XƏBƏR LENTİ

23 May 2019

Digər Xəbərlər

14 May 2019 - 20:28

Oqtay Əsədov Qazaxıstanın Azərbaycandakı səfiri ilə görüşüb –FOTO

Mayın 14-də Milli Məclisin Sədri Oqtay Əsədov Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev ilə görüşüb.

Milli Məclisin Mətbuat xidmətindən verilən məlumata görə, görüşdə sədr bildirib ki, ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra xalqlarımız arasında tarixən mövcud olan əməkdaşlıq keyfiyyətcə yeni səviyyəyə yüksəlib.

Bu gün ölkələrimiz strateji tərəfdaşdırlar. Əlaqələrimizin bu səviyyəyə yüksəlməsinin əsası Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulub. Münasibətlərimiz bu gün də dövlət başçıları tərəfindən müvəffəqiyyətlə davam etdirilir.

Azərbaycan Qazaxıstan ilə mövcud əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir. Orta Asiyanın bu ölkəsi əldə etdiyi nailiyyətlərlə dünya birliyində öz layiqli yerini tutub. Ölkənin bu uğurlara imza atması aparılan məqsədyönlü siyasətin nəticəsidir. Bu gün Qazaxıstan öz yeni prezidentini seçməyə hazırlaşır. Hakimiyyətin dinc yolla ötürülməsinin aparılan daxili və xarici siyasətin davam etdirilməsinə, sabitliyin qorunmasına xidmət edəcəyi heç kimdə şübhə doğurmur. Namizədlər arasında mənim həmkarım, vaxtilə Qazaxıstan Senatına rəhbərlik etmiş Qasım-Comərd Tokayev də var. O, Qazaxıstan Parlament Senatının Spikeri olduğu dövrdə dəfələrlə Azərbaycana səfər edib. Biz müxtəlif beynəlxalq tədbirlərdə mütəmadi olaraq görüşmüşük. Qarşılıqlı hörmətə və anlaşmaya əsaslanan münasibətlər sayəsində ölkələrimizin parlamentləri arasında konstruktiv səmərəli əməkdaşlıq formalaşıb. Qarşıdakı prezident seçkilərində Qazaxıstan xalqına uğurlar arzulayıram. İnanıram ki, müdrik Qazaxıstan xalqı düzgün seçim edərək inkişafa, sabitliyə və firavanlığa səs verəcək.

Görüşdə tərəflər hər iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlıq məsələlərini müzakirə edib, parlamentlərarası dostluq qruplarının fəaliyyətinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Söhbət zamanı Azərbaycan parlament nümayəndə heyətinin bu ilin sentyabrında Nur-Sultan şəhərində keçiriləcək Avrasiya ölkələri parlament spikerlərinin 4-cü müşavirəsində iştirakı ilə bağlı məsələlər nəzərdən keçirilib.

Görüşdə Türkdilli Ölkələrin Parlament Assambleyasının payızda Bakı şəhərində keçirilməsi nəzərdə tutulan növbəti iclasının vaxtı və təşkilatı məsələlər müzakirə olunub.

Görüş zamanı Beybit İsabayev Milli Məclisin Sədrinə Qazaxıstandakı daxili siyasi proseslər, qarşıdakı prezident seçkiləri və digər məsələlər barədə məlumat verib/Report.