XƏBƏR LENTİ

27 May 2019
26 May 2019

Digər Xəbərlər

19 Aprel 2019 - 14:48

56 min dollar təqaüd qazanan azərbaycanlı tələbə:"Təhsil şirkətlərinə inanmaq lazım deyil"

“Dünyanın bir neçə nüfuzlu ali təhsil müəssisələrinə sənədlərimi göndərən zaman çox əziyyət çəkdim. Bunların arasında Türkiyənin Sabancı Universitetini seçməkdə məqsədim vardı”.

Bu fikirləri “Report”a açıqlamasında Türkiyədə ali təhsil almaq üçün 56 min dollar təqaüd qazanan 17 yaşlı azərbaycanlı Yasin Quliyev deyib.

O qeyd edib ki, Amerikada qazandığı 4 universitetə sənədlərini özü yollamayıb: “Həmin universitetlərə sənədlərimi xarici təhsil şirkətlərindən biri yollamışdı. Ödənişlər isə həddindən artıq çox idi. Mən şərtləri belə düşünmürdüm. Həmin universitetlərdən, demək olar ki, təqaüd qazana bilmədim. Təxminən, çox az, yəni 10-15 faiz təqaüd qazandım. Bu da həmin təhsil şirkətinin səhvi idi. Ona görə də xaricdə təhsil şirkətlərinə inanmaq lazım deyil və bununla bağlı da sosial şəbəkədəki hesabımda ayrı status yazacağam”.

Y.Quliyev bildirib ki, ali təhsil müəssisələrinə sənədləri abituriyentlər özləri göndərməlidir: “Çünki tələbəni özündən yaxşı tanıyan yoxdur. Ona görə də mən gecikmişdim. Qərara gəldim ki, atamla birlikdə İstanbula gedək. Sabancı Universitetinin professor heyəti qarşısında bir saatlıq özüm haqqında təqdimat etdim. Həmin anda mənə dedilər ki, sənin 72%-lik təqaüd və yataqxana xərclərinin hamısını qarşılayacağıq. Dünən də mənə universitetdən cavab göndərildi. Halbuki təhsil şirkətlərindən mənə demişdilər ki, heç vaxt təqaüd qazana bilməzsən. Hətta 5 faizlik belə təqaüd qazanmayacaqsan. Tələbələrə müraciət edirəm ki, xarici təhsil şirkətlərinə inanmasınlar. Pul alıb sadə tələbə kimi qeydiyyatdan keçirirlər və sonradan onlar hər hansı bir təqaüd qazana bilmirlər. Sentyabrdan dərslər başlayacaq. Hesab edirəm ki, sənəd işlərimi gələn həftə üçün tam yekunlaşdıracağam”.

Qeyd edək ki, Y.Quliyev təhsilini Sabancı Universitetində “Kompüter mühəndisliyi” bölümündə davam etdirəcək.

Xatırladaq ki, 17 yaşlı azərbaycanalı “Ankara məktəbi” məktəb-liseyi, “İstək” liseyində təhsil alıb. Hazırda isə Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində 11-ci sinifdə oxuyur.