XƏBƏR LENTİ

16 Oktyabr 2018

Digər Xəbərlər

03 Avqust 2018 - 22:47

Rusiya Ermənistanı hədələdi, rus politoloq isə eyham vurdu:“KTMT baş katibinin məsələsi ABŞ xüsusi xidmətləri İlə razılaşdırılıb” – Təhlil

Aleksey Neçayev, Andrey Rezçikov

vzqlyad.ru, 02.08.2018

 

Rusiyanın Ermənistan hökumətinin hərəkətindən hirsi praktik müstəviyə keçərək əvvəllər razılaşdırılmış silah və texnika tədarükünü təhlükə altında qoya bilər. Məhz sovet və Rusiya silahları Ermənistan silahlı qüvvələrinin əsası olaraq qalır, həm də güzəştli şərtlərlə tədarük olunur. Moskva niyə bu qədər sərt tədbirlər düşünür və İrəvan Rusiya silahları olmadan ötüşə bilərmi?

Moskva və İrəvan arasında anlaşılmazlıq KTMT baş katibinin həbsindən sonra getdikcə daha ciddi miqyaslar alır. “Коммерсантъ»ın dövlət strukturlarındakı qaynaqlarının məlumatına görə, İrəvanın 100 milyon dollar kredit almalı olduğu müqavilələrin ikinci zərfinin gerçəkləşməsi “böyük sual” altındadır.

Moskva 2016-da müqavilələrin birinci zərfi çərçivəsində İrəvana 200 milyon dollar ayırıb. İkinci müqavilə atıcı silah, mühəndis rabitəsi vasitələri və şəxsi heyətin daşınması üçün nəqliyyatı nəzərdə tuturdu. Hələ Ermənistanın keçmiş rəhbərliyinin “İskəndər-E” əməliyyat-taktiki kompleksinin ikinci divizionu və Su-30 SM qırıcılarının əldə edilməsi üzrə planları da “sallaq” qalıb.

Xatırladaq ki, Moskvanın sərt narazılığı Kollektiv Təhlükəsizlik haqda Müqavilə Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun məhkəmə təqibindən doğub. Ermənistanda Xaçaturova “Konstitusiya quruluşunun devrilməsi” maddəsi üzrə ittiham elan edib və 2008-ci il 1 mart etiraz aksiyasının dağıdılması haqda cinayət işi çərçivəsində həbs ediblər. O həmin vaxt İrəvan qarnizonuna komandirlik edib. Sonradan Xaçaturovu girov əvəzində azad ediblər.

Ruisya XİN başçısı Sergey Lavrov bununla bağlı bildirib ki, KTMT baş katibinin ittiham edilməsilə bağlı durum Ermənistanın yeni rəhbərliyinin siyasi sələfləri təqib etməkdən imtina haqda bəyanatlarına ziddir. Öz növbəsində Ermənistan XİN-də bildirməyə tələsiblər ki, həbslər Ermənistanın xarici siyasət kursuyla heç cür bağlı deyil, korrpusiya və cinayətkarlıqla mübarizə üzrə səylərin yalnız bir hissəsidir.

Bundan başqa, Ermənistan baş nazirinin mətbuat katibi Arman Yegoyan cümə axşamı RBK-ya bildirib ki, İrəvan KTMT-nin baş katibi postunu özündə saxlamağı planlaşdırır. Yegoyan deyib: “Kvota 2020-ci ilədək Ermənistana məxsusdur”. O habelə qeyd edib ki, “1 mart işi” üzrə istintaq Ermənistanın daxili işidir və nə siyasi, nə də beynəlxalq gizli mənası var və İrəvan baş katiblə bağlı durumun KTMT-nin nüfuzuna təsir etməməsi üçün hər şeyi edir.

Eyni zamanda “Коммерсантъ”-ın Rusiya XİN-dəki qaynağı hərbi müqavilə ölkələrinin Xaçaturovla bağlı durumu nəzərə alaraq Ermənistandan növbəti namizədə razılaşacağına şübhəsini ifadə edib.  Mümkün kadr dəyişikliyi haqda məsələ 8 noyabrdan əvvəl KTMT-nin ali qurumu – Kollektiv təhlükəsizlik şurası toplanarkən həll olunacaq. Nəşrin məlumatına görə, yaranmış durumda Ermənistandan yeni namizədin təsdiqi zamanı avtomatizm olmayacaq. Ermənistanın yeni namizədi baş katib postuna bəyənilməsə, Belarus əlifba sıralanması qaydasında növbəti namizədi irəli sürmək hüququ əldə edəcək. Siyasi və hərbi təhlil İnstitutunun direktor müavini Aleksandr Xramçixin fikir bildirib ki, Rusiya Ermənistanla hərbi müqavilələrdən həqiqətən imtina etmək qərarına gəlsə, onda bu cür reaksiya “tam adekvat” olmayacaq. Xramçixin “Vzqlyad” qəzetinə deyib: “Bu, (KTMT baş katibi haqda cinayət işi qaldırmaq) Ermənistanın işidir. Bu onun təmsilçisidirsə, kimi geri çağırmaq, kimi təyin etmək onun işidir. Xüsusən də KTMT iki deyil, beş ölkənin daxil olduğu kollektiv təşkilat olduğuna görə. Buna görə də həqiqətən belədirsə, Rusiyanın silah tədarükünü dayandırmaq reaksiyası tamamilə qeyri-adekvatdır”.

Siyasi araşdırmalar mərkəzinin direktoru Sergey Markov öz növbəsində qeyd edib: “Əlbəttə, istənilən ölkə – KTMT üzvü öz namizədini baş katib postundan geri çağırmaq və başqa namizəd təklif etməkdə suveren hüquqa malikdir”.

O, “Vzqlyad” qəzetinə izah edib: “Amma burada problem bundadır ki, Xaçaturov Ermənistanın son 25 ildə Rusiya ilə sıx bağlı olan və Rusiya paqonluları tərəfindən öz adamları kimi yanaşılan ordu-güc korpusunu təmsil edir”.

Markov vurğulayıb: “Norveç polisinin NATO baş katibini həbs edəcəyini təsəvvür edin. ABŞ hökumətinin buna reaksiyası necə olardı? Mən praktik əminəm ki, KTMT baş katibiylə bağlı bütün durum Amerika xüusi xidmətlərilə razılaşdırılıb. Və düşünürəm ki, buna görə də Kremlin təkcə qıcığı deyil, Ermənistan rəhbərliyinin NATO ölkələrinin, çox güman ki, ABŞ xüsusi xidmətləri vasitəsilə Rusiyanın düşmənlərilə gizli dialoqda olması anlayışı çoxalır. Heç kimə sirr deyil ki, Paşinyanın hakimiyyətə gəlişi ABŞ-dakı erməni diasporu tərəfindən maliyyələşdirilib. Yəni Ermənistan rəhbərliyi sadəcə antirusiya hərəkətinə deyil, Rusiyanın düşmənlərilə uzlaşdırılmış gizli plan üzrə fəaliyyətə yol verir. Və sabah silahı bizə sarı çevirə biləcək ölkəyə silah vermək siyasi səhv olardı”.

Politoloq yekun vurub: “Paşinyan KTMT baş katibi postuna Amerika xüsusi xidmətlərinin agenti olan adamı oturtmağı təklif edə bilər. Yəni burada məsələ bu şəxslərin siyasi mövqeyindədir. Yəni Paşinyanın təklif etdiyi adama qarşı şübhə olacaq”.

Markov bununla belə qeyd edib ki, əsəbiliyə baxmayaraq, Ermənistana qarşı heç bir gerçək basqı hələlik olmayıb. Həmsöhbətimiz bildirib: “Biz təxmin edə bilərik ki, yüngül basqı silah tədarükü haqda bu maddə ola bilər və ehtimal edirəm ki, bu, mütəşəkkil süzülmə kimi uzlaşdırıla bilərdi”.

Lakin Rusiya silahının Ermənistana tədarükünün yığışdırılması hər halda gerçəkləşdirilsə, bəs nə olacaq? Rusiya Hərbi-Sənaye Kompleksi kollegiyasının ekspert şurasının üzvü, “Арсенал Отечества” dərgisinin baş redaktoru Viktor Muraxovski Rusiya və sovet silahını Ermənistanın silahlanma sisteminin özülü adlandırır. Muraxovski “Vzqlyad” qəzetinə bildirir: “Əgər birdən bunu ləğv etsələr, onda bu, işbacarmaz ordu olacaq. Silah tədarükü qismində sonrakı dəstək, ən önəmlisi, bu silahlar üçün döyüş sursatı və raket tədarükü kəsilsə, qisməın qısa müddətdən sonra olduqca xoşagəlməz durum olacaq”.

Muraxovski yada salır ki, Ermənistana Rusiya silahlarının tədarükü “Qosoboronzakaz”ın müəyyən etdiyi daxili qiymətlərlə həyata keçirilir. Bu qiymətlər ixracatdakından xeyli aşağıdır. Muraxovski “Bu tədarüklərin böyük qismi tez-tez Ermənistan üçün RF kreditləri hesabına həyata keçirilir” deyərək əlavə edir ki, Ermənistanı kreditləşdirmək və ona silah satmaqda maraqlı olacaq ölkə görmür. Onun sözlərinə əsasən, Ermənistanın öz silahlı qüvvələrini inkişaf etdirmək, Rusiya ilə əməkdaşlıq çərçivəsindən qıraqda çağdaş nümunələrlə təchiz etmək imkanlarına nəzər salınsa, “cüzidir”.

Muraxovski bununla bağlı Ermənistanın Rusiya silahına alternativ tapmağa və başqa ölkələrin tədarükçülərinə bağlanmağa qabil olduğu haqda gümanları fantastika adlandırır. O, hesab edir: “Ermənistan o qədər varlı ölkə deyil ki, hərbi-texniki əməkdaşlığın dünya bazarı qiymətlərinə silah sistemləri alsın”.

Xramçixin də qeyd edib ki, Rusiya tədarüklərinin kəsilməsi İrəvan üçün ciddi zərbə olar və ölkənin müdafiə bacarığında dərhal əksini tapar. Amma onun fikrincə, ermənilərin sistemi başqa silahlara dəyişmələri çətin olsa da, “sonda onları buna vadar etsələr, onlar yenidən sistemləşməli olacaqlar”.

O, əlavə edib ki, Ermənistan son zamanlar ümumiyyətlə Rusiyadan az şey alıb. İrəvan Rusiyanın əsasən “İskəndər-E” və “Qasırğa” komplekslərini alıb.

Strategiya və texnologiyalar analizi Mərkəzinin direktor müavini Konstantin Makiyenko yada salır ki, “zamanında ER-ə Çinin böyük gücü olan RYAS (reaktiv yaylım atəşi sistemlərinin) tədarükü olub. Bununla belə, Rusiya Ermənistana ən böyük SHT (silah və hərbi texnika-red.) tədarükçüsü idi və belə də qalır və Rusiya tədarüklərinin kəsilməsi həqiqətən baş verərsə, Ermənistanın hərbi və xarici-siyasi təhlükəsizliyinin təminatı üçün fəlakətli olmasa da, güclü zərbə olar”.

O bundan başqa, qeyd edir ki, “Ermənistan resursca məhduddur və ona bu qədər güzəştli şərtlərlə silah tədarük etməyə hazır olan ixracatçılar tapmaq çox çətin, daha doğrusu, mümkünsüz olacaq”.

Tərcümə Strateq.az-ındır.