XƏBƏR LENTİ

22 May 2019

Digər Xəbərlər

15 Mart 2019 - 14:28

“İRQÇİ” NETANYAHU İSRAİL ƏRƏBLƏRİNƏ YERLƏRİNİ GÖSTƏRİB:“Bölgədə ərəblərin 22 dövləti var və daha birini qurmağa ehtiyac yoxdur” – Təhlil

Raseef22 (Livan), 13.03.2019

 

Baş nazir Benyamin Netanyahunun ərəblərin İsraildəki statusu barədə irqçi deyimləri ətrafında mübahisələr səngimir. O, son bəyanatında deyib ki, “ərəblərin 22 dövləti var və daha birini qurmağa ehtiyac yoxdur”.

Şənbə günü martın 9-da İsraildə coşğun müzakirələr başlanıb. İsrail aktrisası Rotem Sela İsrail mədəniyyət naziri Miri Regevin “News 12”-yə müsahibəsini kəskin tənqid edib, israilliləri Beni Hantsın (aprel seçkilərində Netanyahunun rəqibi) “ərəblərlə birgə hökumət qurmaq” arzusuna görə onu ölkə prezidenti postuna seçməkdən çəkindirib.

 

İrqçi dövlət “demokratik” adına iddialıdır

 

İsrail aktrisası Rotem Sela öz İnstaqramında sual dərc edib: “Ərəblərlə problem nədədir? Lənət şeytana, İsrail hökumətindən, heç olmasa, kimsə xalqa çatdırar ki, İsrail bütün vətəndaşların dövlətidir və bütün adamlar bərabər doğulurlar? Və ərəblər, druzlar, homoseksuallar, biseksuallar və transgenderlər də – oy, dəhşət! – insandırlar?”

Netanyahu növbəti gün gözlənilmədən Selanın dərcini cavablandırıb. O yazıb: “Əziz Rotem, önəmli düzəliş: İsrail özünün bütün vətəndaşları üçün dövlət deyil. “Vətəndaşlıq haqda” qəbul etdiyimiz Əsas Qanuna görə, İsrail yəhudi xalqının və yalnız onun milli dövlətidir. İsrailin ərəb vətəndaşlarıyla bağlı heç bir problem yoxdur – onların da hamımız kimi hüquqları var”.

Möcüzə qadın” filminn ulduzu Qal Hadot Netanyahu ilə siyasi mübahisəyə qoşulub. O yazıb: “Öz yaxınını özün kimi sev”.

Qal Hadot öz İnstaqramında yaxın rəfiqəsi Rotem Selanı dəstəkləyib: “Bu, sağçıların, ya solçuların, yəhudilərin və ya ərəblərin məsələsi, dini və ya dünyəvi məsələ deyil. Bu – dialoq, barış və bərabərlik, başqalarına münasibətdə dözümlülüyümüz məsələsidir”.

 

“Millət haqqında qanun

 

Netanyahu öz mövqeyini dəyişməyib, bu da “Likud”un sosial şəbəkələrə yerləşdirilən seçkiqabağı çarxından görünür. O, seçkiqabağı kampaniya çərçivəsində İsrailin ərəb vətəndaşlarına üz tutub: “Bölgədə 22 ərəb dövləti var. Daha birini yaratmağa heç bir ehtiyac yoxdur”.

Netanyahu Knessetin ötən ilin iyulunda qəbul etdiyi “Millət haqda qanun”a istinad edib. O, sitat gətirib: “İsrail yəhudi xalqının milli dövlətidir, İsrail hüdudlarında öz müqəddəratını təyin etməyə müstəsna hüquq isə yəhudilərə məxsusdur”.

Baş nazir Benyamin Netanyahu bildirib: “İsrail yəhudi xalqının milli dövlətidir. Burada hər bir vətəndaş bərabər fərdi hüquqlara malikdir və biz bunda israr edirik, amma yalnız yəhudi xalqının milli hüquqları – bayraq, himn, hər bir yəhudinin bu ölkə köç etmək, başqa milli rəmzlər- var. Bütün bunlar xalqımızın yeganə dövlətində yalnız ona hədiyyə edilib”.

“The Times of Israel” qəzeti xəbər verib ki, İsrail prezidenti Reuven Rivlin Netanyahunun ərəblər haqqında qəbuledilməz deyimlərini (ad çəkmədən) kəskin tənqid edib. O vurğulayıb ki, İsrailin bütün vətəndaşları bərabər hüquqlara malikdir.

Rivlin Qüdsdə Misir-İsrail barış müqaviləsinə həsr edilmiş konfransda bəyan edib: “Mən inanmıram ki, İsrailin xarakterini demokratik yəhudi dövləti kimi müəyyən etməkdən imtina edən siyasi partiyalar var. Yadda saxlamaq gərəkdir ki, İsrailin bütün vətəndaşları bərabər hüquqlardan istifadə edirlər”.

Onun sözləri coşğun alqışlarla qarşılanıb.

O, əlavə edib: “Birinci növ vətəndaş yoxdur, ikinci növ seçici yoxdur. Səsvermə kabinəsində hamımız bərabərik. Yəhudilər və ərəblər İsrail Dövlətinin vətəndaşıdırlar”.

Antidiffamasiya Liqasının İsrail bölməsinin başçısı Kerol Nuriel “The Times of Israel” üçün müsahibədə bildirib ki, “İsrail Knessetində ərəb partiyalarının roluna getdikcə daha çox indiki seçki kampaniyasının əsas problemi kimi baxılır. Bir sıra siyasi partiyaların liderləri onları hər hansı gələcək koalisiyaya daxil etməkdən yayınır və öz siyasi rəqiblərini bunu etməyə hazır olmaqda ittiham edirlər”.

 

“Ərəblər-48”

 

Knessetin fələstinli deputatları Selanın açqılamalarına yüksək dəyər veriblər. “The Times of Israel” Ayman Udanın sözlərini gətirib: “Rotem Sela, biz bir-birimizi tanımırıq, amma siz hər şeyi düzgün etdiniz”. Ayman Uda Netanyahunu “təpədən dırnağa irqçi” adlandırıb. O bildirib ki, “Netanyahu İsrailin tarixində ölkənin ərəb vətəndaşlarına qarşı qızışdırıcılıqla məşğul olan ilk baş nazirdir”.

1948-ci ildə İsrail Dövləti qurulandan sonra işğal edilmiş ərazilərdə qalan 160 min fələstinlidən 48 milyon (mətndə bu cürdür-red.) ərəb doğulub. Onlar İsrailin ümumi əhalisinin 20%-i təşkil edirlər (hazırda İsrailin 8 972 000 əhalisi var-red. ). İsraildəki ərəblər gileylənirlər ki, onlarla ikinci növ vətəndaş kimi davranırlar. Bildirirlər ki, yəhudilərlə müqayisədə ayrı-seçkilik və  pis xidmətlə (təhsil, səhiyyə və mənzil) üzləşirlər.

 

Bir neçə örnək

 

İsrail baş naziri hökumətin toplantısında milli problemi qaldırıb. О, deyib ki,  İsrail “bütün vətəndaşlar üçün bərabər hüquqlarla demokratik yəhudi dövləti olaraq qalır”, amma eyni zamanda “bu, bütün vətəndaşların deyil, yalnız yəhudilərin milli dövlətidir”.

Netanyahu və partiyası “Likud” tərəfindən ərəblərin ünvanına belə ifadələr dəfələrlə səslənib. Netanyahu son seçkilər zamanı öz ifadəsinə görə üzr istəyib: “Sağçıların hakimiyyəti təhlükədədir. Ərəb seçicilər səs verməyə dəstə-dəstə gəlirlər”.

Çoxluğunu hakim “Likud” partiyasının təmsil etdiyi Knesset üzvləri 2017-ci ilin iyununda “İsrail ərəbləri haqda gizin və aşkarda olanlar” kitabının təqdimatına qatılıblar. Ərəblər kitabda İsrail cəmiyyəti üçün ağır yük kimi tədim olunur, çünki heç bir xidmət təqdim etmirlər, yalnız yeyirlər. Müəllif onları ərəb eyniyyəti üzündən İsrail cəmiyyətinə təhlükə sayır, bu da onların yəhudilərlə inteqrasiyasını mümkünsüz edir.

Axşamda iştirak edənlərə habelə “İsraildə 1948-1966-cı illərdə fəaliyyət göstərmiş hərbi administrasiyanı bərpa etmək və ərəb deputatlarını parlamentdən qovmağı” təklif ediblər.

Tərcümə Strateq.az-ındır.





Yuxarı Əvvələ Ana Səhifə