XƏBƏR LENTİ

25 May 2019

Digər Xəbərlər

17 Aprel 2019 - 15:46

Təhsil Nazirliyi:"Ölkədə müxtəlif yollarla əldə olunmuş saxta xarici diplomlar aşkarlanır"

Bu il xarici ali ixtisasların tanınması (diplomların tanınması) və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə əlaqədar Təhsil Nazirliyinə 1066 müraciət daxil olub.

Təhsil Nazirliyindən ONA-nın sorğusuna cavab olaraq bildirilib ki, müraciət edənlərin əksəriyyətini MDB-nin müxtəlif ölkələrində (Rusiya Federasiyası, Ukrayna və s.) və Türkiyə Respublikasında təhsil alanlar, digər hissəsini isə Avropa və Asiya ölkələrinin ali təhsil müəssisələrinin məzunları təşkil edir.

“Eyni zamanda, ölkə ərazisində müxtəlif yollarla əldə olunmuş saxta xarici diplomların aşkarlanması ilə bağlı mütəmadi olaraq hüquq-mühafizə orqanlarından Təhsil Nazirliyinə daxil olan sorğular müvafiq qaydada araşdırılır və nəticəsi barədə sorğu edən tərəf ən qısa zamanda məlumatlandırılır. Bundan əlavə, zərurət olduğu halda, araşdırma çərçivəsində tərəfimizdən xarici ali təhsil müəssisələrinə (və ya aidiyyəti qurumlara) sorğular göndərilir. Əlavə olaraq, saxta diplomların aşkarlanmasının əsas mexanizmlərindən biri xarici dövlətlərdə ali təhsil haqqında diplom əldə etmiş şəxslərin Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq, nostrifikasiya prosedurundan keçmə zərurətinin tətbiq olunmasıdır. Belə ki, sözügedən Qaydaların 2.1-ci bəndinə əsasən, tanınma üçün təqdim olunan ali təhsil haqqında sənəd (diplom) və ona əlavə, bir qayda olaraq müvafiq qaydada leqallaşdırılmalıdır. Azərbaycan Respublikasının da tərəfdaş olduğu “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Haaqa Konvensiya”sına əsasən, üzv dövlətlərin ali təhsil haqqında sənədləri apostil möhürü ilə leqallaşdırılır. Apostil möhürü sənədi imzalamış şəxsin imzasının, eləcə də həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir”, – Nazirlikdən bildirilib.