XƏBƏR LENTİ

18 Avqust 2019
17 Avqust 2019

Digər Xəbərlər

18 İyul 2019 - 11:07

General-leytenant Nizam Osmanov:“Ermənistanla Azərbaycan arasında 10 pilləlik uçurum mövcuddur” - MÜSAHİBƏ

Strateq.az Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanovun Ordu.az-a müsahibəsini təqdim edir:

 

– Cənab general-leytenant “Beynəlxalq Ordu Oyunları – 2019” oyunlarında iştirak edəcək Azərbaycan komandasının “Tank biatlonu” üzrə heyəti artıq məlumdur. Bu komandanın heyətində yer alan ekipajlar necə təyin edilir?

– İlk növbədə birliklərin tərkibində hər bir oyun növü üzrə yarışlar keçirilir. Bu yarışlarda ilk 4 yeri qazanan tank heyəti mübarizəni ordu miqyasında keçirilən yarışda davam etdirir. Bu iştirak edəcək komandaların tərkibindən isə ilk 6 yeri qazanan tank heyətləri arasından Rusiyada keçiriləcək “Tank biatlonu” yarışında iştirak etmək üçün 4 ekipaj seçilir. Onlardan 3-ü əsas, 1-i isə ehtiyata təyin edilir. Həm “Tank biatlonu”, həm də digər növlər üzrə hazırlıqlar artıq iki aydır ki, intensiv şəkildə davam edir.

– Hədəf sahəsi, hədəfə qədər olan məsafə, atəş mövqeləri hər il dəyişdirilirmi? Hədəf sahəsinin sxemləri iştirakçı komandalara verilirmi?

– Bəli, hədəf sahəsinin sxemləri komandalara təqdim edilir. Lakin bu sxemlərdə hədəflərə qədər olan məsafə dəqiq göstərilmir, onlara qədər olan minimum və maksimum məsafə məlum olur. Real nişangah göstəriciləri tank ekipajı tərəfindən hədəfi aşkar etdikdən sonra lazer məsafəölçənin köməyi ilə, temperatura və küləyə görə düzəlişlər nəzərə alınaraq təyin edilir. Hədəflərin göstərilməsi ardıcıllığı da dəyişdirilir.

– Rusiya mətbuatında yayılan məlumata görə, cari ilin yanvarın 12-dən etibarən Qərb Hərbi Dairəsinin Visla motoatıcı diviziyasından 10 nəfər qadın tank ekipajı arasından seçilən 3 nəfərlik bir tank heyəti “Beynəlxalq Ordu Oyunları – 2019” oyunlarında iştirak üçün həmin diviziyanın tank alayının bazasında hazırlanır. Yəni Rusiya “Tank Biatlonu”na qadın ekipaj çıxarmağı düşünür. Bu barədə məlumatınız varmı?

– Belə bir məlumat bizə daxil olmayıb. Bu oyunlar tərkibində təşkil edilən digər yarışlarda, məsələn “Hərbi tibbi estafeti”ndə iki komandadan birini qadınlar təşkil edir. Snayperlərin yarışında qadınların iştirakı gələcəkdə mümkün ola bilər. Lakin “Tank biatlonu”nda qadın ekipajların iştirakı barədə məlumatların əsası yoxdur.

– Snayperlərin hazırlığı barədə nə deyə bilərsiniz? Onları yerli istehsal olunan snayper tüfənglərimizlə silahlandırmaq mümkündürmü?

– Snayperlərin də seçilməsi və hazırlığı analoji qaydada keçirilir. Oyunlarda istifadə ediləcək snayper tüfənginin növü təşkilatçı ölkə tərəfindən SVD olaraq təyin edilib. Hər komandanın öz silahı ilə iştirakına yol verilmir.

– Azərbaycanın yarışlara silahlanmasında mövcud olan silahlarla qatılması hansı nəticələrə səbəb ola bilər?

– Biz bu yarışlarda Ordumuzun silahlanmasında mövcud olan silahlarla qatılsaq, heç bir komanda bizimlə rəqabət apara bilməz. Çünki biz bütün silah sistemlərində texnoloji yeniliklərdən daha çox istifadə edirik.

– Keçən il keçirilən yarışlarla bu il keçiriləcək yarışları neçə qiymətləndirirsiniz?

– Bizim ekipajlarımız yarışlarda 2-3 ildir ki, 5-ci yeri tutur. Komandaları öz texnikası ilə iştirak etməyən ölkələr arasında isə birinci yerdədir. İlk 4 yeri qazanan Rusiya, Çin, Belarus və Qazaxıstan komandaları biatlona öz tankları ilə qatılır. Yarışlar hər il gərgin keçir. İran, Hindistan və Serbiyanın tank ekipajları da kifayət qədər güclüdür, onlar da ayrı-ayrı illərdə yüksək nəticələr əldə edirlər.

– Ermənistanın tank ekipajlarının çıxışlarını necə qiymətləndirirsiniz?

– Ermənistan komandasına müəyyən güzəştlər edildiyi heç kimə sirr deyil. Lakin buna baxmayaraq onlar ilə Azərbaycan arasında 10 pilləlik bir uçurum mövcuddur.

– Belə görünür ki, Azərbaycan öz potensialına uyğun qiymətini ala bilmir. Sizinlə bərabər ekipajların sürət və atəş dəqiqliyi imkanlarını canlı olaraq izlədik. Bəlkə NATO-nun bu tip yarışlarında iştirak edək?

– NATO-da belə yarışlar keçirilmir. Bir ara istəsələr də, alınmadı.

– Belə olan halda yarışların müxtəlif mərhələlərinin Azərbaycanda təşkili edilməsi mümkündürmü?

– Mümkündür.

– Cənab general-leytenant yarışda Azərbaycan komandasının hədəfi nədən ibarətdir? İlk beşlik realdırmı?

– Xeyr, biz ilk beşlik hədəfini bir neçə il əvvəl dəfələrlə əldə etmişik. Minimum hədəfimiz finala çıxmaqdır. Bilirsinizmi, burada əsas göstərici sürət və atəş dəqiqliyidir. Bəzən nasazlıqlar baş verəndə hakimlərin rəyi də komandanın göstəricilərinə ciddi təsir edir. Tankların təqdim edilməsini də kifayət qədər şəffaf hesab etmək olmaz. Çinin tanklarını bəzi ehtiyac duyulmayan avadanlıqlardan azad etməsini özünüz də qeyd etdiniz.

– Digər yarış növləri üzrə, məsələn topçularımız hansı silahlarla çıxış edir, nəticələri necədir?

– Artilleriya heyətləri 120 mm-lik minaatanlardan dəqiq atəş açmaq üçün yarışırlar. Keçən il bizim komandamız az qala ilk yeri qazanacaqdı…

– Təlim və Tədris Mərkəzində hansısa yeniliklər gözlənilirmi?

 – Gələn il üçün təlim mərkəzinin təchizatında əsaslı yeniliklərin şahidi olacaqsınız. Hədəf sahəsi yenidən və müasir tələblərə uyğun olaraq qurulacaq.

– Çox sağ olun! Təşəkkür edirik!





Yuxarı Əvvələ Ana Səhifə