XƏBƏR LENTİ

18 İyul 2019
17 İyul 2019

Digər Xəbərlər

11 İyul 2019 - 12:53

DÜZGÜN SEÇİM PROBLEMİ:XALQ SEÇİMİNDƏ YANILDIQDA, HESABI KİMƏ KƏSİLİR?!

Anar İBRAHİMOV

 

“Tarix, dəyişdirilməsi mümkün olmayan siyasətdir.

Siyasət isə dəyişilməsi hələ də mümkün olan tarixdir”.

Alman yazıçısı Zinqmund Qraff

 

“Xalq seçimində yanıldıqda, hesabı kimə kəsilir?” Maraqlı sualdı. Adətən, bu cür suallara cavab axtardıqda, dərhal tarixə müraciət edirik. Düz də edirik, çünki tarixin toplum üçün faydası və əhəmiyyəti sadə analogiyanı canladıraraq asan yolu – cavabı tapmaqdadır.

Əslində kütlənin (toplumun) yanılmaması ideyası (Argumentum ad populum) nə qədər mədəniyyətimizdə və davranışımızda möhkəmlənsə də, elə də dərin kökə malik deyil. Bu fenomen ən çoxu iki yüz il ərzində (özü də hər yerdə fərqli zamanda) indiki anlamına gəlmişdir.

Seçki senzlərinin aradan qaldırılması, seçki institutunun total tətbiqi, müxtəlif qərarların qəbulu zamanı referendumlara, plebestidlərə, rəy sorğularına müraciət olunması, onun nəticəsinin də hazırkı interpretasiyasında, yeni ştampları ortaya qoydu. Bu ştamplardan da biri də “xalq heç zaman yanılmaz” stereotipidir.

İş o yerə gəlib çatıb ki, heç bir ənənəvi siyasi qüvvə (partiya) bu deyimi şübhə altına qoya biləcək qədər cəsarətli deyil və belə bir vəziyyətdə mövcud konyunktura uyğunlaşaraq, həmin tezisi tərarlamaqla həqiqətəbənzər duruma gətirmişlər.

Çoxluq heç də keyfiyyət deyil, deməli, çoxluğun seçimi də hər zaman keyfiyyətli olmaya bilər. Hazırlıqsız (təhsilsiz, iqtisadi cəhətdən azad olmayan, ələbaxan və s.) çoxluğun iradəsinin qəbulu məsələsi həmişə müzakirə mövzusu olmuşdur. Tarixin müxtəlif zamanlarında istər Şərqdə, istərsə də Qərb dünyasında çoxluğun seçiminin keyfiyyətini şübhə altına qoyulması ilə bağlı xeyli nümunələr də öz yerində. Bu seçim və iradənin qərarlara axtarılmasında ən başlıca problem –  məsuliyyətli seçim məsələsidir.

Tarixdən dinin siyasət üzərindəki ideoloji təsiri dövründə çoxluğun seçim haqqını (indiki dillə desək, bu yolla qazanılan legitimliyi) istər xristian, istərsə də islam, hətta uzaq Şərqdəki dini-fəlsəfi düşüncələr tərəfindən belə, qəbul olunmurdu. Sonradan siyasi fikrin inkişafı “çoxluğun tiraniyası” və sair bu kimi anlayışları da müzakirəyə çıxardı. Yəni, problem xronoloji sərhədlə məhdudlaşmadı…

Əlqərəz. İnsanı düşündürən bu sualların müzakirəsi hər nə qədər tabuya çevirilsə də, bu suallara cavab tapmaq lazımdır. Həm də faydalıdır. Faydası, təkrar edəcəm, əvvəlki səhvlərdən nəticə çıxarmaqdır.

Çoxluğun səhv etdiyi bir çox nümunələr günümüzdə də var. 2016-cı ilin iyununda Britaniya əhalisi krallığın Avropa Birliyindən çıxamsına səs  verib (52 faizlə) cəmi 2-3 il sonra artıq düzgün seçimlərində şübhəli olduqlarını etiraf edir. Keçirilən rəy sorğularına görə, təkrar rəy sorğusu olduğu təqdirdə, britaniyalılar, çox güman ki, fərqli qərar qəbul edəcəklər. Artıq təkrar rəy sorğusu məsələsi açıq-aydın səsləndirilməkdədir.

Tarixdə çoxluğun yanlış seçiminin bütövlükdə xalqa, qitəyə, hətta dünyaya problem və fəlakət gətirdiyinin klassik nümunəsi, bəlkə də, Almaniyadır. Rasional, planlı bir millət kimi tanınan almanların belə yanlış seçim problemdən qaça bilməməsi onlar üçün milli fəlakətə və itkilərə səbəb oldu. Ağır siyasi və iqtisadi böhrana düçar olmuş Veymar respublikasında aşırı millətçilərə dəstək məsələsi Almaniya tarixinin ən qaranlıq səhifəsi oldu.

5 mart 1933-cü ildə Almayiyada parlament seçkilərində nasistlərin bölgələr üzrə (NSDAP) nəticələri

1933-cü ilin martında Almaniya Reyxstaqına (parlamentinə) keçirilən seçkilərdə alman seçicisi populist, aşırı milliyətçi, şovinist və militarist, bir sözlə, dözümsüz və radikal qüvvələrə səs verməklə, gələcək fəlakətlərinin əsasını qoydular. Həmin seçkilərdə Hitlerin lideri olduğu Alman Nasional Sosyalist Fəhlə Partiyası (NSDAP) 44 faiz səs aldı. Digər bir radikal qanadın təmsilçisi olan Alman Milli Xalq Partiyası (DNVP isə 8 faiz səs almışdır) ilə ittifaq quran nasistlər qısa müddətdə totalitar bir dövlət quraraq, almanların bütün azadlıqlarını “ümümi mənafe” üçün məhdudlaşdırdılar.

Sonrakı tarix və hadisələr, II Dünya Müharibəsi, bəşəriyyətə qarşı cinayətlər hamıya məlumdur…

Ortada, həqiqətən, yanlış bir seçimin gətirdiyi problem var. Nə qədər qəribə olsa da, həmin yanlış seçim, “çoxluğun səhvi”nin ən ağır zərbəsi elə alman millətinə və alman dövlətinə dəydi. Alman millətinin itirdiyi resurslar, maddi nemətlər, həlak olmuş və sağlamlığını itirən milyonlarca alman, ağır reparasiyalarla yanaşı onların itirdikləri daha ciddi bir şey var idi. O da almanların itirdikləri Vətən idi…

II Dünya Müharibəsinin yekununda Almaniyanın itirdikləri bölgələr 

Qəribəsi isə odur ki, nasistləri dəstəkləyən bölgələr II Dünya Müharibəsinin sonunda Almaniyanın sərhədləri daxilində belə qalmadı, o bögələrin əhalisi isə, – hansılar ki, 1933-cü ildə NSDAP-a aşırı səs vermişlər, – milyonlarla yerdəyişən (faktiki olaraq, torpaqlarından zorla köçürülən və qaçqın statusuna keçən) topluma çevrildilər. 1933-cü ildə nasistləri hakimiyyətə gətirilməsində daha çox dəstək olan bölgələr Prussiya, Şərqi Prussiya-Könisberq bölgəsi -indiki Kalininqrad, Pomeraniya, Sileziyanın bir hissəsi (bax: xəritədə qəhvəyi rənglin olduğu yerlər) artıq Almaniya yox –  Russiya, Polşa, Litva sərhədlərində yerləşir.

Strateq.az