XƏBƏR LENTİ

16 Oktyabr 2019
15 Oktyabr 2019

Digər Xəbərlər

29 Aprel 2015 - 10:18

“Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə hələlik yeganə sənəd Moskva Bəyannaməsidir” – MÜSAHİBƏ

karasin.jpg

Rusiya xarici işlər nazirinin müavini, XİN-in stats-katibi Qriqori Karasinin APA-nın Moskva müxbirinə eksklüziv müsahibə verib.

Strateq.az müsahibəni oxuculara təqdim edir:

– Qriqori Borisoviç, Rusiya və Azərbaycan arasındakı münasibətləri necə qiymətləndirirsiniz?

– Azərbaycan Rusiyanın vacib strateji tərəfdaşıdır. Bizim münasibətlərin əsasında bərabərhüquqlu prinsiplər və mehriban qonşuluq, çoxəsrlik dostluq ənənələri və qarşılıqlı hörmət dayanır. ölkələrimiz arasındakı qarşılıqlı fəaliyyətin inkişafı Cənubi Qafqaz və Xəzər regionunda sabitliyin möhkəmlənməsinə kömək edir.

İntensiv siyasi dialoq bizim çoxşaxəli əlaqələrimizə güclü təkan verir. Dövlət başçılarımız Vladimir Putin və İlham Əliyev arasında açıq və etibarlı münasibətlər formalaşıb. 2014-cü ildə prezidentlər üç dəfə görüşüblər. Prezident İlham Əliyev cənablarını mayın 9-da gözləyirik. O, bizim prezidentin Böyük Vətən müharibəsində qələbənin 70 illiyinə həsr olunan tədbirlərdə iştirakla bağlı dəvətini məmnuniyyətlə qəbul edib.

Parlamentlər xətti ilə, baş nazirin müavinləri və əsas dövlət orqanlarının rəhbərləri səviyyəsində çoxsaylı əlaqələr dəstəklənir. Hal-hazırda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Moskvaya rəsmi səfərinə hazırlıq gedir. Azərbaycan tərəfindən Rusiyanın regionlarına maraq artır. 2014-cü ildə Rusiyanın 22 subyektindən nümayəndə heyəti Azərbaycana səfər edib.

Rusiya Azərbaycanın aparıcı xarici iqtisadi tərəfdaşı kimi mövqelərini möhkəmləndirib. Keçən ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi rekord səviyyəyə – 4,008 milyard ABŞ dollarına çatıb. İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya öz işini xeyli aktivləşdirib. 2020-ci ilə qədər olan dövrə aid iqtisadi əməkdaşlıq proqramının hazırlanması son mərhələyə qədəm qoyur. İnvestisiya sahəsində əməkdaşlığın fəallaşması 2014-cü ilin sentyabrın 29-da Həştərxanda imzalanmış kapital qoyuluşunun qarşılıqlı qorunması və genişləndirilməsi haqda müqavilənin xidmətidir.

Rusiya Birbaşa İnvestisiya Fondu və Azərbaycan Respublikası Dövlət Neft Fondunun bazasında Rusiya-Azərbaycan İnvestisiya Platformasının yaradılması haqda Memorandum layihəsi üzərində iş əhəmiyyətli dərəcədə irəliləyib. Enerji sahəsində qarşılıqlı fəaliyyətin koordinasiya edilməsi üzrə yüksək səviyyədə işçi qrupun formalaşdırılması prosesi gedir. İkitərəfli iş və regionlararası əlaqələrin möhkəmlənməsində mühüm rolu ümumrusiya Sərgi Mərkəzində Azərbaycan Sərgi-Ticarət Mərkəzi oynayacaq, belə bir mərkəzin yaradılması haqqında 2014-cü ilin sentyabrında Bakıda razılıq əldə olunub. Qarşılıqlı ticarət axınının genişləndirilməsi Rusiya-Azərbaycan sərhədində nəqliyyat infrastrukturunun inkişafına da kömək edir. Samur çayı üzərindən yeni avtomobil körpüsünün tikintisi gündəmdə olan məsələdir.

Azərbaycanda rus dilinin dövlət səviyyəsində dəstəklənməsinə və xalqlarımızın ümumi mədəni köklərinə əsaslanan humanitar əlaqələrimiz böyük əhəmiyyət kəsb edir. Bu sahədə əlaqələrimizin inkişafında illik Bakı Beynəlxalq Humanitar Forumunun xüsusi yeri var. Elm və mədəniyyət xadimlərimizin Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında 2011-ci ildən fəaliyyət göstərən bu qarşılıqlı fəaliyyət formatı dövrümüzün aktual problemlərinin müzakirə olunduğu məşhur foruma çevrilib.

Bu il Bakı qitənin tarixində ilk dəfə Avropa Oyunlarını qəbul edir. Bilirik ki, Azərbaycan bu əlamətdar tədbirin keçirilməsinə ciddi hazırlaşır. Moskvada Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və iştirakı ilə “Bakı-2015” Avropa Oyunlarının təqdimatı böyük təəssürat oyatdı. Məlum olduğu kimi, Bakıda keçiriləcək Avropa Oyunlarında tərkibində 300-ə yaxın idmançının təmsil olunduğu Rusiya komandası da iştirak edəcək. Azərbaycan dostlarımıza oyunların keçirilməsində uğurlar arzu edirik.

– Ukrayna məsələsində Rusiya Azərbaycanın tutduğu mövqeyi necə qiymətləndirir?

– Əlbəttə ki, bizim üçün dost Azərbaycanın Ukrayna və Krım ilə bağlı ölçülüb-biçilmiş mövqeyi böyük əhəmiyyət kəsb edir. Burada Bakının bir daha müstəqil xarici siyasət kursunun təzahürünü görürük, hansı ki, konyuktur mülahizələrlə deyil, strateji maraqlarla müəyyən edilir. Buradan ölkənin yad geosiyasi layihənin əsiri olmayacağının təminatı görünür, necə ki, bu, təəssüflər olsun ki, Ukraynada baş verdi. Azərbaycan beynəlxalq anti-Rusiya kampaniyasına qoşulmadı. Biz bunu qiymətləndiririk. üstəlik, ölkəmizə qarşı tətbiq olunan sanksiyalar fonunda Azərbaycandan Rusiyaya göndərilən kənd təsərrüfatı məhsullarının həcminin artırılması üzrə birgə iş başladı. İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın (2014-cü il, Bakı) qərarına görə, kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzrə işçi qrup yaradılıb. Bu günlərdə (15-16 aprel tarixlərində) həmin işçi qrupun ilk iclası keçirilib.

– Rusiya və Azərbaycan arasında sərhədlərin demarkasiyası prosesi necə gedir?

– Dövlət sərhədinin demarkasiyası Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 2010-cu ilin sentyabrın 3-də imzalanan “Dövlət sərhədi haqqında” müqavilənin 5-ci maddəsinə uyğun birgə demarkasiya komissiyası tərəfindən həyata keçirilir. Komissiyanın Rusiya tərəfdən tərkibi hökumətin qərarı ilə 6 mart 2012-ci il tarixində formalaşdırılıb.

Komissiyanın iki iclası və işçi qrupun üç görüşü keçirilib. Azərbaycan-Rusiya sərhədinin demarkasiyası üzrə fəaliyyəti tənzimləyən 10-dan çox qayda, təlimat və normativ-hüquqi sənədlər işlənib hazırlanıb. Hal-hazırda komissiya dövlət sərhədi xəritəsinin yaradılması və demarkasiyanın topoqrafiya-geodeziya təminatının digər məsələləri üzərində çalışır. Qeyd edim ki, Rusiya-Azərbaycan Demarkasiya Komissiyasının üçüncü iclası aprelin 21-23 tarixlərində Moskvada keçirilib.

– Bakıda Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupun son görüşündə Konvensiyanın böyük hissəsi üzrə razılığın əldə olunduğu bildirildi. Astanada keçirilməsi planlaşdırılan zirvə görüşü Konvensiyanın qəbulu ilə bağlı son görüş ola bilərmi və ümumiyyətlə, hansı məsələlər razılaşdırılmamış qalır və hansı dövlətlər arasında fikir ayrılıqları var?

– Xəzər məsələsində Rusiya və Azərbaycanın mövqeyi bir çox məsələlərdə üst-üstə düşür. ümumilikdə biz Xəzərin hüquqi statusuna dair Konvensiya layihəsi üzrə beştərəfli danışıqlarda inkişafın olmasından razıyıq. Hesab edirik ki, danışıqların bu ilin martında Bakıda keçirilən son mərhələsi açıq qalan məsələlərdə sahilyanı ölkələrin mövqelərinin yaxınlaşmasına kömək edib. Bu istiqamətdə inkişaf keçən il Həştərxanda keçirilən Xəzəryanı ölkə başçılarının IV sammitində əldə olunan razılaşmalar əsasında mümkün olub. Bu razılaşmalar əsasında Qazaxıstanda keçiriləcək Xəzəryanı ölkə başçılarının növbəti görüşünə qədər hazır sənəd ortaya qoymaq tam realdır. Sualınızın son hiss
əsinə gəldikdə isə, xatırlatmaq istəyirəm ki, bütün tərəflərin razılığına əsasən danışıqlar konfidensial rejimdə aparılır. Təcrübə göstərir ki, bu cür yanaşma özünü doğruldur, lazımsız ictimai polemikalardan yayınmağa, açıq müzakirələr aparmağa kömək edir. İcazə verin, mən də bu razılaşmaya riayət edim.

– Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir. Minsk Qrupunun fəaliyyətində heç bir irəliləyişin olmadığı ilə bağlı fikirlər səsləndirilir və formatın dəyişməsinin vacibliyi, xüsusilə Almaniya və Türkiyənin həmsədr ölkə olması kimi təkliflər irəli sürülür. Buna münasibətiniz necədir?

– Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri kimi iki onillik ərzində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində aktiv rol oynamağa davam edir. Coğrafi yaxınlıq və xalqlarımızın ümumi tarixini nəzərə alaraq konfliktin həll edilməsi bizim üçün mühüm əhəmiyyət daşıyır. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində tərəflərə kömək etmək Rusiyanın xarici siyasətinin prioritetləri sırasına daxildir. Bu barədə birbaşa olaraq Rusiya Federasiyasının xarici siyasət konsepsiyasında deyilir. Ona görə də, Azərbaycan və Ermənistan prezidentlərinin 30-dan çox görüşü tənzimlənmənin müəyyən dövrlərində üçtərəfli formatda Rusiyanın iştirakı ilə keçirilib. Bu yolda ən mühüm mərhələ 1994-cü ildə atəşkəs haqqında müqavilənin bağlanması və 1995-ci ildə atəşkəs rejiminin möhkəmləndirilməsi, 2008-ci ildə Rusiyanın birbaşa vasitəçiliyi ilə qəbul olunan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə hələlik yeganə sənəd olan Moskva Bəyannaməsidir. Bu sənəddə Azərbaycan və Ermənistan prezidentlərinin imzaları var.

İlham Əliyevlə Serj Sarkisyanın Vladimir Putinin iştirakı ilə axırıncı görüşü 2014-cü ilin 10 avqustunda Soçidə keçirilib. Münaqişənin siyasi tənzimlənməsindən başqa, görüşdə tərəflər arasında gərginliyin yaşanması ilə bağlı məsələlər müzakirə olunub. Görüşün nəticəsi olaraq keçən il iyulun sonlarında, avqustun əvvəllərində münaqişə zonasında insan itkilərinə səbəb olan silahlı qarşıdurmanın səviyyəsi azaldı.

Yeri gəlmişkən, Türkiyə və Almaniyanın da fəal iştirakçısı olduğu ATƏT-in Minsk Qrupunun əsas vəzifəsi münaqişə tərəflərinə yardım etməkdir. Bununla yanaşı, qeyd etmək istəyirəm ki, vasitəçilər kömək edə, düyünün açılması üçün təklif verə bilərlər. Lakin münaqişənin tənzimlənməsi onlardan asılı deyil, tərəflərdən asılıdır. Bu, bütün nizamlanmalar üçün aksiomadır. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsi, nə qədər dərin və mürəkkəb olsa da, istisna deyil.

Dağlıq Qarabağ münaqişəsinin həllinə dair haradansa kənardan sehrli reseptlərin peyda olacağına tərəflər də, həmsədrlər də ümid etməməlidir. Bu yolu yalnız o yolda hərəkət edənlər gedə bilər.

Hesab edirəm ki, Minsk Qrupunun və həmsədrlərin fəaliyyəti çərçivəsində nadir vasitəçilik təcrübəsi toplanıb. Qarabağ məsələsinin həssaslığı nəzərə alınaraq ATƏT-in Minsk Qrupunun formatını dəyişdirmək cəhdləri danışıqlar prosesinin pozulmasına və tərəflərin mövqelərində geriləmələrə gətirib çıxara bilər.




Yuxarı Əvvələ Ana Səhifə