XƏBƏR LENTİ

18 Noyabr 2018
17 Noyabr 2018

Digər Xəbərlər

29 Aprel 2018 - 15:44

“Hüquq fəlsəfəsi” seriyasından:İnsan hüquqlarının  əsasları (II yazı)

Elşən Nəsibov

Siyasətşünas alim

 II yazı 

 

İnsan nə üçün dəyərlidir?! Hansı ki, bu dəyərlərə görə haqlara malikdir: 

ilk növbədə məlumat daşıyıcısıdır – həyat özü məlumatlardan, hadisələr təzahüründən, hadisələr formasından və mahiyyətindən ibarətdir. Həyatın bütün prosesləri, əlaqələr və münasibətlər məhz məlumatlardır. Həyatın sahələrinin çalarlı olması da məlumatların müxtəlifliyindən, fərqli təzahürlərdən yaranır. İnsanlar məlumatlarla yaşayır, məlumatlardan nəticələr çıxarır və məlumatlarla şərtlənən hadisələr müstəvisində qərarlaşırlar;

-bilik mənbəyidir – həyat  siqnallarla, məlumatlarla dərk olunur. Bilik məlumatların sistemləşmiş formasıdır. Biliklər həyat bütövlüklərini təmin edir.  İnsanlar bilik daşıyıcısıdırlar. Ünsiyyət zamanı biliklərini bölüşürlər, paylaşırlar. Biliklərindən istifadə edərək, əlaqələr və münasibətlər yönlərini müəyyənləşdirirlər. Bilikləri sayəsində əmək fəaliyyətlərini istiqamətləndirirlər. Əmək qabiliyyətlərini tətbiq edirlər. İstedadlarını axarlara yönləndirirlər;

-insan yaradıcı və qurucudur – insan şüurlu yaradandır və yaratdığını dərk edəndir. Yəni, formanın mahiyyətini, əldə etdiklərinin məzmununu  dərk edəndir. İnsan məqsədyönlü şəkildə yaradandır. Nəticəni özü üçün qavrayandır. Qurduğunu özü üçün istifadə edəndir. Buna görə də bəşəri məzmun daşıyır. İnsan bəşəri baxımdan mədənidir. Onun yaradıcılığı sosial bütövlüyü şərtləndirir. Sosial bütövlük insan kollektivini təmin edən fenomendir. İnsan ağıllı ünsür olduğundan bəşəriyyətə dəyər verəndir. Bəşəriyyəti qoruyan və nəsillərə ötürəndir. Bəşəri irs üçün mədəni yaradıcıdır. İnsan irsi öz nəsili üçün saxlayandır;

– insan əldə etdiyini paylaşandır, bölüşəndir – sosial müstəvi enerji mənbəyidir. Bu müstəvidə münasibətlərlə, əlaqələrlə əldə edilən nemətlər, dəyərlər paylaşılır, bölüşülür. Bu paylanma və bölüşmə sayəsində ümummüstəvi qorunur. Müstəvidə tarazlıq saxlanılır. Müstəvi tarazlı paylaşma ilə möhkəmlənir, enerjisini artırır. Paylaşma və bölüşmə ilə biliklər paylaşılır, elmi nailiyyətlər geniş yayılır. Elmi nailiyyətlərlə yeni inkişaf prosesləri meydana gəlir. Yeniliklər prosesləri zəncirvari qaydada bir-birini əvəzləyir;

– insan kapital yığan, onu  saxlayan və istifadə edəndir – kapital əməyin əvəzi olan dəyər elementi kimi insanın maddi mənasını formalaşdırır. İnsanlar arasında maddi maraqları birləşdirir, uzlaşdırır. İnsan kapital toplayan elementdir. Bu kapital insanlar arasında müştərək münasibətləri və əlaqələri formalaşdırır. Kapital ictimailəşir, ümumi istifadə meydana gəlir. Bu ümumi istifadə birgə maraqları yaradır. Kapital insanları sivil həyata, təsərrüfata bağlayır. İnsanların zehni və fiziki əməklərini uzlaşdırır, əmək fəaliyyətlərini şərtləndirir. Kapital fond rolunu oynayır. Fondlarda olan yığımlar irsi keçidi təmin edir. Maddi irsi maraq oyadır. Kapital insan mənəviyyatının qorunmasına xidmət edir;

– insan mübarizdir, məqsədyönlüdür, niyyətli və hədəflidir – insanlarda olan maddi maraq, kapital həvəsi, sərvət toplamaq xarakteri, bundan irəli gələrək nəticələr verən şöhrətpərəstlik, eləcə də  nailiyyətlər həvəsi onlarda  hədəfləri, niyyətləri yaradır. İnsanları mübarizliyə sövq edir. Hədəflərini sistemləşdirir. Fəaliyyət sahəsində rəqabətliliyi meydana gətirir.  Rəqabət mübarizliyi çoxaldır, mübarizlik yarışmalara, daha çox maddiyyat qazanmağa haqlar verir;

– insanlar bir-birilərini qoruyandırlar – insanlar həyatı təşkil edən  sosial-mədəni müstəvidə tək yaşaya bilmək iqtidarında deyillər. Onlar kollektiv qazanc ünsürləridirlər. İnsanlar maddi və mədəni, həmçinin mənəvi zənginlik naminə bir-birilərini qoruyurlar. Belə ki, insana insan gərək olur. İnsanlar öz maddi aləmlərini qorumaq üçün, eləcə də maddi inkişaf naminə bir-birilərini qoruyurlar. Bu qoruma lazımlılıqdan, zərurətdən meydana gəlir.

Ümumiyyətlə, insanlarda olan təbii mədəni xarakter onların özlərini özləri üçün  dəyərə çevirir.

Hüquq (haqq, haqdan irəli gələn və bağlılıqla müəyyən olunan  mənsubluq, məxsusluq, sahiblik, aidiyyatlılıq;  məzmunda tarazlıq, gücə görə fərqlilik, potensiala görə müxtəlif əmsal, ümumiyyətlə, ümumi və fərdi məzmunda, isbatlamada və təsdiqləmədə  ədalət;  layiqlik, uyğunluq, üzvilik, vəhdətlik,   dərəcəlilik;   ləyaqət, şərəf, namus, vicdan-bütün mənəvi elementlər və maddi elementlər üzərində hədlərlə, ölçülərlə mövcud olan  yiyəlik. Bu sahiblik daxili olur və xaricdən də təsdiq edilir. Daxili məcmu fərdin, tərəfin hüquqa məxsusluq dərəcəsini əks etdirir.  Təsdiq olunma hüquq kriteriyası ilə müəyyən edilir) bir ifadə (məcmu,  üfiqi və şaquli formada əhatə yaradan ifadə kimi)  olaraq   anlayışdır.   Ona görə ki, bu ifadə dəyər ölçüsü, əmsalı və həddi olaraq  insanı və insan kollektivini təmsil edən qurumların təminatını  və müdafiəsini təsdiq və təsbit edən bütün sahələrdə fikirləri, düşüncələri formalaşdırır. Diqqətləri, pay bölgülərini müəyyən edir.  Hüquq anlayışı, ümumiləşdirici vəhdət amili olaraq  bir məfhum kimi müxtəlif potensialı, gücü, imkanları  tərəflərə, tərkiblərə ayırır, bölgü müəyyən edir. Düşüncələr kriteriyaları hüquq müstəvisində ədalətli bölgünü şərtləndirir.

Hüquq tərkibi etibarilə (məsələn, hüquq ifadəsi  ixtiyar, səlahiyyət, vəzifə, məsuliyyət öhdəlik kimi elementlər tərkibindən ibarətdir) özündə, daxilində zəngindir; eləcə də sahələrdə  ayırıcı, bölücü formada mövcuddur. İnsanlar bütün inkişaf və tərəqqi sahələrində, əldə etdikləri məhsullarda hüquqlara sahibdirlər. Sahələr mürəkkəbləşdikcə hüquq da mürəkkəbləşir. Sadələr birləşmələrinin sayı çoxalır, kəmiyyət artır.  Həmçinin ümumi müstəvidə hüquq  bütövləşir, ümumi xarakter, eləcə də məxsusi xarakter alır. Məsələn, insanların mülki hüquqları ümumiləşmiş məzmundur. Onun tərkibində çox geniş hüquq var.  Məsələn, uşaq hüquqları ümumiləşmiş məzmundur. Onun tərkib müstəvisində çoxlu sayda hüquq normaları mövcuddur. Uşaq hüquqları, mülki hüquqlar özlüyündə məxsusi hüquqlardır. Yəni universal hüquqlarla yanaşı, həm də məxsusi və konkret hüquqları təşkil edir. Bu kimi hüquq sahələri universal insan hüquqları müstəvisində xətlərlə ayrılır.  Hüquq müstəvisi normalarla və şərtləndirici əsaslarla genişlənmiş, zənginləşmiş olur.

Hüquq maddi aləm üzərində ümumi və fərqli maraqları (maddi və mənəvi maraqları), məqsədləri, mənafeləri ayırd edir. Niyyət və istəkləri silsilə şəkilində təmin edir. Maddi aləm üzərində pay bölgüsü yaradan ölçü dəyəri funksiyasını həyata keçirir. Hüquq bu məsələdə bir məfhum kimi bütövdür, həmçinin bütövlüklərdən ibarət olan tərkibdir. Mexanizmlərin universallaşmış adıdır. Məsələn, yatmaq hüququ, istirahət etmək hüququ, qidalanmaq hüququ, ailə qurmaq hüququ, ev və mənzillər tikmək hüququ, azad gəzmək hüququ, alış-veriş etmək hüququ və digər bu kimi aktları ifadə edən mexanizmini  eyni adla (hüquq adı ilə) müəyyən edir.  Hüquq etalon kimi universal və məxsusi bölücülüyə xasdır.

Hüququn fəlsəfəsində düşüncələrin universal və məxsusi olması da şərtdir. Bu şərtilik, qeyd olunduğu kimi, çalarlılıqdan, fərqli rəng birləşmələrindən meydana gələn zərurətdir. Rəngarənglik, müxtəliflik şərti ilə  tərkibin incələnməsi, analizi hüququn dərin fəlsəfəsini yaradır. Hüququn fəlsəfəsi onun dəyərində, sahələrdə, məxsusi kateqoriyalarda olmasındadır. Hüququn fəlsəfəsi və fəlsəfi mahiyyət  inkişaf sayəsində əldə olunanlarla ona məxsusluğun (fərdin məxsusluğunun) harmonik bağlılığındadır.  Hüquq düşüncələrə haqq verir ki, insan dinamik inkişaf proseslərində əldə etdikləri üzərində  səlahiyyətlidir, sahibdir. İnsanın hər bir pozitiv hərəkəti və hərəkətlərdən əldə etdikləri onun haqqını törədir. Hüququ ifadə edən normalar sisteminin strukturu-forması ilə məzmunu vəhdət halında hüquq fəlsəfəsini yaradır. Çünki forma mahiyyəti təzahür etdirir. Hüququn mahiyyəti onun dəyər məzmununda ifadə olunur.  Hüquq fəlsəfəsi mənalar sualına cavab verən, sualları cavablayan hüquq normalarının məğzindən yaranır.  Düşüncələri insan mahiyyətində cəmləşdirir. İnsan öz hərəkətlərinə öz düşüncələri ilə haqq qazandırır. Ancaq nəzərə alır ki, hüquq müstəvisi bölgüdən, pay sahələrindən ibarət olur. Bu pay sahələri daxili mürəkkəblikləri yaradır. Həmçinin ətrafa böyüyən müstəvidən meydana gəlir.

Hüququ ifadə edən normalar və qaydalar sistemi formadır, norma və qaydaların dəyəri, faydası (obyekt üçün, subyekt üçün) məzmun olduğundan fəlsəfədir. Hüququn fəlsəfəsi dəyər baxımından düşüncələrdə  “necə”, “nə cür”, “hansı dərəcədə”, “nə kimi”  suallarına cavab axtarmaqdadır. Hüququn fəlsəfəsi dəyərlərin daşınmasındadır və ötürülməsindəki mahiyyətdədir. Hüquq dəyərdir və dəyər olaraq nəsillərdən-nəsillərə maddi-mənəvi bütövlüyü ötürür. Burada keçicilik şərtə çevrilir. Hüquq normalarında əks olunmuş fikirlər silsiləsi məhz maddi-mənəvi dəyərləri irsən ötürür. Burada hüquq mədəni vərəsəlik xassəsini özündə daşıyır. Hüquqla maddi aləm, fiziki obyektlər üzərində səlahiyyətlər, sahiblik, məxsusluq, aidiyyatlılıq yaranır. Keçiciliklə hüquq bioloji, fiziki və ruhi bağlantı yaradır, dəyərləri irsən ötürür. Tarixlə mövcud zaman və gələcək zaman arasında məkan və aləm bağlılığı yaradır.

Qeyd olunduğu kimi, hüquq anlayışı genişdir, subyektləri və obyektləri çoxtərkiblidir, əhatəlidir. Bu baxımdan da anlayış özündə elementlərin məcmusunu toparlayır. Hüquq anlayışı maddi və sosial- ictimai, formal və mədəni  tərkibli olduğundan da dərindir. Hüquq ümumilikdə insanı müşayiət edir. Buna görə də hər yanda, hər məqamda insanı pərdə kimi örtür, çətir kimi qoruyur. Ona qarşılıqlı əlaqələrdə statuslar verir.  İnsan əxlaqını zəmanətlə qoruyur, mühafizəkarlıq yaradır.  İnsanı addım-addım sərhədləyir. Hərəkətlərini norma və ölçülərə salır.  Hüquq sanki insanın evi funksiyasını daşıyır.  Hüquq insan hərəkətlərinin əsas status funksiyasını yerinə yetirir. İnsan dərk edir ki, onun təbii haqqı var. Ətraf aləm bu təbii haqları qoruyan, müdafiə və mühafizə edən mənbədir.  Deməli, hüquq fəlsəfəsi insanın özünü əmək fəaliyyəti zamanı, həyatda yaşamaq anında dərk etməsindən ibarət olan düşüncələr sistemidir. Müxtəlif dərketmə kompleksidir.

Hüquq bütün sahələrdə fərdlərə aid olduğundan, məkanlarda və zamanlarda, yaş xəttində (yaş ardıcıllığında)  insanlara məxsus  olduğundan konseptual məzmunludur. Bütün yaşları bir-birinə bağlayır. Yaş üzrə, qabiliyyət, istedad kriteriyası ilə bölücü funksiya daşıyır.  İnsanlar eyni anlarda müxtəlif tərkibli və sahəli hüquqları daşıyırlar. Məsələn, insanlar eyni anda həm baza hüquq və azadlıqlara, həm də sahələr üzrə hüquqlara, təsbitləyici və təminedici hüquqlara  sahib olurlar. İnsanların konstitusion hüquqları daimidir, baza etibarilə məhdudlaşan deyil. Törəmə hüquqlarına-mülki, inzibati, vergi, ailə, uşaq, təqaüd və s. hüquqlarına  da paralel olaraq sahib olurlar.

Qeyd olunduğu kimi, hüquqlar əsas və törəmə xassəlidir. Lakin bu bölgü şərtidir. Çünki altda, bazada daima baza hüquq və azadlıqlar dayanır. Şaxələnmə elə kökdən başlayır.  Törəmələr əsasları şərtləndirir, əsaslar törəmələrə nəticələr verir.   Əsas hüquqlar insanın yaşına uyğun şəkildə artır. Törəmə hüquqlar da çoxalır. Lakin müəyyən müddətdən sonra törəmə hüquqlar digər bir formaya keçir.  Yəni, başqa məzmunda başlayır. Məsələn, tələbə hüququ yalnız tələbəlik illərində insanların əlavə hüquqlarının tərkibini təşkil edir. Qoyulan məhdudiyyəti (zaman amilini) adladıqdan sonra tələbə üçün tələbəlik hüququ ləğv olunur. Növbəti başlanğıc kimi əmək hüququ başlayır. İş yerini dəyişdikdə də əlavə hüquqlar (mexanizm hüquqları, baza hüquqları təmin edən əlavə hüquqlar) dəyişir, yeni hüquqlar meydana gəlir. Təqaüd yaşında isə insanların əlavə hüquqları (əmək hüquqları) pensiya hüquqları ilə əvəzlənir. Bu, o demək olur ki, hüquq ümumi  qaranlıq  məkanda işıq müstəvilərini yaradır. İnsanlar üçün bu işıq müstəviləri aydınlıq müstəviləridir. Hüquqların məkanda və zamanda dəyişməsi insanlara aid olan hüquq normalarının konseptual və əhatəli forma və məzmununu yaradır. Hüquqlar keçidlər edir və bütün hallarda insanların baza hüquq və azadlıqlarının təminatı funksiyasını yerinə yetirir. Məsələn, təqaüd yaşlarında əmək qabiliyyəti məhdudlaşır. Lakin bu məhdudlaşma təqaüdçünün baza hüquq və azadlıqlarını korlaya bilməz. Təqaüdçülər yaşamalıdırlar. Cəmiyyətin üzvləri olaraq öz mövcudluqlarını təmin etməlidirlər. Yaşlı nəsli təmsil etməlidirlər. Bu baxımdan da onlara fondlar tərəfindən aylıq ödənişlər həyata keçirilir. Dövlət tərəfindən əlavə güzəştlər verilir. Məsrəf güzəştləri tətbiq edilir. Bütün bu sosial aktların, sosial tədbirlərin mahiyyətində təqaüdçülərin baza hüquq və azadlqılarını təmin etmək dayanır. Mahiyyət onların maddi və mənəvi təminatını həyata keçirmək məqsədini güdür. Deməli, hüququn fəlsəfəsi fərdin-hüquqa məxsus olanın, hüquq daşıyıcısının hüquqlarının ona lazımınca xidmət etməsindən ibarətdir.

İnsan hüquqlarının fəlsəfi mahiyyəti həm də onunla əlaqəli olur ki, baza hüquq və azadlıqların özü həm də daxildən törəyir. Yəni baza hüquq və azadlıqlar sistemli şəkildə insanın göstəricilərini-mənəvi-maddi göstəricilərini-ifadə edir. İnsanın baza hüquq və azadlıqlar statusunu tərkib-tərkib müəyyən edir. Bu normalar sistemindən də əlavə hüquqlar, bərkidici, təminatı böyüdücü hüquqlar meydana gəlir.

 

Hüquq sisteminin fəlsəfəsi – hüququn  mahiyyəti və vəhdətlik

 

Hər bir şəxsin, fərdin, tərəfin hüquq kəmiyyəti onun hüquq obyektindəki bağlılıq, aidiyyatlılıq, məxsusluq və mənsubluq dərəcəsi ilə ölçülür. Hüquq sistemlə, sahəli strukturlarla sahələr üzrə   normalara salınanda hüquqi düşüncə mücərrədlikdən konkretliyə keçidlər edir. Normalar sistemi adətləri, bitkin, təkmil, tamamlayıcı funksiya kəsb edən, aktlar baxımından nəticələr doğuran   tətbiqi qaydaları yaradır. Üst normalar (üst şaxələndirici normalar)  dəyişir, renovasiya olunur. Hüququn fəlsəfəsi renovasiyanın tətbiqində və baza hüquqların (sütun hüquqların)  saxlanılmasında ehtiva olunur, düşüncələrdə formalaşır. Hüquqi islahatlar dəyişən şəraitlərdə hüquq sistemini yeniləyir. Yeni şəraitlərdə yeni şərtləri meydana gətirir, yeni addımları üzərə çıxarır.  Hüquq sistemi daxildən təkmilləşir, islah olunur və ətrafdan sahələrə ayrılmaqla böyüyür. Daxilidə də yeni-yeni şəraitlərin meydana gəlməsi hüquq normalarını və qaydalarını çoxaldır. Buna görə də hüququn əhatəliliyi müstəvisi dərinləşir və böyüyür. Forma artanda məzmun da çoxalır. Anlayışın fəlsəfi əhəmiyyəti bu kimi proseslərdə uyğunluğun və dəyərlərin, səmərəliliyin, faydalılığın  saxlanılması və böyüdülməsindən ibarətdir. Hüququn fəlsəfəsində kriteriyalar üzrə mərkəzləşdirmə də önəm kəsb edir. Məsələn, dəyərlər kriteriyaları, dərəcələnmələri və əlamətləri  üzrə normaların məcmusu yaranır. Dəyər kriteriyası hüquq normaları sisteminin məğzini təşkil edir. Bu dəyərlər də özlüyündə müdafiəni və lazımi istifadəni şərtləndirir.  Hüququn dəyərləri onun ədalətli məzmununda əks olunur. Eləcə də tarazlı bölgüdə şərtlənir. Hüququn dəyəri həm də maddi aləmin zaman gerçəkliyi, zaman amili  ilə bağlı olur. Məsələn, hansısa bir zamanda bir şəxs və ya da şəxslər qrupu müəyyən mülkə, kapitala yiyələnibdir. Zaman keçməsinə baxmayaraq sahibkar, əmlakın sahibi  və sahibləri həmin əmlak üzərində öz hüquqlarını saxlamış olurlar. Həmin hüquqları mövcud zamandan gələcək zamana transfer edirlər. Hüquqlar o halda bitir ki, onlar bu əmlakı başqa şəxslərə (fiziki və ya da hüquqi şəxslərə), müəyyən tərəflərə satmış və ya da bağışlamış, hədiyyə vermiş olsunlar. Həmin maddi kapital üzərində hüquq kateqoriyalana, dərəcələnə bilir. Tərkibcə kəmiyyət dəyişikliyinə uğraya bilir.  Maddi kapital çoxalanda, əmlak artanda hüquq da artır. Kiçiləndə, hissələri dağıdılanda və ya da satılanda, bağışlananda, pay şəkilində bölündükdə hüquqlar da müvafiq qaydada öz kəmiyyətini dəyişdirir.

Hüquq həm də ona görə konseptualdır ki, tərkib elementləri zəngindir və  dəyərlər (elementlərdə ifadə olunan normalar)  şəbəkəsindən ibarətdir. Şəbəkədə olan normalar bir-birini tamamlayır. Bu tamamlamadan da bağlayıcılıq və çeşidlilik meydana gəlir.  Bu rəngarənglikdən təsnifat yaranır, qruplaşma meydana gəlir. Hüquq öz obyekti və predmeti üzrə çeşidli tərkibdə, fərqli kəmiyyətdə olur. Hüquq iştirakçıların pay bölgüsünə uyğun olaraq, həmçinin yüklülüyə görə də bölünmüş əsaslarla ümumi və məxsusi xarakter almış olur. Obyektin artıb-azalması sayəsində hüquqi vəziyyət dəyişmiş olur.  Hüquqi təsdiq edən, ifadə edən, təsbitləyən status da kateqoriya ilə dəyişir. Bu dəyişmə vəzifə və səlahiyyətləri də yeniləyir. Yeni hüquqi vəziyyətləri, yeni hüquqi münasibətləri yaradır. Bu yenilənmiş hüquq münasibətləri həm əvvəlki maddi obyektlər üzərində formalaşır, həm də tamamilə yeni obyektlər üzərində ortaya çıxır. Hüququn obyektini isə çoxsaylı elementlər və elementlər birləşməsi təşkil edə bilir. İnsanları bir-birilərinə bağlayan, münasibət və əlaqələrini bir araya gətirən  məxsusi, ümumi  fərdi və kolllektiv elementlər qrupu hüquq sisteminin daimi dəyişən xarakterini özündə ehtiva edir.

Hüquq anlayışı, ifadəsi qeyri-müəyyənlik müstəvi üzrə dərinə və eninə doğru müəyyənliyə çevrilir. Bu baxımdan da sadəliklərin çoxluq təşkil etdiyi mürəkkəblikləri özündə ehtiva edir, özündə qərarlaşdırır, əks etdirir.   Hüquq sistemində baş verən qabardıcı, hadisələri oyadıcı proseslər, daha doğrusu hüquq obyektində baş verən bu kimi proseslər sistemin daxili həyatını aktiv və passiv edir. Bu iki vəziyyət arasında keçidləri yaradır. Hüquq sistemində daimi aktiv olan elementlər, eləcə də müəyyən müddət üçün aktiv olan elementlər, hüquqi ifadələr mövcud olur. Məsələn, insanların baza yaşayış hüquqlarını təmin edən mənzil və ailə hüquqları daima aktivdir. Lakin inkişaf prosesləri ilə meydana gələn əlavə hüquqlar hələ passiv, qeyri-müəyyən, “gizlənmiş” olur. Hamilə qadının uşaq anası kimi hüquqları passiv olur. Uşaq dünyaya gəldikdən sonra uşaq anası hüququ aktivləşir.  Aktivlik və passivlik yaş senzi ilə əlaqədar olan hallarda da mövcuddur. Məsələn, insanların gənclik hüquqları onların uşaq hüquqları üçün hələ passiv olur. Eləcə də yaş təqaüdü, əmək təqaüdü  hüquqları gənclər və orta yaşlı insanlar üçün passiv qalır.   Bu baxımdan da ümumi hüquq müstəvisində insanlar üçün tamamlanan, bütövləşən və “yarımçıq qalmış” (tamamlanması uzun zamana şərtlənən, eləcə də vəsaitləri, maddi bazası  tükənən hüquqlar) hüquqlar mövcud ola bilir.     Uşaqlıq illərindən ölüm anına qədər (burada yaşlanıb  ölmək) fərdin hüquq trayektoriyası bütövləşmiş hesab oluna bilər. Bu uzun trayektoriyada, hüquq cızıq xətlərində müəyyən hadisələr üçün bitmiş, tamamlanmış və  davamedici hüquqlar mövcud ola bilir. Məsələn, insanlar öz xidmətlərinə görə birdəfəlik mükafat ala bilirlər. Mükafatın verilməsi ilə aidiyyatı hüquq da başa çatır. Əmək fəaliyyəti ilə əlaqədar olan hüquqlar isə qabiliyyətin mövcudluğuna qədər davam edir. Bu qabiliyyət yaşla başa çatır, eləcə də digər hallarda çatışmazlıqlarla ortaya çıxır. Əmək qabiliyyəti insan hüquqlarının  müxtəlifliyini (sahələr və tərkib elementləri baxımından)  meydana gətirir.

Hüquq anlayışının fəlsəfəsi həm hüququn kəmiyyətindən (müəyyən olunan hüquq normalarının miqdarından), həm də dəyərindən formalaşır. Bu baxımdan da hüquq fəlsəfəsi (düşüncə, qavrama və dərk etmə, eləcə də nəticə etibarilə aydınlaşma) forma və məzmunun vəhdətindən ibarət olur. Hüquq ifadəsinin fəsləfəsi ondan ibarətdir ki, insanın baza dəyərlərini (kimliyini və xidmətlərini)  müəyyən edir. Hansı ki, bu dəyərlər sayəsində insani keyfiyyətlər təsdiq və ifadə olunur. İnsanlar arasında və insanlarala dövlət hakimiyyəti arasında olan münasibətlər, eləcə də sosial sferanı yaradan əlaqə və ünsiyyət  təsbit olunmuş hüquq normalar sistemi ilə formalaşır. Bu hüquq normaları adətləri və ənənələri, mövcud praktiki qaydaları da öz məzmununda ifadə edir.  Hüquq fəlsəfəsinin məğzində həm də insanların öz hüquqlarının inkişaf prosesləri ilə ayaqlaşması üçün tənzim edən, müəyyən edən tərəf olaraq dövlət hüququnu formalaşdırmaq da dayanır. İnsanlar öz hüquqlarını dövlətin bütöv, tamam və tərkib hüquqları ilə uzlaşdırır. Əslində elə dövlət hüququ insan hüquqlarına xidmət üçün təşkil olunur. Dövlətin hüquq fəlsəfəsi insanların xoşbəxtliklərini təmin etmək funksiyasını daşıyır. Deməli, hüquq fəlsəfəsi struktur hüquqlarının vəhdətində və ümumi insan hüquqlarının tərkibi olaraq onunla uyğunaşmasında və məğzini təşkil etməsindədir. Dövlətin tənzim etdiyi hüquq normaları elə əslində insanların hüquq normalarıdır. İnsanlar təşkilatlandığından və kollektivçiliyi təşkil etdiyindən hüquqları da şaxələnmiş qaydada genişlənmiş və dərinləşmiş olur. Bu da özlüyündə hüquq normaları sisteminin fəlsəfəsini meydana gətirir.

Hüquq fəlsəfəsinin əsası hüquqların uyğun şəkildə, uzlaşmış və tamamlanmış formada və məzmunda  konsepsiyalar təşkil etməsindən ibarətdir. Burada insanların baza  (strateji) və bazaya xidmət edən əlavə (strateji-taktiki) hüquqları (bütün hüquqlar təbiidir; çünki inkişaf təbii axarla müəyyən olunur. Əldə olunanların qorunması və ondan istifadə qaydaları da təbii hal alır. Dövlət və fərd əldə olunan dəyərlərdən istifadə etmək məsələsində tənzimləyici tərəf kimi funksiya daşıyırlar. Fərd birbaşa, yəni əldə etdiyini birbaşa,   özü üçün xərcləyir,  dövlət də birbaşa və dolayı tənzimləmə funksiyasını yerinə yetirir. Resursların paylanmasını təmin edir) harmoniya təşkil edir və insan  ətrafında müstəvi yaradır. Bu müstəvi insan hüquqlarının insanı əhatə etməsini  şərtləndirir. Müstəvi insanlara xidmət edir. Hüquq fəlsəfəsi hüququ dərin bir dəyər kimi dərk etməkdən ibarət olur. Hüquq sisteminin fəlsəfəsi həm də onunla müəyyən olunur ki, sistemin ümum norma və qaydaları məkanda və zamanda insanların, fərdlərin maraqlarını, məqsəd və niyyətlərini, vəzifələrini, ehtiyaclarını, maddi meyarları, mənəvi xüsusiyyətləri uyğunlaşdırmaq, uzlaşdırmaq xassəsinə malik olur.

Hüquq fəlsəfəsi insanı daxilən və əməli ilə bütöv görür. Tərkib isə hüquq elminin təhlili ilə formalaşa bilir. Hüququn norma və qaydalar ilə təhlil edilməsi və təhlillərin ifadələrdə əksini tapması elmi konstruksiyanı formalaşdırır. Sistemin fəlsəfi düşüncələri onun elmi tərkibini yaradır. Hüquq sistemi sahələrini ayırd edir.   Elmi yollarla hüquq anlayışını dərk etmək  müəyyən bir nəticədə bütövlük forma və mahiyyətini meydana gətirir. Bu bütövlük də özlüyündə rəng çalarlığı etibarilə fəlsəfədir. Əhatəli düşüncələr kompleksiyasıdır.

Hüquq ona görə fəlsəfidir ki, insanları təminat və müdafiə baxımdan  cins və yaş amilinə görə həm ümumiləşdirir, həm də məxsusiləşdirir. Peşə və ixtisas amilinə görə də ümumiləşdirir və məxsusiləşdirir. Zaman və inkişaf parametrlərinə görə də təsnif edir və universallaşdırır. Eləcə də tərkiblərə ayırır, bölücülük yaradır. Bu kimi proseslərdə hər bir hüquq tərəfinə dəyər verir. Fərdi ümumi hüquq sistemində qorumaq düşüncələrini qabardır. Fərdə ümumi hüquq sistemində layiqli təminat düşüncələrini əks etdirir.