XƏBƏR LENTİ

22 Oktyabr 2019
21 Oktyabr 2019

Digər Xəbərlər

23 Sentyabr 2019 - 11:39

“Təhsildə qiymətləndirmə sahəsində islahatların aparılması əsas müzakirə mövzularındandır” –Məleykə Abbaszadə

“Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA) məqsədi təhsilin qiymətləndirilməsi sahəsində elm və təcrübənin inkişafına peşəkar mübadilə vasitəsilə kömək etməkdən ibarətdir”.

Bunu Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransında (IAEA 2019) çıxış edən IAEA prezidenti Rendi Bennett bildirib.

Onun sözlərinə görə, tədbirə ev sahibliyi edən Dövlət İmtahan Mərkəzi IAEA-nın mövzularla zəngin konfransının Azərbaycanda yenidən keçirməsi üçün səylə çalışıb: “IAEA 2019 təhsilin qiymətləndirilməsini necə inkişaf etdirə biləcəyimiz ətrafında stimullaşdırıcı mübadilə ilə dolu xüsusi bir konfrans vəd edir. Konfransın “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları” mövzusu apardığımız araşdırmanın və tətbiq etdiyimiz təcrübənin mərkəzində qiymətləndirmənin məqsəd və istifadəsini qoyur”.

Tədbirdə çıxış edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə konfransın Bakıda ilk dəfə 2007-ci ildə keçirildiyini qeyd edərək bildirib ki, əvvəlki tədbirdən artıq 12 il keçib: “Bu müddət ərzində həm biz dəyişmişik, həm də dünya bir çox yeni nəzəri, mədəni və texnoloji yeniliklərin təsirlərinə məruz qalıb. Bütün bunlar da öz növbəsində öyrətməyə, öyrənməyə və ümumilikdə təhsilə təsirsiz ötüşməyib. Bu cür böyük dəyişikliklər, heç şübhəsiz, təhsildə qiymətləndirmədə də dəyişikliklərə səbəb olmalıdır. Artıq onilliklərdir ki, qiymətləndirmə təhsildə aktuallaşan prioritetlərdən birinə çevrilib və bu sahədə islahatların aparılması da əsas müzakirə mövzularındandır. Nailiyyətlərin sınağı və bu barədə ictimaiyyətə hesabat verilməsi, uşaqların həyat imkanlarını genişləndirmək məqsədilə mövcud resurslardan istifadə barədə siyasətçiləri və cəmiyyəti aşkar məlumatlandıra biləcək azsaylı vasitələrdən biri kimi görünür. Keçmiş təcrübəyə və ötən il Oksfordda “Qiymətləndirmə və böyük verilənlər” mövzusu üzrə keçirilən konfransın nəticələrinə əsaslanaraq söyləyə bilərik ki, əksər qiymətləndirmələr zamanı məlumatların azlığı qarşıya çıxan problemlər arasında yer almır. Çünki əslində əksər hallarda aydın qərar qəbul etmək üçün kifayət qədər çox məlumat bazası olur. Buna görə də builki konfransın mövzusunu daha çox müzakirəyə ehtiyac duyulan istiqamətdə – “Qiymətləndirmə və qərar qəbuletmə” kimi müəyyən etdik. Məhz bu baxımdan, institusional islahat vasitəsi kimi təhsildə qiymətləndirməni təşviq edən ən yaxşı qiymətləndirmə tədqiqatçılarını və əsas şəxsləri konfransa dəvət etdik. Onlar qiymətləndirməyə əsaslanan qərar qəbuletmənin müxtəlif perspektivlərini müzakirə edəcəklər. Bu sıraya ibtidai təhsildə test, dil biliklərinin qiymətləndirilməsi, qiymətləndirmə sistemləri, sinif qiymətləndirməsi, qiymətləndirmə fəlsəfələri, qiymətləndirmənin yoxlanılması sistemləri, qiymətləndirmənin tərtib olunması, müəllimlərin sertifikasiyası daxildir. Həmçinin qərar qəbuletmə, siyasətin formalaşdırılması, ali təhsil, qiymətləndirmə strategiyaları, müəllim inkişafı, psixoloji qiymətləndirmə, müəllim hazırlığı və qiymətləndirmə, yazı işlərinin qiymətləndirilməsi, validlik, qiymətləndirmə metodları, müqayisəli tədqiqatlar, diaqnostik qiymətləndirmə, qiymətləndirmə standartları, testdə keyfiyyətin təmin olunması, seçim üçün qiymətləndirmə, texnologiya, qiymətləndirmə islahatları, qiymətləndirmənin tətbiqi modelləri, qəbul proqnozları, regional inkişaf müzakirə olunacaq əsas mövzulardır”.

Məleykə Abbaszadə həmçinin qeyd edib ki, Astana Dövlət Qulluğu üzrə Regional Xab tərəfindən dəstəklənən dövlət qulluğu paneli də builki proqrama daxil edilib: “Ümid edirəm ki, panel sessiyaları və müzakirələr intellektual baxımdan stimullaşdırıcı və faydalı olacaq. Biz yeni ideyaların yaranmasında, qarşılıqlı əməkdaşlığın qurulmasında çox maraqlıyıq”. (apa)