XƏBƏR LENTİ

13 Dekabr 2018
12 Dekabr 2018

Digər Xəbərlər

17 İyul 2018 - 12:57

Şəmsəddin Əliyev yazır:"Məhkumların islah olunmasındakı problemlər"

Şəmsəddin ƏLİYEV, hüquqşünas

 

“Cəzalandırılmış cinayətkar bütün canilər üçün ibrət dərsi, günahsız məhkum edilmiş çəxs isə bütün namuslu adamlar üçün vicdan ləkəsidir”.

Jan Labrüer, fransız yazıçı-filosofu

 

Dünya ölkələrinin hüquq sistemi bir-birindən fəqli və ayrı fəaliyyət göstərsələr də, ümumilikdə qarşılıqlı əlaqədə olduğundan, normativ bazanı zənginləşdirir.

Belə təcrübə hüquq dünyasını və hüquq sistemini inkişaf etdirir, onun təkmilləşdirilməsinə imkan yaradır. Bizə qədər olan hüquq sisteminin genezisi-tarixi (yunan, german, qərb və Roma hüquq sistemi) belə deməyə əsas verir ki, mövcud hüquq sahələri həmişə qarşılıqlı fəaliyyətdə olub və olacaqlar.

Demokratik Azərbaycan dövlətinin hüquq sistemi 1918-2018-ci illər ərzində dəfələrlə tarixi zərurətdən doğan dəyişikliklərə məruz qalmış və bu dəyişikliklər müəyyən mənada həyat tərzinin dəyişilməsi ilə qismən bağlı olsa da, daha çox dünya hüquq sisteminə yaxınlaşmaq və modernləşmək məqsədindən irəli gəlmişdir.

Bəzən, müəyyən dövr ərzində cinayətlərin kəmiyyətindəki dəyişikliklər də (artımın və yaxud, azalmanın müşahidə edilməsi) cəmiyyətdə baş verən sosial, hüquqi və digər sahələrdəki islahatların həyata keçirilməsi ilə əlaqəli olur. Diqqət edək: 2017-ci il ərzində istintaq hərəkətlərini həyata keçirən subyektlər üzrə qeydə alınan 26113 cinayətlərin dinamikada artımla qeydiyyatı (2016-cı ildə 26611; 2015-ci ildə 26916; 2014-cü ildə 24607 – 2013-cü il ildə   22381 fakt) cəmiyyətdə baş verən qaçılmaz fundamental dəyişikliklərlə bağlı olmuşdur.

Cinayətkarlıqla mübarizənin vəziyyətindəki artıb-azalma hallarının ölkədə kriminogen durumun  mürəkkəbləşməsi ilə əsla bağlılığı yoxdur.

Bütün hallarda statistikada cinayət faktlarının azalma və yaxud artımla qeydi cinayətkarlıqla mübarizənin davamlı həyata keçirilməsinin praktik təzahürü və kriminogen duruma nəzarətdən irəli gəlir. Baş verən cinayətlər gizlədilmir, rəsmiləşdirilir. Aparılan çevik əməliyyat – axtarış tədbirləri nəticəsində əgər 2013-cü ildə 12361 nəfər cinayət məsuliyyətinə cəlb edilmişdirsə, onlardan 9653 nəfəri işləməyən və təhsildən yayınanlar (oxumayanlar), məsuliyyətə cəlb olunanlar sırasında əvvəllər məhkum olunmuşların sayı isə 1729 nəfər olmuş, axtarışda olanların 2059 nəfərinin tutulması təmin edilmişdir.

Digər göstəricilərə nəzər salaq: 2014-cü il ərzində 12.656 nəfər, (onlardan – 1986 nəfəri əvvəllər məhkum olunmuşlar, axtarışda olanların 2193 nəfəri tutulmuşdur)2015-ci ildə 13392 nəfər, (əvvəllər məhkum olunmuşların 2432-si cinayət məsuliyyətinə cəlb edilmiş, 2534 axtarışda olanlar tutulmuşdur); 2016-cı il ərzində 13911 nəfər (2545 nəfəri əvvəllər məhkum olunmuşlar cinayət məsuliyyətinə cəlb olunmuş, axtarışda olan 3018 nəfər tutulmuşdur); 2017-ci il ərzində isə 12886 nəfər cinayət məsuliyyətinə cəlb edilmişdir. Ötən il ərzində 2465 əvvəllər məhkum olunmuş şəxslər təkrar törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunmuşlar. Axtarışda olan 3415 nəfər tutulmuşdur.

Ümumilikdə cinayətlərin kəmiyyət göstəricilərindəki artıma baxmayaraq, cinayət məsuliyyətinə cəlb olunanların sayı da artmışdər. Azadlıqdan məhrumolma yerlərindən cəmiyyətə qayıdan şəxslərin müəyyən hissəsinin ictimai münasibətlərə hörmət ruhunda davrana və müvazinətlərini qoruyub saxlaya bilmədiklərindən, qəsdən cinayətlər törətmiş şəxslərin sayında artımın müşahidə edilməsi halları narahatlıq doğurmaya bilməz. Nəzəri baxımdan  belə qənaətə gəlmək olar ki, cinayət törətmiş şəxslərə qarşı tətbiq edilən cəzanın əsas məqsədlərindən biri – cinayətkarın islah olunması yetərincə olmamışdır.

Cəzanın məqsədinin nə dərəcədə cinayət törədənlərə və törətmək istəyənlərə təsir etdiyini öyrənmək üçün Milli Elmlər Akademiyasının müvafiq sahələr üzrə elmi tədqiqatlarına ehtiyac var .

Mənim isə sübyektiv mülahizələrim var. Əgər cinayətkarlıq və baş verən cinayətlər cəmiyyətdə “müəyyən xəstəliyin” təzahürüdürsə, cəza o xəstəliyin müalicəsi üçün”məlhəm”- dərman vasitəsidir. Başqa cür düşünmürəm.

Ona görə də, cəza, dərman preparatı kimi, məqsədini və funksiyasını yerinə yetirməsi üçün elmi diskussiyaların predmetinə çevrilməli, “xəstəliyin məlhəmi” tapılmalıdır. Əgər tapılmazsa,  cəzanın da məqsədinə ehtiyac qalmır və cəzanın həqiqi funksiyasını başqa yerdə axtarmağa  zərurət yaranır.

Uzun illər cəzanın tətbiqi ilə onun məqsədi ilk növbədə – sosial ədaləti bərpa etmək; ikincisi -cinayətkarı islah etmək və sonuncu – təkrar cinayətlərin qarşısını almaq məsələləri həllini tapmış olur. Amma əgər cinayətkar islah olunmursa, təkrar cinayətlərin qarşısı da alınmırsa, deməli, sosial ədalət də bərpa olunmur. Belə olan halda cəza məqsədindən və niyyətindən kənarda qalır.

Bəzi alimlər belə hesab edirlər ki, cinayət törətmək üçün (söhbət qəsdən törədilən cinayətlərdən gedir) subyektdə “hünər” olmalıdır. Yəni insan, insanlığa xas olmayan bir addımı atmağa qadirdirsə, o, daş ürəkli və yaxud, vəhşi obrazında olmalıdır. Ona görə də klassik hüquqşunasların “ vəhşi heyvanlarla insanlar necə davranırlarsa, cinayətkarlıqla da dövlət o sayaq mübarizə aparmalıdır” ifadələri insanlığa xas olmadığından əhəmiyyətini itirsə də, dövlətin humanizm siyasəti insanları cinayət törətmək vərdişindən yayındıra bilməmişdir. Deməli, cəmiyyətin sağlamlaşdırılması üçün peşəkar müayinəyə və reseptə ehtiyac var. Hələ ki, dünya bu resepti tapmağa qadir deyildir.

Zənnimcə, insanın mədəniyyəti, əxlaqı və həyası yoxdursa, Aristotelin müdrik kəlamı ilə eyniləşdirsək, deməli, o, elə “ictimai heyvandır”. Cəzadan və tənbehdən sonra günahkar islah olunma yoluna qayıtmasa, ondan cəmiyyətin marağına uyğun istifadə etmək də müşkül məsələdir. Allahın yaratdığı – Yer üzünün zinəti və əşrəfi paslanar, ürək, əlbəttə ki,daşlaşar və sərtləşər. Hər bir insan çalışmalıdır ki, əməlləri xoş niyyətdən doğsun. Çünki niyyət hər bir əməlin bünövrəsi və motividir. Əslində niyyət, müəyyən mənada əməldir, onun baş vermısini sürətləndirən funksional səciyyə daşıyır. İnsan xeyirxah, pak və gözəl niyyətli olmazsa, cəmiyyət ondan xeyir görməz. Deməli, əməllər niyyətə bağlıdır. Necə ki, Hz. Əli (ə.s) buyurub: “Bədniyyətlilik gizli və ağır bir dərddir. Niyyətin gözəlliyi isə insanın təbiətinin gözəlliyidir”. 

Ümumi rifah naminə az adam tapılar ki, azadlığını qurban vermiş olsun. Bu mənada cəzanın məqsədi təqsirkara, əvvəllər məhkum olunmuş şəxslərə təkrar cinayətin və cəmiyyətə təkrar ziyan vurmağın qarşısını almaq, başqalarını cinayət törətmək meylindən çəkindirməkdən ibarət olmalıdır.

10 fevral 2017-ci iltarixdə ölkə prezidenti İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə dair Probasiya (ingilis sözüdür, probation – sınamaq mənası verir. Daha çox Böyük Britaniya və ABŞ məhkəmə təcrübəsində istifadə olunur) Xidmətinin yaradılması barədə sərəncamı, düşünürəm ki, çox faydalı olacaq. Məhkəmə hakimiyyətinin sübyektləri təqsirkara azadlıqdan məhrum etmə cəzasını tətbiq etmədən, sivil hüquq düşüncəsinə uyğun probasiya rejiminə üstünlük verəcəklər. Hakim məhkumun müəyyən müddət ərzində məmur xidmətinin müşahidəsi altına alınması barədə qərar qəbul edir, cəzanı hümanistləşdirir. Məhkumun davranışlarına nəzarət, qarşısında yeni cinayətlər törətməmək tələbi qoyulur. Bu tələbdən başqa, hökmdə azadlıqda qalan məhkuma yeni cinayətlərin törədilməməsi üçün hansı şəraitdə necə davranmaq qaydaları müəyyən edilir, sadalanır. Müalicə və yaxud, tədris kursunu keçmək, yaşadığı yeri özbaşına tərk etməmək,  müəyyən yerlərdə olmamaq, ibadət edə bilmək və s.məsələlər əksini tapır. Bir növ, məhkuma “yeni həyat və hərəkət zolağı- xəritəsi”təqdim olunur.

Məhkum dövrü olaraq xidmət məmurunun yanında olmalı, “qeydiyatdan” keçməlidir. Məmurun sutka ərzində məhkumun olduğu, yaşadığı mənzilə daxil olmaq hüququ olur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin statistik məlumatına görə, 2017-ci ildə  yeni cinayət törədən məhkumların sayı 10 faiz azalmış, 6820 şəxsin cəza müddəti başa catmaqla barələrində nəzarətə xitam verilmişdir.

Probasiya – yeni xidmətlə bağlı bir haşiyə çıxmaq istərdim:

Məhkumalrın davranışlarına ilk nəzarətin həyata keçirilməsi 1887-ci ildə ABŞ-da, “Boston tədbiri” kimi qeydə alınmışdır. Həmin akta görə, cəzasını çəkmiş şəxslərin işlə təmin olunması öhdəliyi qoyulmuşdu və belə hallara nəzarəti polis orqanları həyata keçirirdi. Bu gün həmin Amerikada cəzadan şərti olaraq vaxtından əvvəl azad olunanların davranışlarına çox ciddi nəzarət var. Ona nəzarəti həyata keçirən zabit – məmurun istədiyi vaxtda təhkim olunduğu şəxsin ünvanına gəlmək, onu yanına dəvət etmək, necə işləməsi, hara və  kimlə getməsini izləmək, hətta ona “qadağan saatı ” tətbiq etmək hüququ olur. Bir neçə ştatda, məsələn, Vircinyada bu məqsədlə – nəzarəti gücləndirmək üçün GPS-ultrasəsli texnika vasitəsilə məhkumun davranışları fiksə edilir, məlumat toplanır, monitorinq edib mərkəzə ötürməklə, şəxsin davranışları qəlibə salınır. Lakin Britaniyada İctimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum olunmuş şəxslərə qarşı xüsusi nəzarət səma cisimlərinin (sputnik) müşahidəsi altında həyata keçirilir.

Hazırda dünyada “cinayətkarlığın cavanlaşması” ciddi narahatlıq doğuran məsələlərdəndir. Aparılan interaktiv sorğular əsasında məhkum olunmuş şəxslərin əsas kateqoriyasını 16 yaşdan 35 yaşa qədər olanlar təşkil edir. Məhkumların islah olunması ilk olaraq cəzasını çəkdiyi yerlərdə, azadığa buraxıldıqdan sonra ona təhsilinin davam etdirilməsi üçün imkanın yaradılmasında, işlə təmin olunmasına xüsusi qayğının həyata keçirilməsində (sosisl adaptasiyasında), ailə həyatının normal məcraya yönəldilməsində, cəmiyyətdə sosial qruplar arasında qarşılıqlı, isti, mədəni münasibətlərin bərpa olunmasında mümkündür.

Rusiya Federasiyasında keçirilən sorğular zamanı məlum olmuşdur ki, azadlıqdan məhrum olunmuş şəxslərin 45 faizi azadlığa buraxıldıqdan sonra məhkumluqlarının olması səbəbindən işə qəbul edilməsindən imtina edilir. Bəzən çətin durumda və məhrumiyyətlərlə üz-üzə qalan,  iradəsi zəif belə şəxslər həyatda çıxış yolu tapa bilmədiklərinə görə, yeni cinayətlərin törədilməsində israrlı olurlar.

Əvvəllər məhkum olunmuşların müəyyən qrupunun“Həmişə ailəmin yanına qayıtmaq istəyi ilə yaşamışam. Lakin 5 il bundan əvvəl (həbsxanada olduğu müddətdən qabaq) ailədəki sosial çətinliklərin həll olunmamasını, əksinə, bir az da dərinləşməsini, yaxşılığa doğru heç nəyin dəyişilmədiyini gördükdə qəhər məni boğdu. “Nə etməliyəm?” sualına cavab tapa, hara, kimə müraciət edəcəyimi bilmirəm…” fikirləri kövrək və həssas fikirlər kimi düşündürücüdür və belə hallarda yeni cinayətlər üçün əlverişli şərait yaranır…

Bəzi hüquqşunaslar əvvəllər məhkum olunmuşların davranışlarına ciddi nəzarətin əleyhinə çıxış edirlər. Mən isə belə qənaətdəyəm ki, “hərbi xarakterli” nəzarət  həmişə vacibdir. Lakin cəzadan azad olmuş məhkumların ailə vəziyyətinə, işə bərpa olmalarına, təhsillərinin davam etdirilməsinə, habelə pulsuz tibbi müayinəyə kömək etməklə yeni və təkrar cinayətlərin qarşısını almaq olar.

Azad olmuş bütün məhkumların davranışlarına şübhə ilə yanaşmaq təhlükəlidir. Belə şəxslərlə xarakterlərinə və mədəni səviyyələrinə uyğun davranmaq məsləhətdir.

Ciddi nəzarət residivistlərə, ağır və xüsusilə ağır cinayətləri törətmiş şəxslərə qarşı da həyata keçirilməlidir. Narkomanı müşahidə altına almaqdansa, onu müalicə etmək, oğrunun hərəkətlərini isə qəlibə salmaq ağıla sığmadığından, mənzillərin və obyektlərin texniki qurğular vasitəsi ilə müşahidəyə cəlb etmək üçün əhali arasında geniş profilaktik söhbətlərin aparılması daha əhəmiyyətlidir. Lakin mənzillərin mühafizə altına alınmasına görə ödəniləcək haqq ailənin aylıq gəlirinə mütənasib olmalıdır. Oğru biləndə ki, mənzillər (daşınmaz əmlaklar, obyektlər) mühafizə olunur, riskli hərəkət etməz.

Qeyd etdiyim kimi, məhkumların işlə təmin olunması məsələsi ciddi problemlərdəndir. Peşələrinə və bacarıqlarına uyğun məşğulluq məsələlərinin həllində mövcud çətinliklər və süni əngəllər – işsizlik problemi cəmiyyət üçün yaxşı heç nə vəd etmir. Onların azadlıqdakı adaptasiya dövrü bəzən uzun çəkdiyindən, həbsxana mühitində formalaşan spesifik cəhətlərin təsirindən uzaqlaşmaq əvəzinə, ictimaiyyət üçün zərərli vərdişlərə və arzuolunmaz hallara meyl edirlər.

Məhkumların məşğulluqlarının həllində olan bürokratik əngəllər residiv (geri qayıtma) cinayətlərin artımına yol açır. Bu minvalla istəsək də, istəməsək də, ictimaiyyət arasında əvvəllər məhkum olunmuşlara qarşı “düşmənçilik” əhvalı güclənir, hüquq-mühafizə orqanları bu yöndə mübarizənin səmərəliliyini görməyəndə təssüf hissi keçirir və azadlıqdan məhrum olma ilə əlaqədar cəzaların sanksiyasının genişləndirilməsi və sərtləşdirilməsi qənaəti güclənir.

Bəzən cəza çəkmə yerlərindən azad olunan məhkumlar cəmiyyət üçün “çağrılmamış qonaq” təəsuratını bağışlayır. Yaşadığı və yaxud, işlədikləri yer üçün “arzuolunmaz şəxs – persona non qrata” statusuna malik olurlar. Sirr deyil ki, müasir sosial-humanist cəmiyyətdə rahat yaşayanlar həbsxanadan qayıdan kriminal keçmişi olanlarla bir arada, məhəllədə və yaxud binada yaşamağı arzulamır. Bəzən, keçmişi bulanıq belə şəxslər həyata baxışlarını qısa vaxt ərzində dəyişə bilsələr də, əhatəsində olan insanların onlara qarşı münasibəti dəyişmir.

Aparılan təhlillər və sorğular belə qənaətə gəlməyə əsas verir ki, oğru “oğurluğunu”, quldur “quldurluğunu”, qarətə meyilli olan ünsürlər vərdişlərindən əl çəkmək və islah olunmaları üçün verilən imkanlardan faydalanmaq əvəzinə, təkrar qəsdlərə üstünlük verirlər, “canavar ət yemək vərdişindən” dayana bilmədiyi kimi, onlar da əvvəlki hərəkətlərini tərk etmək istəmirlər.

Buna təsir edən səbəblərdən biri də Avropa Şurasının insan hüquqlarının müdafiəsi üzrə məsul çəxslərinin ölkələrə səfərləri zamanı məhkumların saxlanıldığı şəraitlə tanış olduqda, problemlərin aradan qaldırılması üçün verdiyi “tövsiyələr”dir. Məhkumların cinayət əməllərinin qurbanlarına çevrilən şəxslərin həyatı, səhhəti və digər problemlərinin həlli avropalı “qonaqları” əsla maraqlandırmır, qurbanlar ümumiyyətlə yada düşmür. Məsələn, qatilin qətlə yetirdiyi ailə üzvlərinin, quldurun hücumuna məruz qalmış və ya soyğunçunun əmlakını açıq taladığı şəxsin vəziyyəti ilə mraqlanmaq, dərdinə şərik olmaq halları heç vaxt olmamışdır. Bir növ, daha çox cinayəti törədənlərin hüquqları müdafiyə alınır, qurbanların hüquqları isə yada düşmür. Belə yanaşma bəzən zərərçəkənlə cinayətkarı yerlərini dəyişməyə məcbur edir.

Bu gün müasir dünya cəmiyyətində hökm sürən ayrı-seçkilik halları azadlığa çıxmış məhkumlar üçün normal yaşamağa və xüsusi həyat norması yaratmağa yetərli deyil. Hər yerdə Avropanın xislətinə xas yabanı vərdişlər və əxlaqa zidd normalar metastaz verir. Bu kateqoriyadan olan şəxslərlə təmasda olub anlaşmaq da səmərə vermir və həmişə xoş təəssürat bağışlamır. Məhkumlar problemlərinin həlli ilə bağlı üz tutduqları bəzi vətəndaşların onlara qarşı qeyri-humanist münasibətlərinin şahidi olduqda, qayğı ğörmədikdə özlərini “lazımsız əşya” kimi hiss edir, cəmiyyətə etibarını itirir, gələcəyinə inanmırlar. Ona görə də, cəmiyyətə adaptasiya olmaq çətinləşir, bəzən də mümkünsüz olur.

Məhkumların islah olunmasına əngəl törədən problemlərdən biri də, onların cəzaçəkmə müəssisələrində submədəniyyətin dəyərlər sisteminə, yəni çoxluğun mədəniyyətindən danışıq jarqonu, davranış mədəniyyəti və geyimi ilə fərqlənməyə üstünlük vermələridir. Məhkumluğu olan, cəmiyyətdə əks münasibət gördükdə, əvvəlki submədəniyyətin təəsüratı altında yaşamağa qərar verir. Belə “qayda-qanunlar” , “anlayışlar” insanın geridə qalmasının və nihilizmin təzahürüdür. Ona görə də “hörmət” gördüyü kriminal aləmə üstünlük verir, residiv davranışa və qanunları pozmağa hazır olur və s.

Qədim zamanlardan bu günə qədər qanunu pozanlara qarşı cəzanın tətbiqi və məhkum olunmuşların islah olunması problemi həmişə ətrafı düşündürmüşdür.

Məhkum olunmuşların islah olunması üçün elmə əsaslanan təbliğat və təşviqat xarakterli tədbirlərə üstünlük verilməlidir. Belə tədbirlər kimi, məhkumların ümumtəhsil səviyyələrinin artırılmasına çalışmaq, sağlamlıqlarının mühafizəsini təşkil etmək, təşkilatlarındakı şəraitə və qaydalara uyğunlaşdırmaq, neqativ sosial – psixoloji halları neytrallaşdırmaq, cəmiyyətdən təcrid olmaq vərdişlərini unutdurmaq, xeyirli əlaqələrə meyilli olanlara sosial dəstək vermək (xeyirxahlığı aşılamaq), onları bu minvalla azadlığa hazırlamaq və s. olar.

Qeyd etdiklərim təxmini tapşırıqlar sırasında olsa da,  fayda verə bilər. Belə yanaşma məhkumlarda, eyni zamanda cəmiyyətin hər bir üzvündə özünə qarşı tələbkarlığa və məsuliyyəti aşılamağa, ətrafa qarşı isə qayğı və hörmətlə yanaşmağa, ictimai maraqlara üstünlük verməyə və patriotizmin formalaşmasına kömək edəcək.

Qənaətimə görə, məhkumlar üçün adaptasiya mərkəzlərinin yaradılmasına da ehtiyac var.

Beləliklə, Beynəlxalq həbs qaydalarının 58-ci maddəsində qeyd olunduğu kimi, “azadlıqdan məhrum olunmaqla və yaxud bəraətlə bağlı verilən hökmün məqsədi son nəticədə cəmiyyəti müdafiə etmək və cəmiyyəti təhdid edən əməllərin qarşısını almaqdan ibarət olur”.

Bu baxımdan qəbul edilən məhkəmə aktının – hökmünün  mahiyyəti üzrə əsas məqsədi yalnız o halda həllini tapa bilər ki, hüququ pozan şəxs özünü qanunlara sözsüz tabe olmağa hazır görür, ona itaət etmək qabiliyyəti yetərincə olmaqla, təhlükəsiz yaşamağını da təmin etmiş olur.