XƏBƏR LENTİ

17 Sentyabr 2019

Digər Xəbərlər

22 Avqust 2019 - 16:54

Fərman Ceyranlı beynəlxalq axtarışa verilib –Vəkil

Tbilisidəki «Lanset» klinikasının rəhbəri, azərbaycanlı cərrah Fərman Ceyranlı iki ildən çoxdur Gürcüstanda həbsdə olduğu halda, Bakıda Nəsimi Rayon Məhkəməsi yenidən onun haqqında həbs qərarı çıxarıb.

Bu barədə onun vəkil Fuad Ağayev Facebook səhifəsində  yazıb.

Vəkil qeyd edib ki, həmin həbs qərarı əsasında F.Ceyranlı beynəlxalq axtarışa verilib.

F.Ağayev həbs qərarından apellyasiya şikayəti verib. Avqustun 22-də Bakı Apellyasiya Məhkəməsində şikayətə baxılıb və təmin olunmayıb – həbs qərarı qüvvədə saxlanılıb.

F.Ceyranlı Azərbaycanda böyrək alverində suçlanır. İddia olunur ki, böyrək köçürmələri ilə bağlı əməliyyatlar onun rəhbərlik etdiyi «Lanset» klinikasında həyata keçirilib. Bunun müqabilində əldə olunan vəsaitdən ona da çatıb.

F.Ceyranlı 2017-ci il mayın 22-dən Gürcüstanda həbsdədir. O, «Lanset» klinikasında qaraciyər köçürməsindən sonra vəfat etmiş bir xəstənin qohumunun şikayəti əsasında həbs edilərək, dələduzluq, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətmə kimi ittihamlarla 6 il azadlıqdan məhrum edilib. Gürcüstan Apellyasiya Məhkəməsi sonradan onun cəzasını 2 il 3 aya endirib. F.Ceyranlı bu qərarla da razılaşmayaraq, bəraət almaq üçün Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə isə avqustun 2-də – cəzasının bitməsinə 20 gün qalmış müddəti 6 ilə qaldırıb.