XƏBƏR LENTİ

22 May 2019

Digər Xəbərlər

15 Mart 2019 - 11:25

Deputat Qənirə Paşayeva:"Vərəm xəstələrinə və onların ailələrinə sosial dəstəyi artırmalıyıq"

“Vərəm xəstələrinin məcburi dövlət hesabına müalicəyə cəlb edilməsi, əhalinin vərəmlə bağlı maarifləndirmə işlərinin surətləndirilməsi və vərəmli xəstələrin davamlı tibbi nəzarətdə saxlanılması ilə bağlı işlər sürətlənməlidir”.

Strateq.az xəbər verir ki, bu barədə deputat Qənirə Paşayeva Milli Məclisiin Səhiyyə Komitəsinin iclasında bildirib. Q.Paşayeva vərəmlə mübarizə istiqamətində tədbirlərin gücləndirilməsi istiqamətində qanunvericiliyə əlavələrin edilməsinə ehtiyac olarsa, qanuna təkrar baxılmasına, KİV-lərin  və  QHT-lərin dəstəyi ilə əhalinin maarifləndirilməsinin genişlənməsinə böyük ehtiyac olduğunu deyib. O, telekanallarda vaxtaşırı  vərəmlə bağlı maarifləndirici verilişlər olmasını zəruri sayıb: 

“Vərəm xəstəliyinə qarşı mübarizə ilə bağlı ən effektli tədbirlərdən biri maarifləndirmə, təbliğatdır. Bu məsələdə ciddi maarifləndirməyə, təbliğat, izahat işlərinə ehtiyac var”.

Millət vəkili qeyd edib ki, xüsusilə, mediada, telekanallarda bu yöndə maarifləndirici yazılar, verilişlər, proqramlar getməlidir. “Telekanallar bu məsələdə xüsusi həssaslıq göstərməlidirlər. Mən telekanallarda bu yöndə proqramlara demək olar ki, rast gəlimirəm. Amma vaxtaşırı  bu yöndə maarifləndirici verilişlər olmalıdır. Burada həmçinin, qeyri-hökumət təşkilatlarının (QHT) üzərinə çox böyük missiya düşür. Onlar da bu məsələdə ciddi fəallıq nümayiş etdirməli, maarifləndirmə işini gücləndirməlidirlər. Müvafiq qurumlar, bölgələrdə icra qurumları QHT-lərə bu istiqamətdə fəal iş aparması üçün ciddi dəstək olmalıdır. Çünki QHT-lər bu maarifləndirmə işinə böyük dəstək ola bilərlər. Eyni zamanda, vərəm xəstəliyinin daşıyıcısı olan bir çox  ailələrdə ciddi bilgisizlik, məlumatsızlıq var. Bir çox ailələrdə artıq bu xəstəlik böyük bir bəlaya çevrilib, yəni, bu xəstəliyin daşıyıcısına çevriliblər. Mən özüm təmsilçisi olduğum bölgədə bununla qarşılaşmışam. Ailənin bütün üzvləri bir otaqda vərəm xəstəsi ilə çox yaxın təmasda olur, onun əşyaları ilə, ümumiyyətlə evdə belə xəstə varsa, necə hərəkət etməli olduqlarını bilmirlər və bu da ailənin digər üzvlərinin də vərəmə yoluxmasında ciddi faktordur. Ona görə də vərəm xəstəsi olan ailələrin bu istiqamətdə maairləndirilməsinin genişləndirilməsi də çox vacibdir. Eyni zamanda vərəm xəstələri arasında dərmanlara müqavimətin getdikcə daha da gücləndiyini nəzərə alaraq, onların davamlı olaraq yeni və effektiv dərmanlardan dövlətin dəstəyilə istifadə edə bilməsi məsələsinə diqqətimizi daha da artırmalıyıq”.

Q.Paşayeva eyni zamanda vərəm xəstəliyinin genişlənməsi və ağırlaşmasında sosial faktorları da nəzərə almağın vacib olduğunu qeyd edib:

“Bu cür xəstələrə və onların ailələrinə sosial dəstəyi artırmalıyıq. Nəzərə alsaq ki, bu cür xəstələrin xəstəliklə mübarizədə dərmanlarla bərabər, onların yaxşı qidalanması, sosial vəziyyəti də əsas faktorlardandır. Xüsusilə kəndlərdə, bölgələrdə xəstələrin mütəmadi olaraq həkim nəzarətində ola bilməsi, mərkəzlərə, xəstəxanalara gedib  – gələ bilməsi üçün onlara maddi dəstək, eyni zamanda bu cür xəstələrə ambulatorda da olsa da, davamlı güclü nəzarəti təmin etməliyik”.

Deputat daha sonra qeyd edib ki, vərəm xəstələrinin əlilliyə çıxması ilə bağlı ortaya çıxan problemlərin həlli istiqamətidnə ciddi addımlar atılmalıdır:

“Ölkəmizdə vərəmlə mübarizə istiqamətində ciddi işlər görülür. Əgər bu işləri daha da sürətləndirsək, vərəm xəstələrinin sayının daha da azalmasını, erkən diaqnozla və erkən müalicəsinin başlanması prosesini bu xəstələrə sosial dəstəklə genişləndirsək, vərəm xəstələrində ağırlaşma hallarının ciddi şəkildə azalda bilərik ki, inanıram ki, dövlət qurumları, MM-in və QHT-lərin birgə iştirakıyla keçirilən müzakirələrdə bu istiqamətdə sürülən təkliflər öz müsbət töhfəsini verə biləcək”.  

Strateq.az