XƏBƏR LENTİ

16 Noyabr 2018
15 Noyabr 2018

Digər Xəbərlər

08 Noyabr 2018 - 13:55

BANM-da “Mühəndislər üçün biznes təhsili” layihəsi –Açılış mərasimi oldu

Bu gün Bakı Ali Neft Məktəbinin (BANM) və BP şirkətinin birgə təşkilatçılığı ilə “Mühəndislər üçün biznes təhsili” layihəsinin açılış mərasimi keçirilib. 

Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən Strateq.az-a verilən məlumata görə, açılış mərasiminə BANM-ın rəhbərliyi, BP şirkətinin nümayəndələri və proqramda iştirak üçün xüsusi seçilən tələbələr qatılıblar.

Bildirilib ki, layihənin əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının artırılmasıdır. Proqram mühəndislik üzrə təhsil alan bütün ali məktəblərin tələbələri üçün nəzərdə tutulub və tamamilə ingilis dilində həyata keçiriləcək. Layihə tələbələrin müasir biznes mühitinə daha effektli inteqrasiya olunmasına şərait yaradacaq.

Açılış mərasimində çıxış edən Ali Məktəbin rektoru Elmar Qasımov bildirib ki, bu cür layihələr mühəndislik üzrə təhsil alan tələbələrə menecment və biznes sahəsində geniş bilgilər verəcək və yalnız proqramı uğurla başa vuran tələbələrə xüsusi sertifikatlar təqdim ediləcək.

Proqramı tədris etmək üçün layihələrin idarə edilməsi sahəsində təcrübəli ekspertlər cəlb olunub. Səkkiz modulu əhatə edən proqram üçün xüsusi dizayn edilən 16 kitabdan (hər modul üçün oxu və məşğələ kitabları) ibarət dərs vəsaitləri hazırlanıb.

Universitetlər arasında böyük marağa səbəb olan proqrama müraciət edənlərdən 200-ə yaxın tələbə seçilib. Altı qrupdan ibarət olan iştirakçılar noyabr ayının 12-dən ilk təlimlərə başlayacaqlar.

“Mühəndislər üçün biznes təhsili”nin proqramına təqdimat və kommunikasiya bacarığı, layihələrin idarə edilməsi, vaxtın idarə edilməsi və effektivlilik, liderlik, risklərin idarə edilməsi, maliyyənin əsasları: büdcə və xərclərə nəzarət, insan resurslarının idarə olunması kimi modullar daxildir.