XƏBƏR LENTİ

14 Dekabr 2018

Digər Xəbərlər

11 Oktyabr 2018 - 18:21

Hüquq müdafiəçisi:"Qızlar və qadınlar müharibənin bir nömrəli qurbanları olur"

“Azərbaycanda qızların hüquqları qanunvericilikdə lazımi səviyyədə əksini tapıb. Qadınlar və qızlar ölkənin bərabərhüquqlu vətəndaşlarıdır. Qadın hüquqları çoxsaylı qanunvericilik aktlarında qorunur, ölkə bununla bağlı çoxsaylı beynəlxalq konvensiyalara qoşulub. Qadınlar diskriminasiyaya məruz qalmır, toxunulmazlıq hüququ var”.

Strateq.az xəbər verir ki, bu barədə Amerikanın Səsinə Beynəlxalq Qızlar Günü münasibəti ilə müsahibəsində Helsinki Vətəndaş Assambleyasının həmsədri Arzu Abdullayeva bildirib.

Onun fikrincə, real vəziyyət qanunvericlikdə olduğu kimi deyil:

“Bununla yanaşı qadınlar sülh prosesində də fəal iştirak edir. Əlbəttə, Ermənistan-Azərbaycan münaqişəsi qızlar və qadınlara çox ziyan vurub. Bir qayda olaraq qızlar və qadınlar müharibənin bir nömrəli qurbanları olur”.

O, son illər ölkədə erkən nikahların çoxluq təşkil etdiyini bildirir: “Bu ciddi problemdir. Səbəbi isə yoxsulluqla bağlıdır və erkən nikahlar əsasən əyalətlərdə çoxdur”. A. Abdullayeva ölkədə yeni doğulan oğlanların sayının qızlara nisbətdə daha çox olması ilə bağlı deyib ki, bu sahədə ciddi işlər aparılmır.

“Abortların qarşısının alınması üçün təbliğat işləri aparılmalıdır. Maarifləndirici aksiyalar keçirilməlidir. Sovet dönəmində də Azərbaycanda oğlanların sayı qızlara nisbətdə çox olub. Amma bu nisbət 49-51 faizdən çox olmayıb. İndi nisbət daha çoxdur. Vəziyyətdən çıxış üçün dövlət komitəsi və vətəndaş cəmiyyətləri birgə işlər aparmalıdır. Yaxşı olardı ki, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin rayonlarda nümayəndələri olsun. Onlar yerlərdə qadın hüquqlarının qorunması, gender və erkən nikah məsələlərini daim qaldırsın”.

QHT rəhbərinin fikrincə, Azərbaycanda qızların təhsilə cəlbi yüksək səviyyədədir: “Patriarxal ailələri çıxmaq şərti ilə Azərbaycanda qızların təhsili həmişə ailədə önəmli olub”. O, Azərbaycanda qadınların pedoqoji, tibbi xidmət sahəsində daha çox çalışdığını bildirib. “Statistikaya görə dövlət vəzifələrinin yalnız 11 faizini qadınlar tutur. Parlanmendə isə deputatların 16 faizi qadınlardır”, o qeyd edib.