç bir addım atmır. Bu qarşıdurmada tərəflərin konkret olaraq birinin qələbə çalacağını iddia etmək səhvdir. 2014-cü ilə qədər Rusiyanın problemi yox idi. Krımın ilhaqından sonra Rusiya aqressiyası dünyanın gündəmindən düşmür. Həmçinin bu hadisədən sonra Rusiya iqtisadiyyatı zərbələr aldı. Ümumiyyətlə, Rusiya bir dövlət kimi təcrid vəziyyətinə düşüb. Bu mürəkkəb durumdur və mən Rusiyanın bu vəziyyətdən çıxa biləcəyinə inanmıram. Bu, tələdir və Rusiya bu tələyə düşüb və indi də tələdə qalmaqda davam edir. Sözsüz ki, bu proses nəticəsində Ukrayna xalqı da əziyyət çəkir. Ona görə də siyasətçilər atacağı hər bir addımı dəqiq ölçməlidir. Başqa sözlə, hansısa addım ola bilsin ki, qələbə kimi görünə bilər, amma nəticədə nə dərəcədə səhv addımlar atıldığı, bunun iqtisadiyyata nə qədər ziyan vurduğu ortaya çıxar. Mən bu fikrimi deyərkən konkret Krım məsələsini nəzərdə tuturam. Elə bizimlə münaqişədə olan Ermənistan haqqında da eyni fikirləri söyləmək olar. İlk baxışdan belə görünür ki, guya Ermənistan qələbə çalıb, torpaqlarımızı işğal edib. Amma günü-gündən ortaya çıxır ki, bu hərəkətləri onlara qələbə gətirməyib. Əksinə, günü-gündən vəziyyətləri pisləşir. Şübhəsiz ki, Ermənistan gec-tez məğlub olacaq.

– Martda Ukraynada prezident seçkiləri keçiriləcək. Siz hesab edirsiniz ki, Ukrayna Rusiyanın təsir dairəsindən çıxıb və tam Qərbə doğru gedəcək?

– Bilirsinizmi, hansısa düşmən obrazını formalaşdırmaq üçün səbəb və ciddi siyasi fəaliyyət lazımdır. Biz görürük ki, Ukrayna siyasi mühitində düşmən obrazı formalaşıb. Bu düşmən Rusiyadır. İstər daxili, istərsə də xarici siyasi proseslərdə, habelə prezident və parlament seçkiləri fonunda əsas mövzusu bu qarşıdurma, Rusiya ilə müharibə olacaq. Bu baxımdan daha sərt mövqe və iradə göstərən siyasi qüvvələr həmişə seçici səsini qazanacaq. Bu, siyasi aksiomadır. Qarşıdan gələn prezident seçkiləri də bu ab-havada keçəcək. İndi hakimiyyətdə olan Poroşenkonun rəqibləri də bu xəttin üzərində dayanan siyasətçilərdir. Yuliya Timoşenko və digər iddialılar Rusiyaya qarşı sərt mövqeyi ilə seçilirlər. Bu mövqeyi bölüşən siyasətçilər daim iqtidarda olacaqlar. Çünki başqa yol yoxdur. Xalqı narahat edən və düşündürən əsas məsələ budur. Siyasətçilər də bu istiqamətdə işləyəcəklərini xalqa nümayiş etdirməlidir.

– Maraqlı məqamlar ortaya çıxır. G20 sammitində Tramp Putinlə görüşməkdən imtina etdi. Bəlli olur ki, Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq oluna bilər. Bu prosesin sonunu necə görürsünüz?

– Rusiya iqtisadiyyatına artıq real zərbə vurulub. Bunu hər kəs başa düşür. Təbii ki, ən təsiredici zərbə neft-qaz ixracı ilə bağlıdır. Hər halda qaz ixracı gündəmə gəlir. Sanksiyaların bu sahələrə gec və ya tez tətbiq edilib-edilməyəcəyi əsas məsələdir. Lakin bunun baş verib-verməyəcəyini bilmirik. Münasibətlərin kəskin forma alacağı gözləniləndir. Hər halda Rusiyanın imkanları böyükdür, amma geniş deyil. Sovet İttifaqı indiki Rusiyadan qat-qat böyük dövlət idi, amma SSRİ belə ona qarşı olan qlobal proseslərə tab gətirə bilmədi. Bu baxımdan indiki hadisələr sanki “Soyuq müharibə” dövründə yaşanan hadisələrin təkrarıdır.

– Ötən gün qonşu Gürcüstanda prezident seçkiləri keçirildi, I turda müxalifət namizədi qalib gəlsə də, II turda hakimiyyətin namizədi qələbə qazandı. Gürcüstanda seçkilər azərbaycanlıların da diqqət mərkəzində olub. Sizin, bu seçkilərlə bağlı qiymətləndirməniz necədir?

– Azərbaycan-Gürcüstan əlaqələrinin bünövrəsi çoxdan qoyulub. Sakaaşvili dövründə bu əlaqələr mövcud idi, ondan sonrakı dövrdə biz əlaqələrin yüksək səviyyədə olduğunu görürük. Qonşuluq, iqtisadi, siyasi mövzularda problemlər olsa da, son nəticədə əməkdaşlığın yolları axtarılıb tapılır.

Birincisi, Gürcüstanda prezident vəzifəsi və onun səlahiyyətləri bir o qədər də geniş deyil. Prezident daha çox xarici siyasətə aid mövzularla məşğul olur. Bu mənada Azərbaycan-Gürcüstan əlaqələrinin dəyişikliklərə məruz qalması gündəmdə deyil. İki ölkə arasında müxtəlif sahələr üzrə artıq iqtisadi birlik və əməkdaşlıq mövcuddur. Münasibətlər və əlaqələr bu çərçivədə inkişaf edəcək. Bəziləri qeyd edirlər ki, indiki prezident Rusiyapərəstdir və s. Unutmayaq ki, dövlət başçısı olan şəxs hər zaman ölkəsinin maraqları əsasında addımlar atır. Başqa sözlə, şəxsi maraq və təşəbbüslər adətən o qədər böyük rol oynamır. Hesab edirəm ki, Gürcüstanda prezident seçilən şəxs xüsusilə xarici siyasət sahəsində təcrübəli mütəxəssisdir. Bu baxımdan Gürcüstana daha çox xeyir gətirən siyasət aparacaq.

– Amma Saakaşvilinin Gürcüstana qayıdacağı, orada hakimiyyət sükanını ələ keçirəcəyi haqda fikirlər populyar idi…

– Mən bu haqda fikirləşməmişəm. Saakaşvilinin gələcək taleyinin necə olacağı haqqında da fikrim yoxdur. Saakaşvilinin Gürcüstan tarixində rolu olub. Amma onun siyasi təcrübəsi Ukraynada heç bir nəticə vermədi. Əksinə, böhranlı vəziyyətə gətirib çıxardı. Bu baxımdan Saakaşvili mövzunun bizim üçün maraqlı olduğunu düşünmürəm. Saakaşvili olmasın, başqa siyasətçi olsun. İstənilən siyasətçi anlayır ki, Azərbaycanla əməkdaşlıq Gürcüstana hava və su kimi lazımdır.

– Ancaq iddialar vardı ki, prezident seçilən xanım Kremlinin üstünlük verdiyi namizəddir…

– Açığı, mənimçün bu haqda danışmaq çətindir. Mən bu mövzuya aid konkret informasiyaya malik deyiləm. Siyasi baxımdan prezident seçilən şəxs məcburdur ki, Qərb xəttini seçsin. Gürcüstan iqtisadiyyatı, ümumən siyasi mühit formalaşıb və ölkə qərbpərəst kimi təqdim olunur. Prezident də elan edir ki, əsas məqsədi Avropa İttifaqına və NATO-ya üzvlüyü təmin etməkdir. Salome Zurabişvili deyir ki, onun üçün simvol olan siyasətçilərdən biri Latviyanı Avropa Birliyi və NATO-ya üzv edən prezident Vayra Vike-Freyberqadır. Bu baxımdan Gürcüstan xarici siyasətində ciddi dəyişikliklərin baş verəcəyinə inanmıram. Gürcüstan misalına baxanda Ermənistanda da Qərb siyasət cizgiləri formalaşır və istəyirlər ki, qərbpərəst ölkə olsunlar. Bu siyasi trenddir və bu trendlə gedənlər çox olacaq. Əslində buna qarşı alternativ də görünmür.

– Bir neçə gündən sonra Ermənistanda da parlament seçkiləri keçiriləcək. Bu seçkilərdən gözləntilər nədən ibarətdir?

– Mən yeni bir şey gözləmirəm. Əsas məsələ ondan ibarətdir ki, Qərb Paşinyanı qərbpərəst siyasət həyata keçirməyə məcbur edəcək. Qərb çalışacaq ki, Ermənistanda Rusiya nüfuzunu azaltsın. Paşinyan da istər-istəməz bu yolla getməlidir. Amma Paşinyan başda olmaqla bütün erməni siyasətçilər anlayır ki, Ermənistanın Azərbaycana və türk dünyasına qarşı siyasətinin əsas potensialı və bünövrəsi Rusiya tərəfdən olan dəstəklə bağlıdır. Əgər Rusiya tərəfindən hərbi dəstək olmasa, Ermənistanın siyasətində korreksiya olmalıdır. Rusiyadan dəstək almadan belə bir siyasət davam edə bilməz. Ermənistanda böhranlı vəziyyət Sərkisyanın vaxtında da özünü göstərirdi. Rusiya istəyirdi ki, Qərbin təzyiqi altında və daxili problemlər səbəbindən Ermənistandan uzaqlaşsın. Ermənistan bunu hiss edə-edə qərbyönlü siyasət ortaya çıxarır. Paşinyan bu planı icra edən siyasi fiqurdur. Hesab edirəm ki, Paşinyan Qərbdən siyasi dəstək alacaq və Ermənistan parlamenti onun nəzarətinə keçəcək. Ancaq biz anlayırıq ki, həm qərbpərəst olmaq, həm də Rusiyadan hərbi dəstək almaq mümkün deyil.