XƏBƏR LENTİ

06 Dekabr 2019
05 Dekabr 2019

Digər Xəbərlər

30 İyul 2019 - 15:34

Xəzər İbrahim:“Azərbaycanın Türkiyənin yanında olması qardaş ölkənin güclənməsində böyük rol oynayır” – MÜSAHİBƏ

 

Strateq.az Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimin APA-ya müsahibəsini oxucularına təqdim edir: 

– Cənab səfir, Türkiyə telekanallarından birinə verdiyiniz müsahibədə ABŞ və Türkiyədəki fəaliyyətinizi müqayisə edərək deyibsiniz ki, diplomatik fəaliyyətlə daha çox ABŞ-da məşğul olurdum, nəinki Türkiyədə. Bu fikrə bir qədər aydınlıq gətirməyinizi istərdim. 

– Mən həmin fikri diplomatik fəaliyyəti tanıtma müstəvisində söyləmişdim. ABŞ-da milli kimliyimizi, ölkəmizi tanıtmalıyıq. Amma demək olar Türkiyədə buna ehtiyac yoxdur. Klassik diplomatik üsullardan söhbət gedirsə, Türkiyə ilə bu əlaqələr mövcuddur. Digər ölkələrlə müqayisədə Türkiyə ilə diplomatik əlaqələrimiz fərqlidir. Türkiyə ilə Azərbaycanın çox ahəng, sinxronizə olunmuş siyasi əlaqələri var. İki dövlət qarşılıqlı olaraq bir-birinə dəstəyini əsirgəmir. Türkiyənin bölgələrinə səfər edirəm. Səfər zamanı Azərbaycanın tanınmış şəxslərindən tutmuş musiqimizə, ölkəmizdə baş verən hadisələrə qədər türkiyəlilərin məlumatlı olduğuna şahidlik edirəm. Türkiyə vətəndaşlarından Azərbaycana, azərbaycanlılara qarşı hər zaman qayğıkeşlik hiss edirəm.

– Azərbaycan istənilən məsələdə, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyənin dəstəyini hiss edir…

– Təbii ki, istənilən məsələdə olduğu kimi, bu məsələdə də Türkiyə qeyd-şərtsiz Azərbaycanı dəstəkləyir. Amma mən bir məqamı xüsusi vurğulamaq istərdim. Türkiyə sadəcə Azərbaycanı yox, eyni zamanda beynəlxalq hüququ, ədaləti dəstəkləyir. Çünki Azərbaycanın ədalətli mövqeyi Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd müvafiq qətnaməsi və digər beynəlxalq sənədlərlə də dəstəklənir. Məhz buna görə də biz Türkiyəni həm qardaş ölkə, həm də beynəlxalq hüquqa əsaslanıb siyasət yeridən bir dövlət kimi alqışlayırıq.

– Türkiyə və Azərbaycan enerji təhlükəsizliyi sahəsində də əməkdaşlıq edir. Ötən il İzmirdə “Star” neft emalı zavodu istifadəyə verildi. Sizcə, bu zavodun hər iki ölkə üçün faydası nədən ibarət olacaq? Gələcəkdə bu qəbildən olan başqa iri layihələrin həyata keçirilməsi nəzərdə tutulub? 

– “Star” layihəsi Azərbaycanın qardaş Türkiyəyə yatırdığı ən böyük sərmayədir. Bu sərmayə həm də Türkiyə iqtisadiyyatına verilmiş böyük bir dəstəkdir. Bu, işin maliyyə tərəfidir. Amma məsələnin siyasi, hətta deyərdim geosiyasi tərəfi də var. Hazırda bəzi ölkələrin Türkiyəyə münasibətlərində arzuolunmaz məqamlar mövcuddur. Bu prizmadan baxdıqda, Azərbaycanın Türkiyənin yanında olması qardaş ölkənin güclənməsində böyük rol oynayır. Digər tərəfdən bu layihə Türkiyənin enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Enerji təhlükəsizliyi sahəsində Azərbaycan Türkiyə ilə indiyə kimi necə əməkdaşlıq edibsə, bundan sonra da həmin əməkdaşlıq layiqli şəkildə davam edəcək.

– Sizcə Azərbaycanın Türkiyəyə yatırdığı sərmayələr barədə yerli mediada kifayət qədər məlumat verilir? 

– Türkiyə mediasının monitorinqini aparsaq, görərik ki, Azərbaycanın Türkiyəyə verdiyi dəstəklə bağlı yazılanlar qənaətbəxş deyil. Bunun fərqli səbəbləri ola bilər. Fikrimcə Türkiyənin media mənsubları bu işlərə daha obyektiv yanaşmalıdır. Çünki başqa ölkələr Türkiyəyə investisiya qoyuluşunu azaltdığı zaman, qardaş Azərbaycan investisiya qoyuluşunu kifayət qədər artırıb. Türkiyəyə qarşı basqılar olduğu zaman da, Azərbaycan Türkiyənin yanında olub. Əlbəttə, biz bunların Türkiyə hökuməti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini görürük. Lakin media da bu işdə üzərinə düşən funksiyanı yerinə yetirməlidir.

Bununla bərabər, onu da qeyd edim ki, azərbaycanlı jurnalistlərin Türkiyə mediasında fəaliyyətinin də qənaətbəxş olmadığını görürük. Türkiyənin aparıcı qəzetlərində, jurnallarında və internet mediasında demək olar biz mövcud deyilik. Azərbaycanın da Türkiyə türkcəsində peşəkar media fəaliyyəti demək olar yoxdur. Hətta Türkiyədə ingilis dilində olan qəzetlərdə də Azərbaycan görünmür. Buna görə də biz günahı yalnız Türkiyə mediasında axtarmamalıyıq. Azərbaycanı, görülən işləri keyfiyyətli şəkildə ortaya çıxarmağı bacarmalıyıq.

– Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması ilə bağlı işlər hansı mərhələdədir? Adıçəkilən mərkəz səfirliyin nəzdində yaradılacaq?

– Son zamanlar Azərbaycan mətbuatında dediyiniz məsələ ilə bağlı fikirlərə rast gəlirəm. Ankarada Mədəniyyət Mərkəzinin yaradılmasının vacibliyindən bəhs olunur. Öncəliklə qeyd edim ki, ötən ilin aprelində iki ölkənin Xarici İşlər naziri müvafiq olaraq Bakı və Ankarada Mədəniyyət Mərkəzlərinin yaradılması barədə saziş imzalayıblar. Azərbaycan Prezidenti cənab İlham Əliyev həmin ikitərəfli sazişi təsdiqləyib. Həmin sazişdə mərkəzin fəaliyyətində dair müddəalar qeyd olunub. Məlum saziş olduğu təqdirdə, bizim mətbuatda hər hansı fikrin yürüdülməsini açığı qeyri-peşəkarlıq hesab edirəm. Dövlət başçısı həmin sazişi təsdiqləyibsə, deməli, uzun zamandır bunun üzərində iş aparılır. Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyədə yüksək səviyyədə fəaliyyət göstərəcək. Mədəniyyət Mərkəzinin Azərbaycan səfirliyinin nəzdində yaradılması planlaşdırılır.

– Səfirliyin Türkiyədə yaşayan azərbaycanlılar, habelə diaspor təşkilatları ilə əlaqələri necə qurulur?

– Əgər biz bir millət, iki dövlətiksə, Türkiyədə diaspor fəaliyyətindən söhbət gedə bilməz. Azərbaycan vətəndaşları, Azərbaycan əsilli insanlarla əlaqələrimiz var. Amma mən yenə də düşünürəm ki, hər kəs öz işini görməli, ilk növbədə şəxsiyyət yetişməlidir. Bu mənim şəxsi fikrimdir. Tələbələrə də hər zaman deyirəm ki, öz üzərinizdə çalışın, şəxsiyyət kimi formalaşın. Tələbələr dərslərinə ara verib, bir iş görmək istəyirsə, yaxud da kimsə öz işində uğur qazana bilməyib, diaspor fəaliyyəti ilə məşğul olmaq istəyirsə, bunun effekti olmayacaq. Dünyaya baxın, adətən tanınmış şəxslər diaspor fəaliyyəti ilə məşğul olurlar və bu, daha effektiv nəticə verir.

– Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi ilə regionun nəqliyyat xəritəsində canlanma yaranıb. Ümumilikdə, bu layihənin potensialını necə dəyərləndirirsiniz?

– Əlbəttə bu dəmiryolu xətti Asiya ilə Avropanı birləşdirən, Yeni İpək Yoluna daxil olan nəqliyyat layihəsidir. Açıq deyək ki, bu gün Asiya yüksəlişdə olan iqtisadi zonadır. Bakı-Tbilisi-Qars dəmiryolu xətti Asiya ilə iqtisadi cəhətdən özünü təsdiq etmiş Avropanı birləşdirəcək. Bu təbii ki, meqalayihədir. Dünyanın 3 ən böyük bazarından ikisini birləşdirən xəttə Azərbaycanın və Türkiyənin daxil olması böyük üstünlükdür. Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə yük daşımalara başlanılıb. Bu da çox vacibdir ki, mallar həm Asiyadan Avropaya, həm də Avropadan Asiyaya daşınır.

Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə sərnişindaşıma ilə əlaqədar böyük gözləntilər var. Azərbaycan və Türkiyə tərəfi səbirsizliklə Bakı-Ankara sərnişin qatarının açılmasını gözləyir. Bununla əlaqədar yaxınlarda Ankarada görüş keçirilib. Bakı – Ankara qatarının avqust ayında sərnişinlərin istifadəsinə verilməsi gözlənilir. Hətta bizim belə bir təklifimiz var ki, qatar fəaliyyətə başlayanda ilk səfər zamanı jurnalistlər üçün bir tur təşkil edilsin. Düşünürük ki, bu, Azərbaycanın tanıdılması baxımdan da çox əlverişli olar.

– Türkiyə və Azərbaycanın iştirakı ilə regionda yerləşən dövlətlərlə birgə üçtərəfli görüş formatları həyata keçirilir. Üçtərəfli əməkdaşlıq formatını necə qiymətləndirirsiniz?

– Nəinki bölgədə, beynəlxalq aləmdə də bu format yüksək dəyərləndirilir. Üçtərəfli görüş formatı həm xarici siyasətə, həm iqtisadi əlaqələrə, həm müdafiə sahəsinə, həm də digər sahələrə öz müsbət təsirini göstərir. Bu yaxınlarda Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin Qəbələdə görüşü keçirilib. Bu tipli görüşlər gələcəkdə də davam etdiriləcək.

– İki ölkə arasında əlaqələrin inkişafı üçün mütəmadi olaraq Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasları keçirilir. Prezidentlərin iştirakı ilə növbəti iclas nə vaxt və harada keçiriləcək?

– Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasları Prezidentlərin iştirakı ilə çox müvəffəqiyyətlə keçirilir. Həmin iclaslarda Prezidentimiz bizim qarşımızda öhdəliklər qoyur və biz də il ərzində bu tapşırıqları yerinə yetirməyə çalışırıq. Təbii ki, növbəti görüş olacaq, lakin hazırda görüşün dəqiq vaxtı məlum deyil.

– Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi alması ABŞ-ın ciddi narazılığına səbəb olub. Yaranmış vəziyyəti necə qiymətləndirirsiniz?

– Mən bu vəziyyəti arzuolunmaz gərginlik kimi dəyərləndirərdim. Rusiya üçün də, ABŞ üçün də Türkiyə strateji bir dövlətdir. Regionun təhlükəsizliyi hər üç dövlətin marağındadır. Türkiyə müstəqil dövlətdir və qanun çərçivəsində öz qərarlarını verir. Ona görə də regionda maraqları olan böyük dövlətlər Türkiyə ilə hesablaşmalıdırlar.

– Türkiyə azərbaycanlı turistlərin ən çox üz tutduğu ölkədir. Bəs Azərbaycanı türkiyəli turistlər üçün cəlbedici etmək məqsədi ilə hansı işlər görülməlidir?

– Mən bu sahə üzrə mütəxəssis deyiləm. Amma bir vətəndaş kimi, bir diplomat kimi şəxsi fikirlərim var. Türkiyə vətəndaşları üçün Azərbaycanın tarixi və mədəniyyəti cəlbedici ola bilər. Azərbaycanda – Gəncədə, Bakıda, Hacıqabulda və digər yerlərdə Türkiyə vətəndaşları üçün maraqlı ola biləcək yerlər var. Mədəniyyət nümunələrimizə, musiqimizə, rəssamlarımıza Türkiyə vətəndaşları heyranlıqla maraq göstərirlər. Türkiyə vətəndaşları azərbaycanlı rəssamların sərgisinə, azərbaycanlı müğənnilərin konsertlərinə sevə-sevə gedirlər. Odur ki, Türkiyədən Bakıya gələnləri Şəki, yaxud Gəncə və digər tarixi yerlərlə əyani tanış etsək, bu, turizm potensialımızı artırar.