XƏBƏR LENTİ

19 Noyabr 2018
18 Noyabr 2018

Digər Xəbərlər

29 Avqust 2017 - 13:34

Məmurların qeyri-etik davranışından necə şikayət etmək olar?

Dövlət qulluqçusunun xidməti vəzifələrini həyata keçirərkən etik qaydalara riayət etməsi  “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununda dövlət qulluqçusunun əsas vəzifəsi kimi müəyyən edilmişdir. Dövlət qulluğunda etik prinsiplər və davranış qaydaları “Dövlət qulluqçularının etik davranış qaydaları” haqqında Azərbaycan Respublikasının 31 may 2007-ci il tarixli Qanunu ilə tənzimlənir. Bu qanun dövlət qulluqçuları üçün etik davranış qaydalarını və prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.

Bu qanunun qəbul edilməsi ilə dövlət qulluqçuları üçün vahid etik davranış standartları və prinsipləri müəyyən edildi. Dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərin xidməti davranışı həmin standartlara və prinsiplərə əsaslanmalıdır. Dövlət qulluqçusunun xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir.

Ölkəmizdə dövlət qulluqçularının fəaliyyətinə nəzarət etmək üçün ikili mexanizm mövcuddur. İlk növbədə dövlət qulluqçularının etik davranış qaydalarına xidməti qaydada çalışdığı dövlət orqanının rəhbəri, tabeçilik əsasında isə yuxarı orqan nəzarət edir. Ümumi nəzarəti isə 12 iyul 2017-ci il tarixdən etibarən Dövlət İmtahan Mərkəzi həyata keçirir.

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunda göstərilir ki, hər bir dövlət qulluqçusu qanunun aliliyi, insan hüquqlarının demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu qanunun müddəalarına əməl etməyə borcludur.  Dövlət qulluqçusu tərəfindən etik davranış qaydalarına əməl olunması üçün dövlət qulluqçusunun davranışının etik davranış qaydalarına uyğunluğu onun özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilməlidir.

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanun əsasən nəzarət orqanı olaraq Dövlət İmtahan Mərkəzinin aşağıdakı səlahiyyətləri müəyyən edilmişdir:

• qanunla müəyyən edilmiş etik davranış qaydalarına əməl edilməsi vəziyyətini öyrənir və bu barədə məlumatları ümumiləşdirir;

• dövlət qulluqçularından və digər şəxslərdən etik davranış qaydalarının pozulması ilə bağlı şikayətlər və məlumatlar qəbul edir;

• daxil olan şikayətlər və məlumatlardan irəli gələn məsələlərin həlli üzrə təkliflər, tövsiyələr və təqdimatlar verir;

• dövlət qulluqçularının etik davranış məsələləri üzrə ictimai rəyin öyrənilməsi və bununla bağlı maarifləndirmənin həyata keçirilməsi üçün tədbirlər görür;

• dövlət qulluqçularının etik davranış məsələləri üzrə araşdırmalar aparır, bu məsələlərlə bağlı tövsiyələr və məruzələr tərtib edir;

• dövlət qulluqçularının etik davranış məsələləri üzrə qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və müstəqil ekspertlərlə əməkdaşlıq edir;

• daxil olmuş materiallarda hüquqpozmaların əlamətləri olduqda həmin materialları yoxlanılması üçün müvafiq orqanlara göndərir;

• dövlət qulluqçularının etik davranış məsələləri ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər verir.

Nəzarət orqanı olaraq etik davranış qaydalarının pozulması ilə bağlı vətəndaşlar və dövlət qulluqçuları tərəfindən Dövlət İmtahan Mərkəzinə  daxil olmuş şikayətlər qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə araşdırılır.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadədir.

Vətəndaşlar məmurların qeyri-etik davranışı ilə üzləşdikdə həm, Dövlət İmtahan Mərkəzinə, həm də dövlət orqanlarında  Etik müvəkkillərə mürciət edə bilər.  Etik müvəkkillərin siyahısı və əlaqə koordinatları ilə bu link vasitəsilə tanış olmaq olar.

http://dqmk.gov.az/aze/downloads/diger/EtikMuvekiller.htm

Qanunvericiliyə əsasən vətəndaşların şikayəti 15 gün müddətinə araşdırılmalı və müvfiq tədbirlərin görülməsi barədə məlumat verilməlidir.  Zərurət yarandıqda, müraciətə baxılması daha 15 gün uzadıla bilər. Əgər şikayətin, müraciətin araşdırılması zamanı vəzifəli şəxslərin fəaliyyəti ilə əlaqədar korrupsiya faktları və yaxud cinayət tərkibi yaradan hallar aşkarlanarsa hüquqi-mühafiə orqanlarına müraciət göndərilir.

Bu məqalə  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi  Şurasının dəstəyi ilə “Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin  həyata keçiridiyi “Mənim hüquqlarım – mənim dövlətim!” layihəsi çərçivəsində dərc olunur..