XƏBƏR LENTİ

11 Dekabr 2018
10 Dekabr 2018

Digər Xəbərlər

18 Sentyabr 2018 - 14:04

Əmək pensiyaları və sosial təminatla bağlı hansı mübahisəli məsələlər var? –Hüquqşünas şərhi

Zakir ŞİRİYEV,

hüquqşünas, ədliyyə müşaviri

 

Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin I hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır.

Eyni zamanda hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını və əmək qabiliyyətini itirməyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin III hissəsi).

Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının, o cümlədən vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi hesab edilir.

Bütün bunlara baxmayaraq, sosial təminat sahəsində hələ də tam həll edilməmiş və bu sahədə görülən işlərə mənfi təsir göstərən bir sıra amillər mövcuddur.

Şərti götürdükdə, aşağıda qeyd edilən bir sıra amillər sosial təminat sahəsində görülən işlərə öz təsirini göstərir:

1. Çoxşaxəli sosial, iqtisadi və demoqrafik amillər;

2. Əhalinin yaş tərkibi, pensiya yaşı olan əhalinin sayının artma və ya azalma faktoru;

3. Demoqrafik proseslər və dünya miqyasında əhalinin yaşlanma prosesinin sürətlənməsi;

4. Əhalinin sağlamlığının qorunması sahəsində görülən real tədbrlərin icra vəziyyəti;

5. Tibbi-sosial yardım sahəsində vətəndaşların hüquqlarının təminatındakı problemlər və s.

Qeyd edilən problemlər inkişaf etmiş və həyat səviyyəsi yüksək olan ölkələrdə də mövcuddur. Belə ki, nüfuzlu “The Lancet” jurnalında dərc olunmuş “Regional əhalinin strukturuna ötəri baxış” adlı məqalədə qeyd edilir ki, Almaniyada əyalətlərin əksər hissəsində ahılların və təqaüd yaşında olanların sayı gənclərin sayı ilə müqayisədə dəfələrlə çoxdur. Ümumilikdə götürdükdə Qərbi Avropa, eyni zamanda Avropa Birliyi ölkələrində əhalinin orta yaş həddində sürətli artım müşahidə olunmaqla demoqrafik vəziyyət fəlakət həddinə çatmışdır.

Lakin İrlandiya, Türkiyə və bir sıra ölkələrdə doğuşların sayı çox olduğundan, əhalnin əksəriyyəti gənclər olmaqla, əmək qabiliyyətli əhalinin sayı çoxdur.

Təbii ki, inkişaf etmiş xarici ölkələrdə pensiya təminatı və sosial müavinət sistemi təkmilləşdirilmiş formada olmaqla dövlət təminatı daha güclüdür.

Belə ki, inkişaf etmiş xarici ölkələrdə pensiya yaşı, aylıq pensiya məbləği və orta ömür səviyyəsi aşağıdakı müqayisəli cədvəldəki kimidir:

Ölkə Pensiya yaşı Aylıq pensiya məbləği Orta ömür səviyyəsi Qeyd
Kişi Qadın
1 ABŞ 67 65 1400 $ 79,9
2 Böyük Briyaniya 65 65 700 funt sterling 79
3 Almaniya 65,5 65,5 1200 Avro 79,3
4 Fransa 62,5 62,5 700 Avro 81
5 İtaliya 57-65 57-65 583 Avro 80,2
6 Danimarka 65-67 65-67 2800 $ 78,3
7 Kanada 65 65 700 $ 81,2
8 Norveç 67 67 1542 $ 79,9
9 İsveçrə 65 64 1900 $ 72,7
10 Yaponiya 65 65 2000 $ 82,1
11 İsrail 67 62 1500 $ 70

 

Müqayisəli cədvəldən göründüyü kimi, inkişaf etmiş xarici ölkələrdə istər pensiya yaşı, istər aylıq pensiyanın məbləği və istərsə də orta ömür səviyyəsi yüksəkdir.

Məsələn, Böyük Britaniyada pensiya sistemi 1908-ci ildə yaradılmışdır. Burada önəmli rol kapital yığımı və stajla bağlıdır. Kişilər 65, qadınlar isə 60 yaşdan pensiyaya çıxırlar və qeyd edildiyi kimi, bu, iş stajından və kapital yığımından asılıdır.

Bütün hallarda pensiya üzvlük haqqının məbləğinə uyğun formalaşır. Burda aylıq gəlirin 20% kapitalın qoyulması zəruri hesab edilir.

Almaniya Federativ Respublikasında mütəşəkkil qaydada gənclər pensiya üçün Dövlət Fonduna qoyduqları ödənişlərin miqdarında asılı olaraq gələcək pensiyalarının məbləğini formalaşdırırlar. Burada qoyulan vəsait gəlirin daha çox 20% hissəsini təşkil edir. Eyni zamanda vətəndaşlar hərbi xidmətdə olduqları illərdə və ya qadınlar analıq məzuniyyətində olduqda, dövlət tərəfindən sığorta ödənilməklə pensiya təminatı üçün real tədbir görülür.

Bundan əlavə, vətəndaşlar özəl pensiya fondlarının xidmətlərindən istifadə edərək, gələcək pensiya üçün əlavə təminat yaradırlar.

ABŞ-da kişilər üçün pensiya yaşı 67, qadınlar üçün isə 65 il hesab edilir. Orta pensiyanın aylıq məbləği 1400 $ təşkil edir. Eyni zamanda hər ay ödənilən sığortanın məbləği əmək haqqının 13,1 %-ni təşkil etməklə pensiyaya çıxana kimi aylıq ödənilən həmin məbləğin yarısını pensiyaya çıxan, yarısını isə işə götürən ödəyir.

Yaponiyada əhalinin uzun ömürlü olması nəzərə alınıb, orta ömür səviyyəsi 82,1 yaş hesab edilir. Yaponlar pensiyaya çıxandan sonrada aktiv əmək fəaliyyətlərini davam etdirirlər. Belə ki, onların əksəriyyəti kənd təsərrüfatı və xidmət sahələrində çalışırlar.

Eyni zamanda onların əksəriyyəti istirahətlərini xaykin (alpinist) klublarda, hovuz və idman zallarında səmərəli keçirməklə özlərinin sağlamlığını qoruyurlar.

Yaponiyada 20 yaşından 59 yaşına kimi bütün vətəndaşlar ümummilli pensiya proqramına qoşulurlar. Aylıq pensiyanın məbləği 2000$-dır.

İsraildə isə normal pensiya almaq üçün 30 il əmək stajı olmalıdır. Belə ki, kişilər üçün pensiya yaşı 67, qadınlar üçün 62 yaş hesab edilir. Aylıq pensiyanın məbləği 1500 $ təşkil edir.

Eyni zamanda pensiyaya çıxanlar bələdiyyə vergilərindən azaddırlar, ictimai nəqliyyatdan 50% güzəştlə istifadə edirlər və s.

İnkişaf etmiş xarici ölkələrdə bütün hallarda gələcək pensiya üçün həm dövlət, həm də özəl pensiya fondlarına pul vəsaiti ardıcıl yatırılmaqla pensiya yaşı və iş stajı çatdıqda onlar üçün bir neçə pensiya almaq imkanları yaranır. Bu siyahını artırmaqda olar və digər ölkələrin formalaşmış pensiya və sosial müavinat sistemində müqayisəli qeyd etmək olar.

Müstəqil Dövlətlər Birliyi ölkələrinə gəldikdə pensiya yaşı pensiyanın məbləği və orta ömür səviyyəsi aşağıdakı müqayisəli cədvəldəki kimidir:

Ölkə Pensiya yaşı Aylıq pensiya məbləği Orta ömür səviyyəsi Qeyd
Kişi Qadın
1 Rusiya 60 58 285 $ 68
2 Qazaxıstan 63 58,5 210 $ 67,9
3 Ukrayna 60 55 142 $ 68,5
4 Azərbaycan 63,5 60,5 202 $ 68,7
5 Gürcüstan 63 60 70 $ 76,7
6 Litva 62,5 58,5 300 $ 74,9
7 Ermənistan 65 63 80 $ 72,7

 

Qeyd etmək lazımdır ki, inkişaf etmiş ölkələrin bu sahədəki qabaqcıl təcrübəni postsovet ölkələri o, cümlədən Azərbaycan Respublikasının Pensiya sistemi ilə müqayisə etməyin heç bir əsası yoxdur. Elə postsovet dövlətlərinin pensiya sistemindən aparılan səmərəli islhatlarla bağlı üstün cəhətlər olsa da, ölkəmizdə problemlər yaradan aşağıdakı əsas amilləri də unutmaq olmaz:

1. Ölkəmiz müharibə şəraitində olduğundan, hərbi quruculuq sahəsində görülən işlər və qabaqlayıcı tədbirlərə sərf edilən hərbi xərclərin artırılması;

2. Ermənistandan deportasiya olunmuş qaçqınlar və işğal olunmuş ərazilərdən olan məcburi köçkünlərin problemləri və s.

Yəni bütün hallarda real vəziyyəti nəzərə almaq lazımdır.

Qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasında müstəqillik əldə etdikdən sonra bu günə kimi əmək pensiyaları ilə bağlı 4 Qanun, o cümlədən böyük mübahisələrə səbəb olan “Əmək pensiyaları haqqında” (07 fevral 2006-cl il tarixli) Qanuna edilən və islahatlarla bağlı 10 mart 2017-ci il tarixli Qanun qəbul edilmişdir.

“Əmək pensiyaları haqqında” Qanunlar ardıcıl olaraq aşağıdakı dövrləri əhatə etmişdir:

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 07 fevral 2006-cı il tarixli Qanunun 2.1-ci maddəsinə əsasən, əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunvericiliyi, Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ aktlarından ibarətdir.Cədvəldən göründüyü kimi, bir-birini tamamlayan həmin Qanunlar bütün hallarda vətəndaşların pensiya təminatı və sosial müavinət sistemini əhatə edir.

“Əmək pensiyaları haqqında” Qanunun 4-cü maddəsinə əsasən, bu Qanuna uyğun olaraq əmək pensiyasının üç növü müəyyən edilir:

1. Yaşa görə əmək pensiyası;

2. Əlilliyə görə əmək pensiyası;

3. Ailə başçısını itirməyə görə əmək pensiyası.

Lakin bundan əvvəl qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanunun 2-ci maddəsinə əsasən bu Qanunla vətəndaşlara aşağıdakı pensiyalar təyin edilirdi:

1. a) əmək pensiyaları

– yaşa görə;

– əlilliyə görə;

– ailə başçısını itirməyə görə;

– xidməti illərə görə.

1. b) sosial pensiyalar.

Yəni hazırda qüvvədə olan Qanunla əmək pensiyasının 3 növü, bundan əvvəl qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda isə əmək pensiyasının 4 növü göstərilmişdir. Burada yaşa görə əmək pensiyasından fərqlənən xidməti illərə görə əmək pensiyası pensiyanın bir növü kimi qanunverciliklə tənzim edilirdi.

Yaşa görə əmək pensiyası ilə xidməti illərə görə əmək pensiyasının fərqinə gəldkidə, “Hərbi qulluqçuların pensiya təminatı” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 mart 2014-cü il tarixli Plenum Qərarında qeyd edildiyi kimi, Azərbaycan Respublikasında aparılan pensiya islahatları çərçivəsində 2006-cı il 07 fevral tarixində “Əmək pensiyaları haqqında” Qanun qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir.

Yeni pensiya qanunvericiliyində əmək pensiyasının üç növü – yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası nəzərdə tutulmuşdu (“Əmək pensiyaları haqqında” Qanunun 4.1 -ci maddəsi).

Göründüyü kimi, əvvəlki pensiya qanunvericiliyindən fərqli olaraq, “Əmək pensiyala haqqında” Qanunda xidmət illərinə görə pensiya əmək pensiyasının növü kimi təsbit edilməmişdir. Xidmət illərinə görə əmək pensiyası növü yaşa görə əmək pensiyası növünə oxşar olsa da, onun əsas fərqli cəhəti yaş həddi gözlənilmədən müvafiq xidmət illərinə əsasən, pensiya hüququnun yaranmasıdır. Yaşa görə əmək pensiyasının ümumi əsaslarla təyin edilməsi üçün isə iki hüquqi faktın – şəxsin müəyyən yaş həddinə çatması və müvafiq sosial sığorta stajına malik olması tələb edilir.

Fikrimcə, yaşa görə əmək pensiyası ilə xidməti illərə görə əmək pensiyası arasındakı qeyd edilən oxşar və fərqli cəhətlər, istər “Əmək pensiyası haqqında” 07 fevral 2006-cı il, istərsə də 10 mart 2017-ci il tarixli Qanunla edilən dəyişikliklər nəticəsində yaranmış mübahisəli məsələlərə aydınlıq gətirilməsi zərurətini yaradır.

Belə ki, “Vətədaşalrın pensiya təminatı haqqında” 23 sentyabr 1992-ci il tarixli Qanunun 9-cu maddəsinə əsasən, dövlət pensiyaları almaq hüququ olan şəxslər pensiya almaq hüququ yarandıqdan sonra heç bir müddət məhdudiyyəti olmadan və fəaliyyət xarakterindən asılı olmayaraq istənilən vaxt pensiya təyin edilməsi üçün müraciət edə bilər. Yəni burada əsas şərt kimi:

1. Pensiya almaq hüququnun yarandığı gündən;

2. Hansı sahədə hansı vəzifəsində işləməsindən, yəni fəaliyyət xarakterindən asılı olmayaraq istənilən vaxt pensiya təyin edilməsi üçün müraciət edilməsi əsas götürülür.

“Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 98-ci maddəsinə əsasən, yaşa və əlilliyə görə pensiyalar, pensiya yaşına çatdıqda və ya əlilliyin müəyyən olunduğu gündən ən geci 3 ay müddətində pensiya üçün müraciət edildikdə, pensiya yaşına çatdığı  gündən və ya müvafiq surətdə həkim əmək ekspert komissiyası tərəfindən əlilliyin müəyyən olunduğu gündən təyin edilir.

Yəni Qanunun bu müddəası çox hallarda DSMF tərəfindən yanlış şərh edilməklə, 25 illik xidməti illərinə görə pensiya təyin edilməli olan şəxsə 3 ay müddətində müraciət edilməməsi əsas götürülərək, pensiya ödənişindən imtina edilirdi və qanunvericilik normalarına zidd qərarlar qəbul edilirdi.

Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmaqla, ömürlük təyin edilməsi müddəası düzgün olmayaraq şərh edilməklə, əvvəlki illərə görə qanuni pensiya ödənişindən imtina edilməsi hallarına yol verilirdi.

Bunu sadə bir misalla belə izah edək:

25 il iş stajı olan şəxs xidməti illərə görə pensiyaya çıxmaq istəyir. Həmin şəxsin 25 il xidmətetmə müddəti 50 yaşında başa çatsa da, pensiya təyin edilərkən onun yaşa görə pensiya təyin etmək üçün 10 il gözləməsinin, 60 yaşı tamam olandan sonra 3 ay müddətində pensiya almaq üçün müraciət etməsinin heç bir əsası yoxdur.

Belə ki, “Əmək Pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanunun 9-cu maddəsində göstərilən (güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

Eyni zamanda “Əmək pensiyaları haqqında” Qanunun 2.1-ci maddəsində qeyd edildiyi kimi, əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ aktlarından ibarətdir.

Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

Odur ki, bütün hallarda Konstitusiyanın həmin maddəsi əsas götürülməlidir. O cümlədən “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.

Lakin həmin Qanunda 10 mart 2017-ci il tarixli 543-VQD saylı Qanunla edilmiş dəyişikliyə əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsindən “heç bir müddət məhdudiyyəti olmadan” sözləri çıxarılmışdır.

Həmin Qanunla qeyd edilən dəyişikliklərdən biri də “Əmək pensiyalar haqqında” Qanunun 32.1-ci maddəsindən “Əmək pensiyası yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla” sözlərinin çıxarılmasıdır.

Eyni zamanda həmin Qanuna aşağıdakı məzmunda 32.1.1-ci maddəsi əlavə edilməmişdir.

Belə ki, 32.1.1-ci maddəyə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, bu Qanunun qüvvəyə mindiyi gündən tez olmaqla və müraciət edilən tarixdən əvvəlki ən çox 3 il üçün ödənilməklə, bu müddətdə müəyyən edilmiş müddətlərə təyin edilir.

Fikrimcə, bu dəyişiklik 10 mart 2017-ci il tarixdən sonra pensiyaya çıxanlara şamil edilsə də, Konstitusiyanın, o cümlədən digər qanunvercilik aktlarının müddəalarına ziddir.

Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 106-cı maddəsinin birinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının uyğunluğuna dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 may 2001-ci il tarixli Plenum Qərarına əsasən, müəyyən edilmişdir ki, hesablanıb, lakin pensiyaçı tərəfindən vaxtında alınmamış pensiya məbləğinin bunun üçün müraciət edilən vaxtdan əvvəlki dövrün ən çoxu 3 ili üçün ödənilməsini nəzərdə tutan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 106-cı maddəsinin birinci hissəsi Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin III hissəsinə və 25-ci maddəsinə uyğun olmadığı üçün ləğv edilmişdir.

Qeyd edilən Qanun “Əmək pensiyaları haqqında” 07 fevral 2006-cı il tarixli Qanun qəbul edildikdən sonra qüvvədən düşmüşdür. Lakin buna baxmayaraq, “Əmək pensiyaları haqqında” Qanuna 2013-cü ildə edilən dəyişikliyə əsasən, təkrarən anoloji vəziyyət bərpa edilmişdir.

Mübahisə doğuran məsələlərdən biri də “Azərbaycan Respublikası Əmək Pensiyaları haqqında” Qanunun 20-ci maddəsində qeyd eidlən qulluq stajına görə əmək pensiyalarına əlavələrin pensiya təyin edilən dövrdə deyil, müəyyən illər keçdikdən və vətəndaşların təkrar müraciətlərindən sonra DSMF-də imtina ilə bağlı məhkəmədə qaldırılan iddia ilə ədalətli qərar qəbul edildikdən sonra icra edilməsidir.

Nəticədə şikayətlərə düzgün baxılmaması səbəbindən, aylar və illər ərzində pozulmuş hüquqlarını bərpa etmək istəyən pensiyaçılara, sosial müavinət alan şəxslərə maddi və mənəvi ziyan dəyməklə onların sağlamlıqlarında da fəsadlar yarana bilər.

Bəs bu məsələ Qanunverciliklə necə tənzim edilir, məmur özbaşınalığına son qoymaq üçün nələr edilməlidir?

Kifayət dərəcədə belə faktlar olduğundan, bu məsələni ətraflı şərh etməyə ehtiyac var.

Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsində bu məsələ ətraflı qeyd edilmişdir. Eyni zamanda “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublkasının 30 sentyabr 2015-ci il tarixli Qanunun əsas prinsiplərindən biri də vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirilməsinə şərait yaradılması, fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunmasıdır (Qanunun 4-cü maddəsi).

Vətəndaşın, müraciətinin tam və hərtərəfli araşdırılması üçün əlavə sənəd və materiallar təqdim etmək və ya bu sənədləri əldə etmək, almaq hüququ vardır (Qanunun 14-cü maddəsi).

Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır (Qanunun 7.1-ci maddəsi). Eyni zamanda həmin Qanunun 16-cı maddəsinə əsasən, bu Qanunun tələblərini pozan şəxslər (vəzifəli şəxslər) Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. Məmur özbaşınalığı və süründürməçilikdən əziyyət çəkən pensiyaçı qarşılaşdığı vəziyyətdən asılı olaraq iqtisadi böhran və s. səbəblərə görə vaxtında ala bilmədiyi pensiya məbləğinə görə itkiyə məruz qalır, maddi və mənəvi ziyanla yanaşı, psixoloji gərginlikdən sağlamlığında da fəsadlar yaranır.

Qeyd etmək lazımdır ki, göstərilən səbəblərdən dəymiş ziyan dedikdə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Plenum Qərarına və Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüquqlarını bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir (əldən çıxmış fayda) başa düşülür.

Belə olan halda, qərar verən şəxsin eyni əməllərə görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.

Belə bir sual ortaya çıxır: dəyən ziyan kimdən tələb edilməlidir – şikayəti yoxlayan dövlət qulluqçusundan, müraciət olunan sosial müdafiə rayon şöbəsinin rəhbərindən və ya daha yüksək vəzifəli şəxslərdən?

Çünki vaxtında icra edilməmiş və ya vaxtında ödənilməyən qanuni pensiya məbləği infilyasiya və iqtisadi böhranlar nəticəsndə pensiyaçıya böyük məbləğdə zərər vurmaq deməkdir.

Eyni zamanda belə olan hallarda dəyən ziyan necə hesablanmalıdır?

Qeyd etmək lazımdır ki, son vaxtlar bu məsələyə dövlət tərəfindən nəzarət gücləndirilmişdir. Təqdirəlayiq haldır ki, Azərbaycan Respublikası Prezidenti “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 09 avqust 2018-ci il tarixli Fərman imzalayıb və Fərman bu sahədə mövcud olmuş mübahisəli məsələlərin ədalətli həllini təmin edəcəkdir. 

01 iyul 2017-ci il tarixdən sonra pensiyaya çıxan şəxslər üçün pensiyanın hesablanması 25 il iş stajı və 12 ildən artıq müddətə kapital qoyuluşu tələb edilir.

Bu məsələnin də geniş şərhə ehtiyacı vardır.

Belə ki, “Əmək pensiyası haqqında Qanun”a edilmiş 10 mart 2017-ci il tarixli dəyişikliklə 2017-2021-ci illərdə kişilərin, 2017-2027-ci illərdə qadınların yaşı hər il 6 ay artırılmaqla 65 yaşa çatırılacaqdır.

Burada pensiyanın təyini aşağıdakılardan asılı olacaqdır:

Dövlət Sosial Müqdafiə Fonduna toplanan pensiya kapitalının məbləği, yəni sosial sığorta haqqının 85 faizi 144 aya (12 ilə) bölünməklə alınan məbləğ 110 manat minimum pensiya məbləğindən çox olmalıdır. Əgər bu məbləğ az olsa, pensiya təyin edilmir və minimum pensiya almaq üçün ən azı 25 il iş stajı tələb edilir. Əgər bu məsələ real həllini tapa bilməsə, onda vətəndaşa yaşa görə əmək pensiyası yox, müavinət təyin ediləcəkdir.

Yaş məsələsinə gəldikdə, ölkəmizdə 65 yaşdan pensiyaya çıxan qadın və kişilər 12 il pensiya almaq üçün 77 il yaşamalıdırlar.

Statistik məlumatlara görə isə, ölkəmizdə kişilər üçün orta ömür müddəti 72 yaş, qadınlar üçün 75 yaş göstərilir.

Ölkəmizdə orta ömür müddəti barədə qənaətə gəlmək üçün təkcə statistik məlumatlara istinad etməklə kifayətlənmək olmaz. Belə ki, bir sıra xəstəliklərin, xüsusən də ürək-damar, diabet, hipertoniya və s. xəstəliklərin “cavanlaşması” və sürətlə artması ilə bağlı “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının 22 iyun 1997-ci il tarixli (əlavə və dəyişikliklərlə bir yerdə) 360-1Q saylı Qanunun real icrasından çox şey asılıdır.

Fikrimcə, Səhiyyə Nazirliyi tərəfindən bölgələr üzrə tibb sahəsində profilaktik tədbirlərin vəziyyətini təhlil etmək, əməli tədbirlər görülməsi zəruridir. 

Mübahisəli məsələlərdən biri də 2017-ci ilin 01 iyul tarixdən sonra təyin edilən pensiyanın minimum məbləğini toplamaq üçün kapital qoyuluşu ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, bu, mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq idarə, müəssisə və digər qurumlarda əmək müqaviləsi əsasında işləyənlərin qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqqının ödənilməsindən asılıdır. Bu halda “Əmək müqaviləsinin forması və onun elektron informasiya sisteminə daxil edilməsinə dair” Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli 153 №-li Qaərarı və ona edilən 04 may 2015-ci il tarixli 165 №-li Qərarın icrası tələblərinə riayət edilməlidir.

Qeyd etmək lazımdır ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli (əlavə və dəyişikliklərlə birlikdə) 250.1 Q nömrəli Qanununa əsasən, sosial sığorta bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsini, habelə itirlməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır (maddə 1).

Həmin Qanunun 2-ci maddəsinə əsasən, sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) formalarında olur.

Məcburi dövlət sosial sığorta edənlər tərəfindən bütün əmək müqaviləsi üzrə işləyənlər barəsində həyata keçirilir.

Məcburi dövlət sosial sığortasında sığorta haqqı gəlirlər nisbətində faizlər müəyyən edilir. Hər kateqoriyalı işçi qrupları üçün bu ödəniş faizi müxtəlifdir.

Lakin çox hallarda işə götürən tərəfində əmək müqaviləsi bağlansa da, öz aralarında olan “razılaşmaya” əsasən, faktiki əmək haqqı az göstərilir və nəticədə də məcburi dövlət sığortasına və ödənişinə uyğun olaraq həmin şəxsin pensiya kapitallarının məbləği də az olur. 

Baxmayaraq ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 101-ci maddəsində edilən dəyişikliyə əsasən, fiziki şəxslərin əmək haqqından, yəni gəlirlərindən 14% -dən artıq, əmək haqqı məbləği 2500 manatadək olduqda, gəlir vergisi tutulmur. Bununla da əmək haqqının real məbləğinin leqallaşmasına təminat verilir. Odur ki, bu sahəyə ciddi nəzarət olması zəruridir.

Yuxarıda qeyd edilənləri nəzərə alıb, bütün sahələrdə olduğu kimi, əmək pensiyaları və sosial təminatla bağlı aşağıdakılara ciddi riayət edilməsini zəruri hesab edirəm.

Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsi ilə sosial iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ da tənzim edilmişdir. Belə ki, sosial hüquqların təmin edilməsi dövlətin sosial təminat sahəsindəki fəaliyyətinin əsas prioritetlərindən biridir. Konstitusiyanın 38-ci maddəsinin IV hissəsinə əsasən, təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir.

Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin III hissəsinə əsasən, dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. 

Konstitusiyanın 25-ci maddəsinin IV hissəsinə əsasən, heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.

Eyni zamanda Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. 

Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin I hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

Azərbaycan Respublikası Konstitutsiyasınm 147-ci maddəsinin əsasən, Azərbaycan Respublikasının Konstitusiyası ən yüksək hüquqi qüvvəyə malikdir və Azərbaycan Respublikası Konstitusiyası qanunvericilik sisteminin əsasıdır.

Eyni zamanda “Normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikası 26 noyabr 1999-cu il tarixli (əlavə və dəyişikliklərlə birlikdə) Qanunun 5-ci maddəsinə əsasən, normativ hüquqi aktlar Azərbaycan Respublikası Konstitusiyasına və onlardan daha yüksək hüquqi qüvvəsi olan başqa normativ hüquqi aktlara uyğun olmalıdır.

Yəni istər “Vətəndaşların pensiya təminatı haqqında” Qanun, istərsə də digər normativ aktlar Konstitusiyadan üstün ola bilməz və Konstitusiyanın 25, 38 və 149-cu maddəsnin VII hissəsinin tələblərinə riayət edilməlidir. 

Lakin burada bir istisnalıq da var. Belə ki, Beynəlxalq hüquq normalarına, xüsusilə də “Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunmaması haqqında” Azərbaycan Respublikasının 12 may 2006-cı il tarixli Konstitusiya Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının heç bir müddəası hamılıqla qəbul edilmiş Beynəlxalq hüquq normalarına əsasən, törətdiyi zaman cinayət sayılan əmələ (hərəkət və ya hərəkətsizliyə) görə hər hansı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə və cəzalandırılmasına mane olan müddəa kimi şərh edilə və ya başa düşülə bilməz.

Eyni zamanda (maddə-2) bu Konstitusiya Qanununun 1-ci maddəsində nəzərdə tutulan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərin cinayət təqibi yalnız həmin əmələ görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində məsuliyyət müəyyən edildikdən sonra həyata keçirilə bilər.

Yəni Konstitusiyanın 149-cu maddəsinin VII hissəsində qeyd edilən istisnalar nəzərə alınmaqla, başqa sahələrdə olduğu kimi, bütün hallarda sosial təminat hüququ ilə bağlı heç bir məhdudiyyətin yaradılmamasına və bütün hallarda Konstitusiyanın həmin müddəasının əsas götürülməsinə təminat verilir.

Məhz buna görə də, fikrimcə, bütün bu məsələlərlə bağlı Konstitusiya Məhkəməsinin Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinə dair geniş şərh verməsinə ehtiyac vardır.

Eyni zamanda pensiya və sosial təminat sahəsində çalışan dövlət qulluqçuları “Vətəndaşların müraciətləri haqqında” 30 sentyabr 2015-ci il tarixli, “Dövlət qulluqğu haqqında” Azərbaycan Respublikasının 21 iyul 2000-ci il tarixli, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” 31 may 2007-ci il tarixli, “Korrupsiyaya qarşı mübarizə haqqında” 13 yanvar 2004-cü il tarixli Qanunlara və digər normativ aktlara ciddi riayət etmələri zəruridir.