XƏBƏR LENTİ

21 Yanvar 2019
20 Yanvar 2019

Digər Xəbərlər

03 Yanvar 2019 - 20:12

ADP sədri Sərdar Cəlaloğlu:"İran ətrafında destabilizasiya olunmuş böyük zona yaranacaq"

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Teleqraf.com-a müsahibə verib.

Strateq.az həmin müsahibəni təqdim edir:

– Sərdar bəy, ABŞ-ın Suriyadan hərbi qüvvələrini çıxarmasını necə izah etmək olar?

– ABŞ uzun illərdir ki, Suriyada hərbi baxımdan mövcud idi. Üstəlik, Yaxın Şərqdə əsas oyunçulardan biri hesab olunurdu. Suriyada ABŞ-la yalnız Rusiya müəyyən qədər rəqabət aparmaq imkanına malik idi. Ancaq 2018-ci ilin sonlarında Prezident Tramp qəfil elan etdi ki, ABŞ əsgərlərini Suriyadan çıxarmaq haqqında qərar qəbul edib. İlkin məlumat budur ki, ABŞ hərbi pesonalı qarşıdan gələn 3 ay ərzində Suriya hüdudlarını tərk edəcək. Tramp elan etdi ki, Suriyada İŞİD-ə sarsıdıcı zərbə vurulub, terror təşkilatı darmadağın edilib. Onun qalıqlarını isə Türkiyə və digər dövlətlər sıradan çıxaracaq. Məncə, bu məsələlərin görünən tərəfidir. Əslində ABŞ-ın Suriyanı tərk etməsi İranla bağlı planlardan qaynaqlanır. Hesab edirəm ki, ABŞ həm Suriya, həm də İranla bağlı eyni anda fəaliyyət göstərməyi ciddi nöqsan hesab edir. Bu səbəbdən də Suriyanı tərk edir və yaxın gələcəkdə əsasən, İran üzərində fokuslaşacaq. Hesab edirəm ki, ABŞ ordusunun Suriyadan çıxarılması İranla bağlı hazırlanan planın tərkib hissəsidir.

– ABŞ-ın Əfqanıstanı da tərk etmək istəyi nədən qaynaqlana bilər?

– Əfqanıstan kifayət qədər mübahisəli ərazidir. Bir vaxtlar Rusiya oranı tərk etdi və bura ABŞ daxil oldu. Görünür, ABŞ istəyir ki, Rusiyanı ikinci Əfqanıstan münaqişəsinə cəlb etsin. ABŞ-ın əsas siyasəti çox sadədir: nisbətən zəif dövlətləri hərbi münaqişəyə cəlb etmək, dövlət büdcəsini həmin münaqişəyə xərcləməyə sövq etməklə onu çökdürmək. Məsələn, SSRİ Əfqanıstana daxil olmuşdu, amma Əfqanıstandan çıxanda artıq SSRİ faktiki dağılmışdı. İranın özü Yəməndə, Liviyada, Suriyada və digər nöqtələrdə “Hizbullah”ı dəstəkləyir. Bu, İran dövlət büdcəsinin böyük bir hissəsini udur. Yəni ABŞ münaqişələr yaratmaq və istədiyi ölkəni buna cəlb etməklə onu zəiflədir. Məsələn, Ukrayna münaqişəsi yaradılıb və adama elə gəlir ki, burada Ukrayna tərəfi ciddi şəkildə uduzur. Amma qlobal səviyyədə Rusiya Ukraynada nə qədər çox hərbi əməliyyatlar aparsa, separatçılara hər cür dəstək versə, büdcə bir o qədər yüklənəcək. İndi də ABŞ Əfqanıstandan çıxmaqla bir boşluq yaradacaq, Rusiya isə bu boşluğu doldurmaq üçün nəticəsiz cəhdlərə başlayacaq. Beləcə Rusiya ikinci Əfqanıstan münaqişəsinə cəlb ediləcək.

Nəzərə alın ki, ABŞ Əfqanıstandan çıxdıqdan sonra faktiki burada yaranan vəziyyət Rusiyanı ciddi təhdid edəcək. Odur ki, Rusiya məcbur olub proseslərə müdaxilə edə bilər. Beləcə Rusiya Ukraynada, Yaxın Şərqdə, Əfqanıstanda münaqişəyə cəlb edilməklə iqtisadi baxımdan ciddi itkilərə məruz qalacaq. Bunu İranla bağlı da demək olar. İran körfəzində ABŞ-ın güclənməsi, Əfqanıstanda aranın qatışması İran üçün böyük təhlükədir. Üstəlik Əfqanıstanda yaranan vəziyyətin müəyyən mənada Pakıstana da təsiri olacaq. Beləliklə də, İran ətrafında destabilizasiya olunmuş böyük zona yaranacaq. Bu da İranın xarici iqtisadi əlaqələrinə ciddi təsir edəcək, həm də qığılcım hər an İranın daxilinə sıçraya bilər. Nəzərə alın ki, İranda əfqanlar, puştunlar, ərəblər yaşayır. Yəni asanlıqla İrana xaricdən idxal olunan münaqişələr yaradıla bilər. Fikrimcə, ABŞ-ın Suriya və Əfqanıstanla bağlı son siyasətindən bu nəticələri çıxarmaq olar. ABŞ uzun illərdir ki, Əfqanıstanda mövcuddur, orada özünə sərf edən rejim yarada bilib. Qəfildən niyə Əfqanıstanı tərk etməlidir?

Bütün sadaladıqlarım göstərir ki, ABŞ daha çox İran ətrafında destabilizasiya olunmuş zona yaratmaq istəyir ki, bu yolla onu ram etsin. Üstəlik Rusiyanı zəiflətsin. Hətta elə şərait yarana bilər ki, indi ABŞ-a qarşı müttəfiq olan Rusiya və İranın Əfqanıstanda maraqları toqquşa bilər.

– ABŞ prezidenti elan etdi ki, generalları Əfqanıstan üçün nə tələb edibsə, hamısını verib, lakin orada heç nəyə nail olunmayıb. Tramp xüsusilə qeyd edir ki, SSRİ kimi dövlət Əfqanıstana daxil olsa da, oranı tərk edəndə Rusiyaya çevrilməli oldu. Hətta əlavə edir ki, orada Pakistan, Hindistan və digər dövlətlər var. Bununla Prezident Tramp nələrə işarə edir?

– Bu saat ABŞ Rusiya və Çinlə rəqabət aparır. Trampın adını çəkdiyi ölkələrin bəziləri Rusiyanın, bəziləri Çinin yanındadır. Məncə, Trampın məqsədi rəqabət apardığı ölkələri münaqişəyə cəlb etməkdir. Nəyə görə, Hindistan gəlib Əfqanıstanda müharibə aparmalıdır? Əfqanıstanda radikal dini dövlətin yaranmasının Hindistana və ya Çinə nə aidiyyəti var? Məncə, məqsəd oradakı hadisələrin eskalasiya edilib qonşu dövlətlərə sirayət etdirilməsidir. Həm də dil siyasətçinin fikirlərini gizlətmək üçün lazımdır, danışmaq üçün deyil. Əgər söhbətdə Hindistanın və ya Pakistanın adı çəkilirsə, deməli məqsədlər çoxtərəfli, proses isə geniş olacaq. Üstəlik, ABŞ xaricdə müharibə vəziyyətində qoşunlarını geri çəkməklə həm də dünya iqtisadi böhranı çərçivəsində öz daxilindəki krizin də qarşısını almış olur. Təsəvvür edin, ABŞ hər əsgərə yüz minlərlə dollar xərc qoyur. Təkcə İraq müharibəsi üçün 50 milyarddan çox vəsait xərclənib. Əfqanıstana 100 milyarddan çox pul xərcləndi. İndi ABŞ əsgərlərini geri çəkməklə həm də xərclərinin qarşısını alır. Məsələn, ABŞ tələb edirdi ki, Suriyada olan əsgərlərinin xərclərini Səudiyyə çəksin. Çünki o qədər böyük hərbi xərclərdir ki, ABŞ bunu başqa ölkələrin çəkməsini istəyir. Bu, alınmayanda isə deyir ki, buyurun, gedin, özünüz orada iştirak edin.

– İranla bağlı durum hansı ssenari üzrə inkişaf edəcək?

– Məncə, İranı Suriya və ya İraqın vəziyyətinə salmaq istəmirlər. Sadəcə Tramp Şimali Koreya ilə olduğu kimi, İran rəhbərliyi ilə də danışaraq bəzi məsələlərdə şərtləşmək niyyətindədir. Bu səbəbdən də təzyiqlər edir. Odur ki, İranı parçalamaq, dağıtmaq, sıradan çıxarmaq kimi bir niyyət yoxdur. Məqsəd İranın siyasətinə təsir etmək, onu dəyişdirməkdir.

– İndiki halda Yaxın Şərqdə Türkiyənin rolu və gələcək perspektivini necə qiymətləndirirsiniz?

– Türkiyənin Yaxın Şərq siyasətinin yalnız bir izahı var-özünü qorumaq. Türkiyə ABŞ və ya İran kimi hansısa bölgədə siyasi, silahlı qüvvələrə dəstək vermək, prosesə müdaxilə etmək yolunu tutmayıb. Türkiyə sadəcə olaraq, özünün müstəqilliyinə və dövlət təhlükəsizliyinə təhdid yaradan halları aradan qaldırmaq üçün bəzən əməliyyatlar aparır. ABŞ Suriyada olanda açıq formada PKK-ya dəstək verir, onu silahlandırırdı. Artıq ABŞ faktiki Suriyada yoxdur. Deməli PKK-ya silah verən, ona təlim keçən olmayacaq. Bu səbəbdən PKK istər-istəməz Türkiyə üçün real təhlükə törətməyəcək. Üstəlik məcbur olub Əsəd rejimi və ya ruslarla danışığa getməli olacaq. Digər tərəfdən, Türkiyə Menbiçə daxil olarkən, az itki verməklə böyük effekt əldə etmək niyyətindədir. Odur ki, indi təzyiqi artırır. Hesab edirəm ki, Türkiyə çox düzgün siyasət aparır, fəaliyyətində BMT-nin əsasnaməsini əsas götürür. Nəzərə alın ki, II Dünya Müharibəsi zamanı SSRİ də bu ad altında İrana daxil olmuşdu. Bu baxımdan, əgər sabah Menbiçdə Türkiyə üçün təhdid yaranarsa, ordu əməliyyata başlayacaq. Ancaq hazırda Türkiyə prosesi müşahidə edir və böyük ehtimalla bu proses onun xeyrinə başa çatacaq. Məlumatlar var ki, terrorçular olduğu əraziləri Bəşər Əsədə təhvil verir. Rejim də Rusiyanın təsiri altındadır. Deməli mümkündür ki, oradan Türkiyə üçün problem olmasın. Mümkün görünən problemi də Əsəd rejimi aradan qaldırsın. Əslində bu məsələlərə Türkiyə-Suriya aspektindən deyil, Rusiya-Türkiyə, ABŞ-Türkiyə aspektində baxılmalıdır. Bu yaxınlarda Türkiyə prezidenti Rusiya prezidenti ilə görüşəcək. Yəni proseslər Ankaranın arzu etdiyi istiqamətdə gedir.