XƏBƏR LENTİ

23 Fevral 2019
22 Fevral 2019

Digər Xəbərlər

12 Fevral 2019 - 18:26

Qəzet oxuyan adamı necə tapmalı?

Xaqani Səfəroğlu 

Baş redaktorlar “camaata qəzeti necə oxutduraq?” sualı ətrafında baş sındırır… Çətin situasiyadır.  İnternet çap mediası üçün vacib olan bütün əlverişli müstəvini dağıdıb.

Ölkədə qəzet çapına qoyulan yeni tələblər əslində “deja-vyu”dur.  Oxunaqlı qəzet cəmiyyətin ritmini tutan, doğru və maraqlı xəbərləri çatdırmağı bacaran qəzetdir.

Burada Amerika açmağın mənası yoxdur…

Əsas sual budur: İnternet əsrində qəzet oxumaq vərdişini necə bərpa etməli?

Bu məsələdə yaradıcılıq azadlığı  və əlahəzrət pul faktoru vacibdir. Qəzet rəhbərləri bu gün xəbər saytlarında bu azadlığı  həsədlə izləyirlər. Amma bu o demək deyil ki, qəzetlər onlayn mediaya tam uduzub.

Şans var.

“Avropada qəzet yenidən oxunmağa başlayıb” tipli xəyallarla özünüzü ümidləndirməyin.  Boş xəyallardır. Bura Asiyadır.  Üstəlik də qəzet oxumağa heç vaxt böyük həvəs olmayan Azərbaycan!

Bəs nə etməli? Rəngli qəzetlər? Abunə? Reklam?

Bunlar dərdə çarədirmi?

Məncə “qəzetin xilas edilməsi” prosesi incə detalları nəzərə almağı tələb edir.

İlk növbədə qəzet oxumağa maraqlı olacaq dairəni tapmaq lazımdır. “Kütləvi oxucu” dövranı bizim qəzetlər üçün bitib.

Bəs kimdir bu maraqlı dairələr?  Varlılar, işgüzar elita  və ağıllı adamlar!

Bu kəsim İnternetdə dolaşan xəbərlərə tam etibar etmir. Peşəkar qəzetçi imzaları və dəqiq faktı yazan jurnalist sözü eşitmək onlar üçün çox vacibdir.

Deməli müəyyən dairələr üçün maraqlı olacaq qəzet buraxmaq lazım gələcək. Etibarlı iqtisadi proqnozların və təhlillərin müntəzəm çap olunduğu bir ictimai –siyasi qəzet işgüzar dairələr üçün cazibədar ola bilər.

Bankirlərin, fermerlərin də bu qaydada “öz qəzeti”ni yaratmaq mümkündür.

Digər uğur iksiri araşdırmadır. Prezidentin tələb etdiyi ictimai nəzarəti təmin edən araşdırma yazıları və onların fərdi abunə yolu ilə oxuculara çatdırılması…

Qəzetlərin onlayn versiyası isə  yalnız qəzet variantının maraqlarına xidmət etməlidir.  Redaksiya saytı oxuyan sadiq oxucuların abunəçi dairəsini yaradıb  illik onlayn ödəmə hesabı ilə materiallarını təqdim edə bilər. Bu, indi dünyada “istifadəçi paketi”  adlanan sistemdir. İllik abunə isə 10 dollardır.

Belə qəzeti yaratmaq üçün xeyli pul, imzası etibarlı olan peşəkar komanda və media menecerləri lazımdır.

Hər şeydən yazmaq artıq qəzetlər üçün trend deyil. Bu dövran bitib. İnternet var…

Qəzet indi operativlikdə yox, keyfiyyətdə fərqlənməlidir.

Bunun üçün tamam yeni konsepsiya qurulmalı, bu işi hədəfləyən şəxs dizini yerə atıb çalışmalıdır.

Uğurun sirri cəmiyyətin spektlərini uzlaşdırmağı bacaran  –“dərdə dərman olacaq qəzet” formatıdır.

Qalanı…internetdir!