XƏBƏR LENTİ

18 Yanvar 2019
17 Yanvar 2019

Digər Xəbərlər

12 Yanvar 2019 - 21:33

“Yaranmış vəziyyət məni ciddi narahat edir…” –ATƏT PA-nın vitse-prezidenti Mehman Hüseynovla bağlı müraciət yaydı

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev Mehman Hüseynovla bağlı hüquq-mühafizə orqanlarına və beynəlxalq təşkilatlara müraciət edib.

Strateq.az xəbər verir ki, o, bu barədə Tviter hesabında məlumat yayıb.

Müraciətdə deyilir:

“Son günlər yerli və xarici mətbuatda Mehman Hüseynovla bağlı gedən yazıları və bəzi beynəlxalq qurumların bəyanatlarını təhlil edərək belə bir qənaətə gəlmək olar ki, bir çox hallarda məsələyə verilən reaksiya adekvat deyil və hiss olunur ki, baş verənlərin mahiyyəti bilərəkdən təhrif edilir. Bu isə ciddi narahatçılıq doğurur, eyni zamanda yerli və beynəlxalq ictimaiyyəti çaşdırır və əsil həqiqətin nədən ibarət olduğu haqqında məlumat əldə etmək imkanını məhdudlaşdırır.

Məni narahat edən əsas məqamlardan biri də xarici mətbuatda Mehman Hüseynova yeni cinayət işinin açıldığı və ona daha 7 il həbs cəzası veriləcəyi, bu səbəbdən də o, quru aclıq aksiyasına başladığına görə həyatını itirmək təhlükəsi ilə üz-üzə qaldığı haqda həqiqətə uyğun olmayan məlumatların dərc edilməsidir.

ATƏT PA-nın vitse-prezidenti kimi Mehman Hüseynovla bağlı yaranmış vəziyyət məni ciddi narahat etdiyindən, onun haqqında gedən məlumatların həqiqiliyini araşdırmaq, ona qarşı irəli sürülmüş yeni ittihamın mahiyyətini öyrənmək və onun sağlıq durumu haqqında dəqiq məlumat əldə etmək üçün aidiyyatı qurumlarla məsələni müzakirə etdim və bəzi suallara aydınlıq gətriməyə çalışdım.

Əldə olunan məlumata görə, Mehman Hüseynovla həbsxana məmuru arasında baş vermiş hadisə araşdırılması üçün prokurorluq orqanlarına göndərilib. Baş vermiş insident obyektiv və ədalətli şəkildə araşdırılır və proses yekunlaşdıqdan sonra onun nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Mehman Hüseynovun səhhətinin ağır və ya az qala ölümcül vəziyyətdə olması haqqında bəzi beynəlxalq təşkilatların bəyanatlarında və xarici mediada gedən yazılara gəldikdə isə, onu deməliyəm ki, bu məlumatların da heç birinin əsası yoxdur. Rəsmi açıqlamalardan da bəlli olur ki, Mehman Hüseynov aclıq aksiyası keçirmir, onun səhhəti normaldır və ona qarşı hər hansı bir ayri-seçkiliyə, təzyiqə və ya qanundan kənar hərəkətlərə yol verilmir. Bu faktlar onu həbsxanada ziyarət edən Azərbaycan Respublikası Ombudsmanın nümayəndəsinin, hüquq müdafiə təşkilatlarının, xarici ölkə səfirliklərinin və eyni zamanda Mehman Hüseynovun özünün yaydığı açıqlamalarda da öz əksini tapmışdır.

Ümid edirəm ki, Mehman Hüseynovun hüquqları qanunvericilik çərçivəsində tam olaraq qorunacaq, eyni zamanda bu mövzu ətrafında bundan sonra siyasi manipulyasiyalara yol verilməyəcəkdir.

Sonda isə hüquq mühafizə orqanlarını Mehman Hüseynovla bağlı baş vermiş insidenti obyektiv və ədalətli araşdırmağa, beynəlxalq təşkilatları, səfirlikləri, yerli və xarici mediyanı isə məsələnin mahiyyətini tam bilmədən ona tələsik və birtərəfli reaksiya verməməyə və araşdırmaların nəticələrini gözləməyə çağırıram!”.