XƏBƏR LENTİ

15 Noyabr 2019

Digər Xəbərlər

11 Avqust 2019 - 17:15

Bayram günü avtovağzalda son vəziyyət:sərnişinlər daha çox hansı bölgələrə üz tuturlar? - FOTOLAR

Hər il Qurban bayramı ərəfəsində rayonlara gedənlərin sayının çox olması səbəbindən Bakı Beynəlxalq Avtovağzal Kompleksində sıxlıq yaşanır. Bilet tapa bilməyən insanlar məcbur qalıb, bayram günü qiymətləri iki qat qaldıran taksilərdən istifadə edirlər. Bu il isə Beynəlxalq Avtovağzal Kompleksi məlumat yayıb ki, bayramla əlaqədar sərnişin axınının çox olmasını nəzərə alaraq, xəttə digər avtobuslarla yanaşı, iritutumlu neoplanlar da cəlb edib.

Bəs, avtovağzalda vəziyyət necədir? Görülən tədbirlər illərdir ki, dəyişməz olan mənzərəyə necə təsir edib?

Musavat.com-un əməkdaşı olaraq avtovağzala yollanıb, oradakı vəziyyətlə tanış olduq. Müşahidə etdik ki, bəzi bölgələrə avtobus qıtlığı yaşansa da tələbat əsasən ödənilib.

Avtovağzalda ən çox sərnişini Gəncə, Qazax, Bərdə avtobuslarının qarşısında görmək mümkündür. Elə bilet kassalarının önündə də daha çox bu bölgələrə üz tutanlara rast gəlinir.

Qeyd etdiyimiz bölgələrə iritutumlu avtobuslar işləyir. Bayramla əlaqədar sərnişin çox olduğu üçün öncədən bilet alanlar gələn avtobuslara əyləşir, bu gün bilet alanlar isə əlavə xəttə buraxılacaq avtobusu gözləyirdilər.

Onu da qeyd edək ki, artıq bir müddətdir, bilet kassaları gözləmə yerinin yanına köçürülüb. Ona görə  də insanlar bilet almaq üçün əvvəlki kimi avtovağzalın ucqar nöqtəsinə getməli olmurlar.

Avtovağzalda xeyli sayda mühafizəçiyə də rast gəldik. Xüsusilə də sərnişinlərin çox olduğu yerlərdə bir neçə nəfər mühafizəçi xidmət aparırdı.

Bilet kassalarından bildirdilər ki, sərnişinlər zamanında bilet alarsa, heç bir problem olmaz: “Sərnişinlərə öncədən mətbuat vasitəsilə xəbərdarlıq edilib ki, biletləri bir neçə gün əvvəldən alsınlar. Ancaq buna baxmayaraq, bu gün də xeyli sayda vətəndaş bilet üçün müraciət edib. Onlara boş yerlərdən bilet satırıq. Yaxşı olar ki, vətəndaşlar bayram günlərində daha öncədən bilet alsınlar”.

Bu dəfə sürücülərlə yer davası edən sərnişinin, qiymət çək-çeviri edən sürücünün şahidi olmadıq.

Ancaq yuxarıda da qeyd etdiyimiz kimi, bəzi bölgələrə sərnişindaşımada problem yaşanırdı. Xüsusilə də Sabirabad, Saatlı, İmişli mikroavtobuslarını gözləyən xeyli sərnişin avtovağzalın divarlarının kölgəsində oturub, taleləri ilə barışmış kimi görünürdülər.

Onlar bildirdilər ki, hər il bayram günlərində eyni zülmü çəkirlər: “Bu bölgələrə bilet məsələsi formaldır. Yəni bileti alırıq, ancaq bizdən cəld tərpənənlər mikroavtobusa oturub, gedir. Biz də növbətini gözləyirik. Bu bölgələrə sərnişin daşımada qayda-qanun yoxdur. Rayonlardan daşımaçı şirkətlər avtobus göndərməsə, qalırıq yollarda, taksi ilə gedirik. Taksilər də biləndə ki, avtobus yoxdur, qiyməti iki qat dəyərinə qaldırırlar. Hazırda taksilər 8 manatlıq yolu 12 manata aparırlar”.

Eyni halı Beyləqan, Füzuli mikroavtobuslarının qarşısında da müşahidə etdik. Qeyd edək ki, bu bölgələrə iritutumlu avtobuslar deyil, “Qazel”lər yola düşür. Adətən də hər bayram günlərində qeyd etdiyimiz istiqamətlər üzrə problemlər yaşanır.

Onu da qeyd edək ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti məlumat yayıb ki, Qurban bayramı ilə əlaqədar ölkədəki 56 avtovağzal və avtostansiya kompleksi avqustun 7-dən 14-nə qədər gücləndirilmiş iş rejimində çalışacaq.

O da bildirilib ki, sərnişinlər hər hansı süni qiymət artımı ilə qarşılaşacaqları təqdirdə, (012) 566-52-58 nömrəsinə zəng edərək məlumat verə bilərlər.

Avtovağzal rəsmiləri məlumat yayıb ki, biletləri BBAK-ın kassalarından gündəlik və ya səfər tarixinə 10 (on) gün qalmışdan 1 (bir) gün öncəyədək əldə etmək mümkündür. “Onlayn” qaydada bilet almaq istəyən sərnişinlər avtovagzal.az saytı üzərindən və ya mobil tətbiq vasitəsilə biletlərini təmin edə bilərlər.