XƏBƏR LENTİ

16 Oktyabr 2018
15 Oktyabr 2018

Digər Xəbərlər

26 May 2018 - 02:32

Vəkil Fəxrəddin Mehdiyev yazır:"Metafizik məsuliyyət"

Fəxrəddin MEHDİYEV,

hüquqşünas

 

Zaman özündə sirləri saxlayan mürəkkəb, müxtəlif sahəli alimlərin diskussiya mövzusu olaraq qalır. “Zaman ən böyük hakim və həkimdir” ifadəsi də onun sirli dünyasına bir işarədir.

Bu mövzu ilə bağlı diskussiyaların çoxsahəli aspektlərinə toxunmadan, bir fikirlə tam razılaşmaq olar ki, insanların və xalqların “zaman məsuliyyəti” deyilən məsuliyyəti var.

Zamanın vektorlarına yanaşmalar da müxtəlifdir. Bir baxış ondan ibarətdir ki, keçmiş zaman haqqında fikirləşməyə dəyməz, çünki o, keçib gedib, onu qaytarmaq mümkün deyil; gələcək haqqında da fikirləşməyə dəyməz, çünki o da gələcəyə məxsusdur; əsas indiki zamandır. Yalnız indiki zaman mövcuddur və ondan maksimum bəhrələnmək lazımdır.

İkinci baxış ondan ibarətdir ki, keçmiş zamanı unutmaq olmaz, keçmiş zamanı unutmaq onu təkrar yaşamağa gətirib çıxarır; gələcək zamanı da fikirləşməyənin gələcəyi yoxdur. İndiki zaman gələcək zamanın əsasıdır.

Fikirimizcə, birinci yanaşma eqosentrik pisxologiyanın məhsuludur və çox zərərlidir. İkinci yanaşma özündə altruizmi ifadə edir və mütərəqqi inkişafın tendensiyalarına uyğundur.

Zaman məsuliyyəti barədə Üzeyir Hacıbəylinin 1906-ci ildə “İrşad” qəzetində dərc etdiyi bir məqaləsi yüz ildən çox vaxt keçməsinə baxmayaraq, öz ideya miqyasına, fikir dərinliyinə görə heyranlıq yaradır. 1985-ci ildə rus dilinə tərcümədəki kitabında dərc edilmiş məqalə “Gələcəyi unutmayaq” adlanır. Məqalədə deyilir:

“Bu gün mədəni xalqların işlərində və istəklərində göstərilən bütün əziyyətlər və səylər gələcəyə nə qədər önəm verdiklərinin göstəriciləridir. Gələcəklərinə dəyər və onlara böyük əhəmiyyət verən millətlər heç vaxt qayğısızlıq və diqqətsizlik göstərmir, ancaq hər dəqiqə, hər saniyədə işləyir… Hər millətin öz gələcəyi var. Bu gələcəyin müsbət və ya mənfi olması millətin özündən asılıdır… Gələcəyimizi yüksək qiymətləndirərək ona dəyər verməliyik. Biz elə bir bünövrə hazırlamalıyıq ki, gələcək nəsillərimiz ağır iş görmədən yaşasın; miras qoyduğumuz çətinliklərlə üzləşməsinlər…”

Dahi Üzeyir Hacıbəyli məqaləni belə bitirir: “Biz gələcək nəslin sülh və əmin-amanlıq içində yaşaması üçün elə bir məhsuldar bünövrə hazırlamalıyıq ki, onlar da öz növbəsində inkişaf və təkamül üçün daha güclü rıçaqlar tapsın”.

Məqalənin yazılmasından bir əsrdən çox vaxt keçib. Nə dəyişib?!

Ekspertlərə görə, dünya ümumi daxili məhsulunun 57.1 faizini dünya əhalisinin 15.1 faizinin yaşadığı 29 qabaqcıl ölkələr istehsal edir. Yəni həmin ölkələr vahid zaman ərzində dünyanın əsas maddi və mənəvi sərvətlərini istehsal edirlər. Ona görə də, təbii ki, dünyanın taleyini bu ölkələr müəyyən edir. Xalqların zaman və metafizik məhsuliyyətinin yaratdığı nüfuz və qüdrət budur!

Bizim isə bu dövrdə ərazimizin 20 faizi ermənilər tərəfindən işğal olunub. Bir milyondan çox soydaşımız qaçqın və köçkündür. Zaman məsuliyyətini unutmaq bizə keçmişimizi təkrar-təkrar yaşadıb.

Hazırda bu günlə yaşamağımız, eqosentrimizin yaratdığı acgözlük, ədəbazlıq, yerlibazlıq, tayfabazlıq, qohumbazlıq, paxıllıq, dedi-qodulara aludəçilik və digər sosial bəlalar gələcəyimizi təhdid edir.

BİZƏ ZAMAN MƏSULİYYƏTİ ZƏRURİDİR! Bunun üçün Üzeyri Hacıbəylinin, Mirzə Cəlilin, Mirzə Ələkbər Sabirin irsi böyük xəzinədir. Bu dahiləri dərk etmək lazımdır, hərçənd gec də olsa. Metafizik məsuliyyət üçün!