Gündəm

Müsahibə

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Aprel 2018
BE ÇA Ç CA C Ş B
« Mar    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  



XƏBƏR LENTİ

22 Aprel 2018
21 Aprel 2018

12 Aprel 2017 - 19:27

Vüqar Zifəroğlu:“ABŞ-ın “Tomaqavk”ı göstərdi ki, “Moskva-Tehran-Ankara” koalisiyası boş xəyaldır” -MÜSAHİBƏ

“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, siyasi ekspert Vüqar Zifəroğlu teleqraf.com-a müsahibə verib.

Strateq.az müsahibəni oxuculara təqdim edir.

– Vüqar bəy, 2011-ci ilin martında Suriyada başlayan vətəndaş müharibəsində gəlinən nöqtəni necə qiymətləndirirsiniz?

– Yaxın Şərqdə həmişə, istər etnik, istərsə də ideoloji-siyasi müstəvidə qarşıdurmalar olub və bunda əsasən, Qərb və Rusiya kəşfiyyat orqanlarının “müstəsna xidmətəri” var. Bu gün də həmin proses davam edir və istər regionda marağı olan dövlətlər, istərsə də regionda liderliyə iddialı dövlətlər bundan yararlanmaqdadırlar. Əfsuslar ki, bu cür proseslər daxili münaqişələri daha da alovlandırır, hətta bütün dünya üçün ciddi fəsadlara səbəb olmaqdadır. Bu gün köçkünlərin Avropaya axını və bununla əlaqədar sosial-siyasi narazılıqların baş qaldırması bunun ən bariz nümunəsidir. Bölgədəki güclər də – istər liderlik uğrunda rəqabət aparan ərəb ölkələri, istər İran, istər Türkiyə ideoloji və siyasi alətlərdən hər zaman öz dövlət və milli maraqları çərçivələrində yararlanmağa çalışıblar və əslində, bu, təbii qiymətləndirilməlidir. Olan bölgə camaatına olur. Neçə gündür dünyanı silkələyən körpə uşaq cəsədlərinin şəkilləri Yaxın Şərqin XXI əsrdəki acı, lakin gerçək mənzərəsidir.

Suriyada gedən proseslərdə xarici faktor hər zaman, daxildən daha ciddi şəkildə böyük və önəmli olub. Məsələn, Misir, Yəmən və ya Tunisdə daxili faktor ciddi qəbul edilirdisə, Suriyada bunun tam əksini görmək mümkündür. Əslində, kimyəvi silah tətbiqi iddiası ilə əlaqədar olaraq Suriyada yaranan son durumu kifayət qədər kritik qiymətləndirməklə, buna olan müxtəlif reaksiyalar və qarşıda baş verəcək proseslərlə bağlı açıqlamalar bunun ən bariz nümunəsidir.

 – Ötən 6 il ərzində ABŞ ilk dəfə olaraq hərbi gəmilərdən və “Tomaqavk” uzaqmənzilli raketlərindən istifadə edib Bəşər Əsəd rejiminə bağlı hərbi bazaya güclü zərbələr endirdi. Bu bombardımanı Suriyadakı proseslərdə dönüş nöqtəsi saymaq olarmı?

– Müəyyən mənada, bəli. İlk növbədə vurğulanmalıdır ki, endirilən zərbələr Suriya ordusunun, Əsədin “qalib” obrazını ciddi şəkildə laxlatdı. Bu heç şübhəsiz ki, müxalif qüvvələr üçün ciddi stimul olacaq. Zərbələr eyni zamanda, iqtidar qüvvələrinin nəzarətdə saxladığı ərazilər üzərinə yeni həmlələr üçün siqnal oldu. İŞİD-in Palmira istiqamətində, raket zərbələri endirilmiş “əş-Şayrat” bazası istiqamətində isə müxaliflərin Suriya ordusu üzərinə hücuma keçmələri buna əyani sübutdur. Maraqlıdır ki, ABŞ-ın raket zərbələrinin ardınca İsrail aviasiyasının da Suriyanın Dəraa vilayətinə, əl-Manşiyah bölgəsinə zərbələr endirdiyi xəbərləri yayılıb. İsrail aviasiyasının zərbələrindən sonra Azad Suriya Ordusunun dəstələri həmin istiqamətdə hücuma keçiblər.

Baş verənlər heç şübhəsiz ki, Suriya sülh danışıqlarına mənfi mənada ciddi təsir göstərəcək. Zatən bu danışıqlarda nəticə əldə edildiyini söyləmək çətin idi. İndi artıq danışıqların özünün belə keçirilməsi, Astana formatının gələcəyi ciddi sual altında ola bilər.

Və nəhayət, raket zərbələrinə verilən reaksiyalarda Türkiyə və Rusiyanın, gözlənildiyi kimi əks mövqe sərgiləməsi, bir daha sübut etdi ki, bu iki ölkənin prinsipial məsələlərə baxışı fərqlidir və bizim “analitik və politoloqların” da zamanla anons etməyi sevdikləri “Moskva-Tehran-Ankara” koalisiyası boş xəyaldan başqa bir şey deyil.

– Rusiya prezidenti Vladimir Putin Bəşər Əsəd rejiminin İdlibdə kimyəvi qırğın silahı işlətməsinə dair məlumatı provokasiya adlandırıb. O, BMT-dən İdlibdəki insidenti araşdırmağı tələb edib. Putin onu da bildirib ki, hazırda baş verənlər 2003-cü ildə İraqa hücum ərəfəsində baş verənləri ona güclü şəkildə xatırladır. Həmin vaxt da kimyəvi silah iddiası ilə İraqa müdaxilə edildi, müharibə ölkənin dağıdılması və İŞİD-in yaranması ilə yekunlaşdı. Bu açıqlamanı necə qiymətləndirirsiniz?

– Əslində müqayisənin bu formada aparılması, baş verənləri həqiqət çərçivəsində görməyə mane olur. Təbii ki, Qərb həmişə nüvə silahı və terror bəhanəsi ilə üçüncü dünya ölkələrinə müdaxilə edib və bu müdaxilələrin nəticələri də həmin ölkələr üçün son dərəcə faciəli olub. Yaxın Şərqdə Əfqanıstan və İraq müdaxilələri bunun ən bariz nümunəsidir. Bu mənada, Rusiya prezidentinin dediklərinə haqq vermək lazımdır. Qərb belə provokasiyalardan hər zaman ustalıqla yararlanmaqdadır.

Lakin bu o demək deyil ki, Suriyada baş verənlərə yalnız bu prizmadan yanaşmaq doğrudur. Münaqişə 6 ildən artıqdır davam edir və bu müddət ərzində dəfələrlə kimyəvi silahlardan istifadə halları ilə bağlı informasiya və görüntülər yayılıb. Amma Qərb, İraqda olduğu kimi, Suriyaya da müdaxilə etməyə həvəs göstərməyib. Səbəblərini soruşarsanız, bu barədə də danışmaq olar. Amma faktiki olaraq İraqdakı kimi sözügedən birbaşa hərbi müdaxilənin olmaması faktının özü, baş verənlərin əslində müqayisəsinin yanlış olmasına dəlalət edir.

Əslində Suriya münaqişəsi boyu Rusiyanın sərgilədiyi mövqeni anlamaq mümkündür. “Soyuq müharibə” dönəminin bitməsi ilə Rusiyanın təkcə Balkanlarda deyil, eləcə də Yaxın Şərqdəki mövqeləri xeyli laxladı. 2001-ci ili isə, ümumiyyətlə Rusiyanın Yaxın Şərqə təsirinin getdikcə tamamilə sıradan çıxmasnın başlamasının start ili kimi götürmək olar. Lakin Rusiya bölgədə öz mövcudluğunun yox sayılmasını qəbul edə bilmir. Və müəyyən qədər olsa da, Yaxın Şərqdə öz varlığını təsdiq etmək niyyətindədir. Suriya bu istiqamətdə son qaladır və onun əldən getməsi, Moskvanın bölgədəki gücünü tamamilə itirmək anlamına gəlir, desək yanılmarıq. Rusiya bölgədə öz mövcudluğunu nisbi olsa da təsdiq etmək üçün, Hərbi Dəniz Donanması faktorundan istifadə etmək niyyətində idi. Liviyanın Tripoli limanında və Yəmənin Sokotra arxipelaqında yeni hərbi baza yaratmaq və Suriyada yerləşən, rusların icarəyə götürdüyü Tartus limanını genişləndirmək başlıca məqsəd idi. Lakin “Ərəb baharı” ilə Liviyada Qəddafi, Yəməndə Saleh rejimi çökdükdən sonra, hakimiyyətə gələn qüvvələr ruslarla anlaşmaqda maraqlı deyildilər. Beləliklə, rusların əlində yalnız, icarə götürdükləri Tartus limanı qalır. Ruslar yaxşı anlayırlar ki, Əsəd gedəndən sonra formalaşan yeni hökumətin ilk işi rus bazasını bağlamaq olacaq. Bu da rusların bu bölgədə real gücünü itirməsi deməkdir. Bu səbəbdən biz, son iyirmi ildə ilk dəfə olaraq Rusiyanın hansısa bir dövləti, yaxud iqtidarı və ya rejimi belə ciddi-cəhdlə, Qərbin təzyiqlərinə məhəl qoymadan, ardıcıl şəkildə müdafiə etdiyinin şahidi oluruq. Əslində isə Rusiya özünü, Yaxın Şərqdə öz mövcudluğunun son nişanəsini müdafiə etməkdədir.

– Suriya məsələsinin həlli ilə bağlı Rusiya, Qərb, İran və Türkiyənin hazırkı mövqeyini necə qiymətləndirirsiniz? Tərəflərin mövqelərini uzalaşdırmaq nə vaxtadək mümkün olmayacaq?

– Suriyada cərəyan edənlər dünya müharibəsinin kiçik, yığcam xarakterli bir modelini xatırladır. İstər region ölkələri – Türkiyə, İran, İsrail, Səudiyə Ərəbistanı və Qətər, istərsə də bölgədə mövqelərini qorumağa çalışan güclər – ABŞ, Rusiya, Avropa ölkələri hadisələrə öz hədəfləri və maraqları çərçivəsində baxırlar. Bu ölkələrdən hər birinin özünəməxsus “Suriya həqiqətləri” var və bu “həqiqətlər” hər ölkə üçün tamamilə fərqli səciyyə və xüsusiyyətlərə malikdir. ABŞ üçün terror təşkilatı olan “Hizbullah”, İran üçün şərə qarşı mübarizə aparan mücahidlərdir.

– ABŞ dövlət katibi Reks Tillerson Rusiyanı seçim etməyə çağırıb. O bildirib ki, Rusiya ya ABŞ və müasir dünyanın tərəfində olmalıdır, ya da Əsəd, İran və “Hizbullah”ın yanında. Sizcə, Rusiya bundan sonra da ikincilərin yanında olmağa davam etsə, nə baş verəcək?

– Rusiya maraqlarını müdafiə edir və onun maraqları məhz Əsəd rejimini müdafiə etməyi diqtə etməkdədir. Bu barədə, səbəblər haqqında az öncə danışdıq. Lakin bu o demək deyil ki, Rusiya sonadək Əsədi müdafiə edəcək. Əgər Qərb rəsmi Moskvaya növbəti iqtidarın anlaşmaya gedərək hərbi bazaları saxlayacağı ilə bağlı müəyyən təminatlar versə, Rusiya güzəştlərə gedəcək və tədricən Qərblə maraqlarını Suriyada uzlaşdıracaq. İran isə, Əsəddən sonrakı siyasi iqtidarın Tehranın siyasətinə adekvat olacağından əmin olmayanadək Əsəd iqtidarını dəstəkləməkdə davam edəcək. Mümkündür ki, tezliklə İran Suriyada yeni siyasi şiə müxalifətinin formalaşması prosesinə start versin. Hər halda, qarşıdurma siyasi və hərbi müstəvidə davam edəcək. Amma bu, təbii ki, ABŞ-Rusiya müharibəsi və ya Suriyada birbaşa hərbi qarşıdurma səviyyəsinə çatmayacaq.

– Donald Trampın hakimiyyəti dövründə Suriya məsələsinin öz həllini tapacağını gözləmək mümkündürmü?

– Suriya münaqişəsinin həlli ABŞ-da prezident kürsüsündə kimin oturmasından asılı deyil. ABŞ-ın Yaxın Şərqdə dəyişməz maraqları var. Prezidentlər həmin maraqların təmin edilməsi üçün müxtəlif yollardan istifadə edə bilərlər, bu, təbiidir. Düşünmürəm ki, Suriya münaqişəsi yaxın zamanlarda həllini tapa biləcək bir münaqişədir. İstər Suriyada, istərsə də İraqda baş verən proseslər, yaxın gələcəkdə bu bölgədə stabilliyin mümkünsüz olduğu qənaətini yaradır. Proseslərdə bu və ya başqa formada iştirakı olan dövlətlər öz maraqlarını uzlaşdırmadıqca, kiçik də olsa,  güzəştlərə getmədikcə, böhranın həllindən danışmaq yersizdir.

Səxavət HƏMİD