XƏBƏR LENTİ

18 İyul 2019
17 İyul 2019

Digər Xəbərlər

04 İyul 2019 - 14:45

Direktor: “50 il sonra Azərbaycanda AES-ə ehtiyac yarana bilər” – MÜSAHİBƏ

Strateq.az Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədovun APA-ya müsahibəsini oxucularına təqdim edir:

– Oqtay müəllim, Radiasiya Problemləri İnstitutunun işi əsasən hansı sahələri əhatə edir?

– İnstitutda əsasən radiasiya materialşünaslığı üzrə elmi işlər aparılır. Bu işlərlə 5 laboratoriya məşğul olur. Həmin laboratoriyalarda bərk cisimlərdə radiasiya və qamma şüalarının təsiri öyrənilir, yaranan effektlər tədqiq olunur. Radiobilogiya sahəsində də işlər gedir, bitki aləminə radiasiyanın təsiri öyrənilir. Bitkilərə kiçik dozalarda qamma şüaları verilir və onların inkişafı araşdırılır. Bundan başqa, radiasiyanın təsiri altında onlarda duz stressinin təsirinin artırılması öyrənilir. Bilirsiniz ki, duzlu yerdə yetişən bitkilərin inkişafı olduqca zəifdir. Ona görə də radiasiyanın təsiri ilə onlarda duz stressi azaldılır, bu isə bitkilərin inkişafını sürətləndirir. Biz həm də radiasiya kimyası sahəsində elmi işlər aparırıq. Həmin laboratoriyalarda radiasiyanın təsiri ilə kimyəvi proseslərin idarə olunması öyrənilir.

– Bu tədqiqatlar sonradan sənaye sahəsində tətbiq olunur?

– Yox. Bizdə il ərzində çöl tədqiqatları aparılır. Azərbaycanın müxtəlif regionlarından torpaq və su analizləri götürülür, sonra onların radionuklid tərkibi öyrənilir. Yəni, regionlarda radiasiyanın səviyyəsi araşdırılır. Amma bunlar hamısı sırf elmi məqsədlər üçün araşdırılır.

– Ölkənin hansı regionlarında radiasiya fonu daha yüksəkdir?

– Ümumi götürsək Azərbaycanda radiasiya fonu norma daxilindədir. Onu deyim ki, normal səviyyə 7 mikrorentgen/saatla 14 mikrorentgen/saat arasında dəyişir. Əslində radiasiyanın səviyyəsini Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölçür. Onların 40-dan çox bölgədə stansiyaları var, radiasiya ilə bağlı məlumatlar hər gün həmin stansiyalara daxil olur. Biz isə bu məlumatları sırf elmi məqsədlər üçün öyrənirik. Azərbaycan nüvə ölkəsi olmadığına görə, burada sonradan radiasiya əmələ gəlmir. Ölkəmizdəki radiasiya təbii radiasiyadır. Ola bilsin radiasiya bəzi yerlərdə 8, bəzi yerlədə 9 mikrorentgen/saat təşkil etsin. Amma dediyim kimi, ölkədə radiasiya fonu norma daxilindədir.

– Bakıda radiasiya səviyyəsi nə qədərdir?

– Bakıda da radiasiyanın səviyyəsi normanı keçmir. Ola bilsin, neftin çox olduğu bəzi məntəqələrdə radiofon digər ərazilərlə müqayisədə, bir qədər yüksək olsun. Amma bu da insan həyatı üçün təhlükəli deyil.

– Neftlə çirklənmiş bəzi ərazilər var ki, oralarda yaşayış məskənləri salınıb. Neft radiasiya təhlükəsi yarada bilir?

– Neftin özündə yox, əsasən neftlə birlikdə çıxan qrunt sularında təbii radiasiya olur. Ancaq bu da təhlükə yaratmır. Neftlə çirklənmiş həmin ərazilər dövlət tərəfindən təmizlənir. Əvvəllər Ramanıda yod zavodu var idi. Sonradan dövlət səviyyəsində həmin yerlər təmizləndi. Qobu tərəfdə yerləşən İzotoplar kombinatı var. Azərbaycanda radiasiyadan təmizlənən bütün torpaqlar İzotoplar kombinatında beton örtük altında yerləşdirilir. Həmin əraziyə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik nəzarət edir.

– Bəs Teleqüllənin necə, radiasiya yaymaq təhlükəsi var?

– Teleqüllə radiasiya yaymır, ordan yalnız radiodalğalar yayılır. Teleqüllənin radiasiya yaymaq təhlükəsi yoxdur.

– Oqtay müəllim, belə deyirlər ki, ötən əsrin 70-80-ci illərində Elmlər Akademiyasının ərazisindəki bağda radiasiya baxımından təhlükəli yer var imiş. Bu fikir nə dərəcədə həqiqəti əks etdirir?

– Həmin yer Akademiyanın bağında yox, Akademiya şəhərciyinin içərisində yerləşirdi. “Elit” adlanan betonlanmış yerdə izotoplar saxlanılırdı. Həmin yer elə bizim İnstituta məxsus olub. Lakin şayiələrə baxmayaraq, orada güclü şüalanma mənbəyi olmayıb. Sonradan, 1979-cu ildə həmin yer ləğv edilib.

– İnstitut son illərdə hansı elmi nəticələr əldə edib?

– Son illərdə bir sıra elmi nəticələr əldə olunub. 55 elmi əsərimiz beynəlxalq jurnallarda çap olunub. Bundan başqa, elmi işçilərimiz  müxtəlif konfranslarda məruzə ilə çıxış ediblər. Moskvada yerləşən Birləşmiş Nüvə Araşdırma İnstitutu ilə əməkdaşlıq edirik. Hazırda həmin institutda 6 əməkdaşımız çalışır.

– Elmi texniki bazanız sovet dövründən sonra yenilənib?

– Əgər laboratoriyalarımızda olsanız, görərsiniz ki, bizim bir çox laboratoriyalarımız dünyada istifadə olunan bir sıra cihazlarla təchiz olunub. Bundan başqa, bizdə arxeoloji qazıntılar zamanı tapılan əşyaların yaşı təyin edilir.

– Bildiyim qədəri ilə sizdə karbon 14 testi aparan cihazlar da var.

– Bəli, var. Biz karbon 14-lə əşyaların yaşını 50 min ilə qədər təyin edirik. Buna radiokarbon metodu deyilir. Bundan başqa, müəyyən ərazidə arxeoloji qazıntı aparılandan sonra bizim əməkdaşlar ora yollanaraq müxtəlif üsullarla ərazinin yaşını müəyyən edirlər. Bundan əlavə, Elektron paramaqnit rezonans və Termolüminessensiya metodları ilə də daha qədim dövrləri tədqiq etmək mümkündür.

– Bu yaxınlarda amerikalıların çəkdiyi “Çernobıl” serialı ilə əlaqədar Çernobıl qəzasına maraq artıb. Siz serialı izləmisiniz?

– Düzü o seriala baxmamışam. Amma orda çalışan əməkdaşlarla münasibətimiz var. Ukraynada Gen Mühəndisliyi İnstitutunda Namiq Rəşidov adlı həmyerlimiz çalışır. O birbaşa Çernobılla məşğuldur. O deyir ki, həmin ərazidə olan heyvanların aktivliyi daha da artıb.

– Çernobıl hadisəsinin Azərbaycana hansı təsirləri olub?

– Çernobıl daha çox yaxın ərazilərə təsir göstərmişdi. Azərbaycana güclü təsiri olmayıb.

– Amma deyirlər ki, o vaxt Çernobıl qəzası Azərbaycanda da bitkilərin inkişafına təsir edib, həmin il məhsuldarlıq azalıb.

– Bu fikirlərin heç birinin elmi əsası yoxdur. Bunları həmişə deyirlər. Əgər məhsul az olubsa belə bu, Çernobıla görə olmayıb. Mən hələ o zaman Radiasiya Problemləri İnstitutunda elmi işçi kimi çalışırdım. O vaxt bizim müşahidələrimizdə heç bir dəyişiklik qeydə alınmamışdı. Şəxsi qənaətimə görə də, Çernobıl qəzası vaxtı Azərbaycanda heç bir dəyişiklik olmayıb.

– Atom Elektrik Stansiyalarındakı (AES) bu cür qəzalardan sığortlanmamışıq. 2011-ci ildə “Fukuşima-1” AES-də də qəza baş verdi. Belə qəzaların qarşısını almaq mümkündür?

– Atom Elektrik Stansiyalarını tikmək və onları müasirləşdirmək böyük xərc tələb edir. Köhnə AES-lər su-su tipli reaktorlar vasitəsi ilə fəaliyyət göstərirlər. Həmin AES-lərin çoxunun işləmə müddəti artıq keçib, onları yenidən modernləşdirmək lazımdır. Bu da dediyim kimi, böyük xərc tələb eidr. Amma Ukraynadakı da su-su tipli reaktor idi. Elə Ermənistandakı Metsamor AES-də də su-su tipli reaktordan istifadə olunur.

– Dünyada su-su tipli reaktorlarla işləyən AES-lər çoxdur?

– Daha çox Rusiyada bu cür AES-lər fəaliyyət göstərir. Əksər ölkələr artıq istifadə müddəti bitmiş su-su tipli bu reaktorlardan imtina edir, ya da dediyim kimi, onları modernləşdirirlər.

– Ermənistandakı Metsamor AES-in də istifadə müddəti bitib. Amma hələ də fəaliyyətini davam etdirir…

– Əlbəttə Metsamor köhnə tipli AES-dir. Onun müəyyən təhlükəsi var. Bayaq dediyim kimi, həmin AES su ilə işləyir. Metsamor çay ətrafında yerləşmədiyinə görə, istənilən zaman orda su qıtlığı yarana, bu isə qəzaya yol aça bilər. Bundan başqa, Ermənistan seysmik cəhətdən aktiv zonada yerləşir. Zəlzələ olacağı təqdirdə isə, müəyyən təhlükə yarana bilər.

– Azərbaycanda nə zamansa AES yaratmağa ehtiyac yarana bilər?

– İndiki dövr üçün bunun perspektivi yoxdur. Təxminən 50 il sonra buna ehtiyac yarana bilər. Əgər gələcəkdə belə bir layihə həyata keçiriləcəksə, bunun üçün indidən lazımlı kadr siyasəti aparılmalıdır.

– İnstitutda bərpa olunan enerjilərlə bağlı laboratoriya fəaliyyət göstərir?

– Bəli, institutda bərpa olunan enerjilərlə bağlı laboratoriya fəaliyyət göstərir. Həmin laboratoriya həm külək, həm də günəş enerjisinin elektrik enerjisinə çevrilməsi sahəsini tədqiq edir. Bu yaxınlarda qrant hesabına Yaponiyadan hibrid qurğu almışıq. Həmin qurğu institutun qarşısında quraşdırılıb, elmi işlər məqsədi ilə istifadə edilir.