XƏBƏR LENTİ

18 Sentyabr 2019
17 Sentyabr 2019

Digər Xəbərlər

07 Sentyabr 2019 - 15:18

“İRANIN TƏYYARƏLƏRİNİ DÖYÜŞƏ DEYİL, MUZEYƏ GÖNDƏRMƏK GƏRƏKDİR”– İsrail generalı İran və İsrailin hərbi potensiallarını tutuşdurur – Müsahibə

Zeyev Çafets

Bloomberg, 05.09.2018

 

İsrail 1961-ci ildə kiçik “Şavit-2”  raketini kosmosa buraxıb. Bu, balaca, orbitətrafı araşdırma raketi idi, amma onun buraxılışı İsrailin raketə qarşı sipərinin gələcək yaradıcısı 12 yaşlı İsak Ben-İsraildə güclü təəssürat doğurub. O, ailəsinin yaşadığı HHQ bazasında gərəkli materiallar tapıb və sonra bazanın hasarının yanında buraxdığı  raketini düzəldib. Raket altı metrə yaxın havaya qalxıb, hasarı keçib və polkovnik Ariel Şaronun – İsrailin əfsanə xüsusi təyinatlılarından birinin əyləşdiyi ordu cipinin yanına düşüb.  

Bu iki adam on illər keçəndən sonra bir də görüşəndə Ben-İsrail artıq HHQ general-mayoru, Şaron isə İsrailin müdafiə naziri idi. Ben-İsrail özünü təqdim edib və Şaronu, az qala, öldürdüyünə görə üzr istəyib. İsrailin o zamankı müdafiə naziri uğunub: “Sən həmin oğlansan? Sən mənə atəş açan və bundan sonra sağ qalan yeganə oğlansan”.

Ben-İsrail hərbi karyeranın 32 ili boyunca əfsanə şəxsiyyət olub. Silah sistemləri hazırlamağa görə iki dəfə İsrail müdafiə güclərinin ən yüksək mükafatına layiq görülüb (oxşar mükafatı üçüncü dəfə HHQ-dən  alıb). O, 1981-ci ildə İraqın nüvə reaktorunu məhv etmək əməliyyatının əsas plançısı olub.  

Ben-İsrail indiki anda Sİ (süni intellekt-tərc.) texnologiyalarının inkişafı üzrə milli təşəbbüsün həmsədri, İsrail Kosmik Agentliyinin sədri və İsrailin iki ən nüfuzlu elmi-hərbi araşdırma mərkəzinin başçısıdır. Mən bu günlərdə onunla görüşdüm ki, İsrailin müdafiə hazırlığı və İran ətrafındakı durumla bağlı söhbətləşim. Aşağıda söhbətimizin  yüngülcə redaktə edilmiş stenoqramı təqdim edilir.

 

-Seçkilərə iki həftə qalır. İsrailin baş naziri Benyamin Netanyahu da, sol mərkəzçi blok “Kahol Lavan”ın başçısı Beni Hants da – Netanyahunun əsas opponenti – ucadan xəbərdarlıq edirlər ki, İran bölgənin düşmən dövləti və İsrail üçün strateji təhlükə ifadə edən terrorçu dövlətdir. Onlar haqlıdırlar?

-Həqiqət bundan ibarətdir ki, İran, hədəfi İsraili məhv etmək olan açıq düşmənimizdir. Amma İranın iddiaları və buna yetmək bacarığı arasında böyük fərq var.

-İran İsraildən 10 dəfə böyükdür.

-Ölçünün önəmi yoxdur. Misir İrandan böyükdür, ordusu da çoxdur və İran kimi İsraildən 1500 km-likdə deyil, onun sərhədində yerləşir. Amma yenə də İsrail Misirə dəfələrlə qalib gəlib. İran sonuncu dəfə 1980-ci illərin başlanğıcında hərbi kampaniyada iştirak edərkən İraqı enə bilmədi, o vaxtdan heç nə dəyişilməyib. İran HHQ təyyarələrini döyüş meydanına göndərmək deyil, muzeyə qoymaq gərəkdir. İran donanması hətta Hörmüz boğazına da nəzarət edə bilmir. İranın klassik hərbi imkanları İsrail üçün ciddi təhlükə təşkil etmir.

-İran öz qoşunlarını və vəkalətli şəxsləri Suriya ərazisində yerləşdirməyə çalışır. O, 500 km məsafədə daha ölümsaçan ola bilər.

-İsrail silahlı gücləri bu problemlə mübarizə aparır. Bu kampaniyanın böyük bölümünün ayrıntıları car çəkilmir, amma İsrail son zamanlar öz əməliyyatlarına münasibətdə daha açıq mövqe tutur.

-Siz hesab edirsiniz ki, SAXAL-ın fəaliyyəti uğurlu olub?

-Bütünlükdə bəli. Razılaşa bilmədiyim taktiki qərarlar olub, amma strategiyanın özü səmərəlidir, əməliyyatlar isə yaxşı yerinə yetirilib. İsrail İrana Suriyada öz sərhədlərini təhdid edə bilən, ya da “Hizbullah”a tədarük marşrutlarını qısaldan ordu yaratmaq imkanı verməz. SAXAL bunun qarşısını ala bilər.

-Yaxşıdır, amma İrandan tədarüklər sayəsində “Hizbullah”ın artıq çoxsaylı raket cəbbəxanası var.

-Bəli, onların sayı 100 minlə 150 min arasında dəyişir.

-Bu, strateji təhlükəyə bənzəyir.

-Bu raketlər təhlükə təşkil edir, amma“strateji” deyil. Livanda yerləşən raketlərin böyük sayı HƏMAS-ın Qəzza sektoru ərazisindən buraxdığı kimi yönəldilməyəndir. “Dəmir günbəz” RQM taktiki sistemi belə raketlərin öhdəsindən çox yaxşı gəlir. Məsələn, 2014-cü il savaşında Qəzza sektorundan 4500 yönəldilməyən raket buraxılmışdı. İsrailin neçə mülki şəxsi həlak oldu? Heç biri də. “Hizbullah”da İranın bir neçə yüz yönəldilən raketi var, bax, onlar ziyan vura bilər. Amma İsrailin raketə qarşı müdafiəsi daim təkmilləşir, İsrail Müdafiə Ordusunun birləşmiş hava və yerüstü gücləri,  doğrudan da, təhlükəli raketlərin çoxunu bir neçə gün boyunca zərərsizləşdirə bilər.

-Yaxşı, gəlin, Yaxın Şərqdəki münaqişələr çərçivəsində işə düşə biləsi hay-tekə (yüksək texnologiyalar-tərc.) baxaq. Məlumat gəlib ki, İran hücum kibersilahı üzərində səylə işləyir və İsrailə qarşı həmişə kiberhücumlar edir.

-İran cəhdlər göstərir. Lakin İsrail dünyada ABŞ, Rusiya, Çin və Böyük Britaniya ilə yanaşı beş ən böyük kiberdövlətdən biridir. Fransa, Hindistan, Avstrasliya, İtaliya, Almaniya, Cənubi Koreya, Yaponiya və daha bir-iki ölkə ikinci səviyyədədir. Daha aşağıda, üçüncü səviyyədə 10-a yaxın ölkə yerləşir. İrana gəlincə, o həm kiberhücumların təşkili imkanları, həm də ondan qorunmaq baxımından dördüncü səviyyədədir. Biz haqlı olaraq onların məhdud imkanlarından narahatıq, çünki biz düşmənik, İran da öz hücumlarını bizə yönəldir. Amma bizə önəmli ziyan vura bilməyiblər. Biz onlara nə edə bilərik, bu, başqa məsələdir.

-Məgər İranın kəşfiyyat sputnikləri yoxdur?

-İran bir balaca, orbitdə üç ay davam gətirən çox kiçik bir sputnik buraxıb. O vaxtdan bəri yeni sputnik buraxmaq onlarda belə də alınmayıb. İran tam mənasilə ötən həftə yenidən uğursuzluğa düçar olub. İsraildə sputnik yaratmaqda İrandan çox imkanlara malik olan orta məktəblər var. İki məktəb artıq öz sputnikini buraxıb.

-Gəlin, nüvə təhlükəsini müzakirə edək. Xatırladım ki, siz ABŞ-ın keçmiş prezidenti Barak Obamanın İranla bağladığı nüvə sazişinə qarşı deyildiniz.

-Onun çatışmazlıqları var idi, amma mən inanırdım ki, İranın nüvə proqramını dondurmaqda səmərəli görünən imkandan istifadə etməliyik. Əslində, bu saziş müfəttiş yoxlamaları aparmaq və İranın nüvə səylərinə nəzarət imkanı verir. Yeri gəlmişkən, İsrail ekspertlərinin çoxu belə fikrə tərəfdar idi. Biz istəmirdik ki, saziş iflasa getsin.

-Deməli, siz düşünürsünüz ki, İran tərəfdən gerçək strateji təhlükə şişirdilib?

-İran haçansa nüvə silahı əldə edərsə, bu, strateji təhlükə olar. İsrail həm diplomatik, həm də hərbi baxımdan mümkün hər şeyi etməlidir ki, bu, baş verməsin. Amma nüvə silahı olmadan İran tərəfdən təhlükə güclü şişirdilib. Düşünmürəm ki, hətta 20 il sonra da nəsə dəyişilər.

Tərcümə Strateq.az-ındır.  





Yuxarı Əvvələ Ana Səhifə