XƏBƏR LENTİ

18 Avqust 2019
17 Avqust 2019

Digər Xəbərlər

11 İyun 2019 - 23:01

Pyotr Tolstoy:"Hacı Muradın cəsədinin qalıqlarının oğurlanaraq Dağıstana aparılması siyasi divident xarakterli düşünülməmiş addımdır"

Rusiya imperiyasına qarşı vuruşan imam Şeyx Şamilin naibi olmuş Hacı Muradın cəsədinin qalıqlarının Azərbaycanın Qax rayonundakı məzarlıqdan oğurlanması və Dağıstanın Xunzax rayonunda yenidən dəfn edilməsi ilə bağlı məlumatlar gündəmdən düşmür. Rusiya mətbuatında Hacı Muradın cəsədinin qalıqlarının oğurlanmasını Rusiya Dövlət Dumasının Başqırdıstandan olan deputatı – “Ədalətli Rusiya Partiyası”nın üzvü Hacımurad Ömərovun təşkil etdiyi yazılıb. Rusiyada fəaliyyət göstərən “Lev Tolstoy və Qafqaz-Dağıstan” Təşkilat Komitəsi baş vermiş hadisəni pisləyən bəyanat yayıb. Məlum məsələ ilə bağlı APA-nın Moskva müxbiri həmin təşkilat komitəsinin üzvü, Rusiya Dövlət Dumasının vitse-spikeri, “Hacı Murad” povestinin müəllifi olmuş tanınmış rus yazıçısı Lev Tolstoyun nəslinin davamçısı Pyotr Tolstoyun Hacı Muradın cəsədinin Azərbaycandan oğurlanması ilə bağlı hadisəyə münasibətini öyrənib.

– Pyotr Oleqoviç, Şeyx Şamilin naibi olmuş Hacı Muradın başsız cəsədinin dəfn olunduğu Azərbaycanın Qax rayonunda yerləşən məzarlıqdan oğurlanaraq Dağıstanın Xunzax rayonunda yenidən dəfn olunduğu bildirilir. Bu barədə məlumatınız varmı və bu hadisəyə münasibət bildirməyinizi xahiş edərdik.

– Mənim üçün bu hadisəni şərh etmək olduqca çətindir. Çünki bu məsələ mənim üçün çox mürəkkəb və həssasdır. Məncə, bu məsələ ilə ilk növbədə Hacı Muradın nəslinin davamçıları məşğul olmalıdırlar. “Hacı Murad” povesti mənim Lev Tolstoyun kitabları arasında ən sevdiyim kitabıdır. Bu kitab gördüyünüz kimi arxamdakı kitab rəfində, hər zaman mənim yanımdadır. Bizim ölkənin tarixində mövcud olan zənginlik, mədəniyyət, Qafqaza olan sevgi, Qafqazla münasibətlər olduqca önəmlidir. Belə hadisələr baş verən zaman istər-istəməz bu münasibətlərə kölgə düşür. Çox təəssüflənirəm ki, belə bir addım öncədən heç bir icazə alınmadan atılıb. Biz uzun müddətdir ki, Hacı Muradın məzarının doğulduğu Dağıstanın Xunzax rayonuna köçürülməsini istəyirdik. Lakin heç bir zaman cəsədin bir hissəsinin bu şəkildə aparlması və dəfn olunmasını fikirləşməmişik. Heç kəs bunu bizimlə müzakirə etməyib, məsləhətləşməyib. Mənə elə gəlir ki, təəssüflər olsun ki, bu, siyasi divident qazanmaq arzusu ilə atılan addım, düşünülməmiş addımdır. Təəssüflənirəm ki, bu addım bir çox insana toxunub, təsir edib, onların hissiyatını təhqir edib. Ona görə də bu cür məsələlərə olduqca həssas yanaşmaq lazımdır.

– Siz “Lev Tolstoy və Qafqaz-Dağıstan” Təşkilat Komitəsinin üzvüsünüz. Sizin komitə indiyə kimi rəsmi olaraq Azərbaycan tərəfinə Hacı Muradın məzarının köçürülməsi ilə bağlı müraciət edibmi? Sizin komitənin Hacı Muradın yenidən Dağıstanda dəfn olunması ilə bağlı hər hansı bir əlaqəsi varmı?

– Sözsüz ki, Hacı Muradın qohumları onun cəsədinin doğma kəndində dəfn olunmasını istəyirlər. Lakin biz hər zaman o mövqedən yanaşmışıq ki, rəsmi hakimiyyət orqanlarını xəbərdar etmədən bu məsələni çözmək olmaz. Özbaşına yolla bu hərəkəti etmək insidentə gətirib çıxarır və bütün tərəfləri incik salır.

Nə mənim, nə də Hacı Muradın cəsədinin qalıqlarının yenidən dəfn oluması problemi ilə uzun illərdir məşğul olan “Lev Tolstoy və Qafqaz-Dağıstan” Təşkilat Komitəsinin üzvlərinin bu aksiya ilə bir əlaqəsi var. Bu hadisənin baş verməsindən çox təəssüflənirik. Baş vermiş hadisənin mənfi emosiyaya səbəb olduğunu anlayırıq və bu hissləri bölüşürük. Bu cür məsələlər ilk növbədə nəslin davamçılarının razılığı və dövlətlər arasında olan ümumi razılıq əsasında baş verməlidir. Bu hadisədə isə bu cür ümumi razılıq olmayıb. Mən, sizin vasitənizlə, Azərbaycanda bu hadisənin toxunduğu insanlara müraciət edərək bildirmək istəyirəm ki, bu hadisə heç bir zaman Rusiya və qardaş Azərbaycan arasında münasibətlərə pis təsir edə bilməz. Çox istərdim ki, Azərbaycan və Rusiyada, Dağıstanda yaşayan xalqların bu tarixi abidəsi ümumi tariximiz olsun. Ona görə ki, bizim birgə tariximiz var, inanmaq istərdik ki, birgə gələcəyimiz olacaq”.