XƏBƏR LENTİ

23 Oktyabr 2019
22 Oktyabr 2019

Digər Xəbərlər

08 İyul 2019 - 19:38

TELEAPARICI PUTİNİ VƏ VALİDEYNLƏRİNİ SÖYÜB GÜRCÜSTANI QARIŞDIRDI –“Bu, uğrunda mübarizə apardığımız Gürcüstana tüpürməkdir”

ru.armeniasputnik.am, 08.07.2019

 

Gürcüstanda bazar günü axşam müxalif və son dərəcə reytinqli telekanalda “Postskriptum” proqramı efirə çıxanda “Rusiya vurğulu” növbəti qalmaqal qopub.

 

Nə baş verib?

 

Gürcüstanda ən populyar aparıcılardan biri Georgi Qabuniya proqramı Rusiya prezidenti Vladimir Putinin ünvanına söyüşlə başlayıb. Qabuniya dəqiqəyarım boyunca, yumşaq deyilsə, ədəbsiz sözlər işlətməklə Rusiya liderini təhqir edib. Eyhamsız deyilsə, tərtəmiz rus dilində əla ana söyüşləri ilə.

Aparıcı Putinin valideynlərinin ünvanına da iyrənc sicilləmə başlamaqdan həya etməyərək bilə-bilə vurğulayıb ki, onlar artıq həyatda deyillər. Və görünür, bu durum aparıcıya xüsusi ləzzət verib.

 

Bundan sonra nə olub?

 

Gürcüstanın Rusiya ilə olduqca qəliz münasibətlərinə baxmayaraq, həm hakimiyyət, həm də müxalifət aparıcının davranışını yolverilməz sayıb. Telekanalın binası yanında kortəbii mitinq toplaşıb.

Qalmaqalı efirdən sonra telekanalın binasının yanında bir saat ərzində kortəbii mitinq başlanıb. Bura, əsasən, “Rustavi 2” telekanalının birbaşa onunla bağlı olduğunu iddia edən keçmiş hakim Vahid Milli Hərəkat partiyasına qarşı olanlar gəliblər.

Gürcüstanın “Sputnik”indən həmkarlarımızın xəbər verdikləri kimi, aksiya bir qədər kortəbii, amma duyğusal keçib. Bəziləri aksiyaya bir neçə il qabaq “həbsxana qalmaqalı”nın – həbsxana və kolonlarda dustaqlara həqarətin rəmzi olmuş süpürgə ilə gəliblər.Həbsxana qalmaqalı” Saakaşvilinin Vahid Milli Hərəkatını 2012-ci il seçkilərində məğlubiyyətə aparan amillərdən biri olub.

 

Tələb və çağırışlar

 

Rustavi 2”nin yanındakı aksiyada hakimiyyətə qarşı ən müxtəlif tələblər irəli sürülüb – araşdırmaya başlamaq və təqsirliləri cəzalandırmaqdan telekanalın bağlanmasına qədər.

 

Adamları nə qəzəbləndirib?

 

Gürcüstanda valideynlərə özəl münasibət var. Və hələ – burada həyatdan köçənlərə pərəstişi, onların xatirəsini təhqir etmək olmaz. Bu, yasaqdır. “Rustavi 2”nin aparıcısı bunu pozub. O, təkcə Rusiya prezidentini alçaltmayıb, Vladimir Putinin ata və anasının ünvanına qaba və iyrənc, ədəbsiz söyüşü rəva bilib…

Ölüləri belə alçaltmaq Gürcüstan üçün ağlasığmazdır və iki ölkə arasında son dərəcə qəliz münasibətlərə və Putinə dumanlı münasibətə baxmayaraq, əsil şok olub.

Gürcüstan baş naziri Mamuka Baxtadze bildirib: “Bu gün “Rustavi 2”nin efirində gördüyümüz fitnəkarlığın hiddət doğuran təzahürü və ölkəni qarışdırmaq cəhdindən savayı bir şey deyil. Bu, qətiyyən qəbuledilməzdir”.

 

Gürcüstan üçün qeyri-məqbuldur

 

Gürcüstan prezidenti Salome Zurabişvili “Rustavi 2” telekanalının bazar günü efirini qınayıb…

Gürcüstan prezidenti Salome Zurabişvili özünün Facebook səhifəsində yazıb: “Vətənsevərlik nəsə başqa bir şeydir və ölkə maraqlarının qorunması təcavüz, qarışıqlıq və iğtişaşlarla baş vermir… Teleşirkətlərdən birinin aparıcısı tərəfindən qonşu dövlətin başçısının ünvanına fitnəkar və alçaldıcı terminləri pisləyirəm. O, Gürcüstan üçün qəbuledilməz olanı özünə rəva bilib. Bu, Gürcüstanın maraqlarına ziyan vurur”.

 

Gürcüstan XİN-nin bəyanatı

 

Gürcüstan Xarici İşlər Nazirliyi bildirib ki, “Rustavi 2” teleşirkətinin ifadələri onsuz da mürəkkəb olan Gürcüstan-Rusiya münasibətlərini qəlizləşdirməyə yönəlib.

Gürcüstan XİN-in bəyanatında deyilib: “Rustavi 2” teleşirkətinin istifadə etdiyi, söz azadlığı və  xalis fitnəkarlığı ifadə edən …. ifadələri ciddi pisləyirik”.

 

Sosial şəbəkələrin reaksiyası

 

Georgi Qabuniyanın qalmaqallı çıxışı… Facebook sosial şəbəkəsinin Gürcüstan seqmentində qəzəbli şərhlər qasırğası doğurub. Facebook-un bir çox iştirakçıları artıq bir neçə videoplatformaya, o cümlədən YouTube-a qoyulmuş videonu bölüşməməyə çağırıblar.

Sosial şəbəkə istifadəçiləri Rusiya prezidentinə münasibətlərindən asılı olmayaraq jurnalistlərin  belə davranışını yolverilməz hesab edirlər.

Yeqor Kurotyev  yazıb: “Mən “Rustavi 2”nin çarxını qoymayacağam və hamıdan bu videonu bölüşməkdən əl çəkməyi xahiş edirəm. Bu, sadəcə, peşə rüsvayçılığı deyil… Bu, teleşirkətə üzqarası deyil. Bu, xəcalətdir. Hamımız üçün. Çünki sabah bu iyrənc əməli çox ölkələrdə görəcəklər və Gürcüstanın imici milyonlarla adamın gözündə kəskin şəkildə düşəcək. Bu, Putinin sifətinə tüpürmək deyil. Bu, uğrunda mübarizə apardığımız və acıdığımız Gürcüstana tüpürməkdir”.

 

“Rustavi 2” telekanalı efiri dayandırıb

 

Telekanalın direktoru Nika Qvaramiya deyib: “Təhlükəsizliyimiz təmin olunmayınca, bu dəqiqələrdə yayımı kəsirik. İndi efirimizi bağlayacağıq. Bütün jurnalistlər çıxacaqlar. Hakimiyyətə inanmadığımıza baxmayaraq, ondan xahiş edirik – o bacarar ki, kanalın təhlükəsizliyi və KİV-lərin müstəqilliyi müdafiə olunsun. Biz hakimiyyətin təşviqi ilə və birbaşa bəyanatlar üzündən baş verənlərin hamısını görürük – bu bizim təhdid olunduğumuz reaksiyadır. Bu, telekanala soxulmaq və ona sahiblənmək cəhdidir. Bizim təhlükəsizliyimiz təmin edilməyənə qədər yayımı dayandırırıq”.

O bundan qabaq boynuna alıb ki, aparıcı “qırmızı xətti” keçib.

Qvaramiya bildirib: “… Qırmızı xətlər var, habelə zövq və əndazə gərəkdir. Kanal cənab Qabuniyanın ifadə formasına qətiyyən şərik çıxmır və hesab edir ki, bu kanalın auditoriyasına da, yüksək standartlarına da uyğun deyil”.

 

“Rustavi 2” nəyi təsəvvürə gətirir?

 

“Rustavi 2” telelkanalı iki ildən bir qədər qabaq 2017-cin ilin fevralında Rustaveli prospektində özünü müdafiə etmək üçün çoxminlik aksiya toplayıb. O zaman Tiflisin mərkəzindəki aksiya, “Rustavi 2”nin direktoru Nika Qvaramiyanın sözlərinə görə, məhz bu müxalif teleşirkətin təcəssüm etdirdiyi söz azadlığını müdafiə etmək çağırışı altında keçirilib.

Bu gün “Postskriptum” verilişinin aparıcısı Georgi Qabuniyanın Rusiya prezidenti Vladimir Putinin ünvanına qalmaqallı çıxışından sonra Tiflis sakinləri aparıcını cəzalandırmaq və hətta yayımı dayandırmaq tələbilə “Rustavi 2”nin binası qarşısında kortəbii mitinqə yığışıblar.

 

Jurnalist etikası xartiyası

 

Gürcüstanın jurnalist etikası xartiyası” şurasının bəyanatında deyilir:  “Rustavi 2” teleşirkətinin “Postskriptum” verilişinin aparıcısı Georgi Qabuniya tərəfindən veriliş zamanı Rusiya prezidentinin ünvanına qeyri-etik bəyanatı təkcə “Rustavi 2”-ə deyil, həm də Gürcüstanın əxlaqlı KİV-lərinə ziyan vurur, KİV-lərə və jurnalistlərə inam və sayğının azalmasına, nifrət dilinin tirajlanmasına səbəb olur, ölkədə demokratik prinsiplərin qurulması və inkişafına ziyan verir”.

 

“Rustavi 2” efiri bərpa edib

 

“Rustavi 2” yayımı dayandırandan bir neçə saat sonra efirə çıxıb, kanal indiki anda işi adi rejimdə davam etdirir.

Bu arada əməkdaşlar etiraz əlaməti kimi teleşirkətdən işdən çıxmağa başlayıblar. Kanalın operatorlarından biri Levan Marqvelaşvili birbaşa mitinqdə kameranı atıb və press-kartını cırıb.

Marqvelaşvili deyib: “Mənim ailəm var və istəmirəm ki, məni təhqir etsinlər”.

Daha bir işçi – ölkənin ən reytinqli seriallarından biri “Arvadımın rəfiqələri”nin üzərində işləyən Levan Rostomauli telekanalı tərk edib.

“Rustavi 2” telekanalı öz jurnalisti Georgi Qabuniyanın ifadələrinə görə tamaşaçılardan əvvəllər üzr istəyib…

Tərcümə Strateq.az-ındır.