XƏBƏR LENTİ

20 Mart 2019
19 Mart 2019

Digər Xəbərlər

12 Mart 2019 - 23:02

Sabiq spiker Yaqub Məmmədov:"Onun hakimiyyət dövrü çox qısa olacaq"

Azərbaycan Ali Sovetinin keçmiş sədri, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Yaqub Məmmədov Teleqraf.com-a müsahibə verib.

Strateq.az həmin müsahibəni təqdim edir:

– Yaqub müəllim, Ermənistan Baş naziri Nikol Paşinyanın ölkəsinin təhlükəsizlik şurasının toplantısını Xankəndində keçirməsini necə şərh edirsiniz?

– Azərbaycan dövlətinin icazəsi olmadan Paşinyanın səlahiyyəti yoxdur ki, bizim tarixi torpaqlarımızda bu cür tədbirlər, əslində isə təxribatlar həyata keçirsin. Sadəcə, onlar o dərəcədə həyasızlaşıblar ki, hər şeyi öz bildikləri şəkildə həyata keçirirlər. Paşinyan siyasi fiqur kimi gah nala, gah da mıxa vurur. Bəyanatlarından belə aydın olur ki, sən demə, onun heç Qarabağla bağlı danışıqlar aparmaq səlahiyyəti yoxdur.

Hər halda Paşinyanın fikirlərindən belə anlaşılır ki, yaxın dövr üçün Qarabağ münaqişəsinin həllinə dair heç bir irəliləyiş baş verməyəcək. Paşinyan və onun güc strukturlarına rəhbərlik edən şəxslər çox aqressiv danışırlar. Açıq bəyan edirlər ki, torpaq verməyəcək, ərazilərimizi azad etməyəcəklər. Bu tərəfdən də həmsədrlər görüş təşkil etmək niyyətində olduqlarını ifadə ediblər. Mürəkkəb durum yaranıb.

– Xankəndində Ermənistan dövlət təhlükəsizlik şurasının iclasını keçirməklə bizə hansı mesajlar verilir?

– Onu demək istəyirlər ki, torpaqlar da, Qarabağ da bizimdir. Nə istəyiriksə, onu da edəcəyik. Bu faktiki meydan sulamaqdır. Hesab edirəm ki, həm diplomatik kanallar, həm də hərbi yollarla onların burnunu əzmək lazımdır. Mən bunu vacib hesab edirəm.

– Paşinyan bir müddət əvvəl bildirirdi ki, Qarabağla bağlı sülh danışıqlarını aparmaq səlahiyyəti yoxdur, bu danışıqları Dağlıq Qarabağdakı separatçı rejim aparmalıdır. Sizcə, Paşinyan bununla nə demək istəyir?

– Onun bu gedişlərinə qiymət vermək üçün bir qədər zaman lazımdır. İndi ATƏT-in Minsk qrupunun həmsədrləri bəyan edib ki, Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünü hazırlayırlar. Fikrimcə, bu görüşdən sonra konkret fikir bildirmək olar. Hesab edirəm ki, indi Ermənistan tərəfindən verilən bəyanatlar olduqca aqressivdir.

– Qarabağdakı separatçıların danışıqlar prosesinə qatılmasını mümkün hesab edirsinizmi?

– Xeyr, bu tamamilə mənasız bir gedişdir. Qarabağdakı separatçı və cinayətkarların heç bir halda danışıqlar prosesində iştirakına yol vermək olmaz. Danışıqların indiki formatını dəyişməyə ehtiyac yoxdur. Neçə illərdir ki, danışıqlar bu tərkibdə aparılır və bundan sonra da belə olmalıdır. Ümumiyyətlə, burada aqressor tərəf Ermənistandır. Dağlıq Qarabağda olan ermənilərin hansı gücü və potensialı vardı ki, gəlib bizim 20 faiz ərazilərimizi işğal etsin? Burada bilavasitə torpaqlarımızı işğal edən Ermənistan dövlətidir və danışıqlarda da bu dövlət iştirak etməlidir.

– ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatını necə xarakterizə edirsiniz?

– Əslində Minsk qrupu son bəyanatında biz dediyimizi təkrar etdi. Həmsədrlər də deyir ki, danışıqların formatı dəyişməyəcək. Azərbaycan rəhbərliyi də dəfələrlə bəyan edib ki, danışıqların indiki formatı heç bir halda dəyişdirilə bilməz. Hesab edirəm ki, Ermənistan tərəfinin bu bəyanatlarına baxmayaraq, danışıqlar formatının tərkibi dəyişdirilə bilməz. Bunun üçün ən azından Azərbaycanın da razılığı olmalıdır. Sadəcə, çox təəssüflər olsun ki, beynəlxalq güc mərkəzləri, Minsk qrupu, həmsədrlərin təmsil etdiyi dövlətlər Ermənistana yerinə göstərmək üçün ona təzyiqlər etmir. Bəyanatlar verməklə öz işlərini başa çatmış hesab edirlər. Uzun illərdir ki, bəyanatlar verirlər, amma real olaraq dəyişikliklər baş vermir.

– Siz də bir zamanlar bu prosesin içində olmusuz, düzdür, o zaman Minsk qrupu yox idi, amma müəyyən danışıqlar və təmaslar olurdu. Niyə beynəlxalq qurumlar və güc mərkəzləri Ermənistanın bu məntiqsiz davranışlarına dözürlər?

– Mənim dövrümdə ATƏT bu fəaliyyətə yenicə başlamışdı, Minsk qrupu yeni yaranmışdı. Biz İranda görüşən zaman onlar ora gəlməli idi. O zaman İtaliyanın xarici işlər naziri Rafaelli bu prosesdə iştirak edirdi, eləcə də Çexslovakiyanın xarici işlər naziri. Onlar Tehrana gəlmədilər.

– Niyə gəlmədilər?

– Müəyyən bəhanələrlə gəlmədilər. İndi də görürsünüz ki, bəyanatlar verirlər, lakin ortalıqda real iş, irəliləyiş yoxdur.

– Hansı ana qədər belə bəyanat olacaq və münaqişəyə dair irəliləyiş olmayacaq?

– Zaman tədricən yetişir ki, biz öz gücümüzü göstərək. Bizim də hərbi potensialımız və imkanımız kifayət qədər genişdir. 1992-1993-cü illərdə belə hərbi potensialımız yox idi. İndi imkanımız var ki, öz problemimizi həll edək.

– Müharibə ilə?

– Fikrimcə, bu cür də olacaq. Proseslərin gedişi onu göstərir.

– Azərbaycan ordusu dünəndən geniş miqyaslı hərbi təlimlərə başlayıb. Bu, Paşinyanın Xankəndinə səfəri ilə eyni günə təsadüf edir. Sizcə, bu iki hadisə arasında paralellik aparmağa dəyərmi?

– Birincisi, Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimlərə başlamasını çox əhəmiyyətli hadisə hesab edirəm. Düşünürəm ki, Azərbaycan ordusunun gücünü qarşı tərəfə nümayiş etdirmək lazımdır və indiki halda bu güc nümayiş olunur. Yəni artıq bəyanatlar verməyin, güc və imkanımız çatır ki, sizinlə başqa dildə danışaq. Bu, Paşinyana veriləcək ən yaxşı mesajdır. Sözsüz ki, hətta təsadüfən üst-üstə düşsə belə, 10 minlik ordunun təlimi Paşinyanın Xankəndi səfərinə bir cavabdır. Qoy görsün ki, hansı texnika, ordu təlim keçir və hansı imkanlara malikdir.

– Region dövlətlərinin Azərbaycanla münasibətlərini necə qiymətləndirirsiniz?

– Hazırda İran və Rusiya rəhbərliyi ilə bizim ölkə rəhbərliyi arasında münasibətlər çox yaxşıdır. Hesab edirəm ki, görüşlər zamanı onlarla daha yaxından işləməliyik. Əgər bu ölkələrin neytral olmasını təmin edə bilsək, Qarabağımızı azad etmək şansı əldə edə bilərik. İran və Rusiya hər dəfə bizim ərazi bütövlüymüzü tanıdıqlarını bildirir, Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi çərçivəsində həll edilməsinin vacibliyini qeyd edirlər. Bu, sadəcə bəyanatdır və onu rhəyatda həyata keçirmək lazımdır. Odur ki, onların Ermənistana təzyiqi güclü olmalıdır. Və ya neytral mövqe tutsalar, biz ordumuz vasitəsilə işğal olunan ərazilərimizi azad edə bilərik.

– 2019-cu ildə Qarabağ danışıqlarında irəliləyiş baş verə bilər, yoxsa müharibə?

– Hesab edirəm ki, bu barədə hər iki ölkə rəhbəliyinin hazırlanan görüşündən sonra nəsə demək olar. Gözləyək və görək ki, bu görüşlər bizə nə verəcək. Əgər, bu görüşlər əvvəlkilərin davamı kimi olsa, deməli irəliləyiş baş verməyəcək. Yəni belə çıxacaq ki, danışıqlar yolu heç nə həll etmək mümkün deyil. O zaman hərbi variant daha qabarıq formada ortaya çıxa bilər.

– Sizcə, Paşinyan erməni xalqının, Rusiyanın, yoxsa Qərbin adamıdır?

– Hələlik bu, müəyyən deyil. Paşinyan o tərəfə də, bu tərəfə də qaçır, təmaslar qurur. Onun qəti mövqeyi və siyasəti məlum deyil. Mən hesab edirəm ki, Paşinyanın hakimiyyət dövrü çox qısa olacaq. Nəzərə alın ki, Ermənistan daxilində gedən proseslər, onun güc mərkəzləri arasında ora-bura qaçması da göstərir ki, durumu o qədər də rahat deyil.





Yuxarı Əvvələ Ana Səhifə