XƏBƏR LENTİ

16 Sentyabr 2019

Digər Xəbərlər

18 May 2019 - 14:30

Əli Əlirzayev:"Azərbaycanda yüz nəfərdən biri bəlkə də mənəm ki, xalqa bu qədər xeyir vermişəm"

Sabiq deputat, məşhur “91-lər”dən olan iqtisad elmləri doktoru, professor Əli Əlirzayev “AzPolitika.info”-ya müsahibə verib. Müsahibəni Strateq.az oxucularına təqdim edirik.

– Əli müəllim, bir zamanlar istər parlamentdə, istərsədə parlamentdən kənarda çox aktiv fəaliyyətiniz vardı. Lakin son illər proseslərdən kənarda qalmısınız. Bunun səbəbi nədir?

– Mənim indi siyasətlə məşğul olmalı vaxtım deyil. Tələbələrim, ailəmlə, gündəlik qayğıların həlli ilə məşğulam. Eyni zamanda mənə müraciət ediləndə çalışıram ki, cavab verim. Üstəlik, nəzərə alın ki, mənim işim, həyatım elə siyasətdir. İqtisadi məsələlərə, cəmiyyətdə olan hadisələrə həm vətəndaş, həm də alim kimi yanaşıram. Eyni zamanda Yeni Azərbaycan Partiyasının üzvüyəm. Başqa nə olacaq ki? Hər adamın bir dövrü var…

– Siz, Heydər Əliyev yaxın silahdaşı, YAP-ın qızıl fondu kimi təqdim olunan “91-lər”dənsiniz…

– Bu artıq mənim keçmişimdir. Mən fəxr edirəm ki, belə keçmişə malikəm, bu hökumətin yaranmasında rolum olub. Bəzən keçmiş haqqında xatırlayanda öz-özlüyümdə düşünürəm ki, doğrudanda ağır günlər idi. Heydər Əliyevin arxasında duran adamlardan indi həyatda çox azı qalıb və onlardan biri də mənəm. Heydər Əliyevin yanında olmuşam, tapşırığını yerinə yetirmişəm. Bu mənim üçün fəxrdir. Gənc adamlar bu məsələləri bilmək üçün kitab oxumalı, əsər tapmalıdır. Mənsə birbaşa Heydər Əliyevin yanında, hadisələrin mərkəzində olmuşam. Bəzən universitetdə tədbirlər olanda mənə söz verilir və danışıram. Heydər Əliyevin Naxçıvan həyatı, iqtisadiyyata münasibəti, YAP-ın yardılması və digər məsələlərlə bağlı danışıram. Mən onun yanında olan şəxsəm, bunu unutmaq olmaz. Unutsam, özümü inkar etmiş olaram.

– Deyirsiniz ki, zamanında Heydər Əliyevin yanında olan şəxslərdən indi həyatda çox az adam qalıb. Bu adamlar bir-birilə əlaqə saxlayıb, görüşürmü?

-Təsəvvür edin ki, o zaman, ən ağır dövrlərdə Heydər Əliyevin arxasında duran şəxslərin içərisində bəlkə də ən cavanı mən idim, haradasa 45-50 yaşım olardı. İndi 70 yaşı keçmişəm. 30 il az tarix deyil. Mən bu yaxınlarda “Kişilər” adlı kitabı qələmə alacağam. Obraz kimi özümü götürsəm də, tələbəlik dövründən indiyə qədər gördüyüm kişilərin mənə münasibətini və özümün münasibətini ifadə edəcəyəm. Hesab edirəm ki, tərbiyəvi əhəmiyyət də kəsb edir.

Əlaqə saxlamağa gəlincə, YAP-da olan adamlarla düşmən deyilik. Azərbaycan balaca ölkədir, xeyirdə-şərdə görüşürük, bir-birimizi təbrik də edirik. Keçmişdən çox az adam qalıb. Ancaq tam əlaqənin olduğu, nəsə fikirləşək kimi bir şey yoxdur. Şəxsən mənim heç kimlə münasibətim yoxdur. Ancaq elmdə, təhsildə, konfranslarda iştirak edirəm. Respublika daxilində keçirilən YAP-ın tədbirində iştirak etmirəm, çünki çağırılmayan yerə gedə bilmərəm.

– Zamanında Heydər Əliyevin yanında olan və hazırda sağ olan insanlara qiymət verilirmi, məsələn, siz özünüzə münasibətdən razısınızmı?

– İndi qiymətin verilib-verilməməsi nisbi məna daşıyır. Doğrudan da elə adamlar var ki, onlar yaxşı təqaüd alır, normal şəraiti var, özü işləməsə də övladları işləyir. Elələri var bizneslə məşğuldur. Mən kafedra müdiriyəm. Yaşım da yetmişi keçib. Bu yaşdan sonra neyləyə bilərəm? Məni vəzifəyə qoysalar da getmərəm…

– Demək bütün arzu və istəkləriniz həyata keçirilib…

– Siz də bilirsiniz, mənim üçün vacibi akademik olmaq idi. Bunu etsəydim, çox gözəl olardı. Ancaq məni seçmirlər…

– Niyə? Professor, “91-lər”dən biri, onlarla alim yetişdirmiş Əli Əlirzayev nə üçün akademik ola bilməz?

– Bilirsinizmi, indiyə qədər mən üç dəfə namizədliyimi vermişəm. Bir dəfə səs almamışdım və bunu təbii qarşıladım. Çünki özüm də cavan idim. İkinci dəfə 17 səs almışdım. Rəhmətlik akademik Cəmil Quliyev mənə dedi ki, çəkil. İndi baxıb görürəm elə adamlar gəlib akademik olublar ki, həm deputatdırlar, həm də digər vəzifələrdə çalışırlar. Mən bəzən öz-özümə düşünürəm ki, niyə mənə akademik olmaq olmaz, mən neyləmişəm ki?… İnanın, mən vəzifə, başqa şey arzulamıram. Əmək haqqım da, təqaüdüm də normaldır və ailəmi dolandıra bilirəm. Düzdür, başqa yerdən gəlirim yoxdur, ancaq əməkhaqqı ilə dolanıram və heç nədə də gözüm yoxdur. Bu yaşda yaşayırımsa, deməli Allahın mənə lütfüdür. Ancaq hesab edirəm ki, Azərbaycanda akademik seçilməyə stajı və elmi çatan beş nəfər varsa, onlardan biri də mənəm…

– Son zamanlar “91-lər”dən olan bəzi şəxslərin açıqlamaları oldu. Məsələn, Əli Nağıyevin tənqidi bəyanatlarına münasibətiniz necədir?

– Açığı maraqlanmadım. Heç başqaları haqqında danışmaq niyyətində də deyiləm. Mən aliməm və elmi məsələlər haqqında danışmağa hazıram. Eyni zamanda ölkəmizin gələcəyi üçün elm adamlarının yetişməsinə köməkliyimi edirəm. Kimin nə danışması, kimlə danışması şəxsən mənə artıq maraqlı deyil. Onun da bir dövrü, vaxtı var idi. Mən həmişə bir nəfərə hörmət etmişəm, o da Heydər Əliyevdir. YAP-da elə adamlar vardı ki, Nərimanov prospektində otururdular. Onlardan soruşmaq lazımdır. İndi onların bəziləri vəzifədə, bəziləri də işsizdir. Mənim keçmiş adamlarla heç bir əlaqəm yoxdur.

– Yəqin ki, o dövrdə Əli İnsanovla əlaqəniz olub…

– Əli İnsanovla parlamentdə oturmuşam. Onunla başqa münasibətim olmayıb, indi də yoxdur.

– Belə iddialar var ki, İnsanov partiya yaradır, köhnə YAP-çıların bəziləri onun partiyasında toplaşa bilər. Bunu nə dərəcədə mümkün sayırsınız?

– Mən bunu bilmirəm, bu barədə də maraqlanmıram. Mənim o qədər qayğılarım var ki… Yoldaşım xəstədir, vəziyyəti yaxşı deyil. Özümün şəkəri demək olar ki, hər gün qalxır. Odur ki, belə məsələlərə diqqət ayırmağa vaxtım yoxdur. İndi yaşayıramsa, bu böyük nemətdir, bir də eşidəcəksiniz ki, artıq Əli Əlirzayev yoxdur.

– Əli müəllim, 90-cı illərdən Heydər Əliyevi müdafiə etmisiniz. Sizinlə yanaşı onlarla, yüzlərlə insan bu prosesdə iştirak edib və onların bəziləri hazırda böyük vəzifələr tutur. Onlarla, məsələn, Ramiz Mehdiyevlə, Novruz Məmmədovla və digər vəzifəli şəxslərlə münasibətiniz, əlaqəniz varmı?

– Onların çoxunu 40 il əvvəldən tanıyıram. Onların da mənə, mənim də onlara yaxşılığım olub. Ramiz Mehdiyev xırda adam deyil, hələ SSRİ zamanı Kommunist Partiyasının başında dayan şəxslərdən biri, respublikada ikinci adam idi. Mən ona hörmətlə yanaşmışam, özümə qarşı da bu münasibəti görmüşəm. Ramiz Mehdiyev məni prorektor vəzifəsinə qoyub, qəbul edib. Mən də çalışdığım qədər qarşı tərəfə hörmət etmişəm. Ramiz Mehdiyev o zaman Naxçıvan Muxtar Respublikasından deputatlığa namizədliyini vermişdi. Ona kömək etmişəm, əlaqə saxlamışam. Yaxşı məsləhətlər verirdi. Milli Məclisdə deputat olduğum zaman da mənə dəstək olub, hətta məni qabağa verib ki, bu məsələlərlə bağlı mənim fikrim daha yaxşıdır. Ramiz müəllim alim adamdır, bilir ki, mənim hansı potensialım var. Bu mənada da hər zaman qarşılıqlı hörmət olub. Digərlərinə gəldikdə, deyim ki, mən Milli Məclisdə indiki Prezident İlham Əliyevlə bir yerdə oturmuşam, ondan nehrəmlilərlə bağlı bəzi xahişlərim olub və çox sağ olsun ki, buna dəstək verib. Və yaxud Naxçıvanda İlham Əliyevin görüşünə heç kim getmirdi, o zaman mən Heydər Əliyevin yanında İlham Əliyevlə görüşmüşəm. İlham Əliyev o zaman Türkiyədən atasının yanına gəlib-gedirdi. Orada bir-birimizi tanımışıq. Bunların hamısı tarixdir. Odur ki, mən insanlardan narazı deyiləm. Kimsə nəsə eləməlidir və eləmirsə, deməli nəyimsə çatmır. Amma cəmiyyət və xalqa, dövlətçiliyə layiq adamam. Azərbaycanda yüz nəfərdən biri bəlkə də mənəm ki, xalqa bu qədər xeyir vermişəm…





Yuxarı Əvvələ Ana Səhifə