XƏBƏR LENTİ

18 Sentyabr 2019
17 Sentyabr 2019

Digər Xəbərlər

12 Sentyabr 2019 - 19:50

Deputatlar Milli Məclisdə AŞPA prezidenti ilə görüşdü –Nələr müzakirə olunub?

Azərbaycan Milli Məclisinin (MM) Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin üzvləri qurumun prezidenti Lilian Mori Paskie ilə görüşüblər.

MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurasının 70 illiyi ərəfəsində Milli Məclisdə təşkil olunmuş bu görüşün əhəmiyyətli olduğunu deyib.

O, Lilian Mori Paskienin dünən Fransa-Azərbaycan Universitetində keçirilmiş konfransda etdiyi çıxışa xüsusi diqqət yetirib. Onun çıxışı zamanı söylədiyi fikirlərin əlaqələrin genişləndirilməsinə və dialoqun yüksək səviyyədə olmasına dəlalət etdiyini qeyd edib. Qonağın səsləndirdiyi “biz yalnız qarşılıqlı anlaşma, qarşılıqlı hörmət çərçivəsində əməkdaşlığımızı möhkəmləndirə bilərik” sözlərinə razılığını ifadə edib.

S.Səmədov bildirib ki, Azərbaycan AŞPA ilə əlaqələrin inkişafına böyük önəm verir: “Milli Məclis bu qurumla qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsində maraqlıdır. Belə səfərlər və keçirilən görüşlər münasibətlərimizin inkişaf etdirilməsində böyük əhəmiyyət kəsb edir. AŞPA-da təmsil olunan nümayəndə heyətimizin üzvləri təşkilatın işində fəal iştirak edirlər. Deputatlarımız qurumun bütün tədbirlərinə qatılır, qaldırılan məsələlər barədə öz mövqelərini bildirirlər”.

Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi barədə söz açan S.Seyidov problemin həlli istiqamətində AŞPA çərçivəsində atılan addımlardan danışıb. Komitə sədri diqqətə çatdırıb ki, məhz AŞPA-nın 2005-ci ildə qəbul etdiyi müvafiq qətnamədə Azərbaycan torpaqlarının işğal edilməsi faktı xüsusi olaraq vurğulanıb. Məhz AŞPA Azərbaycan və Ermənistan arasında dialoqun aparılması üçün xeyli səy göstərib.

AŞPA prezidenti Lilian Mori Paskie Bakıya səfərindən və keçirdiyi görüşlərdən məmnunluğunu söyləyib. Rəhbərlik etdiyi qurumun Azərbaycanla əlaqələrin dərinləşməsinə böyük əhəmiyyət verdiyini deyib. Qonaq qeyd edib ki, AŞPA olaraq milli parlamentlərlə əməkdaşlıq şəraitində konkret məsələlərin həllinə nail oluruq: “Məhz dialoq yolu ilə həlli çətin olan məsələləri həll edirik”.

O, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin fəaliyyətindən razı olduğunu bildirib.

Lilian Mori Paskie Avropa Şurasının 70 illik yubileyi ərəfəsində keçirilən görüşlərin siyasi əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb. O, “mənim parlamentimdə zorakılığa qarşı yox” çağırışının müəllifi olaraq milli parlamentləri bu aksiyaya qoşulmağa səsləyib, qadın və uşaqlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş İstanbul və Lanzarote konvensiyalarının önəmi barədə danışıb.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə AŞPA-da nümayəndə heyətimizin üzvləri – komitə sədri Rafael Hüseynov, deputatlar Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Asim Mollazadə, Elşad Həsənov iştirak ediblər/Report.