XƏBƏR LENTİ

16 Noyabr 2018
15 Noyabr 2018

Digər Xəbərlər

09 Noyabr 2018 - 11:39

Badamdardakı sürüşmə zonasında son vəziyyət –Böyük bir qaya uçmaq üzrədir

 Bakıda sürüşmə zonalarında aktivlik hələ də davam edir.

Bu barədə “Yeni Müsavat”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov  məlumat verib. Ə.Qaralov bildirib ki, Badamdar ərazisindəki sürüşmə zonasında böyük bir qayanın altı boş qalıb. O, həmçinin qeyd edib ki, havanın yağmurlu keçməsi də sürüşməyə təsirsiz ötüşməyib: “İstənilən sürüşməyə meylli ərazilərdə atmosfer çöküntüləri olduqda aktivlik bir az da artır.  Noyabrın 8-də Badamdarda sürüşmə ərazisinə baxış keçirdim. Ərazidə gərginlik qalmaqdadır. Axşam saatlarında atmosfer çöküntüləri bir qədər çox oldu. Çünki gecə boyu yağış yağdı. Asılı vəziyyətdə qalmış kütlələrdə uçqunlar baş verir. Eyni zamanda yuxarı hissədə, yəni yaşayış evlərinin hasar divarlarının yaxınlığında, hətta ona bitişik ərazidə böyük qaya parçası var. Həmin qaya parçasının altı tamamilə boşalıb. Eyni zamanda qayanın özü də əvvəlki günlərlə müqayisədə bir qədər əyilib. Altı tamamilə boş olduğu üçün asılı vəziyyətdədir. Ümumi çatlarda isə artımlar qeyd olunub. Sürüşmə kütləsi üzərində gərginlik qalır”.

Ə.Qaralov Bakının digər ərazilərində olan sürüşmə zonalarındakı vəziyyətlə bağlı bunları söyləyib: “Xırdalan, Fatmayi, Zığ ərazilərinə də baxış keçirmişik. Sürüşmənin aktivləşdiyi Zığ ərazisində gərgin vəziyyət qalmaqdadır. Sürüşmə kütlələrinin dinamikasında da gərginlik müşahidə edilir. Torpaq üzərində mövcud olan çatların üzərində isə artımlar gözlə görüləcək səviyyədədir. Digər ərazilərdə isə lokal tipli çökmə var. Bayıl ərazisinə gəlincə isə orada vəziyyət stabildir”.

Bayıl ərazisində “Teleqüllə” yaxınlığında olan sürüşmə səbəbindən ərazidə məskunlaşan 98 ailə bu ilin yanvar ayından etibarən 11 aylıq müddətə kirayə mənzillərə köçürülüb. Əldə etdiyimiz məlumatlara görə, həmin ailələrin əksəriyyəti öz evlərinə qayıdıblar. Sakinlər bildirirlər ki, verilən kirayə pulu az olduğu üçün Bayıl ərazisində ev tapa bilmirlər. Ona görə də məcbur qalıb, öz evlərinə geri dönüblər. Lakin sürüşmə zonasında kommunal xətlər kəsildiyi üçün ailələr çətin vəziyyətdədirlər. Onlar “Yeni Müsavat”a bildiriblər ki, əgər barələrində konkret qərar verilməsə, dekabr ayında aksiya keçirəcəklər. Kirayə pulunun məbləğinə gəlincə isə qeyd edək ki, normativlərə uyğun olaraq ailə tərkibi 1-5 nəfər arası olanlara 200 manat, 6-7 nəfər olana 250 manat, 8-dən çox olanda 300 manat müəyyən olunub. O əraziyə işıq, qaz və digər kommunal xidmətlər müvəqqəti dayandırılıb.

Ərazidəki problemlərlə bağlı Səbayel Rayon İcra Hakimiyyətindən bildirilib ki, uzun müddətdir ki, həmin ərazidə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Mərkəzi, Geologiya İnstitutu, o cümlədən Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri araşdırmalar aparırlar: “Bu araşdırmaların nəticəsi ilə bağlı Nazirlər Kabinetinə geniş material təqdim olunmalıdır. Nazirlər Kabinetindən də ərazidəki mövcud tikililərin gələcək taleyi ilə bağlı qərar qəbul olunacaq. Qərara əsasən, ya həmin 98 ailəyə müvafiq kompensasiya ödənilərək köçürüləcək, ya da digər qərar qəbul olunacaq. Nazirlər Kabinetinin qərarı da Səbayel Rayon İcra Hakimiyyəti tərəfindən icra olunacaq”.

Müvafiq orqanlar bildirirlər ki, 98 ailənin sahib olduqları evlərin heç bir sənədi yoxdur. Buna baxmayaraq, sakinlərə kompensasiya ödəniləcək.

Lakin Badamdar ərazisindəki təhlükəli sürüşmə zonasında yaşayan 11 evin (villanın) sahibləri ilə bağlı heç bir açıqlama verilmir. Onların da kommunal xətləri kəsilsə də, sakinlər generator və digər elektrik verən bu kimi cihazlardan istifadə edərək, mənzillərini tərk etmirlər. Onların evlərini tərk etmələri ilə bağlı rəsmi qərar da yoxdur. Sadəcə olaraq baş nazirin müavini Hacıbala Abutalıbov ərazidə olduğu zaman jurnalistlərə açıqlamasında bildirib ki, sürüşmə zonasında inşa edilən evlər qanunsuz tikililərdir. Onun sözlərinə görə, bu mənzillər sökülən zaman, sahiblərinə də hər hansı bir kompensasiya ödənilməcəyək.

Onu da qeyd edək ki, bu ərazilərdə torpağın 1 sotunun qiyməti 40-100 min manat arasında qiymətlə dəyişir.