XƏBƏR LENTİ

27 May 2019
26 May 2019

Digər Xəbərlər

20 Aprel 2019 - 11:39

Zərdüşt Əlizadə:"Əgər ABŞ İrana zərbələr endirsə, Tehranın güclü cavabları olacaq"

“ABŞ elə bir dövlətdir ki, marağı tələb edəndə bəzən terrorçuları müdafiə edir, gizli həbsxanalar saxlayır, insanlara rəsmi şəkildə işgəncə verir. Ancaq ABŞ və müttəfiqlərinin işğalçı və istismarçı siyasətinə müqavimət göstərən, etiraz edən dövlətlər, millətlər, qurumlar isə terrorçu elan olunur. Hamı bilir ki, Rza Şah Pəhləvi İranı yeyib dağıdırdı, rüşvət yuvasına çevirmişdi. Amma o zaman Pəhləvi yaxın Şərqdə Amerikanın strateji müttəfiqi idi. İran xalqı inqilab etdi, islam respublikası qurdu. İndi islam respublikasında islam çərçivəsi daxilində ədalətli seçkilər keçirilsə də, bu, Vaşinqtonun xoşuna gəlmir. Odur ki, İran 1979-cu ildən ABŞ-ın sanksiyası altına düşüb. İndi də özlərinin kobud siyasi səhvinə görə İranı günahkar bilirlər. ABŞ Səddamı devirdikdən sonra İraqda boşluq yarandı. Bu boşluğu da İran təbii formada tutdu. Bundan sonra Qərb dövlətləri Suriyada qiyamçılara dəstək verdi, İran isə ora daxil olaraq müttəfiqinə köməklik göstərməyə başladı. Hazırda isə ABŞ İran İnqilab Keşikçiləri Korpusunu terrorçu elan edib”.

Bu fikirləri Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə bildirib.

Onun fikrincə, əslində, bu, siyasi oyundur və tərəflər topu bir-birinə vurur: “Bundansa, dialoqa başlasalar, beynəlxalq hüquqa söykənsələr, belə hallar da olmazdı. Amma ortada böyük iqtisadi maraqlar olduğuna görə öz istəklərini gerçəkləşdirmək, şirkətlərinə münasib fəaliyyət yaratmaq üçün beynəlxalq hüququ tapdalayır, xalqların və dövlətlərin hüquqlarını tanımır, bunu da düzgün siyasət sayırlar. Hesab edirəm ki, ABŞ siyasəti azadlıq və liberalizm ideyalarını bədnam edir”.

Bununla belə politoloq hesab edir ki, tərəflər arasında hərbi qarşıdurma gözlənilmir: “ABŞ çalışır ki, texnoloji üstünlüyündən istifadə edərək, ona cavab qaytara bilməyən zəif rəqiblər və ölkələrlə döyüşsün. İran kifayət qədər güclü dövlətdir. Əgər ABŞ İrana zərbələr endirsə, Tehranın əli çatar ki, ətrafında yerləşən ABŞ qüvvələrinə ciddi zərbələr vursun. Nəzərə alın ki, ABŞ-ın Səudiyyədə, Bəhreyndə, İraqda, Suriyada hərbi bazaları var, habelə gəmiləri yaxındadır. Yəni İran və müttəfiqləri ABŞ-a kifayət qədər güclü cavab zərbəsi vura bilər. Eyni zamanda, nəzərə alın ki, Donald Tramp 2020-ci ildə də prezident seçilmək istəyir. Seçki ilində müharibə və itkilər onun maraqlarına uyğun deyil. Ümid edirəm ki, böyük müharibə olmayacaq. Lokal müharibə isə onsuz da gedir”.