XƏBƏR LENTİ

12 Dekabr 2018
11 Dekabr 2018

Digər Xəbərlər

06 Dekabr 2018 - 13:53

Ermənistan Milli Məclisinə 5 siyasi qüvvənin keçmək şansı var –TƏHLİL

Siranuyş Papyan

“1in.am”, Ermənistan

 

Ermənistanda seçkiqabağı kampaniya proqramlar deyil, daha çox qarşılıqlı ittihamlar ətrafında keçir. Kim Ermənistanı hara aparmaq istəyir, seçkidə iştirak edən siyasi qüvvələrin seçki kampaniyasında xarici siyasi qüvvələr hansı dərəcədə iştirak edir və cəmiyyət bunda nə qədər maraqlıdır?

Siyasi və seçki texnologiyaları üzrə mütəxəssis Armen Bədəlyan qeyd edib ki, həqiqətən, siyasi qüvvələrin xarici siyasət sferasında dəqiq mövqeyi yoxdur. Əlbəttə, elə siyasi qüvvələr var ki, mövqeləri bir qədər dəqiqdir, lakin bütövlükdə siyasi qüvvələrin xarici siyasət sahəsindəki konseptual yanaşmaları aydın deyil.

Siyasi texnoloq deyir: “Milli Məclisə keçmək şansı olmayan bəzi yeni yaradılmış belə qüvvələr var, təmsil olunub-olunmayacaqları əhəmiyyət kəsb etmir. Bu gün Milli Məclisə keçmək şansı olan beş siyasi qüvvə var: “Mənim addımım”, “Çiçəklənən Ermənistan” Partiyası, “İşıqlı Ermənistan”, “Sasna Srer” və Ermənistan Respublika Partiyası (ERP). Lakin onların heç birinin xarici siyasət konsepsiyası aydın deyil. Bu, xüsusilə “İşıqlı Ermənistan”a aiddir. Onun təcili olaraq öz konsepsiyasını təqdim etmək vəzifəsi mövcuddur. Ola bilər ki, kampaniyanın gedişində diskussiyalar olsun və bu məsələ müzakirə edilsin. Ancaq bu müzakirələrədək siyasi qüvvələrin öz xarici siyasət yanaşmalarını daha dəqiq müəyyən etmələri yaxşı olardı. Bu, iqtisadi siyasətə, məhkəmə islahatına da aiddir. Ümumiyyətlə, siyasi qüvvələrin yanaşmaları konseptual baxımdan zəifdir. Onlar qabiliyyətsiz, daha çox “köçürmə” kampaniya aparırlar”.

“Bəlkə, bu, cəmiyyəti maraqlandırmır?” sualına cavab olaraq Armen Bədəlyan deyib ki, cəmiyyəti nəyin maraqlandırdığını heç kim deyə bilməz, bu suala cavab vermək üçün ictimai rəy sorğusu keçirmək lazımdır.

Bundan əlavə, onun sözlərinə görə, hətta cəmiyyət nə iləsə maraqlanırsa belə, bu, o demək deyil ki, biz yalnız o istiqamətdə getməliyik. O deyib: “Siz eyni zamanda öz yanaşmanızı təqdim edə bilərsiniz və əgər sizin təqdim etdiyiniz maraqlı olarsa, cəmiyyət, şübhəsiz, onunla maraqlanacaqdır. Bizim cəmiyyətimiz savadsız deyil, o, kifayət qədər yetkindir. Siz bu mövzuları təqdim etmədikdə isə, izah etməyə başlayırsınız ki, cəmiyyəti bu maraqlandırır, o isə onun üçün maraqlı deyil və s. Söhbət yalnız xarici siyasətdən getmir, digər sahələrdə də konsepsiya təqdim etmirlər və bu, əsasən cəhalətin nəticəsidir. Onlar təsəvvür edə bilmirlər ki, vəzifələri nə olmalıdır. Xüsusilə, bu, parlament seçkilərində hansı şüarla çıxış etməli olduğunu bilməyən “İşıqlı Ermənistan”a aiddir. Ona görə də, bu qüvvə çox adi bir kampaniya aparır və demək çətindir ki, uğur qazana biləcək, yoxsa yox. “Sasna Srer” də verəcəyi əsas mesajın nə olduğunu bilmir və öncəki seçkilərdə səsləndirilən adi baxışları səsləndirməyə başlayır”.

Armen Bədəlyanın sözlərinə görə, öncəki seçkilər zamanı nəticələrə “seçki rüşvəti” əhəmiyyətli təsir göstərirdi və siyasi qüvvələr ideyaların irəli sürülməsində maraqlı deyildilər. Lakin indi onlar fikir və ideyalarla rəqabət aparacaqlar və daha çox qəbul edilən ideya qalib gələcək. O deyir: “Yeni yaradılmış siyasi partiyaların bonusa malik olması problemdir. Çünki “Çiçəklənən Ermənistan” Partiyası, “Orinas yerkir”, ERP və digərlərindən fərqli olaraq, onlar yeni yaranıb və daha şüurlu və məzmunlu kampaniyanın aparılmasında maraqlı olmalıdırlar. “Mənim addımım” da yeni yaradılıb, lakin onun kompensasiyası var. Bu, Baş nazirin yüksək reytinqə malik olmasıdır. “İşıqlı Ermənistan” və “Sasna Srer”in isə belə yüksək vəzifəli lideri yoxdur. Ona görə də onlar bunu daha məzmunlu kampaniya ilə kompensasiya etməli idilər. Lakin bunu etmirlər”.

Tərcümə Strateq.az-ındır