XƏBƏR LENTİ

14 Noyabr 2018
13 Noyabr 2018

Digər Xəbərlər

18 Oktyabr 2018 - 11:54

Eldar Mahmudovla sövdələşən iş adamı məhkəmə qarşısına çıxarılıb –Mənimsəmədə və vergidən yayınmada ittiham olunur

Vaxtilə Milli Təhlükəsizlik Nazirliyi ilə 30 milyonluq müqavilə bağlamış Sahib Ağayev indi bu məsələyə görə məhkəmə qarşısına çıxarılıb. Bu il yanvarın 17-də Qazaxıstanda saxlanılıb Bakıya gətirilən S.Ağayev haqqındakı cinayət işi üzrə istintaqa cəlb edilənlər arasında keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovda olub. Keçmiş nazir şahid qismində dindirilib.

2012-ci ildə MTN-lə S.Ağayevin şirkəti arasında Bakıda keçirilən Avropa Oyunlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə xüsusi avadanlıqların gətirilməsi və quraşdırılması üzrə müqavilə bağlanıb. S.Ağayev ayrılmış vəsaitlərin bir hissəsinin mənimsənilməsində və vergidən yayınmaqda suçlanır.

2015-ci ilin oktyabrında MTN ətrafında baş vermiş məlum hadisələrdən sonra onun bazasında yaradılmış Dövlət Təhlükəsizliyi Xidməti və Vergilər Nazirliyi də bu cinayət işinə cəlb olunub. Adları çəkilən dövlət orqanları zərərçəkmiş hüquqi şəxs qismində tanınıb.

S.Ağayev haqqında cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Oktyabrın 17-də məhkəmənin hazırlıq iclası keçirilib. İclasda S.Ağayevin vəkili onun məhkəmə yekun qərarını verənədək ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. S.Ağayevin özü də məhkəmədən ev dustaqlığına buraxılmasını xahiş edib:«Bu günə qədər nə çəkdiyimi bir Allah bilir…».

Ancaq məhkəmə vəsatəti təmin etməyib. Məhkəmə baxışı oktyabrın 24-nə təyin edilib.

S.Ağayev CM-in 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edilir. Bu maddələrdə 5 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.

2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 22 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Sabiq MTN-çilər mütəşəkkil dəstə yaradaraq özəlliklə iş adamları olmaqla, müxtəlif şəxslərdən həbs hədəsi, fiziki və psixoloji təzyiqlər yolu ilə külli miqdarda pul almaqda, adamları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda, insanların telefon danışıqlarını dinləməkdə, dövlət büdcəsindən agentura fəaliyyəti, əməliyyatlar üçün ayrılmış vəsaitləri mənimsəməkdə və başqa əməllərdə ittiham olunublar, 14 ilədək həbs daxil olmaqla müxtəlif cəzalar alıblar. Ancaq onlar özlərini təqsirli bilmirlər.

(Azadlıq radiosu)