XƏBƏR LENTİ

27 May 2019
26 May 2019

Digər Xəbərlər

19 Aprel 2019 - 14:19

Sakinlər 25 mərtəbəli binanın tikintisinə etiraz edir –Xətaidəki qalmaqala rəsmilər nə deyir?

Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsində, Xətai Rayon İcra Hakimiyyətinin yaxınlığında aparılan tikinti işləri ərazidə yaşayan sakinlərin ciddi narazılığına səbəb olub.

Strateq.az xəbər verir ki, “Report”a müraciət edən bir qrup şikayətçi sözügedən ərazidə aparılan tikinti işlərinin qanunsuz olduğunu bildirib.

Şikayətçilərin sözlərinə görə, 16 mərtəbəli üç yaşayış binasının (Süleyman Vəzirov 17a, 17b və 17c) yanında aparılan tikinti işləri onların yaşadığı binaları da təhlükəyə məruz qoyub.

Buna görə də sakinlər 2018-ci ilin iyun-iyul aylarında Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət ediblər. BŞİH-də müraciətə baxıldıqdan sonra tikintinin qanunsuz olaraq həyata keçirildiyi üzə çıxıb. Buna görə də ərazidə aparılan tikinti işləri dayandırılıb.

“BŞİH-dən müraciətimizə tikintinin qanunsuz olduğu barədə məktubla cavab verilib. Həmin məktubda tikintinin müvafiq qaydalara uyğun olmadığı üçün dayandırıldığı bildirilir. Amma buna baxmayaraq bu il aprelin 12-də yenidən tikinti işlərinə başlanılıb. Bu dəfə gecə-gündüz çalışırlar. Tikinti aparılan ərazidə heç bir məlumatverici lövhə belə yoxdur. Deyilənə görə, 25 mərtəbəli bina inşa edilir. Düz, bizim binanın yanındadır. Bu da o deməkdir ki, biz binamızın pəncərəsini açanda səmanı belə görə bilməyəcəyik. Açıq havanı görməkdən məhrum olacağıq, havasızlıqdan əziyyət çəkəcəyik. Bütün bunlarla yanaşı, evlərimiz təhlükəyə məruz qalacaq və burada 25 mərtəbəli binanın olması böyük sıxlığa səbəb olacaq. Ərazidə aparılan qanunsuz tikintiyə görə təmir olunmuş küçə ağırtonnajlı maşınların, texnikaların hərəkəti nəticəsində yararsız hala düşüb”, – deyə, şikayətçilər bildirib.

Məsələ ilə əlaqədar Xətai Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov “Report”a bildirib ki, ərazidə tikinti işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi əsasında həyata keçirilir: “Burada çoxmərtəbəli yaşayış binasının tikintisinə başlanılıb. Doğrudur, ötən il orada tikinti işlərinin aparılması müvəqqəti olaraq dayandırılıb. Amma Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ərazidə tikinti işlərinin aparılmasının qanunauyğun olduğu barədə qərar qəbul edib. Burada qanun pozuntusundan söhbət gedə bilməz. Bütün sənədlər də qaydasındadır. Tikinti işləri “AZENN Group” MMC inşaat şirkəti tərəfindən həyata keçirilir”.

Məsələ ilə əlaqədar olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə “Report”a bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsindəki (Xətai Rayon İcra Hakimiyyətinin yaxınlığında) inşaat işləri ilə bağlı aparılan araşdırmalardan sonra tikintinin qanunsuz olduğu üzə çıxıb.

Bildirilib ki, sözügedən ərazidə yaşayış binasının tikintisinin həyata keçirilməsi üçün Dövlət Komitəsindən heç bir icazə sənədi verilməyib.

Qeyd olunub ki, Xətai Rayon İcra Hakimiyyətinin həmin tikinti işlərinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi əsasında həyata keçirildiyi barədə açıqlaması həqiqətə uyğun deyil: “Həmin tikinti ilə bağlı Dövlət Komitəsinə müraciət olunub. Amma müraciətə baxıldıqdan sonra tikintiyə icazə verilməyib. Bununla bağlı araşdırma aparılıb və tikintinin qanunsuz olduğu məlum olub. 

Bir daha deyirik ki, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsində (Xətai Rayon İcra Hakimiyyətinin yaxınlığında) aparılan tikinti ilə bağlı Dövlət Komitəsi tərəfindən heç bir icazə sənədi verilməyib. Həmin ərazidə həyata keçirilən tikinti dayandırılacaq”.