XƏBƏR LENTİ

07 Dekabr 2019
06 Dekabr 2019

Digər Xəbərlər

15 İyul 2019 - 16:25

BMT rəsmisi:"Azərbaycanda su qıtlığı var"

“Hazırda dünyada torpaqların deqradasiyası əsas problemlərdən biridir. Bu, ilk növbədə, ərzaq təhlükəsizliyi, ekosistemin pozulmasına gətirib çıxarır. Mənə verilən məlumatlardan belə nəticəyə gəldim ki, Azərbaycanda quraqlıq və suyun qorunması ilə bağlı böyük işlər görülür”.

Bu fikirləri Bakıda səfərdə olan BMT Baş Katibinin müavini, qurumun “Səhralaşma ilə mübarizə haqqında” Konvensiyasının baş katibi İbrahim Tyao deyib.

Onun sözlərinə görə, Azərbaycanda çirkli torpaqların təmizlənməsi istiqamətində ciddi addımlar atılır: “Bu məsələlər ən aktual mövzulardan biridir. Azərbaycan bu sahə ilə bağlı konvensiyaya qoşulandan sonra Mərkəzi və Şərqi Avropa, eləcə də Asiya ölkələri arasında ən aktiv ölkə kimi Azərbaycanı qeyd etmək olar”.

BMT Baş Katibinin müavini mövcud problemlərin aradan qaldırılması üçün tövsiyələrini də verib: “Azərbaycanda su qıtlığı var və quraqlıq mövsümü olanda bunun təsiri daha ciddi hiss olunur. Bu da ölkənin bir çox regionlarında müşahidə olunur. Bu da həm kənd təsərrüfatına, heyvandarlığa, içməli suya, hətta sənayeyə belə öz təsirini göstərir. Bununla bağlı bir çox işlər görülməlidir. Neft və qaz ölkəsi olaraq burada çirkli torpaqlar məsələsi də gündəmdədir. İstənilən halda bilmək lazımdır ki, neftin hasil edilməsi təbiətin məhvi bahasına başa gəlməməlidir. Azərbaycan ərazisinin 12%-ə yaxını meşə örtüyüdür və bu sahələri artırmaq lazımdır”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı departamentinin sektor müdiri, “Səhralaşma ilə mübarizə haqqında” Konvensiyasının Azərbaycan üzrə koordinatoru Sadiq Salmanov isə qeyd edib ki, ölkəmizin torpaq fondunun 43%-i eroziyaya uğrayan sahələrdir: “Bunun da 3 milyon hektarı, təxminən, su eroziyasına məruz qalıb. Təbii ki, bu torpaqların bərpası zaman tələb edir. Bu istiqamətdə də işlər davam etdiriləcək”.

Onun sözlərinə görə, Azərbaycanın, əsasən, Aran zonasında şoranlaşma baş verir: “Bura Ucar, Kürdəmir, Yevlax, Bərdə, İmişli, Sabirabad rayonları aiddir. Ölkədə şoranlaşmış torpaqların sahəsi, təxminən, 1,2 milyon hektara yaxındır”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində bu gün Azərbaycanda səhralaşma problemi, quraqlığa gətirib çıxaran səbəblər, o cümlədən su ehtiyatlarının azalması, problemin həlli üçün sudan səmərəli istifadə və su itkilərinin azaldılmasının vacibliyi barədə fikir mübadiləsi aparılıb, bu sahədə Konvensiya ilə əməkdaşlığın perspektivləri müzakirə olunub. /Report