XƏBƏR LENTİ

18 Avqust 2019
17 Avqust 2019

Digər Xəbərlər

26 May 2019 - 11:22

“BİZ BÖYÜK OYUNUN “PEŞKALARI”YIQ” DEYƏN YAQUB MƏMMƏDOV:"Vəzifəyə mən özüm gəlmədim, məni gətirdilər" - MÜSAHİBƏ

Azərbaycan Milli Məclisinin keçmiş sədri, Azərbaycanın ən qarmaqarışıq dövründə prezident səlahiyyətlərini icra etmiş professor Yaqub Məmmədovun “AzPolitika.info”-ya müsahibəsini təqdim edirik:

– Yaqub müəllim, siz Ali Sovetin sədri olanda Şuşa şəhəri ermənilər tərəfindən işğal olundu. İddialar var ki, bu, düşünülmüş oyun olub. Çünki bu hadisədən sonra Ayaz Mütəllibov hakimiyyətə qayıtmağa cəhd etdi, AXC isə Mütəllibovu qovaraq iqtidarı əlinə keçirdi. Ümumiyyətlə, Şuşanın işğalından sonra ölkənin başçısı kimi hansı addımları atdınız?

– Məhz bu hadisədən sonra mənim göstərişimlə cinayət işi açıldı, istintaq başlandı. Amma mən “yola salındıqdan” sonra vəziyyət dəyişdi. Yəni vəziyyət başqa istiqamətdə inkişaf etməyə başladı – Mütəllibov hakimiyyətə qayıtmağa cəhd etdi, Xalq Cəbhəsi isə ona bu imkanı vermədi. Hərə öz marağına uyğun işi apardı.

Mənim vaxtımda Şuşanın işğalına görə cinayət işi təzə başlamışdı. İsti-isti baş prokuror Murad Babayevə göstəriş vermişdim ki, qəbul etdiyim adamların ifadəsi alınsın, istintaq qrupu yaradılsın və məsələ ciddi şəkildə araşdırılsın. Sonradan proseslər elə sürətlə getdi ki, mən nəzarət edə bilmədim və vəziyyət də dəyişdi. Yəni respublikada siyasi hakimiyyət, prokurorluğun rəhbərliyi, istintaqı aparan müstəntiqlər və digərləri dəyişdi. Sonrakı dövrdə Şuşanın işğalına dair bir il müddətinə məhkəmə prosesi getdi. Məhkəmə hökm oxudu, bir neçə nəfərə ömürlük, bəzilərinə bir neçə il cəza verdilər. Mən özüm məhkəmə prosesində iştirak etdim, şahid qismində ifadə verdim. Eləcə də, Avropa Məhkəməsinin qərarı ilə sabiq müdafiə naziri Rəhim Qazıyevin təkrar məhkəmə prosesi zamanı da iştirak edib ifadəmi vermişəm.

– Şuşa işğal olunanda müdafiə naziri Rəhim Qazıyev idi. Onunla münasibətiniz necə idi?

– Normal münasibətimiz olub. Rəhim Qazıyevi mən müdafiə naziri təyin etmişdim. Ancaq onun namizədliyini Xalq Cəbhəsi təklif etmişdi. Rəhim Qazıyevdən əvvəl Azərbaycanda 3 ay ərzində bir neçə müdafiə naziri dəyişmişdi. Xalq Cəbhəsi təyin edilən şəxsləri işləməyə qoymurdu. Mən Xalq Cəbhəsi deyəndə, bütövlükdə müxalifəti nəzərdə tuturam. Hələ Mütəllibovun vaxtında Dövlət Müdafiə Komitəsi yaradılmışdı və burada Rəhim Qazıyev Xalq Cəbhəsinin nümayəndəsi kimi təmsil olunurdu, eyni zamanda Şuşanın hərbi komendantı təyin edilmişdi.

– Necə hesab edirsiniz, bir çoxlarının fikirləşdiyi kimi, Şuşanın işğalında Rəhim Qazıyevin rolu varmı?

– Siz özünüz necə təsəvvür edirsiniz, mən bilmirəm. Müdafiə naziri razı olarmı ki, onun qoruduğu şəhər, rayon, kənd və ya torpaq işğal edilsin?

– Deputat Fəzail Ağamalı elə bugünlərdə iddia edib ki, Rəhim Qazıyev və Elbrus Orucov kimi adamlar Şuşa və Laçının işğalında ciddi rol oynayıblar…

– Mən bu barədə konkret fakta malik deyiləm.

– AXC hakimiyyətə gəldikdən sonra Rusiya hökumətinin ciddi təhdidləri ilə üzləşməli olub. Siz necə, prezident səlahiyyətlərini icra edən zaman Rusiyadan təhdidlər almışdınızmı?

– Siz dediyiniz hadisələr, ola bilsin ki, Xalq Cəbhəsinin hakimiyyəti dövründə olub. Mən bu haqda bilmirəm. 1992-ci ilin mayın 15-dən sonra mən vəzifədə olmamışam və bu məsələlərdən də xəbərim ola bilməzdi.

– Sizin vaxtınızda Rusiya ilə münasibətlər necə idi, təhdidlər olurdumu?

– Açıq şəkildə təzyiqlər və təhdidlər yox idi. Altdan-altdan nələrin olduğunu isə deyə bilmərəm.

– Məsələn, ruslar sizə deyiblərmi ki, Rəhim Qazıyevi müdafiə naziri postuna gətirin, bir başqasını digər vəzifəyə təyin edin?

– Yox, qətiyyən belə hallar olmayıb. Mənim işlədiyim müddətdə Rusiyadan belə təkliflər olmayıb.

– Ancaq o zaman Rəhim Qazıyevin prezident olmasına dəstək verməyinizlə bağlı Rusiyadan sizə təkliflərin olduğu deyilirdi…

– Belə bir məsələ olmayıb. Bilmirəm, bunu kim və hansı məqsədlə deyir. Əslində bunu siyasi tok-şoulardan birində hansısa şəxs səsləndirib. Mənsə bildirmişəm ki, belə bir tapşırıq olmayıb. Heç kəs mənə deməyib ki, Rəhim Qazıyevdən prezident düzəltmək lazımdır.

– Yaqub müəllim, 1992-ci ildə hansı missiya ilə Ali Sovetin sədri vəzifəsinə gəldiniz, prezident səlahiyyətlərinin icraçısı oldunuz və sonradan niyə bu postdan götürüldünüz?

– Əvvəla, deyim ki, belə böyük vəzifəyə mən özüm gəlmədim, məni gətirdilər. Heç kim arzusu əsasında belə böyük vəzifəyə gəlmir. Dövr, zaman, şərait yetişdirib səni ora çıxarır. Təsadüfi orada oturmaq mümkün deyil. Mənim də əvvəlki fəaliyyətim, ictimai-siyasi mövqeyim, xidmətlərim və gördüyüm işlər nəzərə alınaraq yekdilliklə seçildim. Sonra da prezident istefa verdi və mən də konstitusiyaya uyğun olaraq onun səlahiyyətini icra etməli oldum. Yəni belə məsələlər insanın arzusu və həvəsi əsasında olmur. Nəzərə alın ki, həmin vaxt mənim namizədliyimi iqtidarlı-müxalifətli hamısı gizli səsvermədə dəstəklədi. Sonra da yola saldılar, mən də çıxdım, getdim.

– Yola salınmağınıza səbəb nə oldu?

– Ayaz Mütəllibov yenidən hakimiyyətə qayıtmağa cəhd etdi, Xalq Cəbhəsi onun istefasını təmin edərək hakimiyyəti götürdü. Mənim iştirakım olmadan Ali Sovetin sessiyasını keçirib məni işdən azad etdilər və İsa Qəmbəri Ali Sovetin sədri vəzifəsinə seçdilər.

– Niyə həmin sessiyada iştirak etmədiniz?

– Özləri belə istəmişdilər. Əslində özləri demək də doğru çıxmır. O vaxt çoxlu qruplar vardı. Biri istəmirdi mənim olmağımı, digəri istəyirdi. Yəni qarışıq bir proses idi. Əslində əvvəl Xalq Cəbhəsi təkid edirdi ki, qalıb işləyim, sonra mənsiz yığışıb qərar verdilər və Ali Sovetin sessiyasını çağıraraq məni vəzifədən azad etdilər.

– Parlamentdə son çıxışınızı hansı tarixdə etmişdiniz?

– Mən son dəfə 14 mayda çıxış etmişdim.

– O çıxışınızda “Biz böyük oyunun “peşka”larıyıq” ifadəsini səsləndirmişdiniz. Bu, təsadüfi fikir idi, yoxsa necə?…

– Bəli, həmin çıxışda demişdim. Amma bunun üzərindən uzun illər keçib. Mən dedim, həyat da vəziyyətin necə olduğunu göstərdi. İndi mən nə deyə bilərəm ki? Məncə, bu fikrin həyatda özünə yer tapıb-tapmadığına xalq qiymət verməlidir. Əslində 14 mayda mən çox şeylər haqqında danışmışam, o cümlədən Şuşanın işğalı haqqında. Həmçinin, bu gedişlə sonrakı nəticənin necə olacağını da söyləmişəm.

– Cəbhə hakimiyyətə gəldikdən sonra deputat Yaqub Məmmədova münasibəti necə oldu?

– Çox pis oldu. Mənə münasibətləri qəddar oldu. Hətta məni universitetin rektoru vəzifəsindən də çıxardılar. Əvvəl mənə böyük hörmət, izzətlə yanaşırdılar. Hələ hakimiyyətə gəlməzdən əvvəl Elçibəylə, digərləri ilə münasibətlərimiz çox yaxşı idi. Hakimiyyətə gəldikdən sonra mənə qarşı çox haqsız və ədalətsiz mövqe tutdular.

– Sizi Ayaz Mütəllibovun adamı sayırdılar, yoxsa Heydər Əliyevin?

– Bir tərəfdən Heydər Əliyevin, bir tərəfdən də Ayaz Mütəllibovun adamı hesab edənlər vardı. Hərə bir cür düşünürdü. Mən nə deyə bilərəm. Fakt odur ki, məndən sonra hakimiyyətə gələnlərin mənə münasibəti çox pis, neqativ oldu. Özləri bilərlər.

– Bəlkə, sizdən Ali Sovetin sədri olduğunuz zaman Heydər Əliyevlə əlaqə yaratdığınıza görə şübhələnirdilər?…

– Mən Ali Sovetin sədri olanda mütəmadi olaraq, demək olar ki, hər gün Heydər Əliyevlə kontakt vardı. Heydər Əliyev Bakıya gəldiyi 9 iyun günü də görüşmüşük. Ondan sonra da bir neçə dəfə görüşdük. Ancaq prezident olandan sonra görüşə bilmədik. Sonuncu dəfə inauqurasiya mərasimində iştirak etdim. “Qara qüvvələr”, görünür, öz işlərini gördülər, aranı qarışdırıb, yalan məlumat aparıb-gətirdilər. Ondan sonra bir neçə dəfə xəbər gəldi ki, məni qəbul edəcək. Ancaq bu da alınmadı.

Biz Heydər Əliyevlə çox əvvəllər tanış idik, bir-birimizə qarşılıqlı hörmətimiz vardı. Səmimi söhbətlərimiz də olmuşdu. Sonradan nəsə aranı vurdular. Əslində, mən Heydər Əliyevin dövründə siyasətə gəlmiş, institutda partiya təşkilatına seçilmişdim. Hələ sovet vaxtında onunla görüşmüşdm. Əliyev də mənə inanırdı, hörmətlə yanaşırdı, dəfələrlə deyirdi ki, sənin böyük gələcəyin, perspektivin var…

Vaqif NƏSİBOV
AzPolitika.info





Yuxarı Əvvələ Ana Səhifə