XƏBƏR LENTİ

20 İyul 2019
19 İyul 2019

Digər Xəbərlər

19 İyun 2019 - 15:55

Azərbaycanda 3 palçıq vulkanının püskürməsi gözlənilir- Bu ilin sonuna qədər

Bu ilin sonuna qədər Azərbaycanda 3 palçıq vulkanının püskürməsi gözlənilir.

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev bildirib. A. Əliyev ötən il 6 palçıq vulkanının püskürməsi ehtimalı ilə bağlı açıqlama verdiyini bildirib:

“O vulkanlardan ikisi ötən ilin oktyabr-noyabr aylarında püskürüb. Bunlar Cənubi Qobustanda “Şəkixan” və “Ayazaxtarma” vulkanlarıdır. Bu ilin fevralında Şamaxıda baş verən zəlzələdən sonra isə rayondan 20 kilometr məsafədə yerləşən “Quşçu” vulkanı püskürüb”.

Şöbə müdiri bildirib ki, bu il püskürməsi gözlənilən vulkanlar Abşeronda “Bozdağ Qobu”, Ələtdə “Bahar”, Mərkəzi Qobustanda isə “Şıxzərli” vulkanlarıdır:

“Vulkan püskürməsinin insanlara və ya yaşayış evlərinə təhlükəsi vulkanın gücündən asılıdır. Güclü vulkan olarsa, bu, həm insanlar üçün təhlükə yaradar, onlar xəsarət ala bilərlər, həm də yaşayış evləri zədələnər. Bu səbəbdən palçıq vulkanlarının yerləşdiyi əraziyə yaxın evlər 1 km uzaqlıqda tikilməlidir. Həmin əraziyə yaxın təsərrüfat işlərinin aparılması da məsləhət deyil”.

Adil Əliyev bildirib ki, vulkanların zəlzələ ilə bağlılığı var, güclü zəlzələ olanda vulkan oyanır: “Əgər vulkan uzun illər sabit fəaliyyətdə olub enerji toplayıbsa, zəlzələ ocağından 80-100 km radiusda yerləşirsə, zəlzələnin baş verməsi vulkanın püskürməsinə səbəb olur. Vulkanın fəaliyyətinin aktivləşməsi zəif zəlzələnin baş verməsi haqqında bizə məlumat verir. Vulkan aktivləşəndə yer səthinə çıxan qazın tərkibində karbon, helium qazı, suyun tərkibində isə bor, sulfat ionu və xlor anomal dəyişəndə bilinir ki, həmin əraziyə yaxın ərazidə zəif zəlzələ baş verib”.

Şöbə müdiri qeyd edib ki, palçıq vulkanlarının fəaliyyəti ilə bağlı elmi tədqiqatı Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsi Respublika Seysmoloji Mərkəzi ilə birgə aparır.